Açıq mənbələrdən foto
İqtisadiyyatda eyni vaxtda bütün məhsuldar qüvvələrin qazana bildiyi bir iqtisadi situasiya yoxdur. Hamının uğursuzluq zolağında olması kimi pessimist ssenarilərdə olmur. Böhranlar bir qrup ölkələri “vurur”, digər qrup ölkələr üçün fürsətlər pəncərəsi açır. Lakin hazırda dünyada pandemiyanın vurduğu zərbələr nəticəsində hamı uduzur. Dövlətlər öhdəliklərin icra edə bilmir, şirkətlər batır, vətəndaşlar iş yerlərin itirir və s. İndi elə situasiya yaranıbdır ki, mövcud status-kvoda hamı itirir. Məhsulu alanda, satan da. Çünki tədarük zənciri qırılıb.
Pandemiya qlobal miqyasda iqtisadi fəaliyyətləri tormozlayıb. Dünyada kapitalın axını dayanıb. İstehsal olunmuş mal və xidmətlər sərhədlər aşmır. Belə bir vəziyyətdə dövlətlərin özündən asılı olmadan baş verən qlobal trendlər ölkələrin xarici iqtisadi əlaqələrinin həcminin kiçilməsi ilə nəticələnir. Lakin “evdən iş” modeli ilə işləyən şirkətlərin gəlirləri və bazar payları artır.
Təbii resurs ölkələrinin xarici ticarətində cari tendensiyalar –
Azərbaycan örnəyi
Mərkəzi Bankın hesabatına görə 2020-ci ilin 1-ci rübü üzrə xarici ticarət dövriyyəsi 7.1 nilyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 3.6 milyard həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 1.7 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 1.9 milyard dollarlıq (24.7% azalma) profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 155 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür. [1]
Hesabat dövründə əmtəə ixracı üzrə 6%-lik azalma qeyd alınıb. Yəni əmtəə ixracı 4.5 milyard dollar təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6.9% azalaraq 4.1 milyard dollar olmuşdur. İxrac olunmuş neft məhsullarının təkcə 3.2 milyard dolları xam neftin payına düşmüşdür.
Əmtəə idxalı isə 15% artaraq 2.6 milyard dollar səviyyəsində olmuşdur. İdxalın strukturunda istehlak mallarının ümumi dəyəri isə 1.1 milyard dollar olmuş, bunun isə 352 milyon dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 12.4% artaraq 2.1 milyard dollar olmuşdur. Diqqət edirsinizsə, həm idxalın, həm də ixracın strukturu üzrə ikirəqəmli geriləmələr mövcuddur.
Artıq ilin yarısı geridə qalıb. Yarımillik zaman kəsiyini dəyərləndirmək də mümkündür. Son 5 ay üzrə rəsmi dövlət qurumlarının məlumatları əsasında “İxrac icmalı” bülletenində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb. [2]
Çox maraqlıdır ki, qeyri-neft ixracında dominantlıq 3 məhsulun üzərindədir: pomidor, qızıl və fındıq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarında 2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123.1 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon ABŞ dolları) üçüncü olub. [3] Burada metodoloji spekulyasiya ondan ibarətdir ki, qızıl məmulatları təbii resurs komponenti olduğu halda qeyri-neft məhsulu kimi götürülür və onun maddi ekvivalenti qeyri-neft sektorunda “oturur”. Onun məbləği isə az deyil – 65 mln dollar. Qeyri-neft ixracında liderlik edən pomidorun təxminən yarısı qədər qızıl ixracımız var. Kimya sənayesi məhsulları, qızıl kimi resurs iqtisadiyyatının elementləri sayılan məhsullar qeyri-neft ÜDM-də “oturanda” qeyri-neft “köpüyü” uzun müddət suyun üzərində dura bilməz. Ona görə qeyri-neft məhsullarının ixracını seçməli, təşviq etməli və həmin potensialı hərəkətə gətirməliyik. O zaman qeyri-neft ixracının diapazonu genişlənməklə ixrac dollarlaşması özünü kövrək mərhələsindən qurtara bilər. Vaxtıda iqtisadi azadlıqların verilməsi hesabına daha çox ixracyönümlü şirkətlər yarada bilsəydik, indi qeyri-neft məhsulları üzrə ixracımız daha çox olardı. Üzərində əsrlər keçməsinə baxmayaraq “liberalizmin atası” Adam Smit bu tezisi irəli sürəndə nə qədər haqlı imiş: “Buraxın etsinlər, buraxın getsinlər”.
Mənbələr:
[1] AR Mərkəzi Bankının 2020 il üzrə I rüb Tədiyyə Balansı Hesabatı
[2]http://www.iqtisadiislahat.org/news/ixrac_icmali_nin_iyun_sayi_teqdim_edilib-970
[3] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı
Rəy yaz