Açıq mənbələrdən foto
Bir dövlətin borcunun olması anlaşılandır. O həm də iqtisadi inkişaf üçün sərmayə rolunda çıxış edir. İqtisadi inkişafı stimullaşdıran amildir. Lakin bu bütün dövlətlər üçün keçərlidirmi sualına mütləq cavab axtarmaq lazımdır.
AR-nın Maliyyə Nazirliyinin dövlət borcu ilə bağlı ən sonuncu məlumatına görə,(http://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/602fc708a3372.pdf ) Azərbaycanın dövlət borcları 01 yanvar 2021-ci ili əhatə edir. Beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində birbaşa xarici dövlət borcu 8,1 milyard ABŞ dolları və ya 2020-ci il üzrə ÜDM-nin 19 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları vəya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8,8 milyard ABŞ dolları (14,996.5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil etmişdir.) Deməli, konkret halda dövlətimizin toplam olaraq 8,8 milyard dollar və 15 milyard manat həcmində borcu var. Bu isə ÜDM-nin təxminən 21 faiz həddində olduğunu deməyə əsas verir.
Azərbaycan hökumətinin kredit reytinqini müəyyən edən “Moody's”in məlumatına görə, ölkənin xarici borcu hökumətin açıqladığından çoxdur. Bu olduqca ciddi siqnaldır. Bu o deməkdir ki, Azərbaycan hökumətinin beynəlxalq qurumlara verdikləri məlumatların etibarlılıq dərəcəsi şübhə doğrur. Bu tərəfdaşlar dövlətlər və beynəlxalq strukturlar üçün reputasiyamızın zədələndiyi təəsuratın yaradır.“Moody's”in özünün hesablamalarına görə, əslində Azərbaycan dövlətinin real xarici borcu ÜDM-nin 32,9%-i (15,808 mlrd. dollar) səviyyəsindədir.
Neftlə zəngin dövlətlərdə borc səviyyəsi
Təbii resursla zəngin dövlət olaraq həm resurs gəliri əldə edəsən, həm də borclanasan, bu sadəcə hökumətlər üçün ikiqat məsuliyyətdir. Bir tərəfdən havayı resurs gəlirinə sahib olub, onu xərcləyirsən. Digər tərəfdən isə resurs gəliri azmış kimi gələcək nəslə borc mirası buraxmış olursan.
Neft gəngin dövlətlərin xarici borclarını müqayisə etdikdə, ən çox ÜDM-də borc nisbəti olanlardan biri Rusiyadır, digəri Azərbaycandır. Hər iki dövlətin (2019) adambaşına düşən borcun ortalama səviyyəsi 1586 dollar təşkil edib. Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 32,9% olduğu halda, Rusiyada bu rəqəm ÜDM-nin 13%, Küveytdə ÜDM-nin 11,8%, Qazaxıstanda 19,9%, Səudiyyə Ərəbistanında 22,8% təşkil edib.
Arada neft gəlirlərindən uğursuz formada istifadə edən dövlət sırasında Nigeriyanın adını çəkirlər. “Moody's”in hesablamalarına (2019) görə isə Azərbaycan dövlətinin real xarici borcu ÜDM-nin 32,9% (15,808 mlrd. dollar) səviyyəsindədir. Nigeriyada xarici dövlət borcları ÜDM-nin 29,2 % təşkil edir. Nigeriyanın xarici dövlət borclarının nisbəti adambaşına 650 dollar olduğu halda, Azərbaycan da bu rəqəm 1584 dollardır. Yəni ölkəmizdə doğulan hər bir azərbaycanlı Nigeriyada doğulan bir nigeriyalıdan 2 dəfə daha çox borcla doğulur.
Borcun həcmi ilə yanaşı, daha çox onun ödəmə qabiliyyəti əsas götürülməlidir. Elə ola bilər ki, bir dövlətin 50 milyard dollar borcu olar, həmin dövləti bu borc nisbəti batıra bilər. Elə dövlətdə ola bilər ki, trilyonlarla ölçülən dövlət borcları olar, amma bu onun ruhun da incitməz. Həmin dövlətlərin ÜDM-nin həcmi, ixracatın strukturu, milli istehsal gücünə diqqət etmədən, həmin məbləğin böyüklüyü və kiçikliyinə diqqət edilməz. Məsələn, Almaniyanın dövlət borcu 5 trilyon dollardır. Milli gəlirə nisbəti 148%-dir. Avropanın “ürəyi” hesab olunan Almaniyanın iqtisadi inkişaf potensialı üçün bu borc məbləği əzici və ya təhdidedici faktor sayılmır.
Deyək ki, qardaş Türkiyənin 435 milyard dollarlıq borcunun təkcə 190 milyard dollarını növbəti 1 ildə ödəməli olduğu baxımından yanaşsaq, ödəmə qabiliyyətinin olduqca çətin olduğunu deməyə əsas verir.
Sadə bir örnəyin verək... Əgər sizin 100 manat borcunuz varsa və gəliriniz 500 manatdırsa, o zaman borcunuzu asanlıqla ödəyəcəksiniz. Lakin sizin gəliriniz 100 manat olarsa, o zaman borcunuzu qaytarmaqla bərabər həm də borc alıb yaşamalısınız da. Deməli bu borc səviyyəsi sizin imkanınız xaricindədir. Sizin bir subyekt (dövlət, şirkər, şəxs) borclarınız və gəliriniz aranızdakı nisbət ifrat səviyyədə böyük deyilsə, demək həmin borc riskdoğrucu deyil. Təhlükəli zonaya daxil olarsa, bu artıq sizin üçün ciddi risk doğracaq.
İstər dövlət, istərsə də özəl sektor olsun, xarici borcları ödəmək üçün əvvəlcə milli valyutamız olan manatın gəlirində bir artım yaratmaq və sonra xarici valyutaya çevirmək lazımdır. Yəni özəl və ya dövlət xarici borcunun fərqi yoxdur, ən əsası odur ki, dövlət şirkətlərimizin (AZAL, Metropoliten, AzərSu və digərləri) aldıqları kreditlərin zəmanətini Azərbaycan dövləti verib. Milli valyutanın dəyəri aşağı düşdükcə borcların ödənmə qabiliyyəti ciddi sürətdə sual altına düşür.
2020-ci ilin iqtisadi göstəriciləri görsətdi ki, ölkəmizə son illərdə xarici investisiyaların axınında çox ciddi azalmalar baş verib. İnvestisiyanın isə azalması o deməkdir ki, ölkənin xarici valyuta qazanması çətinləşəcək. Bu zaman borcların geri dönüşünü təmin edə biləcək mənbə dövlət büdcəsindən xarici borclara xidmət xərcləri (ictimai vəsaitlər, vətəndaşın vergiləri və s.) və Neft Fondunun aktivlərinə arxayınçılıqla bağlıdır.
Ann Robber Can Tyurqo əbəs yerə demirdi ki, mənə yaxşı siyasət verin və mən də maliyyə verim. Bu fikri deyən düşüncə insanı onun fərqində idi ki, rasional planlaşdırılmayan siyasət heç zaman maliyyə qazandıra bilmədiyi kimi, maliyyə təminatı olmayan siyasət də uğur gətirə bilməz. Məhz doğru iqtisadi siyasət sərmayəni öz arxasına alan zaman uğur qazandıra bilər. Azərbaycan da borcu alıb siyasətə xidmət etdirməli deyil, müəyyənləşdirdiyi siyasətə uyğun olaraq borc almalıdır.
Məmməd Talıblı
Rəy yaz