The Russian Wagner paramilitary organization
Liviyada vuruşan tərəflərin heç birinin Sitre və Jufraya hərbi əməliyyat təşkil etməyə risk etmədiyini gördük. Dövlət başçısı Əbdülfəttah Sisinin açıqlamaları və ordunun tam hazırlıq vəziyyətinə gətirilməsi Misirin Liviyaya girəcəyinə dair ehtimalları gücləndirsə də Qahirədən praktiki addım gəlmədi.
Gərginlik əvvəlcə Fransa ilə Türkiyə arasında (Liviyaya hərbi müdaxiləyə görə), sonar isəTürkiyə ilə Yunanıstan arasında (Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarına görə) yaşandı. Üçü də NATO üzvüdür və NATO üzvü Yunanıstan bu gün hərbi diktaturanın iş başında olduğu Misirlə saziş imzalayaraq Türkiyəni dənizdə sıxışdırmağa çalışdı. Türkiyə isə həm Liviyada, həm də Şərqi Aralıq dənizində geri addım atmadığı kimi, iyulun axırı-avqustun əvvəllərində tamamilə əks mövqedə Azərbaycanla birgə hərbi təlim keçirərək öz gücünü nümayiş etdirməyə çalışdı.
Liviyada BMT-nin tanıdığı Fayez əl-Saraj hökumətinə qarşı savaşan qüvvələrə açıq şəkildə dəstək verən Birləşmiş Ərəb Əmirlikləri də Liviyada yaranmış “pat” vəziyyətindən istifadə etdi və ilin əvvəlindən bəri infrastrukturunu döşədiyi sazişi imzalayaraq İsrail ilə münasibətlərini normal vəziyyətə gətirdi.
Qəribədir ki, təxminən 3 aydan bəri davam edən bu proseslərdə Moskva səsini heç yüksəltmədi. Tripoli rəsmi hökumətinin Xəlifə Həftara qarşı hərbi üstünlük əldə etməsindən sonra Moskva “sülh” təklif edərək “vasitəçi” ola biləcəyini açıqlasa da hələ ki o “sülh” prosesinin başladığını da söyləmək mümkün deyil.
Hər cəhətdən qarmaqarışıq görünən bu atmosferdə Türkiyə və Rusiya dövlət başçıları telefonda “Suriya və Lviya məsələlərini müzakirə etdilər”. Açıqlamanı verən prezidentin mətbuat katibi İbrahim Kalın “Liviyada hər hansı bir dövlətlə üzbəüz gəlmək istəmədiklərini, Türkiyəni narahat edən əsas məsələnin Rusiyanın orada “Vaqner” kimi silahlı hərbi qrup saxlaması və Birləşmiş Ərəb Əmirliklərinin Həftara dəstək üçün Nigeriya, Çad, Sudan kimi ölkələrdən muzdlu əsgərlər göndərməsi” olduğunu bildirdi. Mətbuat katibi Kalının açıqlaması president Ərdoğanın 8 ay əvvəlki sözləriniı yada salır: “26 noyabr 2019-cu ildə Tripolidəki üsuli-idarənin baş naziri Fayez əl-Saraj ilə İstanbulda hərtərəfli əməkdaşlıq müqaviləsi imzalayaraq mövqeyini gücləndirən Türkiyənin dövlət başçısı 1 aydan sonra “Vaqner” qrupunun Liviyada nə işi var?” deyə soruşmuşdu.
Fervralın 27-də İdlib bölgəsində Türkiyənin 57 əsgərinin Rusiya tərəfindən qətlə yetirilməsiylə (fərqi yoxdur, “Vaqner” etdi, yoxsa rəsmi hərbi qüvvələr) Suriyadakı proseslər sanki dayanmış, bir müddətdən sonra Türkiyənin də, Rusiyanın da Liviyaya hərbi qüvvə göndərdiyi ortaya çıxmışdı. İdlib bölgəsində guya Türkiyə-Rusiya əməkdaşlığı gözlənilərkən son həftələrdə Suriya dövlət ordusunun orada yenidən genişmiqyaslı hücumlara başlamasına dair xəbərlər gəlir.
Yəni, fevralın 27-dəki İdlib faciəsindən sonra Türkiyə ilə Rusiyanın İdlibdə əməkdaşlığı tamamilə formallıqdan ibarət olduğu halda mətbuat katibi Kalın nəyin müzakirə edildiyini açıqlayır? İdlibdə Rusiya dəstəkli Suriya ordusu, Liviyada isə “Vaqner” qrupunun əməlləri Türkiyəni bu qədər narahat edirsə, iki dövlət başçısının telefon müzakirəsinin stili və tonu necə olub? Türkiyəni narahat edən məsələlər dövlət başçısının mətbuat katibi tərəfindən bu qədər açıq şəkildə elan edilirsə, iki ölkənin də mövcud olduğu iki bölgədə sülh necə əldə ediləcək? Hər iki bölgədəki müvəqqəti sakitlik nəyin əlamətidir: sülh yaratmağın, yoxsa daha genişmiqyaslı yeni hərbi əməliyyatlara hazırlığın? Rusiya Liviyada təkcə “Vaqner”in varlığı ilə kifayətlənir, yoxsa bölgədə rəsmi hərbi qüvvələri də var və ya olacaq? Yoxsa rəsmi Tripoli hökumətinə qarşı Birləşmiş Ərəb Əmirliklərinin puluyla orada savaşan digər muzdlu əsgərlərdən başqa, sadəcə, Misirin rəsmi ordusunun proseslərə müdaxiləsi kifayət edəcək? Başda Rusiya olmaqla, Fransa və İtaliyanın da Həftar naminə qoyduqları bu qədər sərmayənin aqibəti necə olacaq?
Kalını “Vaqner”in bölgədəki iştirakı narahat edirsə, “ilan vuran ala çatıdan qorxan” kimi, bizi orada Rusiyanın nə edəcəyi maraqlandırır: nə edəcək, nə?
Mayis Əlizadə
Rəy yaz