Prezident Almaniyaya səfəri gedişində jurnalistlərin suallarını cavablandırarkən yenidən ölkənin fenomenal uğurlarından, iqtisadiyyatın rekord inkişaf sürətindən, həyatın bütün sahələrinin sürətlə modernləşməsindən, vətəndaşların rifahının dönnmədən yaxşılaşmasından və xalqın hakimiyyətə yüksək etimadından danışdı. Elə həmin vaxt təbiət "iri addımlarla irəliləyən Azərbaycan"ın hakimiyyət strukturlarının güclü qar və çovğun şəraitinə hazırılığını və səmərəliliyini testdən keçirirdi. Təbii fəlakət təbii fəlakətdir, o, istənilən ölkədə ciddi problemlər yarada bilər. Amma ölkənin ikigünlük qeyri-adi acizliyini təbiətin şıltaqlıqlarına bağlayamaq doğru olmaz. Əvvəla, 5-6 fevralda olacaq təbii fəlakət barədə sinoptiklər öncədən xəbər vermişdilər və müvafiq orqanların yetərincə vaxtı vardı ki, lazımi qaydada hazırlaşsınlar. İkincisi, xəbər verilən qeyri-sabit hava o qədər də fövqəladə hal deyildi: söhbət temperaturun mənfi 3-5 dərəcəyə düşməsi, güclü qar və Bakı üçün adi olan saniyədə 27-30 m küləkdən gedirdi. Axı dövlət strukturlarının bacarığı və səmərəliliyi məhz belə böhran vaxtlarında - operativlik, məsuliyyət və yüksək mütəşəkkillik nümayiş etdirmək zəruri olanda üzə çıxır.
Nəticə göz qabağındadır: "iri addımlarla irəliləyən Azərbaycan" qeyri-sabit havanın "bayağı" həmləsinə tab gətirmədi. Ölkənin mühüm hissəsi, paytaxtın bir çox rayonları da daxil iki gün işıqsız, susuz, qazsız qaldı. Nəqliyyat sistemi düz iki gün iflic oldu. İşıqsız, susuz, qazsız qalan bir çox vətəndaşlar özləri öz problemlərini həll etməli olur və narazı halda soruşurdular: hakimiyyət hara baxır?
Hakimiyyət isə, göründüyü kimi, uğurlar haqda raport verməyə daha çox vərdiş edib, nəinki onu işdə sübut etməyə. Dövlətin rəsmi şəxslərinin çıxışlarını eşidəndə 70-80-ci illərin sovet durğunluq dövrünə qayıdırsan: ölkənin misilsiz uğurları, irimiqyaslı modernləşməsi, iqtisadiyyatın inkişafgının rekord həddə çatması, demokratik nailiyyətlər, asayişin və ədalətin təntənəsi, vətəndaşların rifahının artması, gözəl həyata görə hakimiyyətə qucaq-qucaq alqışlar göndərən vətəndaşlar haqda parlaq təbliğat. Bununla yanaşı, reallığa baxanda hər addımda başqa mənzərə ilə rastlaşırsan: korrupsiya, məmur və polis özbaşınalığı tüğyan edir, azadlıqlar yoxdur, ədalətsizlik, işsizlik, sosial qütbləşmə son həddə çatıb, cəmiyyətin böyük hissəsinin həyat səviyyəsi aşağıdır, vətəndaşların baxışlarından yorğunluq, inamsızlıq, narazılıq yağır. Bizim iç üzümüz, inkişaf və modernləşmə barədə təbliğatımızın astar üzü əslində belədir.
Şübhəsiz, Azərbaycan neft dollarları axını sayəsində zənginləşir, dəyişir və modernləşir. Ölkə və paytaxt göz qabağında dəyişir. Qlobal layihələr həyata keçirilir, xidmət sahəsi inkişaf edir, infrastruktur yenilənir və s. İqtisadi artım, büdcə, ÜDM, əmtəə dövriyyəsi və s. haqda məlumatları şübhə altına almağa əsasımız yoxdur. Bütün bunlar və başqa şeylər ölkənin inkişafında müsbət dinamikadan xəbər verir. Ölkənin, amma sıravi vətəndaşların yox...
Bununla birgə, sıravi vətəndaşları iqtisadiyyatın, büdcə və ÜDM-in rekord artımı, strateji boru kəmərləri, neft fondundakı milyardlar, möhtəşəm saraylar və başqa layihələr əslində marqalandırmır, çünki onlar onun həyatında, demək olar ki, öz əksini tapmır. Köhnə nəsil artıq sovet dövrünün kommunizm haqda nağıllarından doyub. Gənclər isə öz şəxsi problemlərinin həllinə praqmatik yanaşırlar. İndiki və gələcəkdəki möhtəşəm uğurlar barədə təbliğatçı statistika onları maraqlandırmır, axı hər addımda onun əksini görürlər: qiymət artımı, stress, özbaşınalıq, məsuliyyətsizlik, korrupsiya, saxtakarlıq, hər cür məişət problemləri. Əgər iş, pul, normal yaşamaq imkan yoxsa, əgər birinci qar və külək dövlət idarəçiliyində bütün ayıbları üzə çıxarırsa, əgər ölkənin raport verilən nəhəng uğurları sıravi vətəndaşların yaşayış səviyyəsi, keyfiyyət və komfortuna aparmırsa, qlobal modernləşmə layihələriunin onlara nə dəxli?
Əslində biz ikiyə bölünmüş, parçalanmış bir cəmiyyətdə yaşayırıq. Təbliğat vətəndaşların və ölkənin həyatı haqda bir, gerçəklik isə başqa bir mənzərə formalaşdırır. Faktik olaraq, dövlət başçısının və hakim elita təmsilçilərinin son çıxışları "iri addımlarla irəliləyən Azərbaycan" haqda mədhiyyədən başqa bir şey deyil. O, misilsiz böyük zəfərlər qazanıb və yaxın vaxtlarda bütün dünya ölkələrini ötüb keçəcək. Nə deyirik, Allah eləsin belə olsun. Amma əsl tərifə layiq olan o inkişafdır ki, o, büdcə, ÜDM və başqa makroiqtisdi hesablamalarla (naxışlarla) yox, sıravi vətəndaşların həyatındakı adekvat müsbət dəyişikliklərlə ölçülür. Bunun üçün isə lazımdır ki, işıq, su, qaz verilməsində, nəqliyyatda fasilələr olmasın, maaş sürünməyə yox, yaşamağa imkan versin, məhkəmələrə inam olsun, özünü öz vətənində məhrum zavallı hiss etməyəsən, qanunlar işləsin və onun qarşısında hər kəs bərabər olsun, məmur və polis özbaşınalığına son qoyulsun, seçkilərdə səsini, o, başa çatandan sonra isə azadlığını oğurlamasınlar və s. Hələ bir vaxtlar Aristotel deyirdi: "Gözəl quruluşa malik olmaq istəyən ölkədə vətəndaş zəruri yaşayış vasitələri barədə qayğıdan azad olmalıdırlar". O həm də belə deyirdi: "Dövlət təkcə yaşamaq üçün yox, həm də xoşbəxt yaşamaq üçündür". Bu günkü Azərbaycanda insanların azadlıq və xoşbəxtliyi artıbmı? Ölkənin inkişaf dərəcəsinin meyarı bax bu olmalıdır.
Rəy yaz