Azerbaijan's privatization checks
Əhalinin əksəriyyəti çeklə nə edəcəyini bilmirdi. Hər bir vətəndaş ölkəsinin əmlakından bir “tikə” aldı, lakin heç də hamı bu şansdan istifadə edə bilmədi.
İndi vətəndaşların o vaxt istifadə edə bilmədiyi özəlləşdirmə paylarının gücünü bərpa etmək təklifləri var.
Zarafat deyil - vətəndaşlara paylanan özəlləşdirmə çeklərinin 20%-dən istifadə olunmayıb!
Lakin rəyini öyrəndiyimiz mütəxəssislər sualın belə qoyuluşu ilə razı deyillər. Sual yaranır - özəlləşdirmə çeklərinin kapitallaşdırılmayan faizi kimə məxsusdur?
Nəyə görə bu kağızların canlandırılması mövzusu məhz indi aktual oldu?
Hüquqşünas və maliyyəçi Əkrəm Həsənov Turan agentliyinə bildirib ki, vauçerlərin istifadə edilməyən reonanslı payının sahiblərinin sıravi vətəndaşlara aidiyyatı yoxdur:
“Özəlləşdirmə çeklərinin qüvvəsini itirməsindən 10 il sonra onları yenidən canlandırmaq hüquqi nihilizmdir. Bu cür qanuni qeyri-müəyyənliyi sevdiyimizi etiraf etməliyik. Halbuki qanun dəqiq qaydalar və onların tətbiqindən ibarətdir. Hətta yekunda kimsə bundan əziyyət çəksə də, gələcək üçün müəyyənlik hissi yaranır.
Bəli, bəzi çek sahibləri o vaxt özəlləşdirmə çeklərindən daha çox fayda əldə etmək ümidi ilə onlardan istifadə etməyiblər. Bu kağızların adi vətəndaşların deyil, möhtəkirlərin əlində qalması fikri ilə razıyam. İndi görünür, onlar bunları necəsə istifadə etmək istəyirlər. Çox kiçik bir azlığın - sadəcə, öz hüquqlarından istifadə etməyən vicdanlı insanların hüquqlarını qorumaq nöqteyi-nəzərindən gələcək üçün "bomba" yaradırıq. Belə çıxır ki, hüquq və qanun bizdə heç bir əhəmiyyət daşımır. Bu, doğru deyil. Ümumiyyətlə, Rusiya təcrübəsindən qəbul etdiyimiz çek özəlləşdirməsi əslində mahiyyətcə səhv idi. Nəticədə adi insanlar biznes sahibinə çevrilmədi – bunlar əsasən adi vətəndaşların paylarını pulla ya zorla alan keçmiş “qırmızı direktorlar”, məmurlar, hüquq-mühafizə orqanlarının işçiləridir. Bu qiymətli kağızların sıravi sahiblərindən biri hansısa şirkətlərdə pay alıbsa da, bu, o qədər cüzi hissədir ki, heç bir əhəmiyyəti yoxdur. İndi bunun hamısını təkrarən oynamağın əleyhinəyəm".
O illərin iqtisadi siyasətinin müəllifləri deyirlər ki, özəlləşdirmə xüsusi mülkiyyətçilər sinfi yaratmaq və ölkənin kommunizmə qayıtmamasını təmin etmək üçün məcburi bir tədbir idi.
Dövlət özəlləşdirmə payına daxil olan çekin nominal dəyəri, çek özəlləşdirilməsinə aid olan Azərbaycan dövlət əmlakının 1/32000000 (otuz iki milyondan biri) hissəsənin maddi ekvivalenti idi.
Proqram üzrə dövlət əmlakının özəlləşdirmə hissəsi 70-80 faiz təşkil etməli idi.
1994-cü ilin iyulun 1-ə Azərbaycanın bütün əsas fondları 4,5 trilyon manat, yaxud 1 milyard dollar həcmində qiyməndirilsə də, 1996-cı ilin iyun ayında Nazirlər Kabineti əsas fondların yenidən qiymətləndirilməsində əmsalı müəyyən etmək üçün xüsusi hökumət komissiyasının yaradılması barədə qərar verdi.
Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin ilkin hesablamalarına görə, 1996-cı ilin ortalarında əsas fondların dəyəri təqribən 25 milyard dollar təşkil edib. Rəsmi yenidən qiymətləndirmədən sonra dövlət orqanları dövlət əmlakının dəyərinin 76,8 trilyon manat, yaxud müvafiq dövrün məzənnəsi ilə 18,7 milyard dollar təşkil etdiyini açıqladılar.
Aşkar nisbi göstəricilərə əsaslanan Dövlət Əmlak Komitəsinin rəhbərliyi çeklərin qiyməti ilə bağlı proqnozlarında Rusiyada özəlləşdirmə ərəfəsində buraxılan eyni səhvi etdi.
1997-ci ilin fevralında özəlləşdirmə paylarının əhaliyə paylanması ərəfəsində məmurlar çeklərin qiymətinin 800-1000 dollar, bəlkə də, 2000 dollar olacağı ilə bağlı proqnozlarını elan etməyə başladılar. Lakin bu proqnozların əksinə olaraq, qara bazarlarda çeklərin qiyməti müxtəlif vaxtlarda 10-100 dollar idi.
Çeklər, demək olar ki, dəyər-dəyməzinə satılırdı – deyə Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat üzrə fəlsəfə doktoru Elxan Cəfərov Turan-a deyib:
“Özəlləşdirmə prosesində çeklər qiymətli kağızlar rolunu oynadı. İdeyaya görə, onlar əhalinin geniş dairələrinin dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirak edə bilməsi üçün nəzərdə tutulmuşdu. İnsanlara bunları satmaq hüququ verildi.
Lakin fişka onda idi ki, özəlləşdirmə obyektlərinin əsas payçıları olan nəzarət səhm paketinin sahibləri minoritar sahiblərə maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi barədə məlumat vermirdi, hərçənd respublika qanunvericiliyinə uyğun olaraq, onlar bu müəssisələrin maliyyə hesabatlarında əks olunan ətraflı məlumatı almaq hüququna malik idilər.
Başqa sözlə, səhm nəzarət paketinin sahibləri kiçik səhmdarların bütün vergilər çıxıldıqdan sonra müəssisənin mənfəəti barədə məlumat almasına imkan vermədilər.
Onda özəlləşdirmə idarəolunmaz səviyyədə həyata keçirildi və sərəncamında ciddi vəsaitlər olan insanlar bundan istifadə etdilər. Məhz bu səbəbdən bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da özəlləşdirmə müəyyən maxinasiyalarla keçdi. Əsas paketin sahibləri – özəlləşdirilən obyektlərin majoritar səhmdarları kiçik paylara sahib olan minoritar səhmdarları dividendlərdən məhrum edirdilər.
Bunu müəssisənin zərərlə işləməsi, maliyyə vəsaitlərinin əsas hissəsinin nəzərdə tutulmayan xərclərə yönəldilməsi, yüksək əmək haqqı ilə xarici mütəxəssislərin cəlb edilməsi və yüksək effektivli texnologiyaların alınması ilə əsaslandırırdılar.
Beləliklə, dividendlər müxtəlif bəhanələrlə səhm paketinin həcmi özəlləşdirilən şirkətin idarə olunmasında birbaşa iştirak etməyə imkan verməyən kiçik səhmdarlara çatmırdı.
Özəlləşdirilən müəssisələrə sərmayə qoyan insanlar daha çox əsas payçılar tərəfindən aldadıldı.
Bunu müşahidə edərək, əhalinin başqa bir hissəsi də özəlləşdirməyə inamını itirdi və özəlləşdirmə prosesində qanuni dövriyyəsinin məhdud şərtləri nəzərə alınaraq özəlləşdirmə çeklərini satmağa başladı. Çeklərin qiyməti özəlləşdirmə prosesinə olan inamın azalmasından sonra aşağı düşdü. Bundan əlavə, istifadə müddətinin sonu yaxınlaşdıqca qiymətli kağızlar ucuzlaşdı. Ümumilikdə, "özəlləşdirmə çeklərini istifadə etməyən insanların bir hissəsi onları ucuz qiymətə satdı. Sonra "qara bazar" səhnəyə çıxdı, burada möhtəkirlər bu səhmləri alıb özəlləşdirilən obyektlərin əsas səhmdarlarına yenidən satdılar və bu da özəlləşdirilən obyektlərdə onların paylarını artırdı.
Əslində, vəziyyət öz mənafelərinə görə özəlləşdirilmiş müəssisələrdə nəzarət paylarına sahib olanlar tərəfindən sifariş edilmişdi. Bunlar yeni tendensiyalar idi, insanlar hüquqlarını tam anlamadılar və onları satın alan böyük səhmdarlar bundan faydalandılar.
Dövlət obyektlərinə - fabriklərə və müəssisələrə mülkiyyət hüququ qazandıqdan sonra onları bölməyə, yenidən satmağa, profilini dəyişməyə başladılar. Nəticədə bir çox iri və ciddi istehsal müəssisələrini itirdik. İndi ədaləti bərpa etmək üçün özəlləşdirmənin kökünü dərindən araşdırmalı, 30 il əvvəlin sənədlərini qaldırmalısan, əlbəttə ki, onlar məhv edilməyibsə. Nə də olsa, bu, çox ağrılı bir məsələdir - çoxları kapitallarını bu cür əldə edib. Bu baxımdan, bu özəlləşdirmə çeklərinin qanuni təsirinin bərpası mövcud özəlləşdirmədə əhalinin ədalətli iştirakı probleminin çarəsi deyil. Bu 20 faizin kimin əlində cəmləşdiyinə aydınlıq gətirmək lazımdır. Onlar müəyyən kombinatorların əlində cəmləşsələr, XXI əsrdə yeni bir fırıldağın şahidi olacağıq.
Bu gün ədalət məsələsi ortaya çıxsa, ilk növbədə bu dividendlərin bölüşdürülməsinin qanuniliyini araşdırmaq lazımdır. Bu vəziyyətdə, müvafiq icra hakimiyyəti orqanları bu müəssisələrin həqiqətən necə özəlləşdirildiyini və dividendlərin necə yenidən bölüşdürülməsini, güclü istehsal potensialına malik olub özəlləşdirilənlərin yerində 30 ildə Azərbaycanın iqtisadi inkişafını müəyyənləşdirən hansı istehsal müəssisələrinin tikilməsi yoxlamalıdır. Ədalətdən sözlə yox, konkret faktlar əsasında danışmaq lazımdır".
Alimin fikrincə, ölkənin azad edilmiş hissəsinin bərpası şəraitində və əmlak senzi üzrə əhalinin bütün kateqoriyalarını cəlb etməklə "Qarabağdakı sosial-iqtisadi obyektlərin özəlləşdirilməsi" adlı məqsədyönlü hərtərəfli proqram hazırlamaq məsləhətdir.
Çek özəlləşdirməsinin nəticələri ölkə əhalisinin əksəriyyəti və mütəxəssislər tərəfindən mənfi qəbul olunur. Həmsöhbətlər mülklərin yenidən bölüşdürülməsinin ədalətsiz və səmərəsiz olduğunu qeyd edirlər, amma indi nəyə nail olmağa çalışırlar? İstifadə olunmayan özəlləşdirmə qiymətli kağızlarının 20%-i əllərində olan şəxslər hansı motivləri rəhbər tuturlar? Bu suala hələ də cavab yoxdur. Eyni zamanda, iqtisadçı-analitik Natiq Cəfərlinin fikrincə, 90-cı illərdə. postsovet məkanında bazar iqtisadiyyatı üçün şərait yaratmaq məqsədilə özəlləşdirmə tədbirləri həyata keçirildi. Ölkəmizdə də çeki əhaliyə pulsuz paylamağa qərar verdilər, deyə o, Turan-a bildirib.
“Bənzər bir qərar qonşu Rusiyada verildi. Azərbaycanda hər bir vətəndaşın 90-cı illərin ortalarında ölkəmizdə səhmdar cəmiyyətlərində səhmdar olmaq üçün müəyyən bir özəlləşdirmə çekindən istifadə etmək hüququ olduğu elan edildi. Ancaq çek özəlləşdirməsinin bütün nüansları tam işlənməmişdi. Düzü, bu iş, demək olar ki, uğursuz oldu. Azərbaycanda bazar iqtisadiyyatı formalaşmayıb, tam hüquqlu qiymətli kağızlar bazarı yoxdur. Nəticə etibarilə özəlləşdirmənin hədəflərinə çatılmadı.
Qalmaqallı vəziyyətlər də var idi. Özəlləşdirmənin başlanğıcında xarici investorların strateji obyektlərin özəlləşdirilməsinə marağı var idi. Məsələn, 90-cı illərin ortalarında burada işləyən “Minaret Group” neft və qaz sektorunu özəlləşdirmək ümidi ilə özəlləşdirmə çeklərini alırdı. Ancaq bu, baş vermədi. 90-cı illərdə keçmiş SSRİ-nin bütün ölkələrində mövcud olan dövlət mülkiyyətinin özəlləşdirilməsi ideyasının özü Azərbaycanda tam həyata keçirilmədi. İnstitusional olaraq bazar iqtisadiyyatı qura bilmədik. Rusiyada isə bu alındı. Rusiya təcrübəsi sərt şəkildə tənqid olunsa da, bunun ağrılı bir proses olduğunu və bütün çatışmazlıqlara baxmayaraq, məmurların iri müəssisələrin sahibinə çevrilməsinə dair bir çox tənqid də olsa, Rusiyada qiymətli kağızlar bazarı meydana gəldiyini və özəlləşdirmənin baş verdiyini başa düşmək lazımdır. Azərbaycanda, xüsusən də şəhərin mərkəzində böyük torpaq sahələri olan müəssisələr, demək olar ki, cüzi qiymətə özəlləşdirildi. Qanunvericiliyə görə, yeni sahiblərin üç il ərzində özəlləşdirilən təşkilatın profilini dəyişdirmək hüququ yox idi. Ancaq bu müddət bitəndən sonra hər şey söküldü və yeni binalar tikildi, çünki bu cür müəssisələrin altındakı torpaqlar özəlləşdirilən obyektlərdən daha qiymətlidir.
Azərbaycanda bu proses son dərəcə uğursuz alındı. İndi özəlləşdirmə çeklərinin reanimasiyasının hər hansı bir uğurlu nəticəyə gətirib çıxaracağına inanmıram. Yeni özəlləşdirmə planı qəbul etməliyik, hətta sıfırdan başlaya bilərik. Bu günə qədər dövlət özəlləşdirilməsi lazım olan çox sayda iş sahəsinə sahib olmaqla iqtisadiyyatda üstünlük təşkil edir. Məsələn, “Azərxalça” ASC kimi anlaşılmaz dövlət müəssisələrindən başlayaq (dövlətin xalça istehsalı ilə niyə məşğul olması məlum deyil) və kommunal xidmətlərdəki strukturlarla başa çatdıraq. "Azərsu", "Azəriqaz", "Azərişıq" və digər paylayıcı şirkətlər özəlləşdirilməlidir. İnanıram ki, təhlükəsizlik prinsipləri səbəbindən istehsal müəssisələri dövlətin əlində qalmalı, ancaq paylayıcı müəssisələr xüsusi mülkiyyətə verilməlidir. Çünki bu, istehlakçılar ilə paylayıcı şirkətlər arasında normal münasibətlərə imkan verəcək.
Ən azı 3-5 il üçün nəzərdə tutulmuş yeni özəlləşdirmə proqramı məhz bu istiqamətdə qəbul edilməlidir. O zaman normal bir özəlləşdirmə kampaniyası aparmaq və nəhayət, institusional bazar iqtisadiyyatına nail olmaq mümkün olacaq. Bu gün institusional deyil, bürokratik kapitalizm üstünlük təşkil edir və bundan uzaqlaşmaq üçün yeni özəlləşdirmə proqramına ehtiyac var. Belə bir proqram qəbul olunarsa, köhnə özəlləşdirmə çeklərindən necə istifadə ediləcəyini düşünmək mümkün olacaq. Çeklərin vaxtını uzatmağın heç bir əhəmiyyəti yoxdur. Artıq bundan keçdik, çünki bu qiymətli kağızların etibarlılıq müddəti ən azı iki dəfə uzadıldı və bunun heç bir yaxşı nəticəsi olmadı".
Tamila XƏLİLOVA
Rəy yaz