Добыча нефти в Сибири. Arxiv

Добыча нефти в Сибири. Arxiv

Baş tutdu! Bir tərəfdən Rusiya, digər tərəfdən, ABŞ və Səudiyyə Ərəbistanı arasında “neft müharibəsi” başa çatdı və ötən bazar günü OPEK və kartelə daxil olmayan bir sıra digər ölkələr neft hasilatının azaldılması barədə razılığa gəldilər.

Yeni saziş neft hasilatının 2018-ci ilin oktyabr səviyyəsindən azaldılmasını nəzərdə tutur: may-iyun 23%,  2020-ci ilin sonunadək 18% və 2022-ci il aprelin sonuna qədər 4%. Birinci mərhələdə alyans hasilatı 9,7 milyon barel, daha sonra isə 8 və 6 milyon barelə endirəcək. Rusiya və Səudiyyə Ərəbistanı üçün istinad bazası sutkada 11 milyon barel olacaq. Ayrı-ayrı şərtlərlə Meksika da israr edib, o, hasilatı yalnız may-iyun aylarında sutkada 100 min barel azaldacaq, qalanını isə ABŞ kompensasiya edəcək.

Və bu nəticə gözlənilən idi. Müqavilə Rusiya üçün son dərəcə əlverişsiz şərtlərlə bağlanmışdı. Martın 6-da Vyanada OPEK+ görüşündən öncə Rusiyanın energetika naziri Aleksandr Novak qapını çırparkən söhbət

hasilatın sutkada 0,5 milyon barel azaldılmasından gedirdi (çünki bütün dünyada neft istehlakının həcmi pandemiya koronavirusu və ümumi məcburi karantinin olduqca mənfi təsir göstərdiyi ümumi iqtisadi vəziyyət səbəbindən enməyə başlayıb), indi isə 2,5 milyon barel, yəni 5 dəfə çox.

ABŞ-ın sövdələşməyə qoşulması barədə artıq heç kim danışmır. Onlar hasilatın həcmini 250 min barrel (Rusiyadan 10 dəfə az) azaldıblar, lakin yeni sövdələşmə çərçivəsində deyil, sırf iqtisadi səbəblərdən – tələbatın azalması ilə əlaqədar. Bu o deməkdir ki, Amerikanın şist neft istehsalçıları heç bir məhdudiyyətlə bağlı deyil və istənilən vaxt hasilatı yenidən artıra bilər, amma Rusiya kvotaya görə yenidən artıra bilməz.

Qeyd etmək lazımdır ki, 2013-cü ildən ABŞ-da neft hasilatı davamlı şəkildə artıb və bu günə qədər təxminən üç dəfə artıb ki, bu da olduqca çoxdur. Müvafiq olaraq, OPEK + ölkələri öz hasilatını daim azaldıb, bununla da qiymətləri kifayət qədər rahat səviyyədə saxlayıblar. Bu zaman əsas ağırlıq Səudiyyə Ərəbistanının üzərinə düşüb.

Rusiya üç il bu sövdələşmədə olub və əgər bu ölkədə hasilatın artım qrafikinə nəzər salsaq, aydın olar ki, həmin müddətdə o azalmayıb. Bundan əlavə, artım olub (orta olsa da). Yəni formal olaraq, sözdə sövdələşməyə de-fakto qoşulan Rusiya hasilatı azaltmayıb. Bu, indiyə qədər hamını qane edib.

Eyni vəziyyət ötən yüzilliyin 80-ci illərinin əvvəlində də yaranmışdı. O zaman OPEK ölkələri hasilatı azaltdılar və bu gün olduğu kimi o zaman da azalmanın mühüm hissəsi Səudiyyə Ərəbistanının payına düşdü. Sovet İttifaqı bundan yaxşı dollar qazanırdı. O, hasilatı artırdı. 1987-ci ildə pik həddə çatdı. Aydındır ki, o illərdə OPEK+ ilə heç bir sövdələşmədən söhbət gedə bilməzdi, SSRİ sosialist ölkəsi idi və tamamilə başqa prinsiplərə tərəfdar idi. Buna baxmayaraq, bu, SSRİ-nin Səudiyyə Ərəbistanı və bəzi digər OPEK ölkələrinin öz hasilatını azaltmağa məcbur olduqları şəraitdə yaxşı qazanc əldə etməsinə mane olmurdu.

Nəhayət, Səudiyyə Ərəbistanının səbr kasası daşdı və 8 sentyabr 1985-ci ildə hasilatı azaltmağı dayandırdı ki, bu da SSRİ üçün böyük nəticələrə səbəb oldu.

Oxşar vəziyyət martın 6-da da yarandı. Rusiya rəhbərliyi hər halda 1985-ci ildən bəzi nəticə çıxarıb. Çalışdı ki, heç olmasa, birtəhər OPEK ilə uzlaşsın. Doğrudur, daha çox sözdə, nəinki əməldə. Lakin ondan hasilatın azaldılmasını qətiyyətlə tələb etdikdə, bundan imtina etdi. Bununla yanaşı, hasilatın artırılması üzrə Rusiyanın potensialı maksimum 0,2-0,3 mln. b/s təşkil edirdi, halbuki o, təxminən 4,99 mln. b/s xam neft və təxminən 3 mln. b/s neft məhsulları ixrac edirdi. Bu fonda Rusiyadan kifayət qədər ciddi azalmalar tələb edildi. Rusiya bu azalmadan imtina etdi. Bu, Səudiyyə Ərəbistanının qəzəbinə səbəb oldu və onlar yalnız öz ehtiyatlarından fəal şəkildə neft satmaqla yanaşı, həm də Rusiya neftinin alıcılarına kifayət qədər aqressiv endirimlər təklif etməyə başladılar. Bu da martın əvvəlində kəskin azalmaya sövq etdi. Bu hadisələrə neftə olan tələbatın daha da azalması səbəb oldu ki, bu da həm Avropada, həm də ABŞ-da koronavirus epidemiyası ilə bağlı karantin tədbirlərinin kütləvi şəkildə tətbiqinə başlanmasından irəli gəldi.

Bu andan etibarən neft bazarında təklif artıqlığını (rəqəmlər üzür) təxminən 20 mln. b/s kimi qiymətləndirmək olar. Bu, tamamilə görünməmişdir. Bu, böyük rəqəmdir. Fəlakətin miqyasını qiymətləndirmək üçün yada salmaq lazımdır ki, 1985-1986-cı illərdə Səudiyyə Ərəbistanı da öz neftini bazara aqressiv şəkildə çıxarmışdı-əlavə olaraq 3 -3,5 mln.b/s.

Həmin illərdə dünya bazarı bir qədər kiçik (3,5 - 4%) idi. Belə disbalansda qiymət demək olar ki, 4 dəfə aşağı düşmüşdü.

2014 - cü ilin sonu-2015-ci ilin əvvəlində bazarda yenidən neft artıqlığı (təxminən 3 -3,5 mln.b/s) yaranmışdı. Və o zaman da 80-ci illərdə olduğu kimi qiymət 4 dəfə düşmüşdü. Buradan belə nəticə çıxır – bazarda 3-3,5%-lik disbalans dördqat qiymət enməsinə səbəb olur. Bu gün isə bazarda disbalans təxminən 20% təşkil edir. Əgər fövqəladə tədbirlər görülməsə, neft bazarı ilə nələrin baş verəcəyini təsəvvür etmək üçün çox güclü fantaziyaya malik olmaq lazımdır.

Dünya bazarında çox böyük neft təklifi artıqlığı yaranıb. Vəziyyət belədir ki, əhəmiyyətli həcm indi ehtiyata vurulur. 1973-cü ildə Ərəb-İsrail münaqişəsi zamanı neft embarqosunun (ilk növbədə, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri tərəfindən) mövcud olduğu vaxtda qıtlıq yaranmışdı, maşınlar dayanmışdı. Bu, tarixə “73-cü il neft şoku” kimi düşmüş əsl fəlakət idi. Ondan sonra inkişaf etmiş ölkələrin əksəriyyəti olduqca güclü neft ehtiyatları yaratdılar. ABŞ tamamilə nef hasilatı, idxalı olmadan öz ehtiyatları hesabına təxminən iki yüz günə yaxın yaşaya bilər. Çinin də sanballı ehtiyatları var. Lakin heç bir anbar neft artığının 20%- ni qəbul etməyə qadir deyil. Əgər yaxşıya doğru radikal dəyişiklik olmasa, 5 həftə-2 ay sonra üfüqdə neft bazarı kollapsının ikinci seriyasını görəcəyik.

OPEK + ölkələri razılığa gəldilər. Lakin qeyd etmək lazımdır ki, bu razılaşmalar o qədər də aydın deyil və çox güman ki, onlar dəfələrlə dəqiqləşdiriləcək. Hələlik söhbət hasilatın 10 mln. b/s azaldılmasından gedir. Heç bir şəkildə sazişə de-yure qoşula bilməyən ölkələr  qiymətlərin enməsi səbəbindən çox güman ki, bazarın təsiri altında hasilatı azaldacaqlar və daha 5 mln. b/s götürəcəklər. Bu, disbalansın əhəmiyyətli hissəsinin aradan qaldırılmasına imkan verəcək.

Rusiyanın problemləri

Rusiya üçün bu vəziyyət çox mürəkkəb görünür. O cümlədən sırf texniki səbəblərdən. Rusiya neftinin böyük hissəsi soyuq iqlim qurşağında hasil edilir və buna görə də sadəcə, quyunu bağlamaq olmaz. Rusiya yataqlarının böyük bir hissəsi yüksək sululuğa malikdir-quyudan təmiz neft çıxmır, quyu mayesi çıxır ki,  neft 15%, bəzən daha  az təşkil edir. Və belə şəraitdə quyunun dayanması vaxt, briqada, xüsusi avadanlıq və s. tələb edir. Digər bir problem ondadır ki, Rusiyada yataqlar köhnədir, köhnələrdən isə daha az neft hasil edilir. Buna görə də sazişin yerinə yetirilməsi üçün dayandırılmalı olan quyuların sayı çoxdur və onları dayandırmaq çətin işdir. Rusiya şirkətləri quyuları tez bir zamanda dayandırmaq üçün avadanlıqları, mütəxəssisləri haradan alsınlar? Ümumiyyətlə, Rusiya şirkətlərinin bu qərarı necə yerinə yetirəcəkləri aydın deyil.

Onu da qeyd etmək lazımdır ki, köhnə yataqların xüsusiyyəti elədir ki, əgər layların sululuğu  çox yüksək olan ərazidə yerləşirsə, istismardan çıxarıldıqdan sonra onu yenidən işə salmaq ya texniki cəhətdən çətindir, ya da kifayət qədər baha başa gəlir. Neftin qiymətinin aşağı olduğu şəraitdə bu, dayandırılmış quyuların işə salınmasını iqtisadi baxımdan tamamilə mənasız edir.

Bundan əlavə, neft istehsalı zamanı, dəyişən xərclərlə yanaşı (daha çox hasilat, daha çox xərc), daimi xərclər də var – infrastrukturun (boru kəmərləri,  mədənlərdə neft və qazın toplanması və sonrakı nəqli sisteminin texnoloji hissəsinin saxlanması və ya sadəcə, mühafizəsi, dispetçer xidmətləri və s.) saxlanması xərcləri. Müasir yataqlar kifayət qədər çox işçi heyəti və məsrəf tələb edir. Və boş dayansa belə, onların dağılmaması üçün infrastrukturun saxlanmasına pul xərcləmək lazımdır. Nəticədə hasilatın azalması pul axınının xətti azalmasına gətirib çıxarır. Hasilatı azaltdılar - pulu proporsional olaraq az almağa başladılar. Rusiya tərəfindən hasilatın azaldılması əhəmiyyətli dərəcədədir (təxminən dörddə bir!) və buna görə də olduqca ağrılı olacaq. Bu azalmadan sonra hasilatın gücünü tamamilə bərpa etmək mümkün görünmür.

Digər bir məqam. İstənilən yataqdan hasilatın qrafik həcmi zəngvari əyri kimi görünür. Yataq yeni olanda hasilatın həcmi artır, pik həddinə çatır, bundan sonra tənəzzül başlayır.

SSRİ-nin süqutu zamanı əldə edilən hasilatın pik nöqtəsi təxminən iki dəfə azaldı. SSRİ-nin servis işlərinin aparılması üçün resursları yox idi və s. Əslində, Rusiya neft sektorunun dirçəldilməsi ölkəyə Qərb neft-servis şirkətləri ilə birlikdə köhnə yataqlarda hasilatın artırılmasına imkan verən müasir texnologiyaların gəlişi ilə bağlıdır. İndi də Rusiya 1987-ci ildə SSRİ-də olduğundan bir qədər çox hasil edir.

Yeri gəlmişkən, çox maraqlı detaldır - Rusiyada fəaliyyət göstərən bütün neft-servis şirkətləri Qərb şirkətləridir. Bunlar Fransanın “Schlumberger” və Amerikanın “Halliburton”, “Baker Hughes”, “National Oilovell Varco” və “Weatherford” şirkətləridir. Ona görə də Rusiyada neft hasilatının aazalması üçün heç bir şey etməmək də olar. Servis xidmətinin bəzi növlərini dayandırmaq kifayətdir və ildə hasilat heç bir səy olmadan 2%- dən 5%-ə qədər sürətlə azalmağa başlayacaq. Çünki ehtiyatlar tükənir və yalnız neft-servis işləri  ilə onu indiki səviyyədə saxlamaq mümkün olur.

Sual yaranır: Rusiya şirkətlərinin bundan sonra hasilatda aşağı enməməyə imkan verəcək neft-servis səviyyəsini dəstəkləmək üçün resursları,  o cümlədən pul vəsaiti kifayət edəcəkmi? İntriqa bundadır. Şirkətlər belə texniki detalları açıqlanmadığından (hasilatın azalmasından sonra heç olmasa bir neçə kvartal keçməyincə) Rusiyanın neft şirkətlərinin gəlirlərin bu cür azalmasını necə qarşılayacağını söyləmək çətindir. İxracın azalmasının ümumilikdə sahəyə, federal büdcənin gəlirlərinə necə təsir edəcəyi məsələsi də az maraq doğurmur.

Rusiya öhdəliklərini yerinə yetirəcəkmi?

Əvvəlki təcrübədən çıxış edərək güman etmək olar ki, indi də Rusiya müqavilənin şərtlərini yerinə yetirməyəcək. Amma bu dəfə çətin ki buna risk etsin. Aşağıdakı səbəblərə görə: indi bazarda neft artıqlığı o qədər böyükdür, o qədər təhlükəlidir ki, buna cavab olaraq Rusiya neftinə tam həcmdə sanksiyalar tətbiq etmək olar. Rusiya bu sanksiyaların necə qüvvədə olduğuna “Şimal axını-2” nin nümunəsində əmin ola bilər. Məktubun (deyilənə görə, 6 senator tərəfindən imzalanmış qeyri-rəsmi, dostluq məktubu) alınmasından cəmi bir neçə saat sonra İsveçrənin “Allseas” şirkəti öz “Solitaire” borudüzən gəmisini Şimal dənizindən geri çağırıb. Ona görə ki, belə bir şey təkrar sanksiyalar kimidir (sanksiya altında olan şəxslərin sövdələşmələrinə kömək edən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi). Bu o qədər güclü alətdir ki, bazar ucuz neftlə həddindən artıq dolduğu bir şəraitdə, sanksiyalar olarsa əgər, onlara  qoşulmamaq üçün, sadəcə, kamikadze olmaq lazımdır. Odur ki, belə şəraitdə, istənilən pozuntu, sadəcə, fantastik yüksək qiymətə görə az ağlabatandır. Sanksiyalar tətbiq olunarsa, bu, o demək olacaq ki, Rusiya nefti “0”dəyərindədir.

İndiki bazar şəraitində bunu alqışlayacaq çox dövlət və şirkət tapılacaq. Belə pozuntularla risk etmək tamamilə ağılsızlıqdır.

The Economist jurnalından diaqram

“The Economist” jurnalı maraqlı bir diaqram nəşr edib. Orada 2013-cü ilin məzənnəsi ilə dollar hesablamasında Rusiya neftinin dəyərində tərəddüdlük əksini tapıb.

Bu diaqrama SSRİ və Rusiya rəhbərləri, hadisələr – Əfqanıstana müdaxilə və s. daxil edilib.

SSRİ-nin qızıl illəri - 70-ci illərin ikinci yarısı və 80-ci illərin birinci yarısıdır.

1975-ci ildə mühüm siyasi hadisə baş verdi- Leonid İliç Brejnev “Helsinki sazişləri”ni imzaladı. Bu, SSRİ-nin Avropada istənilən aqressiv hərəkətlərdən imtina etməsi demək idi. Bu baş verəndə enerji resurslarının qiyməti artmağa, eyni zamanda ilk növbədə Avropa ilə siyasi münasibətlər xeyli yumşalmağa başladı, SSRİ kütləvi şəkildə neft-qaz kəmərləri inşa etməyə başladı.

Əsrin müqaviləsi (1983-cü ildə İttifaqın respublikalarında, Mərkəzi və Qərbi Avropa ölkələrində istehlakçılara Qərbi Sibirin (Tümen) şimal yataqlarından təbii qazın nəqli üçün “Urengoy - Pomarı – Ujqorod” magistral qaz kəmərinin tikintisi)- SSRİ gələcək qaz nəqlinin müqabilində böyük diametrli borular, texnologiyalar aldığı zaman, Almaniya bankları SSRİ-yə kredit ayırdılar və müvafiq olaraq neft-qaz kəmərləri inşa edildi.

80-ci illərin əvvəllərindən (1982-ci ildə Ərəb-İsrail müharibəsi baş verdi) neftin qiyməti dörd dəfə artdı və qısa müddətdə Sovet İttifaqına “qızıl yağış” yağdı. Həmin andan SSRİ “siyasi parazitlik” etməyə başladı. Səudiyyə Ərəbistanı hasilatı azaltdı. SSRİ-nin Əfqanıstana müdaxiləsi ilə əlaqədar Səudiyyə Ərəbistanının və bir çox digər ölkələrin narazılıqları artmağa başladı. 1985-ci il sentyabrın 8-də  Səudiyyə Ərəbistanının neft naziri şeyx Əhməd Zəki Yamani demişdi: “İndi biz bazarda yer uğrunda mübarizəyə başlayırıq” və neft artıqlığı dünya bazarına axıb. Bu artıqlıq qiymətin enməsinə səbəb olub”.

2000-ci illərin əvvəllərində, Rusiyada Vladimir Putin hakimiyyətə gələndə yenidən bu ölkəyə “qızıl yağış” yağmağa başladı. Dmitri Medvedevin prezidentliyi dövründə, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, Abxaziya və Cənubi Osetiyanın anneksiyası baş verdi, neftin qiyməti çökdü. Putinin hakimiyyətə qayıdışı neftin qiymətinin kəskin artması ilə yadda qaldı, lakin Krımın anneksiyasından və Suriyaya müdaxilədən sonra qiymətlər növbəti dəfə düşdü.

Bəs, “lənətə gəlmiş pindoslar”?

ABŞ-a gəlincə, formal olaraq sazişə qoşula bilməz, hətta prezident Tramp bunu çox istəsə belə. Bu, kartel sövdələşməsini birbaşa qadağan edən “Ticarətin və kommersiya fəaliyyətinin qanunsuz məhdudiyyətlərdən və inhisarlardan qorunması haqqında akt”ı (Şerman Antiinhisar Qanunu, 1890) birbaşa pozur.

Bunu birbaşa etmək mümkün deyil. Lakin qiymət azalması ona gətirib çıxaracaq ki, şist neft istehsalçılarının bir hissəsi hasilatı azaldacaq.

2014 - cü ilin əvvəlində-2015-ci ilin sonunda qiymət çox aşağı düşəndə, şist neftinin istehsalı 2/3 azaldı. Qiymət artdıqda, istehsal da sürətlə artdı. Ona görə də ABŞ-da neft istehsalı azaldılacaq, lakin bu, kartel sövdələşməsi xarakteri daşımayacaq, bazar səbəblərindən baş verəcək. Nə dərəcədə? Əvvəlcədən proqnozlaşdırmaq tezdir.

                                                            ***

OPEK + nazirləri tərəfindən bağlanmış neft hasilatının azaldılmasına dair yeni razılaşmaya baxmayaraq, xammalın dəyəri enməyə davam edəcək. Cari sövdələşmə qiymətlərin artması üçün yetərli deyil, dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs-ın analitikləri hesab edirlər.

İstənilən saziş artıq baş verməkdə olan tələbin kəskin azalmasını kompensasiya etmək üçün yetərli olmayacaq. Xammal qiymətlərinin yaxın həftələrdə düşməsi gözlənilir, çünki koronavirusun yayılması və onunla əlaqədar məhdudiyyətlər səbəbindən tələb azaldığına görə neft anbarları çox tez doldurulduğu üçün yaxın həftələrdə xammalın qiymətinin enəcəyi gözlənilir.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti