Barbaros Hayrettin Pasha
Cari ilin hadisələri göstərir ki, Aralıq Dənizi, daha doğrusu, onun, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 3,45 trl. kubmetr qaz və 3,8 mlrd. barrel neft, digər beynəlxalq qurumların qiymətləndirmələrinə görə isə iki dəfə daha çox ehtiyatları olan Şərqi hissəsi mübahisə zonasına çevrilir.
Belə geniş miqyaslı karbohidrogen yataqları bu regionda yerləşən ən az 8 dövlətin marağına səbəb olur, amma bu məsələnin qızışması ilə əlaqədar 2020-ci ilin yayı həqiqətən çox isti keçdi.
Belə ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyulun 7-də Türkiyənin Aralıq Dənizində kəşfiyyat qazıntılarını bərpa edəcəyini bəyan edib və Barbaros Hayrettin Paşa araşdırma gəmisini oraya göndərib.
Xatırladaq ki, iyulda Aİ ölkələrinin XİN başçıları Şərqi Aralıq Dənizinin sularında neft və qaz yataqlarının qazıntısı ilə əlaqədar Türkiyəni tənqidə məruz qoyublar, buna cavab olaraq Türkiyə BMT-yə müraciət göndərdiyini bildirib, belə ki, Yunanıstan və Misir arasında Şərqi Aralıq Dənizində “dəniz sərhədinin demarkasiyası və müstəsna iqtisadi zonanın müəyyən edilməsi” haqqında sazişi pozuntu hesab edir.
Türkiyə XİN-in fikrincə, “bu saziş etibarsızdır”, o, eyni zamanda “Liviyanın da hüquqlarını pozur”.
Buna cavab olaraq Yunanıstanın xarici işlər naziri Nikos Dendias isə bildirib ki, bu il Liviya Milli Razılıq hökuməti və Türkiyə arasında imzalanmış Şərqi Aralıq Dənizində Əməkdaşlıq haqqında Saziş qanunsuzdur.
Xatırladaq ki, iyulda Yunanıstan İtaliya ilə də Aralıq Dənizində iki ölkənin dəniz sərhədlərinin demarkasiyası haqqında saziş imzalayıb.
“Financial Times” yazır ki, Şərqi Aralıq Dənizindəki yataqlar üzərində haqq iddia edən və ya onları artıq mənimsəyən ölkələr siyahısına İtaliya, İsrail, Misir, BƏƏ, Kipr də daxildir.
“Şərqi Aralıq Dənizində təkcə adı çəkilən ölkələrin tələbatının təmin edilməsi üçün deyil, həm də ixrac üçün kifayət qədər təbii qaz var. Bu, regionda enerji təchizatı məsələsinin yenidən təşkil edilməsi və ölkələr arasında əvvəllər ağlasığmaz kimi görünən alyansların yaradılması üçün potensial yaradır”, deyə FT qeyd edir.
Britaniya nəşrinin fikrincə, Misir və İsrail bu məsələdə artıq uğurla əməkdaşlıq edir.
“Aİ Yunanıstan və Kipri dəstəkləyir, amma faktiki olaraq Türkiyə bu regionda çıxarılan yanacaqla bağlı layihələrdən çıxarıblar, buna görə prezident Erdoğan Şərqi Aralıq Dənizi zonasına öz gəmilərini göndərib. Hətta Fars Körfəzi ölkələri və ABŞ da qarşıdurmaya cəlb edilib. Bu vəziyyət strateji məsələyə çevrilib. Türkiyə bu regionun bir neçə hissəsində döyüş əməliyyatları həyata keçirir və bu regiondakı nüfuzuna artıq etinasızlıq göstərilməməsi üçün Aİ-yə qarşı həddindən artıq aqressiv mövqe tutur”, müstəqil ekspertlər – Ankara Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Özlem Kaygusuz və Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Türkiyə üzrə eksperti Doroteya Şmid belə hesab edirlər.
Maraqlıdır ki, Fransa Aralıq Dənizində Total və Engie şirkətlərinin maraqlarını dəstəkləyir.
Xatırladaq ki, 2018-ci ilin əvvəllərində Türkiyənin döyüş gəmiləri Kiprdən lisenziya alan Engie-nin qazma platformasını mühasirəyə alıblar.
ABŞ Konqresi Kiprə silah göndərilməsinə qoyulmuş embarqonu qaldırdıqdan və bu adaya xarici yardımı artırdıqdan, bununla da təbii qaz yataqlarının axtarışı işlərinin həyata keçirilməsinə dəstəyini nümayiş etdirdikdən sonra da Türkiyə çətin vəziyyətə düşüb.
Bu addımların təşəbbüskarlarından biri olan Senator Robert Menendes həmin vaxt belə bir bəyanat verib: “Biz açıq şəkildə bildirdik ki, artıq Şərqi Aralıq Dənizi regionunda Türkiyənin təcavüzünə boyun əymək niyyətində deyilik”.
ABŞ Dövlət Departamenti bildirib ki, Ankara Yunan sahilləri ətrafında - “Kastelorizo adası ətrafındakı mübahisəli sularda” gərginlikdən uzaq durmalıdır.
Hazırda Aİ-yə sədrlik edən Almaniya Türkiyəni Kiprin iqtisadi zonasında qazma işlərinə son verməyə və Yunan adaları yaxınlığında bu cür işlərə başlamamağa çağırıb.
“Beynəlxalq hüquqa riayət olunmalıdır. Və Şərqi Aralıq Dənizində bütün fəaliyyət dayandırılarsa, Aİ-nin Türkiyə ilə münasibətlərində irəliləyişə də bu prizmadan baxılacaq”, deyə bu günlərdə Almaniya XİN başçısı Hayko Maas bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Türkiyə ilə dialoq aparmağı vacib sayır, belə ki, o, “həm NATO çərçivəsində, həm də miqrasiya məsələlərində” strateji əhəmiyyətə malik ölkədir”.
Rusiya Elmlər Akademiyasının Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun baş elmi əməkdaşı Viktor Nadein-Raevskinin fikrincə, Türkiyənin şelf zonası sərhədini müəyyən etməsi Dəniz Hüququ haqqında Konvensiyaya uyğun deyil.
“İqtisadi maraqla yanaşı, burada Erdoğanın imperiya ambisiyaları da öz rolunu oynaya bilər. Axı Osmanlı dövləti Egey Dənizinin hazırda əksəriyyəti Yunanıstana məxsus olan bütün adalarına malik idi”, Rusiyalı ekspert belə hesab edir.
“Ankaranın Aralıq Dənizində Kastelorizo adası ətrafında apardığı seysmik tədqiqatlarla əlaqədar Türkiyəyə etirazını bildirən Yunanıstanın mövqeyi beynəlxalq hüquq normalarına və beynəlxalq məhkəmə instansiyalarının hökmlərinə ziddir”, deyə iyulun sonlarında Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bildirib.
Onun sözlərinə görə, Ankara “Afinanın heç bir əsas olmadan haqq irəli sürdüyü” kontinental şelf zonası çərçivəsində Türkiyənin həyata keçirdiyi yataq axtarışı və kəşfiyyatı işlərinin mərhələləri barədə BMT-yə məlumat verir.
“Yunanıstan tərəfi öz mövqeyini coğrafi cəhətdən Yunanıstanın sahil hissəsindən uzaqda yerləşən Meiysti adasının (yunanlar “Kastelorizo” adlandırır) mənsubiyyəti ilə əsaslandırmağa çalışır. Bu ifratçı mövqe beynəlxalq hüquq normalarına və məhkəmələrin qərarlarına ziddir”, deyə diplomat əlavə edib.
“Türkiyənin bu sahədə hər hansı fəaliyyətə yol verməyəcəyinə və Şərqi Aralıq Dənizində ölkəmizin və Kiprli türklərin qanuni hüquqlarını və maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcəyinə heç bir şübhə yoxdur”, deyə Türkiyə XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, coğrafi cəhətdən Meiysti-Kastelorizodan Türkiyənin Kaş limanına cəmi 7 km, Yunanıstanın materik hissəsinə 580 km. məsafə var.
1947-ci ildən etibarən Yunanıstan ada üzərində yurisdiksiyasını həyata keçirir.
Türkiyə yunanların adanın ətrafında yalnız altı dəniz mili məsafədə ərazi sularına nəzarətini qəbul edir və hesab edir, yunanların müstəsna iqtisadi zonaları kimi gördükləri Kastelorizonin cənubundakı hövzədə araşdırma işləri həyata keçirə bilər.
AJİOTAJIN BAŞLANĞICI
Aralıq Dənizindəki neft və qaz ehtiyatları ətrafında ajiotaj 2009-cu ildə başlayıb. Həmin vaxt Amerikanın Noble Energy geoloji kəşfiyyat şirkəti İsrail sahilindən 100 km məsafədə “Tamar” qaz yatağını aşkar edib (çıxarılan qaz ehtiyatları 300 mlrd. kubmetrdən çoxdur).
2010-cu ildə bir qədər uzaqda 1 trln. kubmetrə qədər qaz və 1,7 mlrd. barrelə qədər neft ehtiyatları olan “Leviafan” yatağı kəşf edilib.
2011-ci ildə neftçilər Kipr sahilləri yaxınlığında ölçülərinə görə “Leviafan”la müqayisə edilə biləcək “Afrodita” yatağını tapıblar. 2018-ci ilin fevralında Exxon Mobil daha bir təbii qaz bloku aşkar edib, bu da Kiprin ümumi ehtiyatlarını iki dəfə artırıb.
Bu kəşflər İsrail, Kipr və Yunanıstanın əməkdaşlıq haqqında razılıq əldə etməsinə gətirib çıxarıb.
İsrail özü ildə təxminən 10 mlrd. kubmetr qaz istehlak edir, bu göstəricini artırmağı və artıq qalan həcmi ixrac etməyi planlaşdırır.
Belə ki, 2020-ci ilin yanvarında ilk dəfə “Leviafan”dan maye təbii qazın tankerlərlə müxtəlif istehlakçılara inəqlinə başlanıb.
Doğrudur, yataq çox da uğurlu vaxtda işə salınmayıb, belə ki, koronavirus pandemiyası bütün dünyada neft və qaz qiymətlərini həddindən artıq ucuzlaşdırıb, amma onun ehtiyatları uzun onillər üçün nəzərdə tutulub.
Şərqi Aralıq Dənizində qaz resurslarının mənimsənilməsi layihələrinin uzunmüddətli olması ehtimalları qaz kəməri (kəmərləri) çəkilməsi məsələsinin ortaya çıxmasına gətirib çıxarıb.
2016-cı ildə İsraildən Türkiyə ərazisindən keçən magistral boru kəmərinin tikintisi ilə bağlı razılaşma əldə etmək cəhdləri olub, amma tərəflərin fikir ayrılıqları üstün gəlib.
Nəticədə 2020-ci ilin yanvarında İsrail Yunanıstan və Kiprlə 2000 kilometrlik EastMed qaz kəmərinin tikintisi haqqında çərçivə sazişi imzalayıb.
Təqribən 6 mlrd. avro dəyəri olan layihəyə əsasən, “EastMed” “Leviafan” yatağından başlayacaq, Kiprə qədər, oradan isə Kritə qədər uzanacaq və Yunanıstanın qitə hissəsində başa çatacaq. Onun ilkin gücü ildə 10 mlrd. kubmetr olaraq müəyyən edilib, bu həcmin iki dəfə artırılması və yeni “qolların” çəkilməsi mümkünlüyü nəzərdə tutulub.
Aİ bu boru kəməri layihəsini dəstəkləyib, belə ki, Şərqi Aralıq Dənizindəki qaz ehtiyatları Avropa İttifaqının idxal qaza olan tələbatının 10%-ni təmin edə bilər.
Bu boru kəməri ilə ilk qaz nəqli ən yaxşı halda 2027-28-ci illərdə başlaya bilər, amma energetika bazarlarında qeyri-sabit vəziyyət, Aralıq Dənizi ölkələri arasındakı fikir ayrılıqları bu planlara mənfi təsir göstərə bilər və ümumilikdə bu hövzənin karbohidrogenlərinin mənimsənilməsi üçün təhdid təşkil edir.
Dünya təcrübəsi göstərir ki, tərəflər üçün kompromis çıxış yolu ola bilər, amma onun axtarışı zaman alacaq. -0-
Rəy yaz