Paşinyanın Qarabağ ritorikası

RF XİN rəhbəri Mariya Zaxarova bildirib ki, Rusiya Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair danışıqlar üzərində kuratorluğu davam etdirmək niyyətindədir. Ancaq Ermənistanda sabitliyin hökm sürməsini və Nikol Paşinyanın hökumətdə vəzifəyə təyin ediləcəyini gözləmək lazımdır, o deyib.

Azərbaycan prezidentinin və XİN-in qarşısında Ermənistanın yeni hökumətilə danışıqlar prosesinin bərpasına hazır olmaq vəzifəsi durur.

N.Paşinyan danışıqlara hansı təkliflərlə gedə bilər? Bu sualın cavabı aydın deyil, belə ki Ermənistanda inqilabın lideri dəfələrlə Qarabağ probleminin həllilə bağlı fikirlərini dəyişib.

N.Paşinyanı ölkənin ilk prezidenti, Bakı üçün adekvat və məqbul təkliflərlə çıxış edən Levon Ter-Petrosyanın "adamı" hesab edirlər. Ancaq Paşinyanın ilk prezidentin siyasi düşərgəsi ilə sıx əməkdaşlığından çox zaman keçib.

2013-cü ildə Paşinyan Erməni Milli Konqresi (sədr L.T-Petrosyan) fraksiyasının yeganə üzvü olub ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı "İrs" fraksiyasının təklif etdiyi qanun layihəsini dəstəkləyib. O zaman müxtəlif siyasi partiyaların nümayəndələri bunun əleyhinə olublar, çünki hesab edirdilər ki, bu addım ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqları prosesini poza bilər.

2016-cı ilin aprelində Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra Paşinyan sərt bəyanatla çıxış edərək Ermənistanın atəşkəs rejiminə riayət etməsinin məqsədəuyğunluğunu şübhə altına alıb. "Qarabağda söhbət etdiyim vətəndaşların mövqeyi belədir: indiki mərhələdə elə eləmək lazımdır ki, Azərbaycana ciddi zərbə endirilsin və bizim zəmanətimiz olmalıdır ki, Azəbaycan hakimiyyəti, Əliyev heç olmasa bir il şok vəziyyətindən çıxa bilməyəcək", - 2016-ci il aprelin 6-da "Aravot" nəşri onun sözlərindən sitat gətirib.

Paşinyan bildirib ki, Qarabağa dair istənilən danışıqlarda Dağlıq Qarabağ hakimiyyətinin nümayəndələri iştirak etməlidir.

O, rəhbərlik etdiyi aprel mitinqlərinə bu tələblə gəldi. Ancaq əvvəllər Qarabağın tanınmasına və hərbi əməliyyatlara tərəfdar olan Paşinyan mayda hakim Respublika Partiyasının deputatları ilə müzakirələr zamanı mövqeyini dəyişdi və ümimi standart tezislər səsləndirdi. Görünür, baş nazir postuna namizəd statusu ona təsir göstərib.

Moskvanın "Kafkazskiy uzel" portalı Qarabağ nizamlanması ilə bağlı Paşinyanın növbəti baxışlarını qeyd edib. "Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmalıdır, ancaq sülh atmosferində, Azərbaycanın aqressiv ritorikası isə buna mane olur", - siyasətçi bildirib.

Mayın 1-də Milli Məclisdə çıxış edən Paşinyan Qarabağ nizamlanması məsələsində qarşılıqlı güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirib, Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbərlərindən biri, politoloq Stepan Safaryan bildirib.

Onun sözlərinə görə, söhbət Azərbaycanın öz siyasətini dəyişib Ermənistana ərazi iddialarından əl çəkdiyi halda qarşılıqlı güzəştlərdən gedir.

"Paşinyan respublikaçı deputatların suallarını cavablandıraraq deyib ki, "Əliyev Yerevana göz dikdiyi halda" münaqişənin həllindən söhbət gedə bilməz. O qeyd edib ki, birtərəfli güzəştlər yolverilməzdir", - politoloq bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev tez-tez xatırlatdığı məlum bəyanatda azərbaycanlıların - Yerevan sakinlərinin oz doğma şəhərinə qayıtmasından danışıb, Ermənistanın paytaxtının işğalından yox.

Parlamentdə müzakirələr zamanı Paşinyan bildirib ki, Qarabağ məsələsində "Yelk" blokunun proqramında əksini tapan mövqeləri dəstəkləyir.

Bu proqramda ancaq ümumi formul var, konkret konseptual yanaşmalar yoxdur. Müzakirələr zamanı Paşinyan deyib ki, nə qədər ki Azərbaycan aqressiv militarist mövqedən çıxış edəcək, Ermənistan öz təhlükəsizliyini möhkəmləndirməlidir və qarşılıqlı güzəştlərdən söhbət gedə bilməz.

Mayın 1-də Paşinyanın parlamentdə çıxışı zamanı Serj Sarqsyanın keçmiş mətbuat katibi "Dağlıq Qarabağ ətrafında "azad edilmiş" əraziləri Azərbaycana vermədən nizamlanma ilə bağlı danışıqlar aparmaq olmaz" sözlərini şərh etməsini müxalifətçidən xahiş edib.

Paşinyan cavab verib ki, onun adına deyilən bu sözlər dezinformasiyadır. "Mən bu məqalənin skrinşotunu 15 dəfə dərc eləmişəm, orada belə sözlər yoxdur. Təəssüf edirəm ki siz mənim təkziblərimi izləmədiniz və dezinformasiya ilə məşğulsunuz", - mayın 1-də "Sputnik-Armeniya" onun sözlərindən sitat gətirib.

Safaryan hesab edir ki, Qarabağ nizamlanması ilə bağlı Paşinyanın və onun komandasının mövqeyi haqda fikir söyləmək hələ tezdir, çünki növbədənkənar parlament seçkiləri keçirilməyib. Ermənistanın yeni hakimiyyətinin bu məsələyə dair yekun mövqeyi seçkilərdən sonra, parlament və hökumət formalaşdıqdan sonra müəyyən ediləcək.

"Danışıqların əsas iştirakçılarını nəzərə alsaq, hesab etmirəm ki, Paşinyan hansısa köklü dəyişiklik edə bilər. Ancaq yeni legitim hakimiyyət danışıqlar prosesinin formatının dəyişdirilməsini və Dağlıq Qarabağ hakimiyyətinin daxil edilməsini tələb edə bilər", - Safaryan vurğulayıb.

"Qarabağın Ermənistanın tərkibində qalması barədə də müxtəlif fikirlər səslənib. Ancaq Paşinyan bunu qeyri-rəsmi şəxs kimi söyləyib. Baş nazir Paşinyan isə artıq başqa məsələdir. İnsanın öz statusundan asılı olaraq mövqeyini dəyişməsi tamamilə normaldır",- politoloq Ruben Meqrabyan "Kafqazskiy uzel"in müxbirinə bildirib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov eyni zamanda danışıqlara, həm də müharibəyə hazır olmağı ölkə rəhbərliyinə təklif edir (əgər ermənilər seçim qoymasalar, döyüşmək lazımdır). Çox gözləmək lazım gəlmədi. Belə ki, beş gün öncə Paşinyanla ABŞ Dövlət Departamenti arasında telefon söhbəti oldu və bu, Rusiya ictimaiyyətində kəskin mənfi reaksiya doğurdu.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti