Açıq mənbələrdən foto
Şərq xalqları və dövlətlərinin inkişafında ilk əvvəl böyük rol oynayan İslam tədricən hərəkətverici qüvvəsini itirməyə başladı. Hər bir fəlsəfə müəyyən dövrlərdən sonra yenidən dərk olunmalı və gerçəkliklərə uyğunlaşdırılmalıdır. Əkc nəqdirdə o, hərəkətverici qüvvəsini itirir.
Bunu elm və mədəniyyətdə tez-tez müşahidə edirik. Mexaniki fizikanın imkanları tükəndikdən sonra təbiət hadisələrini izah etmək üçün kvant mexanikasını, optik, nüvə fizikasını kəşf etdirmək lazım gəldi. Rejissorların hər nəsli klassikanı, məsələn, Hamleti yeni tərzdə dərk edir və səhnələşdirir. Dində də vəziyyət bu cürdür. Belə yanaşma xristian cəmiyyətlərinə öz dinini yeni reallıqlara uyğunlaşdırmağa kömək etdi.
Bu cür hadisələrdən biri XVI əsrdə baş verdi. İlahiyyatçı doktor Martin Lüter Əhdi-Cədidi yeni tərzdə təfsir edərək, tamamilə başqa xristian paradiqması təklif etdi. O, hesab edirdi ki, Tanrı və insan arasındakı münasibətlərdə heç bir “həvariyun (apostol) vasitəçiliyi” ola bilməz. Lüter sanırdı ki, müstəsna olaraq yalnız Bibliya (Tövrat və İncil) iman mənbəyi ola bilər, yəni o, Müqəddəs ənənəyə nisbətən Müqəddəs Yazıya üstünlük verirdi. Müqəddəs ənənə dedikdə həvarilərin, İsa Məsihin ən yaxın şagird və davamçılarının kilsəni qane edən təlimləri (İslamda sünnə və hədislər kimi) başa düşülür. Yeni təlimə görə, imanın əsas mənbəyi kimi Müqəddəs Yazının dini nüfuzu inkar olunur və xristianlar tərəfindən Müqəddəs Yazının müstəqil təfsirinin məqbulluğu tanınır. Lüter iman gətirənləri mənəvi despotizm və özbaşınalıqdan azad etdi, şəxsi azadlıq naminə Kilsənin bütün nüfuzunu rədd etdi. Xalqa doğma dilində Bibliyanı bəxş edərək alman islahatçı hesab edirdi ki, Müqəddəs Yazı öz-özlüyündə aydındır, hər bir adam kilsənin bələdçiliyi olmadan onu düzgün başa düşə bilər. Kilsə istibdadından azad olan bu insanlar ictimai həyatda da məhdudiyyətlərə dözə bilməzdilər. Daha sonar kilsə dövlətdən ayrıldı və XVII əsrdən etibarən burjua inqilabları baş verdi, şəxsiyyətin özünüifadə azadlığını genişləndirən demokratik təsisatları olan ölkələr quruldu,.
Bundan sonra xristianlar dini mövzuları sərbəst təfsir etməyə başladılar. M. Skorsezenin "Məsihin son sınağı" filmini və ya D. Braunun “Da Vinci kodu" kitabını xatırlayaq. Onlar İsanın dirilməsi və çarmıxa çəkilməsi barədə sakitcə mübahisə edirlər. Dinə olan liberal münasibət tədricən ictimai həyatın bütün sahələrini əhatə edir və sürətli inkişafa kömək edirdi.
İslahatların nəticələri dərhal iqtisadiyyatda hiss olundu. Alman sosioloqu Maks Veberin fikrincə, Lüter yalnız Reformasiyanın əsasını qoymadı, həm də kapitalizmin yaranmasına qəti təkan verdi. Protestant etikası Yeni dövrün ruhunu müəyyənləşdirdi. Veber protestantizm və burjuaziya arasındakı ittifaqa fikir verdi. Alimin fikrincə, bunun səbəbi protestantların böyük "iqtisadi rasionalizminə" səbəb olan xüsusi dünyagörüşündədir, halbuki katoliklər "dünyadan uzaq” və dünya nemətlərinə etinasız idi (müsəlmanlar kimi). Protestantlarda xristian dəyərləri arasında birinci yeri onların Tanrıya xidmət hesab etdikləri əmək fəaliyyəti tuturdu. Onlarda əmək mükəlləfiyyəti vicdanlı, gərgin və peşəkar əməyə tələbatla əvəz olundu. Protestantların əməyi dua, ibadət və Müqəddəs Yazının oxunması ilə bərabər tutulurdu. Var-dövlət gərgin əməyin və asketik həyat tərzinin nəticəsidir.
İslam təqviminə görə, biz orta əsrlərdə, məcazi mənada, Martin Lüterin dövründəyik. Tarixi qanunauyğunluqları gözləsək, onda, deməli, islahatlar ərəfəsindəyik. Bunu ilk anlayan və həyata keçirən Atatürk idi. Lakin onun apardığı islahatlar yalnız dinin ictimai həyata təsirini məhdudlaşdırmaqla bağlı idi və İslamın mahiyyətinə toxunmadı. Buna görə də onlar cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilmədi və digər ölkələrə yayılmadı. Nəticədə siyasi İslamın fəallaşmasının və onun Şərqin bir çox ölkəsində dövlət işlərinə uğur gətirməyən təsirinin şahidi oluruq. Və bu gün İslam dünyasının bəzi siyasi liderləri bu məsələyə öz töhfəsini verməyə çalışır.
Bir neçə il əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin ilahiyyatçılara sünnəyə - hədislərə yeni yanaşma və onların nizamlanması ilə bağlı müraciəti oldu. Sünnə Məhəmməd Peyğəmbərin əməllərinin, sözlərinin və təqdirlərinin təsviridir. Sünnə Məhəmməd Peyğəmbərin səhabələri tərəfindən şifahi şəkildə ötürülərək, VIII-IX əsrlərdə hədislər şəklində qeydə alınıb. Bu yaxınlarda Əl-Əzhər dini universitetinin ilahiyyatçıları qarşısında etdiyi çıxış zamanı Sisi öz yanaşmasını inkişaf etdirərək demişdir: "Bu fikirlər - və mən din demirəm, düşüncə tərzi deyirəm, bizim üçün hər hansı sapmağın qətiyyən mümkün olmadığı dərəcədə dini mahiyyətli, müqəddəs olmuş mətn və ideyalar toplusu – bununla biz bütün dünyanı özümüzə qarşı qaldırırıq”. Sisi bəyan etdi: "Bizə dini inqilab lazımdır".
Şərqin bir çox parlaq zəka sahibləri də sünnə-hədislərə münasibəti dəyişdirməyi vacib sayırlar. Olardan biri, Peyğəmbərin həyatı ilə bağlı yazdığı "Aşan səhəngdən suyun axmasına yol verməməli" romanının və "Peyğəmbərə vəhy olunmuş qaydada düzülmüş Quran surələri" adlı araşdırma xarakterli kitabın müəllifi olan həmyerlimiz yazıçı Ç.Hüseynov da hesab edir ki, sünnə və Quranın eyni qüvvəyə malik olması İslam cəmiyyətlərində görüşlərin liberallaşmasına mane olur və onlara münasibəti dəyişmək vaxtı çatmışdır. Axı İslam teoloqları Quranı sünnə hədisləri vasitəsilə öyrənir və izah edirlər. Beləliklə, müsəlman müəyyən çərçivələr daxilində saxlanılır, ona öz dinini müstəqil şəkildə anlamaq imkanı verilmir, bu da tənqidi təfəkkürün inkişafına və müsəlmanın ictimai həyatına mənfi təsir göstərir.
Buna İslam ilahiyyatçılarının Quranın tərcüməsinin ilahi kitab kimi tanınmasını qadağan etməsi də mane olur. Quranın tərcüməsi Müqəddəs Kitabın mənasının açıqlaması hesab olunur. Bu məsələ Ç.Hüseynov tərəfindən mükəmməl həll edilir. Onun fikrincə, Müqəddəs Kirabın mətnindən görünür ki, Quran Allahın dilində nazil edilib, lakin bu heç də o demək deyil ki, söhbət ərəb dilindən gedir. Allah sadəcə ərəbi peyğəmbər seçmişdir və peyğəmbər adi insanlardan "Allahın nişanələrini" eşidə və tanıya bilməsi ilə fərqlənir. Beləliklə, Məhəmməd Peyğəmbər bir növ "Allah dili”nin tərcüməçisi kimi çıxış edir. Bu iki tezisin həyata keçirilməsi Quranı kənar yardım və izahat olmadan öz ana dilində öyrənməyə imkan verəcəkdir ki, bu da hər bir insanın Müqəddəs Kitabı sərbəst dərk etməsini gücləndirəcək və onu din xadimlərinin ifrat himayəsindən azad edəcəkdir. Cəsarətlə təxmin edirik ki, bu, gündəlik ictimai həyatda dərhal əks olunaraq, onu liberallaşdıracaq, çünki M. Lüterin islahatları ilə sıx bağlıdır.
Son 20 ildə Malayziyanın Baş naziri vəzifəsini icra edən Mahathir Mohamadın nöqteyi-nəzəri maraq doğurur. Bu müddət ərzində ölkə iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 23-cü yerə yüksəlmişdir. O yazır: “Müsəlman alimləri, Quranda yazıldığı kimi, həqiqət axtarışını tamamilə dini mənada şərh etməyə başlayanda böyük İslam sivilizasiyası, tənəzzülə uğradı, digər bütün biliklər qeyri-İslami oldu. Nəticədə müsəlmanlar elm, riyaziyyat, tibb və digər "dünyəvi fənlər"dən imtina etdilər. Bunun əvəzinə onlar vaxtlarını İslam təlimi və onun təfsirləri, İslam hüququ və İslam təcrübəsi haqqında mübahisələrə həsr etdilər, nəticədə bu, ümmətin dağılmasına və çoxsaylı təriqət, cərəyan və məktəblərin yaranmasına səbəb oldu".
Nəticədə xristianlarla müqayisədə uduzan müsəlman dünyasında aşağıdakı meyllər kök saldı:
-Xristianlardan fərqli olaraq, müsəlmanlar həqiqəti tapdıqlarını düşündükləri üçün onu axtarmaqdan əl çəkdilər.
-Müsəlman həyat fəlsəfəsi tarixin müsəlmanların uğur qazandığı hissəsinə əsaslanır, buna görə də onlar üçün keçmiş önəmlidir və keçmişi geri qaytarmaq istəyirlər. Xristianlar ola biləcəklərə önəm verirlər, buna görə də gələcəyə diqqət yetirirlər və onu yaxınlaşdırmağa çalışırlar.
-Müsəlmanlar ayələri əzbərləyib təkrarlamağı, xristianlar isə mahiyyəti dərk etməyi və müqəddəs kitablarını inkişaf etdirməyi vacib sayırlar.
Güman edirik ki, müsəlman cəmiyyətlərinin inkişafı bu yanaşmalar arasındakı fərqi nə qədər azalda biləcəklərindən asılıdır.
İslam tarixində onun liberallaşdırılması üçün bir istinad nöqtəsi ola biləcək məqamlar mövcuddur. Məhəmməd Peyğəmbərin həyatını təqlid etməkdə rəqabət aparan müsəlman mühafizəkarlar Allahın müqəddəs vəhyini liberal görüşləri olan bir insana göndərdiyinin fərqinə varmırlar. Peyğəmbər gəncliyində mövcud dinlərə şəkk ilə yanaşırdı və bir dəfə də olcun Kəbəyə girməmişdi, halbuki onun qapısının açarları babasında idi. O, mövcud inancların bəsit olduğunu və əla məntiq sahibi olduğuna görə bəşəriyyətin inkişafı üçün daha mükəmməl inancın lazım olduğunu başa düşürdü. O, şəkk edən bir insan idi və buna görə də ilk vəhylərə şübhə ilə yanaşdı. Allahın o zaman dindar ehkamçılara güvənə bildiyini fərz etsək, onlar, yəqin ki, indi ümmətin sürətli inkişafına töhfə verəcək hər bir izahı rədd etdikləri kimi bu ayələri rədd edərdilər. Beləliklə, İlahi vəhy üçün Allah azad və yeniliyi qəbul etməyə açıq insanı seçmiş və yanılmamışdı. Bəs niyə bu mövzuda peyğəmbərə oxşamaqdan çəkinirik?
Praqmatik olan Məhəmməd Peyğəmbərdən fərqli olaraq onun ardıcılları ehkamçı oldular. Hədislərdən birində deyilir ki, Peyğəmbər xurma ağacının kəsilməsini qadağan edir. Amma müsəlmanlar bir şəhəri alan zaman xurma ağacları görünüş sahəsinin qabagını tutduqlarından hücum edənlərə mane olurdular. Onda Peyğəmbər fikrini dəyişir: "Əgər onlar sizə mane olursa, kəsə bilərsiniz". Bundan sonra şəhər asanlıqla alınır. Bu tezisi inkişaf etdirsək, belə bir nəticəyə gələ bilərik ki, əgər nəsə tərəqqini dayandırırsa, ondan yaxa qurtarmaq lazımdır. Ancaq təəssüf ki, sonralar ümmət bu hədisin imkanlarından istifadə etmədi. Bu tezis balıq tuta bilməmiş balıqçılara daha uzağa üzməyi tövsiyə edən İsanın rəvayətinə çox uyğundur. Xristianlar bu hekayəni aşağıdakı kimi təfsir etməyə başladılar: bir yerdə uğur qazanmamısınızsa, bəxtinizi başqa yerdə sınayın. Və bu gün onların dünya miqyasında necə geniş yayıldığını, dinamik, enerjili və uğurlu olduğunu görürük.
Müsəlman ehkamçılar (mühafizəkarlar) İslamın uğurlarından bəhs edərkən çox vaxt Əməvilər Xilafətini misal gətirirlər. Bu, İslam imperiyasının zirvəsidir. O заман onun ərazisi 13 milyon kvadrat kilometrə çatırdı. Lakin onun praqmatiklər (liberallar) tərəfindən yaradıldığını xatırlatmırlar. Əməvilər öz hakimiyyətini möhkəmləndirdilər və ehkamçılar üzərində qələbədən sonra ildırım sürətilə inkişaf etməyə başladılar (fasiləsiz 99 il). Əməvilər sülaləsinin bütün üzvləri hakimiyyətdən uzaqlaşdırıldıqdan və məhv edildikdən sonra imperiya kiçilməyə başladı və heç vaxt əvvəlki sərhədlərinə qayıtmadı. Bəlkə liberallara qarşı çıxmağa dəyməz?
Quranın çoxarvadlılığa dair tələbləri aydın şəkildə müəyyən edilmişdir, bərabər sevgi və təminatı həyata keçirmək prinsipcə çətindir. Lakin Quranı kifayət bilməmə və dini liderlər tərəfindən yanlış şərh edilən şəriət normalarına kor-koranə riayət olunması, adət-ənənələr ailənin rasional planlanmasına kömək etmir, bu da Şərqin yoxsul ölkələrində savadsız nəslin yetişməsinə səbəb olur. Bu, nəticədə cəmiyyətin inkişafına mənfi təsir göstərən nifaq və sosial kataklizmlər doğurur. Köhnə paradiqmadan uzaqlaşsaq və Müqəddəs Kitabı yenidən dərk etsək, onda Qurana əsaslanaraq məsələnin bu qoyuluşundan kənara çıxma formalarını tapa bilərik.
Bu gün Qərbin üstün sivilizasiya olduğunu düşünən Şərq “udulmaqdan” qorxur. Buradan Qərbə etinasızlıq doğur, bu isə təcridçiliyə səbəb olur. Lakin türklər daim Şərqdən Qərbə köçmüş, yol boyu daha inkişaf etmiş sivilizasiyalarla rastlaşmışlar. Onlar bundan yalnız qazanmış, inteqrasiya yolu ilə inkişaf etmişlər.
Ən sivil İslam xilafəti olan Kordova Avropanın ən qərb nöqtəsində son Əməvi xəlifəsinin sağ qalan nəvəsi tərəfindən yaradılmışdı. Yəni o, Şərq və Avropanın sintezini təcəssüm etdirirdi. Bəlkə Qərbdən qorxmaqdan əl çəkək?!
İslahatlara ehtiyac olduğu aydındır, nəyin və necə islah edilməli olduğu da bəllidir, ZAMAN məlum deyil ... Gözləyirik ...
Ağabalayev Şahmar,Iqtisad elmləri namizədi
Rəy yaz