Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Gözləntilərə baxmayaraq, Əfqanıstandakı proseslər Türkiyənin istədiyi kimi cərəyan etmədi.Hal-hazırda Türkiyənin Kabildəki səfirliyinin bağlanmaması üçün diplomatik cəhdlər davam etdirilir. Bunun əsas məqsədi Əfqanıstanın yeni rejimiylə əlaqələr yaratmağa çalışan ölkələrə vasitəçilik etməkdir. Baş tutub-tutmayacağını görmək üçün uzun vaxt tələb edilməyəcək. Çünki ikinci Taliban dövlətiylə əlaqə yaratmaq üçün Uzaq Şərqdən Avropaya qədər bəzi ölkələr artıq birbaşa cəhdlər edirlər. Radikal islam dövlətinin bu dəfəki idarəçilərinin son dərəcə praqmatik, dünyanı oxuyub anlamağa çalışan realist insanlardan ibarət olduğunu nəzərə alanda Ankaranın da proseslərə realist yanaşmasından başqa yolu  ola bilməz. 1500 hərbçinin ölkədən sağ-salamat çıxarılması bunu göstərdi. 

Radikal islamçı dövlətin başda infrastruktura olmaqla, iqtisadiyyat sahəsində işlərin mühüm hissəsini Çinə verərək Pekinin “Uyğur məsələsinə toxumama” şərtini qəbul etməsi Ankaranın bu sahədəki siyasətinə nə dərəcədə  yaxın, nə dərəcədə uzaq olacaqdır? İslam Əmirliyinin ilk gündən praqmatik və konkret bu məsələdə islami ideologiyanı yox, öz iqtisadi mənafeyini düşünməsi Türkiyə ilə münasibətlərin gələcəyinə də işıq tuta bilən bir faktdır. Baş döndürücü sürətlə cərəyan edən proseslərdə Türkiyəni narahat edən məsələlərdən biri də  illərdən bəri müxtəlif forma və vasitələrlə dəstəklədiyi özbək mənşəli general Raşid Dostumun  öz maraqlarına uyğun bir praqmatizm nümayiş etdirərək meydanı səssiz-səmirsiz tərk etməsi olmuşdur: yəni, hazırkı duruma baxanda Əfqanıstanda təkcə radikal islamçılarla deyil, ölkə əhalisinin 10%-ni təşkil  edən Türk  mənşəli etnik qruplarla da illərdən bəri davam etdirilən  gizli əməkdaşlıq nəticəsiz qalmışdır. Yəni, 1990-cı illərdəki xarici siyasətin `yumşaq güc` doktrinasının 2010-cu illərdə `strateji dərinlik`  adıyla `fəth` doktrinasına təkamül etməsinə baxmayaraq, Ankara  30 illik zaman dilimində ikisindən də heç bir ciddi qazanc əldə edə bilməmişdir. Edə bilməyincə bunu daxili siyasətdə nəğdə çevirmək çətinləşmişdir:`müsəlman qardaşlar` mənşəli siyasi islam bölgədə zəifləyincə `Rəibə işarəsi` də Türkiyənin iqtidar partiyasının tədavülündən kütlələrə hiss etdirilmədən çıxarılmışdır. 

Vaxtında keçirilsə belə (iyun 2023) prezident və parlament seçkilərinə təxminən 20 ay qaldığına görə, hakimiyyətdən getməmək üçün mövcud siyasi ittifaq demokratiyanın əl verdiyi ölçüdə bütün variantları sınaqdan keçirir. İqtisadiyyat sahəsindəki problemlər seçkilər ərəfəsində nəinki pul kisəsinin ağzını açmağa (xəzinənin və Mərkəzi bankın bütün imkanları 2019-cu ilin martındakı bələdiyyə seçkisində tükədilmişdir) realist vədləri önə sürməyə də uyğun deyildir. `İstanbul kanalı` kimi iqtisadiyyata dinamizm qazandırma  ehtimalı olan layihənin startının verilməsi belə iqtidar blokunun gözlədiyi dinamizmi yarada bilməyincə çarə ideologiyaya və qanun dəyişikliklərinə qalır. 

İctimai rəy sorğuları mövcud durumda iqtidar blokunun kiçik ortağı Milliyyətçi Hərəkat Partiyasını (MHP) 10%-lik ölkə bariyerinin altından üstünə çıxara bilməyincə (hörmətli Zahid Orucun təcrübələrindən istifadə edilməyəndə nəticəsi bu olur) qanunlardakı dəyişikliyi sürətləndirmək qaçınılmaz hala gəldi. Ancaq bu dəfə iqtidarın lap kiçik ortağı etiraz etdi ki, ölkə bariyerinin aşağı salınması gündəmə gəlirsə, aşağı salmayın,tamamilə ləğv edin. Yəni parlament bir növ, kənd toyları mənzərəsinə bürünsün. Təxminən 100 min səsi olan Böyük Birlik Partiyasının bu tələbi qəbul görməyəcək ancaq seçki ərəfəsində  iqtidar blokunda meydana çıxa biləcək hər hansı ayrılığın ümumi seçici kütləsi üzərində mənfi təsir yaratdığını hesaba qatanda bu açıqlamaların cənab Erdoğanın ürəyini sıxdığını təxmin etmək çətin deyildir. 

Seçkinin hələ ki böyük olmasa da kiçik  məşqlərinin edildiyi vaxtda iqtidarı bloka daxil olaraq və ya olmadan dəstəkləyən kiçik partiyaların mənfi və ya müsbət mənada yarada biləcəkləri təsiri əsla bir kənara atmamaq lazım gələcəkdir. Bu tablo içində gündəmə gələn başqa bir məsələ isə sistemin sürətlə dəyişdirlərək parlament üsuli-idarəsinə keçilməsi və seçkiyə heç bir partiya ilə siyasi ittifaqa ehtiyac qalmadan gedilməsidir. Dövlət başçısı Erdoğan və MHP  lideri Bahçeli sistemin əsla dəyişdirlməyəcəyini bəyan etsələr də demokratik siyasi mühitin içində bu variantın da mövcud ola biləcəyini unutmamaq lazımdır.

Təki hər şey demoratiyanın qaydaları iində cərəyan etsin,çarəni seçicilər tapacaq.

 

 

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti