Madrid Prinsipləri Dağlıq Qarabağın uzun müddətdə təhvil verilməsini nəzərdə tutur

ATƏT-də, həmçinin RF naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Qarabağ münaqişəsinin müzakirəsi fəallaşıb. Müzakirə iştirakçıları danışıqlarda uğurdan bəhs edirlər. Amma, təəssüf ki, danışıqlar prosesi ilə bağlı məlumatın tamamilə qapalı və ziddiyyətli olması narahatlıq doğurur və ictimaiyyətə vəziyyəti obyektiv qiymətləndirmək imkanı vermir.

Tarixçi Eldar Ginesli ictimaiyyətə açıq olan məlumat əsasında danışıqları ekspert olaraq təhlil edib. O, RF xarici işlər naziri S.Lavrovun Bakıda bu yaxınlarda apardığı danışıqların nəticələrinə görə söylədiyi aşağıdakı ifadəni qeyd edib: "Biz belə anlayırıq ki, güzəştə nail olmaq üçün imkanlar var. Məsələ bəsit deyil, münaqişə keçmiş Sovet İttifaqı məkanında ən uzun sürən münaqişələrdən biridir, amma Rusiyanın ikitərəfli formatda və ATƏT MQ-nin həmsədri qismində irəli sürdüyü ideyalar anlayışla qarşılandığına görə biz Azərbaycanlı dostlarımıza minnətdarıq. Bugünki və dünənki əlaqələr necə irəliləməyə çalışmalı olduğumuzu daha yaxşı anlamağa imkan verdi. Ümid edirəm ki, nəticə olacaq".

Rusiya "ikitərəfli formatda və ATƏT MQ-nin həmsədri qismində" "Madrid Prinsipləri"ndə (MP) əks olunmuş tədbirləri irəli sürür. O cümlədən, təxmin edə bilərəm ki, - "birtərəfli qaydada" Dağlıq Qarabağda "Rusiya sülhməramlılarının" yerləşdirilməsini, - deyə ekspert bildirib.

"Bu cəhdlər 1994-cü ildə atəşkəs elan edildiyi andan edilir. Bütün artıq sözləri kənara atsaq, MP-nin həyata keçirilməsi Qarabağın uzun müddətdə ermənilərə təhvil verilməsi deməkdir", deyən E.Ginesli imzalanması təklif olunan şərtlərin hər bir bəndinin arxasında nə gizləndiyinə müfəssəl nəzər salmağı təklif edib:

1. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması.

2. Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanətini təmin edən aralıq statusun verilməsi.

3. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin təmin edilməsi.

4. Beynəlxalq təhlükəsizlik zəmanəti və sülhməramlı əməliyyatlar həyata keçirilməsi.

5. Bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması.

6. Dağlıq Qarabağın gələcək yekun hüquqi statusunun mütləq hüquqi qüvvəyə malik referendum yolu ilə müəyyən edilməsi.

Bu bəndlərin arxasında nə gizlənir?

1.Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad edilməsi müqabilində Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədləri açılır, yəni Ermənistan iqtisadi blokadadan çıxarılır. Amma "Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması" Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının "qaytarılmasını" nəzərdə tutmur. Laçından keçən yol Dağlıq Qarabağı Ermənistanla birləşdirir, ermənilər isə heç bir şərtlə ondan ayrılmaq niyyətində deyillər; Kəlbəcərdə Dağlıq və Aran Qarabağı su ilə təmin edən bir çox çayların mənbələri yerləşir. Ermənilər onlar üçün strateji əhəmiyyətə malik olan bu rayonu da azad etməyi nəzərdə tutmurlar.

2. "Aralıq status" Minsk Qrupu (RF, Fransa və ABŞ) tərəfindən əslində mövcud olan şeyi söz dumanı ilə ört-basdır etmək üçün uydurulmuş söz birləşməsidir: istənilən status - aralıq və ya daimi - statusdur. Bu, erməni ordusunun işğal etdiyi ərazilərdə hazırda heç kimin tanımadığı və heç bir statusa malik olmayan işğalçı erməni rejiminin tanınması deməkdir. Müvəqqəti də olsa, status əldə edən işğalçı hakimiyyət qanuniləşmə, beynəlxalq aləmdə tanınma əldə edir və beynəlxalq münasibətlər subyektinə çevrilir.

3. "Sülhməramlıların" yerləşdirilməsi yalnız işğalçı rejimin artıq mövcud olan "aralıq statusla" onların müdafiəsi altında olmasını nəzərdə tutur. Və bu gün Azərbaycan ordusu düşmənlə bilavasitə təmas halındadırsa və istənilən an erməni ordusu və yerli separatçılar tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi üzrə antiterror əməliyyatına başlaya bilərsə - və bu ciddi danışıqlar amilidirsə, "sülhməramlıların" yerləşdirilməsi ilə tərəflər ayrılacaq və hərbi həlli unutmaq mümkün olacaq: zərurət olarsa, "sülhməramlıların" yardımına - məsələn, Gümridəki hərbi bazadan rus əsgərlərinin şəxsində - "dəstək" gələcək. "Sülhməramlıların" özlərinin də rus əsgərləri olmayacağının zəmanəti hanı?

4. Azərbaycanlı qaçqınların qaytarılmasından danışılır, amma reallıqda bunun həyata keçirilməsi zəif ehtimaldır. Ermənistanda, xüsusən də Dağlıq Qarabağda hökm sürən fobiyanı başa düşən yerli erməni hakimiyyəti tərəfindən qayıdan Azərbaycanlı Qarabağlılar üçün elə bir şərait yaradılacaq ki, bu şəraitdə təhlükəsiz yaşamaq mümkün olmayacaq. "Sülhməramlıların" öhdəlikləri arasında nəzərdə tutulan səmərəli müdafiəsinə ümid etmək sadəlövhlükdür. Yadınıza salın: 80-ci illərin sonları - 90-cı illərin əvvəllərində sovet ordusunun və daxili qoşunların hissələri belə Azərbaycan milisi ilə birlikdə Azərbaycan kəndlərini silahlı ermənilərin hücumlarından və zorakılıqlarından səmərəli şəkildə müdafiə edə bilməyib.

Maraqlıdır ki, yalnız ermənilərlə 1988-ci ilə qədər mövcud olan faiz nisbətini aşmayacaq sayda Azərbaycanlı Qarabağlıların qaytarılmasına yol verilir. Yəni Azərbaycanlılara çox az şey üçün zəmanət veriləcək. 6-cı bəndin mənasını anlamaq üçün bu, əhəmiyyətlidir.

5. 1-5-ci bəndlərdə göstərilmiş bütün tədbirlər 6-cı bənddə nəzərdə tutulmuş yekun nəticəyə yönəlib: erməni ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində onun yekun beynəlxalq statusunun müəyyən edilməsi üzrə referendum keçirilməsinə. Bu referendumun nəticələri bu gün də bəllidir və şübhə doğurmur: erməni çoxluq müstəqilliyin lehinə səs verəcək. MP-də xüsusi olaraq vurğulanır ki, səsvermənin nəticələri "hüquqi cəhətdən icbari", yəni AR və ER hakimiyyəti tərəfindən beynəlxalq zəmanətlə qəbul edilməli olacaq. Yəni etirazlar olsa belə, onların üzərinə nəticələri qəbul etmək ÖHDƏLİYİ QOYULACAQ. Bütün bunların sonunu anlamağın yaratdığı mənfi təəssüratı azaltmaq üçün vasitəçilər daim referendumun hansısa qeyri-müəyyən vaxtdan sonra, "şərait yarandıqda" keçiriləcəyini deyirlər.

"Qarşılıqlı məqbul güzəştlər" haqqında söhbətlərdən ibarət söz pərdəsini üzərindən qaldırdıqda, MP reallıqda bundan ibarətdir. Güzəştlər mahiyyətcə yalnız AR tərəfindən nəzərdə tutulur, ondan ərazi bütövlüyü və işğalın nəticələrinin qəbul edilməsi məsələsində güzəştlər gözləyirlər. MP-nin reallaşması nəticəsində Ermənistan 1988-ci ildə Miatsum hərəkatı tərəfindən qarşıya qoyulmuş məqsədlərə - "tarixi vətən Ermənistanla yenidən birləşmə" məqsədinə nail olacaq.

Bununla əlaqədar yurisdiksiyası paytaxtı Bratislavada AR və ER XİN başçılarının görüşünün keçirildiyi Slovakiyaya da şamil olunan AR-in Avstriya səfirliyinin bəyanatı bir qədər gözlənilməz və ziddiyyətli səslənir. Bir tərəfdən bəyanatda deyilir ki, Azərbaycan ATƏT MQ çərçivəsində dinc nizamlanma siyasətinə (yəni "Madrid prinsipləri"nə) sadiqdir, digər tərəfdən isə "Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində statusunun müəyyən edilməsini Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə görür" (Konstitusiyada yalnız bütün AR ərazisində səsvermə keçirilməsinə yol verilir). Və ATƏT MQ vasitəçiləri, RF XİN başçısı S.Lavrov daim "Qarabağ əhalisinin öz gələcəyini özü həll edəcəyini" bəyan etdiyi bir halda. Bəyanatda deyilir ki, məsələnin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında mümkündür.

Bundan başqa, səfirliyin bəyanatında gözlənilmədən "kiflənmiş" Budapeşt Memorandumu (1994) yada salınıb, burada nizamlanma yolunda əsas bənd kimi münaqişə zonasında "sülhməramlı kontingentin" yerləşdirilməsi göstərilir. Bu da Madrid Prinsiplərində təklif edilmiş nizamlanma tədbirləri ardıcıllığına sığmır. Bununla əlaqədar S.Lavrovun bu yaxınlarda Bakı görüşündə dediyi sözləri bir daha xatırladaq: "Rusiyanın ikitərəfli formatda və ATƏT MQ-nin həmsədri qismində irəli sürdüyü ideyalar anlayışla qarşılandığına görə biz Azərbaycanlı dostlarımıza minnətdarıq", deyə tarixçi E.Ginesli danışıqlar prosesində son hadisələrin təhlilini yekunlaşdırıb.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti