foto: Arxiv
Artıq 4 aya qədər davam edən COVİD-19 pandemiyası iqtisadiyyata sektorlar üzrə müxtəlif cür təsir göstərməkdədir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə neqativ təsirləri müşahidə olunan pandemiya bəzi sahələrdə müəyyən qrup iqtisadi agentlər üçün yeni bazarlar da yaratdı. Pandemiyanın bəzi ölkələrdə səngiməsi heç də iqtisadiyyatın bütün sektorlarının işə salınmasına gətirib çıxarmadı. Onun iqtisadiyyata, əhalinin rifahına neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı müxtəlif ölkələr fərqli proqramlar həyata keçirsə də, pandemiya ilə yanaşı dünya bazarında neftin qiymət dalğalanmasından təsirlənən Azərbaycan höküməti özünəməxsus yol seçdi. Bu yazıda Azərbaycan hökümətinin pandemiya dövründə keçdiyi yola nəzər salınır, onun effektivliyini qiymətləndirmək üçün həyata keçirilən sosial-iqtisadi siyasətin aşağıdakı vacib dərsləri və gözləntilər təqdim olunur.
İlk növbədə pandemiya göstərdi ki, Azərbaycan iqtisadiyyatında xüsusilə də ev təsərrüfatları və mikro biznes səviyyəsində uçot və statistika problemi dərin və geniş miqyaslıdır. Uzun illərdir ki, ölkədə pandemiyadan əvvəl iqtisadi agentlərin və ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyətinin qeydiyyatını özündə əsk etdirən düzgün, inandıcı məlumat bazası yaradılmayıb.
İkincisi, hökümət bazar iqtisadi institutlarının yaranması sahəsində əhəmiyyətli işlər görə bilməyib. Sığorta sektoru biznesi qoruyan və əhalini müdafiə edən effektiv sistemə malik deyil. İqtisadiyyata, xüsusilə də biznesə dəyən zərərlərin qarşılanmasında bu sistem hökümətin öhdəliklərinə şərik ola bilmədi. Beləliklə də bütün maliyyə yükü hökümətin üzərində düşdü.
Üçüncüsü, elektron xidmətlər portalının zəif qurulması və müasir tələblərə cavab verməyən informasiya və kommunikasiya sistemi pandemiyanın neqativ təsirlərinin yumşaldılmasında alətə çevrilə bilmədi.
Dördüncüsü, səhiyyə infrastrukturu və resursları ilə bağlı statistika mövcud gerçəkliyi əks etdirmir. Açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu və xəstəxanaların dolduğu bildirilir[1]. Dövlət Statistika Komitəsinin məlumatına[2] görə, Azərbaycanda 563 xəstəxana vardır. Baxmayaraq ki, yanvarın 22-də İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında çıxışında bildirmişdir[3] ki, "biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik". Rəsmi statistika göstərir ki, 2003-cü ildə 738 xəstəxana fəaliyyət göstərib. Yenə də mövcud 563 xəstəxana ilə yanaşı son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur. Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpayıların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi.
Rəsmi statistikaya görə, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, problem resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyadadır və bu problem də pandemiyadan əvvəl yaranıb.
Beşincisi, Azərbaycanda yerli idarəetmə səviyyəsində müstəqil qərar qəbul etmə instututlarının panemiya ilə mübarizədə rolu gösrsənmir. Bunun əsas səbəbi ölkədə indiyə qədər inzibati və fiskal əks mərkəzsizləşdirmə islahatlarının aparılmasındadır. Yerli səviyyədə lokallaşma tədbirləri də mərkəzdən idarəolunduğundan bu çox da effekt vermir. Rayon icra hakimiyyətləri, yerli icra nümayəndələri, bələdiyyələr bu prosesdə mərkəzdən gələn qərarların icraçısı rolunda çıxış edirlər. Onlar müstəqil olaraq qərar qəbul eib, icrasını həyata keçirməyə nə səlahiyyətləri çatır və nə də maliyyəsi vardır.
Bunlarla yanaşı, indiyə qədərki dövrə aparılan sosial-iqtisadi siyasətdən aşağıdakı dərslər və gözləntilər yarandı.
- Hakimiyyətin iqtisadiyyatı vaxtında tez açması biznesin və əhalinin məsrəflərini daha da artırdı. Belə ki, qısa müddətdə fəaliyyət göstərən qeyri-ərzaq məhsullarının satışı üzrə ixtisaslaşmış iri ticarət mağazaları, kafe və restoranlar ikiqat məsrəfə məruz qaldılar. Bu cür bizneslər ilk dəfə bağlananda xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya olunsa da növbəti dəfə bağlananda heç bir iqtisadi dəstəklə əhatə olunmadılar. Belə davam edərsə, getdikcə daha çətin maliyyə durumuna düşən bizneslər böyük ehtimalla xüsusilə də sabit xərclərini azaltmaq üçün bəzi iş yerlərinin ixtisarına məcbur qalacaq. Bu isə işsizliyin ikinci və daha kütləvi dalğasnın yaranmasına gətirib çıxaracaq.
- Kənd təsərrüfatı pandemiyadan zərər çəkən iqtisadi sektorların siyahısına salınmadığına görə dövlətin iqtisadi stimullaşdırma paketindən bəhrələnə bilmədi. Əslində isə xüsusi rejimli karantin dövründə rayonlarla Bakı, rayonlarla Rusiya kimi kənd təsərüfatı məhsullarının əsas ixracatçısı olan Rusiya arasında iqtisadi əlaqələrin də məhdudlaşdırılması kənd təsərrüfatı istehsalçılarının məhsullarının reallaşdırılmasına əngəllər yaratdı. Məsələn, xüsusi rejimli karantin rejimi zamanı Bakıya kənd təsərrüfatı məhsullarının yalnız yük maşınları ilə daşınması istehsal etdiyi məhsulları şəxsi avtomobillərində daşıyan ailə təsərrüfatlarını çıxılmaz vəziyyətə saldı. Rusiya Azərbaycan sərhəddində, eləcə də Rusiya bazarlarında məhdudiyyətlər kənd təsərrüfatı məhsullarının ixracatçılarını mallarını satmaqda problemlərlə üzləşdirdi və dəyər zəncirinin qırılmasına gətirib çıxardı. Kənd təsərrüfatı istahsalşılarının sığorta sisteminin qurulmaması dəymiş zərərin kompensasiya edilməyəcəyini deməyə əsas verir.
- Kənd təsərrüfatı qida sənayesinin əsas xammal bazasını təşkil etdiyinə görə, pandemiyanın xüsusilə də ailə kəndli təsərrüfatlarına vurduğu ziyan gələcəkdə qida təminatında da problemlər yaradacaq. Digər tərəfdən də əhalinin yarısına qədər kənddə yaşadığının, kənd təsərrüfatı istehsalçılarının əsasən ailə kəndli təsərrüfatlarından ibarət olduğunu nəzərə alsaq onların da əksəriyyətinin zərərə düşməsi aqrar rayonlarda yoxsulluğu və işsizliyi daha da dərinləşdirəcəkdir.
- Pandemiya dövründə aztəminatlı ailələrin sosial müdafiəsi üçün nəzərdə tutulan 190 AZN birdəfəlik yardım konsepsiyası yoxsul və işsizlərə dəyən ziyanın ödənilməsi üçün adekvat sosial müdafiə sistemini qura bilmədi. Tədbirlər Planında işsizlər üçün nəzərdə tutulan, sonradan isə aztəminatlı işsizlik meyarı əsasında ailələrin ölçülərini nəzərə almadan verilən 190 AZN birdəfəlik yardım ailənin sosial müdafisəini təmin edə bilmədi. Əvvala, onun ayrılması üçün tətbiq edilən məhdudlaşdırıcı normalar əksəriyyəti bu yardımdan məhrum etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin açıqlamasına görə 635200 nəfərə imtina cavabı verildi. İkincisi, onu əldə edən şəxslərə təmsil etdiyi ailə üzvlərinin sayına görə fərq qoyulmadı. Belə ki, ailə üzvlərinin sayından asılı olmayaraq həmin ailənin yalnız bir üzvünün bu yardımdan bəhrələnmə hüququ tanındı. Bu isə çoxuşaqlı ailələr üçün effektiv sosial müdafiə sistemi sayıla bilməz.
- Regionların sosial ehtiyaclarının müxtəlif olmasına baxmayaraq pandemiya dövründə sosial müdafiə sistemi regionlar üzrə fərqləndirilmədi. Bu zaman pandemiyadan əvvəl regionlarda işsizlərin sayı, yoxsulların sayı, səhiyyə infrastrukturu kimi vacib göstəricilər nəzərə alınmadı. Xüsusilə də Bakı və regionlar arasında fərq qoyulmadı. Dünya Bankının son hesablamalarına görə, Bakıda yoxsulluq səviyyəsi 16 faiz olduğu halda aqrar regionlarda bu göstərici 24 faiz təşkil edib. Bir sözlə, ümumi yanaşma ortalığa qoyuldu, halbuki, xüsusi yanaşma daha effektli olardı.
- İqtisadiyyatın sektorlar üzrə ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyacların qarşılanması pandemiyanın tələblərinə uyğun olmadı. Buna pandemiyanın müddəti ilə bağlı gözləntilərin özünü doğrultmaması da neqativ təsir göstərdi. Kiçik biznesə birdəfəlik yardım 1 ayla məhdudlaşdır. Müzdlu işçilərə ödəmələr isə iki yerə bölünərək 2 ay davam etdi. Hər iki yardımın əhatə müddəti pandemiya dövründən az, əhatə dairəsi isə pandemiyanın vurduğu sektorlardan az oldu. Bu isə yaxın gələcəkdə kiçik bizneslərin bağlanmasına, orta və iri bizneslərdə isə muzdlu işçilərin ixtisarına gətirib çıxaracaq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibatı yolla iş yerlərinin ixtisarının qarşısını alması qısa müddətli dövrdə effekt verdiyindən indi bu hiss olunmur. Belə ki, iş yerlərinin ixtisarını mərkəzləşdirilmiş elektron sistemdən müşahidə edən nazirlik əməkdaşları onun qarşısını almaq üçün şirkətlərə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edirlər.
- Pandemiya dövründə dövlətin iqtisadi siyasət alətləri biznesə neqativ təsirlərin azaldılması üçün təhlükəsizlik yastığının yaradılmasına, sosial müdafiənin effektiv qurulmasına deyil, əvvəldən mövcud olan bır sıra problemlərin (gizli məşğulluğun, kölgə iqtisadiyyatının leqallaşdırılmasına, vergi intizamının yaxşılaşdırılmasına və sairə) həllinə yönəldiyindən ünvanlı və təsirli olmadı. İşçilərin elektron icazə sistemində qeydiyyatı, maaşların müəyyən hissəsinin müddətli kompensasiyası proqramına görə pandemiyanın ilk dövründə 105 minə qədər iş yerlərinin məşğulluq sistemində qeydiyyatı müşahidə olunsa da sonradan bu müsbət tendensiya elə həmin səbəblərdən də davamlı olmadı. Belə olan halda da bu dəyişikliyin geri dönməsi və gizli məşğulluğun əvvəlki səviyyəsinə qayıtması gözlənilir.
- Mərkəzi Bankın monetar siyasəti (uçot dərəcləri, dövriyyədə olan pul kütləsinin tənzimlənməsi) məcmu tələb və təklifin stimullaşdırılması ilə əlaqələndirilmədi. Xüsusilə də 4 bankın bağlanması yeni və ixtisaslı işsizlərin yaranması ilə bağlı xüsusilə də əhalinin banklardakı əmanətlərinin geri çəkilməsinə təsir göstərdi. Dünya bazarında neftin qiymətlərinin ucuzlaşması səbəbindən valyuta bazarında gərginlik və devalvasiya gözləntilərinin çoxalması manatla olan əmanətlərin azalmasında əhəmiyyətli rol oynadı. Bu isə bir tərəfdən əhalinin depozitlərə görə faiz gəlirlərinin azalmasına, digər tərəfdən isə banklardan kənarda nağd pul kütləsinin artımına və pulun dövr sürətinin azalmasına gətirib çıxartdı. Belə ki, martın 1-nə banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) 9579,2 milyon manat təşkil edib. Bu isə fevralın 1-nə nisbətən 312,5 milyon manat və ya 3,37 faiz artım deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2 250,7 milyon manat və ya 30,7 faiz artıb. Bu isə ölkədə hələ də gizli iqtisadiyyatın potensialının yüksək olmasının göstəricidir[4].
Yekun olaraq, onu bildrimək istərdim ki, hazırkı şəraitdə Azərbaycan höküməti pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması üçün biznesə stimul paketini artırmalı, aztəminatlı əhalinin sosial müdafiə sistemini regional fərqlər, ev təsərrüfatlarının ölçüsü və həsas qrupların ehtiyacları nəzərə alınmaqla genişləndirməli, eləcə də dövlət büdcəsindən xüsusilə də səhiyyə istiqamətində xərcləmələrinin şəffaflığını artırmalıdır.
Bununla yanaşı, işsizlərin sosial sığorta sistemi məşğulluq idarələrində qedyiyyata alınan bütün işsizləri əhatə etməli, ehtiyac meyarı ölkə üzrə yaşayışın minumum dəyərinə çatdırılmalıdır. Bundan əlavə, ünvanlı sosial yardım, özünüməşğulluq, birdəfəlik yardım, ödənişli əsaslarla ictimai və sosial iş proqramlarının əhatə dairəsi genişləndirilməli və onların şəffaflığı artırılmalıdır.
Qubad İbadoğlu
[1] https://cabmin.gov.az/az/article/920/
[2] https://www.stat.gov.az/source/healthcare/
Rəy yaz