Moskva, 17 aprel. Cenevrədə ABŞ, Aİ, Rusiya və Ukraynadan ibarət dördülüyün Ukrayna böhranının tənzimlənməsi üzrə danışıqları keçiriləndə Rusiya prezidenti Vladimir Putinin təntənəli mətbuat konfransı keçirildi.
Putinin xalqla ünsiyyəti ilə Cenevrə görüşünün keçirilməsinin vaxtını, eləcə də Ukrayna məsələsinin onun çıxışında üstünlük təşkil etməsini təsadüfi saymaq olmaz. Putinin cavablarından görünürdü ki, o, Ukrayna məsələsində güzəştə getməyə və ölkənin federallaşması barədə sərt gündəliyini Ukraynanın ərazi bütövlüyü çərçivəsində azlıqların hüquqlarına hörmətlə əvəzləməyə hazırdır. Bu yeni davranış xətti XİN başçısı Sergey Lavrovun danışıqlar bitəndən sonrakı bəyanatından da görünürdü, bu isə Kremlin Ukrayna siyasətini korrektə etdiyini göstərir.
Əlbəttə, Moskvanın gizli vəziyyətə keçirilmiş qoşunları əlüstü çıxarıb sülh prosesinə kömək edəcəyini gözləmək sadəlövhlük olardı. Şans 50-nin 50-yədir. Aparıcı Qərb ölkələri liderlərinin Kreml siyasətinin qırğılarının sülhsevər ritorikasına ehtiyatlı qiymət verməsi də bunu göstərir.
Sosial sorğularda reytinqi yüksələn Rusiya liderinin milli və revanşist tonlu mətbuat konfransı Rusiya cəmiyyətinin yaşadığı dərin iqtisadi və sosial problemləri gizlədə bilmədi. Putin çox yumşaq şəkildə etiraf etdi ki, ölkənin bir çox rerionlarında belə problemlər var. Amma onların daha çox olacağını etiraf edə bilmədi.
Rusiya hökumətinin başçısı Medvedev əvvəllər Putinin "Strategiya 2020" - RF-in 2012-ci ilə kimi uzunmüddətli sosial-iqtisadi inkişaf konsepsiyasının iflasa uğradığını ürəyində etiraf etmişdi. Bu, 2006-2007-ci illərdə işlənən ilk proqramın yaxşılaşdırılmış versiyasıdır. Həmin proqram uzunmüddətli perspektivdə (2008-2020-ci illər) Rusiya vətəndaşlarının rifahının, milli təhlükəsizliyinin yaxşılaşdırılmasını, iqtisadiyyatın dinamik inkişafını, dünya camiəsində Rusiyanın mövqeyinin möhkəmlənməsini nəzərdə tuturdu. Amma 2008-2009-cu illərin böhranı ilə əlaqədar 2011-ci ildə onu dəyişmək lazım gəldi.
Strategiya 2012-ci il üçün ölkənin inkişaf səviyyəsini 2007-ci il həddində bərpasını nəzərdə tuturdu. Amma hökumət hələ də bunları təmin etməyə yaxın belə deyil:
Orta ömür müddətini 2,5 il artırılması;
ÜDM-in 37-38 % artımı;
əmək məhsuldarlığının 40-41 % artımı;
ÜDM-in enerji tutumunun 17-19 % azaldılması;
əhalinin real gəlirlərinin 53-54 %,
əsas kapitala investisiyaların 80-85 % artırılması və s.
Üstəlik, mətbuat konfransı öncəsi əldə edilən son məlumatlara görə, Kremlin nikbin gözləntilərinə baxmayaraq, situasiya ildırım sürəti ilə pisləşir. İstehsalın, əhalinin gəlirlərinin azaldılması, inflyasiyanın, işsizliyin artması yüksək templə gedir. Rusiyanın Axilles dabanı olan investisiya mövzusu ölkənin son 15 ildə görmədiyi ciddi böhrandan xəbər verir. I-ci rübdə investisiyanın çıxarılması 2014-cü il üçün gözlənilən $70 mlrd-a qarşı $100 mlrd olub. Rusiya ekspertlərinin fikrincə, illik kapital axını $200 mlrd-ı keçə bilər. 3 ayda büdcə kəsiri $30 mlrd-ı keçib, ərzaq 20-30% bahalanıb, deyə müstəqil ekspert Dmitri Adamidov bildirir.
İqtisadi İnkişaf Nazirliyi yaxın illər üçün ÜDM artımı proqnozuna baxaraq onu 2,5%-dən 1,1%-ə endirib, deyə qurumun rəhbərinin müavini Andrey Klepaç bildirib. Amma maliyyə naziri Anton Siluanov müstəqil ekspertlərin ÜDM-in sıfıra və daha aşağı düşəcəyi barədə ötən ilki proqnozunu təsdiq etməli oldu. 2014-cü ildə Rusiyanın ÜDM-i 0,5% artacaq, bəlkə, "sıfırın ətrafında olacaq", deyə maliyyə naziri Anton Siluanov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2014-cü ildəki situasiya 2008-2009-cu illərdən bəri ən çətin vəziyyətdir. Bundan başqa, nazir neftin qiymətinin ucuzlaşması və kapitalın axıb getməsinin mümkünlüyünü bildirib. Bu tendensiya qeyri-sabit geosiyasi vəziyyətlə bağlıdır, deyə İnterfaks bildirir.
Ötən il planlaşdırılan 2014-cü ildə "AvtoVAZ"ın personalının 7,5 min nəfər azaldılması əsassız ollmadı. Rusiya avtomobilqayırmasının flaqmanının xalis itkisi I rübdə 9,6 dəfə artıb. Bu, əhalinin, xüsusən orta və ortadan aşağı hissəsinin ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Bu isə sosial gərginliyin artımına aparır.
Vəziyyətin inkişafı və böhranın miqyası Kremlin Ukrayna uvertürasının səbəbləri barədə Turan-ın əvvəlki rəylərini bir daha gücləndirir. Dərinləşən böhran bir daha göstərir ki, (bu, mətbuat konfransının gedişində də görünürdü) Putinin komandası əhalinin Rusiyadaxili problemlərdən diqqətini yayındırmaq, hakimiyyətə etimadı artırmaq və cəmiyyəti xarici təhdidə qarşı birləşdirmək üçün Ukrayna kartını oynamağa məcbur oldu.
Putinin başqa çıxış yolu yox idi, irimiqyaslı iqtisadi böhranın üstünü malalamaq üçün Ukrayna kimi şərti zəif düşmən lazım idi. MDB-nin istənilən digər ölkəsinə qarşı təcavüz belə effekt verməzdi. Rusiya cəmiyyətinin yetmiş faizinin Putini dəstəkləməsi göstərir ki, effekt əldə edilib. Amma bu, o demək deyil ki, Ukrayna ətrafında münaqişə bitib və başqa ölkələr üçün təhlükə yoxdur. Putin Ukrayna kartından istifadə etməkdə davam edəcək, Rusiya cəmiyyətində etiraz ovqatını yayındırıb dağıtmaq üçün xarici böhranlar yaratmaq məqsədilə başqa bəhanələr arayacaq. Vəziyyəti yalnız inkişaf etmiş ölkələrin Rusiya iqtisadiyyatına dəstəyi yumşalda bilər. Dünya 1998-1999-cu illər və 2008-2009-cu illər böhranlarından sonra enerji daşıyıcılarının qiymətinin artırılması, nəhəng investisiyalar və dünya silah bazarının rus silahı üçün açılması şəklində bu dəstəyi gördü. Bu, təhlükəsizliyi və maraqları üçün Rusiyanın təhdid yaratdığı hər kəsin həll etməli olduğu dilemmadır - qış yuxusu zamanı oyadılmış, kahasında nüvə silahı olan qeyri-adekvat Ayı çox təhlükəlidir - hətta onu oyatmayanlar üçün.
https://turan.az/ext/news/2014/3/free/analytics/az/112200.htm/003
https://turan.az/ext/news/2014/3/free/analytics/az/112270.htm/003
https://turan.az/ext/news/2014/4/free/analytics/az/112356.htm/003
https://turan.az/ext/news/2014/3/free/analytics/ru/112258.htm/003
Rəy yaz