Gürcüstan Su-25-i uçacaqmı?

İyunun 8-də, bazar ertəsi Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, onun ölkəsi NATO standartlarına uyğun olaraq nəinki qumbaraatanlar, qumbaralar və raketlər, həm də təyyarə istehsal etmək niyyətindədir.

“Bu gün Su-25-i özümüz, öz gücümüzlə təmir, bərpa, istehsal etmək və satmaq üçün bütün resurslarımız var, həm texniki, həm intellektual, həm də insan resursları. Dünyada çox münaqişələr baş verir və ölkələr müdafiə məqsədiilə bu tip təyyarələrə böyük maraq göstərirlər. Bundan əlavə, ölkəmiz bu imkandan müdafiə məqsədləri üçün istifadə edə bilər, bu, həm də kommersiya layihəsi ola bilər”, –o, “PalitraNews”  telekanalına müsahibəsində deyib.

Qaribaşvilinin planları, görünür, ciddidir. Amma məsələ bundadır ki, onların reallaşması nə dərəcədə mümkündür? Xüsusilə də əgər bu, bir sıra sahələrin yüksək ixtisaslı mütəxəssislərinin və yüksək texnologiyalı istehsalın tələb olunduğu hərbi aviasiya quruculuğu kimi mürəkkəb sahənin yaradılmasına aiddirsə.

Qeyd etmək lazımdır ki, zərbəçi hücumçular spesifik maşınlardır (bu, heç də Qaribaşvilinin düşündüyü kimi, müdafiə silahı deyil, hücum silahıdır, çünki onlar döyüş meydanında quru qoşunlarının bilavasitə dəstəklənməsi, həmçinin obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub) və onları dünyanın hər ordusu özünə rəva görə bilmir. Hazırda onlar yalnız Rusiya (Su-25), ABŞ (A-10) və Ukraynanın (Su-25) silahlanmasında var. Lakin Ukrayna hesaba alınmır, çünki SSRİ-dən miras qalıb.

“Qırğı” ayaması ilə tanınan Su-25 (T-8 məmulatı, NATO kodifikasiyası üzrə: Frogfoot – “Qurbağa pəncəsi”) ilk dəfə havaya 22 fevral 1975-ci ildə qalxıb, bu tipli təyyarələr isə 1981-ci ildən istismar olunur. Hazırda Su-25 və onun modifikasiyası tədricən Su-34 ilə əvəzlənir.

Onun amerikalı analoqu  A-10 “Thunderbolt” (“İldırım” – amerikalı hərbçilər arasında “Warthog” (“Sığır”) ləqəbini alıb). İlk uçuşunu  10 may 1972-ci ildə həyata keçirib, 1977-ci ildən А -10А  modifikasiyası, 2007-ci ildən isə А-10С modifikasiyası üzrə silahlanmaya qəbul edilib. Lakin bu maşın Pentaqonu tamamilə qane edir.

Odur ki, bu köhnə Su-25-i NATO standartlarına uyğunlaşdırmağın nəyə lazım olduğu hələ tamamilə aydın deyil, bir halda ki, Alyansın özünün kifayət qədər etibarlı təyyarələri var.

Ekspertlərin fikrincə, işçilərinin sayı 200-ə yaxın olan TAZ (Tbilisi Aviasiya Zavodu) (1980-ci illərin sonları ilə müqayisədə 14 000, o vaxt bu müəssisə Su-25-in final yığımı üçün meydança idi, digər SSRİ respublikalarından komplektləşdirici hissələr alırdı) və keçmiş yeddi sexdən biri bu gün hələ də MiQ-21 və Su-25 təyyarələrinin, həmçinin Mi-8, Mi-17 və Mi-24 vertolyotlarının təmir və modernləşdirilməsini yerinə yetirməyə qadirdir. Lakin TAZ-da autentik keyfiyyətə və ancaq Rusiyada olan komplektləşdiricilərə malik Su-25 təyyarəsinin istehsalı bəzi səbəblərə görə mümkün deyil. Moskva Gürcüstana silah tədarükünə embarqo qoyub və təkcə istehsal üçün yox, həm də Gürcüstanda qalan 9 belə maşına xidmət etmək üçün ehtiyat hissələri satmaqdan imtina edir.

Qeyd etmək lazımdır ki, Gürcüstanın uçan aparatlar, aviamühərriklər və onlara komplektləşdirici hissələrin hazırlanması ilə bağlı təcrübəsi yoxdur. Bu səbəbdən  aviasiya məhsullarının yaradılmasından danışmaq da çətindir, hələ bütöv aviasənayenin sıfırdan təşkil olunmasını demirik. 

Son illərdə TAZ-ın məşğul olduğu işlər təyyarə və vertolyotların təmiri və modernləşdirilməsi, aviatexnika üçün ehtiyat hissələrinin istehsalı, Elbit Systems Ltd. və  Elgad Industries (hər ikisi İsrail şirkətidir), Ascend AİR - Aircraft Investor Resources (ABŞ), Kelowna Flightcraft (Kanada), GML - Growth Management Limited (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq şəraitində pilotsuz uçuş aparatlarının (PUA) və yüngül mülki təyyarələrin hazırlanmasıdır. Odur ki, çətin ki hərbi- sənaye kompleksinin (HSK) konstruktor məktəbinin formalaşması üçün kifayət qədər əsas ola bilər. Belə bir məktəb onilliklər ərzində formalaşır. HSK-nın yüksək ixtisaslı mühəndis-texniki kadrlarının hazırlanması üçün az vaxt tələb olunmur.

Odur ki, bu gün TAZ müxtəlif zavodlarda (Çində elektronika, İsraildə optika, ABŞ və Avropa - mühərriklər və s.) istehsal olunan detallar, aqreqatlar və digər komplektləşdirici hissələrdən təyyarələrin yığıldığı yerdir. Yeri gəlmişkən, zirehli kapsula məsələsi indiyədək həll olunmayıb. Prinsipcə, o, bu gün də “müxtəlif detallardan yığılmış” Su-25, Su-25T, Su-25BM istehsal edə bilər. Doğrudur, daha az sayda. Üstəlik, zavodun texnoloji bazası, çətin ki “Suxoy” şirkəti PSC-nin məhsullarının müasir və autentik keyfiyyətini təmin etsin, hətta İsrailin Elbit Systems Ltd. şirkətinin dəstəyi olsa belə.

Ancaq bu, problemin yalnız bir hissəsidir. Onun digər, heç də az əhəmiyyət daşımayan hissəsi odur ki, Avropanın heç də bütün aparıcı ölkələri aviasiya texnikasının tam istehsal tsiklinə (mütəxəssislərin hazırlanması sistemi də daxil olmaqla) malik deyil. O zaman Gürcüstandan danışmaq olarmı? Ölkə hətta belə bir tsiklin dörddə birini təşkil edə bilməyəcək. Rusiya isə artıq qeyd edildiyi kimi, ona hücumçuları istehsal etmək üçün detallar və komplektləşdirici hissələr göndərməkdən imtina edir.

Ona görə də TAZ-da istehsalatı bərpa etmək üçün Tbilisi Rusiya komplektləşdirici hissələrinin əvəzinə onların xarici analoqlarından istifadə etməyi qərara alıb. Bu məqsədlə Su-25-in dərindən modernləşdirilməsi proqramı qəbul edilib. İsrail öncə bu proqrama maraq göstərdi və İsrail və Gürcüstan mühəndislərinin birgə səyləri ilə SU-25 KM-in (“Əqrəb”) modernləşdirilmiş versiyası işlənib hazırlandı. İlk prototip 2001-ci ilin aprelində uçub, daha mükəmməl avionikaya malik idi və NATO-nun aviasiya döyüş sursatları ilə uyğunluq əldə etmişdi.

Lakin “Əqrəb”in istehsalına başlamaq, görünür, müyəssər deyil – məsələnin bir tərəfi, söhbət radioelektron avadanlığın modernləşdirilməsindən, digər tərəfi isə təyyarədə demək olar ki, bütün sistemlərin dəyişdirilməsindən gedir. Burada hətta İsrailin dəstəyi də yetərli olmadı və iş təcrübəli nümunələrdən uzağa getmədi.

Qeyd edək ki, “Əqrəb” Su-25-in istehsalçısı “Suxoy” şirkəti PSC ilə razılaşdırılmayıb (və çətin ki nə vaxtsa razılaşdırılsın). Odur ki, bütün bu maşın xətti istehsal olunsaydı belə, mahiyyətcə, kontrafakt məhsul olardı. Bir qayda olaraq, bu cür təyyarələri yalnız  “boz zona”da, “üçüncü dünya” ölkələrinə yarı qiymətə satmaq olar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti