Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Son günlər ölkədə su çatışmazlığı çox ciddi şəkildə özünü göstərməkdədir. Qeyd etməliyəm ki, Azərbaycanın su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn (əsasən Kür və Araz çaylarının) suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır. Kür, Araz və Azərbaycanın daxili çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar və buzlaqların sularından və yeraltı sulardan alır. Kürün suyu aprel ayında maksimum səviyyəyə qalxır, sentyabr ayında isə minimum səviyyəyə enir. Araz çayında isə suyunun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır.

Beynəlxalq Təbii Resurslar İnstitutun (WRI) verdiyi proqnozlara görə, “2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır." Beynəlxalq Təbii Resurslar İnstitutun təqdim etdiyi hesabatda quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Ölkəmizin siyahıda təxmini olaraq ortada yer alması o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, ölkədə təlabatdan 7-8 dəfə çox su resursu olduğu halda, içməli suya və suvarma suyuna olan ehtiyac ödənilmir. Məhz tərtib olunan siyahıda Azərbaycanın 18-ci yer alması ona görə təhlükəlidir ki, ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir.

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) müəəyən etdiyi normaya görə adambaşına gündəlik içməli və məişətdə istifadə edilən su norması 450 litirdir. Beynəlxalq normanı nəzərə alsaq, Azərbaycanda əhali il ərzində 1,6 milyard kubmetr içməli və məişətdə istifadə üçün su ilə təmin edilməlidir . Azərbaycanda isə su təminatı bundan 5,3 dəfə az, yəni 306 milyon kubmetr təşkil etmişdir (Cədvəl 1). Bu da gün ərzində adambaşına 83 litir, yəni müəyyən edilmiş beynəlxalq normadan 5,3 dəfə az su istehlakı deməkdir.

Cədvəl 1. DSK-nın və Meliorasiya və Su Təsərrüfatı  ASC məlumatlarına əsasən hazırllanmışdır. Suyun həcmi milyon kub metrlə verilmişdir

 1990200020102018
Təbii mənbələrdən götürülən su - cəmi16176111101156612847
Su  istehlakı - cəmi12477658877159205
məişət-içməli məqsədlər üçün402449405306
   istehsal ehtiyacları üçün3418231617422111
      onlardan içməli su317825444
suvarmaya və kənd təsərrüfatının təchizatına8627381954976722
Dövri və ardıcıl istifadə olunan suyun həcmi1628187517872345
istehsal ehtiyacları üçün ümumi su  istehlakına nisbətən, faizlə32455153
Nəql zamanı itən su4206305338513643
Su itkisi faizlə  33,228,3%

Uzun illərdir fermerlər, kəndlilər təsərrüfatlarının suvarma suyuna olan ehtiyaclarının ödənilmədiyindən şikayət edirlər. Suvarma suyu çatışmazlığı kənd təsərrüfatı məhsulu istehsalı üçün çox ciddi problemlər yaradır. Ölkədə suvarılan sahələrin həcmi 1,4 milyon hektar təşkil edir. Onu da qeyd etməliyəm ki, son illər Kür və Araz çaylarının suyundan istifadə edən Azərbaycan, Gürcüstan, Ermənistan hökumətləri daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə suvarılan əkin sahələrini genişləndirirlər. Belə ki, Gürcüstanın 2 milyard kub metr, Azərbaycanın 1,2 milyard kub metr, Ermənistanın isə 1 milyard kub metr suya olan təlabatı artıb. Bu da regionda ümumilikdə əlavə olaraq 4,2 milyard kub metr suya ehtiyac yaradıb. Əlbəttə, Azərbaycan əhalisinin ərzaq mallarına olan təlabatını qarşılamaq üçün daha çox kənd təsərrüfatı məhsulu istehsal etmək tələb olunur. Qlobal iqlim dəyişikliyi nəticəsində son 20 ildə havanın tempraturunun 1 dərəcə artması kənd təsərrüfatı məhsullarının dəmyə şəraitində yetişdirilməsini çətinləşdirib. Ona görə də daha çox əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi vacib faktora çevrilib. Lakin təəssüflər olsun ki, sahədə mövcud olan və uzun müddət öz həllini tapmayan problemlər bu kimi tədbirlərin reallaşmasını əngəlləyir. Ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açır. Azərbaycan Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 28 faizlə birinci yerdədir. Digər MDB ölkələrində su itkisi; Ermənistanda-20, Qazaxıstanda -13, Ukraynada -12, Rusiyada - 10, Moldovada -7, Belarusda -5 faizdir. Su itkilərinə səbəb əsasən köhnəlmiş irriqasiya sistemləridir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan əsas magistral kanallar da sovet dövründə inşa edilmişdir. Belə ki, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları 1958-ci ildə, Samur-Abşeron kanalı 1940-cı ildə, Baş-Muğan kanalı 1960-cı ildə, Baş Mil kanalı isə 1976-cı ildə istismara verilmişdir.

Təəssüflər olsun ki, Azərbaycan mövcud su resurslarından səmərəli istifadə edə bilmir. Ölkədə yağış sularının yığılması təşkil olunmur. Yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığıb yayda ondan suvarmada, yaxud içməli su kimi istifadə etmək olar. Mövcud olan su anbarlarını və gölləri oliqarx məmurlar ələ keçirib və başqa məqsədlə istifadə edirlər. Fermerlərə, kəndlilərə həmin göllərə yığılmış sudan istifadə etmək imkanı verilmir. Sovet dövründən qalmış təsərrüfatdaxili su anbarları isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb.

Külli miqdarda inverstisiya hesabına başa gələn Taxtakörpü və Şəmkirçay su anbarları bir neçə ilə əvvəl istifadəyə verilməsinə baxmayaraq, bu illər ərzində kənd təsərrüfatında suvarma suyu ilə təminatda müsbət istiqamətdə dəyişiklik baş verməmişdir. Əksinə, son zamanlar ölkədə su çatışmazlığı daha kəskin hiss olunur. Baxmayaraq ki, Şəmkirçay su anbarlarının inşasına 700 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Taxtakörpü su anbarına qoyulan investisiya isə 1 milyard manat təşkil edir. Bu anbarlar hesabına təxminən 50 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulurdu.

Təsərrüfatsızlıq, hökumətin səmərəsiz fəaliyyəti göz qabağındadır. Hökumət strukturlarında çalışan məmurlar respublikamızda suvarma kanalının uzunluğunun, su anbarının sayının çox olduğunu tez-tez dilə gətirsələr də, faktiki olaraq bu obyektlərin varlığı fermerlərin, kəndlilərin su probleminin həllini asanlaşdırmır. Əksinə, hər il suvarma kanallarında, göllərdə gənclərin, uşaqların suya batdığının, faciəli halların baş verdiyinin şahidi oluruq. Əlbəttə, bu kimi hallar faktiki olaraq ölkə ərazisində su bolluğu olduğu, fermerlər, kəndlilər üçün isə suyun əlçatan olmadığı mənzərəsini yaradır.

Yuxarıda qeyd edildiyi kimi Kür, Araz və Azərbaycanın daxili çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar və buzlaqların sularından və yeraltı sulardan alır. Reallıq isə budur ki, qlobal istiləşmə nəticəsində regionda mövsümdə qar yağması halları azalmışdır. Azərbaycanda son illər əvvəllər olduğu həcmdə qış aylarında dağlara qar yağması müşahidə edilmir. Əlbəttə su elə bir varlıqdır ki, heç zaman yoxa çıxmır, təbiətdə dövr edir. Əvvəllər buxarlanan suyun bir hissəsi havada qara çevrilib yenidən yerə qayıdırdısa, indi daha çox intensiv yağışlar formasında geri qayıdır. Əvvəllər qış aylarında yağan qar dağların yüksəkliyində buzlaqların əmələ gəlməsinə və buzlaq ərazilərin genişlənməsinə, daha çox su ehtiyatların yığılmasına səbəb olurdu. Son zamanlar dağlarda qarın az yağması nəticəsində su ehtiyatları azalmışdır. Ona görə də xüsusən yay aylarında çaylarda suyun səviyyəsinin aşağı düşdüyünü müşahidə edirik. Payız və yaz aylarında isə yağışların çox yağmasını, uzunmüddətli, intensiv olduğunu görürük.

Yalnız regionda deyil, dünyada şirin su çatışmazlığı məsələsi artıq aktual problemə çevrilmişdir. Beynəlxalq təcrübə göstərir ki, bəzi ölkələr suvarma suyundan istifadədə israfçılığın qarşısını almaqla, su çatışmazlığı probleminin həllinə nail olublar. Nümunə üçün qeyd etməliyəm ki, İsrail keçən əsrin sonlarında 1,24 milyard kubmetr suvarma suyundan istifadə etdiyi halda, hökumətinin səyi nəticəsində sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə, istifadə edilən suvarma suyunun həcminini 1,12 milyard kubmetrə qədər azaltmışdır. İsrail cəmi bu qədər suvarma suyundan istifadə etməklə daxili istehsal hesabına əhalinin ərzaq məhsullarına olan təlabatını 95 faiz ödəməklə yanaşı, həm də 1,5 milyard dollar dəyərində yeyinti və kənd təsərrüfatı məhsulları ixrac edir. Təsəvvür edin, Azərbaycanda təbii su mənbəyindən götürülən suyun həcmi 12,8 milyard kubmetr olduğu halda İsraildə bu rəqəm 1,12 milyard kubmetr təşkil edir. Əkin sahəsi Azərbaycanla müqayisədə 4 dəfə az olan, suvarma suyundan 10 dəfə az istifadə edən İsrail əhalisini beynəlxalq normalara uyğun olaraq 95 faiz qida məhsulları ilə təmin edir və hər il 1,5  milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edir. Çox böyük resurs imkanı olan Azərbaycan İsraildən 2 dəfə az adambaşına ərzaq məhsulları istehsal edir və 2 dəfə az yeyinti məhsulları ixrac edir. 

Başqa bir problem də ölkənin su təsərrüfatı idarəçiliyinin bir mərkəzdən koordinasiya edilməməsidir. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərenerji ASC , Meliorasiya və Su Təsərrüfatı ASC müəyyən funksiyalar həyata keçirir.

Hesab edirəm ki, hökumət bu sahədə mövcud olan problemlərin həlli istiqamətində bir sıra təxirəsalınmaz addımlar atmalıdır. 1) İlk növbədə su təsərrüfatı sisteminin yaxşılaşdırılması ilə bağlı xüsusi dövlət proqramı hazırlanmalıdır. 2) Su təsərrüfatı sisteminin bir mərkəzdən koordinasiya olunmasını təmin etmək məqsədilə sahəyə baş nazirin müavinlərindən biri məsul edilməlidir. 3) Kənd təsərrüfatının suvarma suyuna olan ehtiyacını davamlı şəkildə və itkisiz təmin etmək məqsədilə, suyun əkin sahələrinə qədər metal və plastik borular vasitəsi ilə ötürülməsinin təşkilini həyata keçirilməlidir. 4) Suvarılan əkin sahələrində su itkisinə yol verməməsi üçün bütün təsərrüfatlarda qənaətedici suvarma texnikası və mütərəqqi suvarma texnologiyasının sürətlə tətbiqinə start verilməlidir.  

 

Vahid Məhərrəmov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti