Фото: Poslovni.hr, Grgo Jelavić, Pixsell
Qara Dənizdə və Aralıq Dənizində yeni energetika layihələrinin həyata keçirilməsinin sürətinə nə təsir edəcək?
Enerji resurslarının tədarükündən asılı olan və uzun illər boyunca ölkəni əhatə edən dənizlərdə karbohidrogen axtarışı həyata keçirməklə bu vəziyyəti dəyişdirməyə çalışan Türkiyə 2020-ci ilin yayında Qara Dənizdə qaz tapıb və bu kəşfdən ruhlanaraq, ikiqat enerji ilə Şərqi Aralıq Dənizində araşdırmalara başlayıb.
Amma Qara Dəniz ölkələrinin Türkiyənin 2020-ci ilin avqustunda öz sahil sularında kəşf etdiyi Sakarya yatağı (ehtiyatların ilkin qiymətləndirilməsi 320 mlrd. kubmetr) üzərində yurisdiksiyası ilə bağlı etirazı yoxdursa, Şərqi Aralıq Dənizində Yunanıstanla ərazi mübahisəsi var və bu mübahisə yayda az qala Türkiyə və Yunanıstan – NATO-dan olan tərəfdaşları arasında silahlı qarşıdurmaya çevriləcəkdi.
2009-cu ildə Aralıq Dənizində böyük qaz ehtiyatlarının olduğu (3-4 trl. Kubmetrdən çox) təsdiq edilib və dənizə bitişik ölkələr tədricən “piroqu bölməyə” başlayıblar.
2019-cu ildə Yunanıstan, Kipr, İtaliya, Misir, İordaniya, İsrail və Fələstinin iştirakı ilə Şərqi Aralıq Dənizi Qaz Forumunun yaradılmasından və Türkiyənin cavab addımı olaraq ötən ilin noyabrında BMT-nin tanıdığı Liviya hökuməti ilə Aralıq Dənizində dəniz zonalarının bölünməsi haqqında saziş imzalamasından sonra vəziyyət gərginləşib.
Bu sənədə əsasən Türkiyə bir sıra ərazilər üzərində hüquq əldə edib, amma 2020-ci ilin yanvarında Yunanıstan, Kipr və İsrail arasında imzalanmış East Med qaz kəmərinin tikintisi haqqında sazişə əsasən, bu gələcək boru qismən Türkiyə sahilləri yaxınlığındakı hissədən keçməlidir, Türkiyə isə buranı öz zonası hesab etdiyi üçün buna qarşı çıxır.
Söhbət Türkiyənin Kaş limanından 7 km və Yunanıstanın qitə hissəsindən 580 km məsafədə yerləşən Meis adası (yunanlar “Kastelorizo” adlandırır) ətrafındakı ərazidən gedir.
1947-ci ildən etibarən Yunanıstan bu ada üzərində yurisdiksiyasını həyata keçirir, bir halda ki, Türkiyə yunanların yalnız ada ətrafında 6 dəniz mili ölçüsündə ərazi sularına nəzarətini qanuni hesab edir.
Məhz buna görə 2020-ci ilin avqustunda Qara Dənizdə qaz kəşfindən ruhlanan Türkiyə Şərqi Aralıq Dənizi regionunda geoloji kəşfiyyat işlərini fəallaşdırıb (Oruç Reis gəmisi), amma bir ay sonra, sentyabrın 10–da gəmini öz yerinə (Antaliya limanı) qaytarıb və bununla da Yunanıstanla danışıqlara hazır olduğunu nümayiş etdirib.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan sentyabın 17-də Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon söhbətində bütün regional məsələlər üzrə, - xüsusən də Şərqi Aralıq Dənizi regionu ilə bağlı obyektiv və ardıcıl mövqe işləyib hazırlamaq çağırışını təkrar edib.
Qeyd edək ki, sentyabrın 24-25-də Brüsseldə Avropa Şurasının sammiti keçiriləcək və Şərqi Aralıq Dənizindəki vəziyyət onun əsas mövzuları arasındadır.
Danışıqlarda vasitəçilər
Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakovun ASTNA-ya açıqladığı fikrinə görə, “Afina və Ankara arasında danışıqların perspektivinə təsir edən xarici qüvvələr arasında AŞ və NATO-nu qeyd etmək lazımdır”.
“Türkiyə və Yunanıstanın hərbi nümayəndə heyətlərinin Şimali Atlantika Alyansının qərargah-mənzilində sentyabrda apardıqları danışıqlar, habelə Avropa Şurasının gələn həftə keçiriləcək sammitinin qərarları münaqişə tərəflərinin taktikasına təsir edə bilər (Türkiyə əleyhinə sanksiyaların tətbiq edilməsi mümkünlüyü fonunda). Bu vəziyyətdə digər oyunçuların vasitəçilik təklifləri çox da əlverişli görünməzdi, belə ki, belə bir təəssürat yaranardı ki, bu vasitəçilik səyləri onsuz da NATO və AŞ səviyyəsində qəbul edilmiş qərarlardan bir addım geridə qalmaq məcburiyyətindədir”, ekspert belə hesab edir.
Amma Neyjmakov Avropa Şurasının sammitinin vasitəçi qüvvələr bölgüsünü dəyişdirə biləcəyini istisna etməyib.
“Məsələn, AŞ-ın bu vəziyyətlə bağlı real addımları Yunanıstanın danışıqlardakı mövqeyini prinsipial olaraq gücləndirməyərək, onun məyusluğuna səbəb olarsa. Buna görə, məsələn, Rusiya bu münaqişədə vasitəçilik perspektivlərinə kifayət qədər ehtiyatla yanaşır – yaxın gələcəkdə ona vəziyyəti kənardan müşahidə etmək daha çox sərf edir”, deyə ekspert qeyd edib.
Bu zaman RF XİN başçısı Sergey Lavrov sentyabrın 8-də Kiprə səyahət edib (formal səbəb diplomatik münasibətlərin qurulmasının 60 illiyi olub) və danışıqlardan sonra Kipr XİN başçısı Nikos Xristodulidis Lavrovu “Şərqi Aralıq Dənizi problemini dərindən bilən adam” adlandırıb.
“Uzaqda yerləşən dövlətin – ABŞ-ın burada olan ölkələri bir-biri ilə dalaşdırmağa və ümumilikdə “bizimlə olmayan bizə qarşıdır” zolağını təşviq etməyə, başqalarını da bu zolağa riayət etməyə məcbur etməyə çalışması bizi çox narahat edir”, deyə Sergey Lavrov Kipr respublikasının prezidenti Nikos Anastasiadislə görüşdə bildirib.
Sentyabrın əvvəllərində ABŞ Dövlət Departamenti Kiprə ölümcül olmayan silah komponentlərinin tədarükünə qoyulmuş embarqonun bir il müddətinə götürüldüyünü bildirib, bu respublikanı Şərqi Aralıq dənizində əsas tərəfdaşı adlandırıb. Embarqo 1987-ci ildə adanın yunan və türk hissələrinin birləşdirilməsi prosesinin dəstəklənməsi məqsədilə tətbiq edilib. Ötən il ABŞ Konqresinin Senatı embarqonu götürmək üçün iki şərti müəyyən edib: Nikosiyanın çirkli pulların yuyulmasına qarşı mübarizədə Vaşinqtonla əməkdaşlığı, habelə Kipr limanlarını Rusiya hərbi gəmilərinin girişi üçün bağlaması.
Amerika diplomatlarının sözlərinə görə, bu şərtlər qüvvədə qalır. Bundan başqa, embarqonun götürülməsi haqqında xəbəri şərh edən ABŞ-ın Kiprdəki səfiri Cudit Qarber Rusiyanın regiondakı rolunun sabitliyi pozduğunu qeyd edib.
“Aralıq Dənizindəki vəziyyət bizi narahat edir və Türkiyə ilə münasibətlərə gəldikdə, biz praqmatik, qarşılıqlı maraqlara və ədalətli və beynəlxalq hüquqa söykənən həllərin axtarışına əsaslanan dialoq qurulmasına yardım etməyə hazırıq... Amma Moskva bütün kəskin məsələlərin həllində bir şərtlə – regional oyunçuların ondan xahiş etməsi şərti ilə vasitəçilik etməyə hazırdır. Kiprin təhlükəsizliyinin yeganə zəmanəti isə adanın yunan və türk icmaları arasında 2017-ci ildə dayandırılmış danışıqların bərpası, habelə BMT qətnamələrinə ciddi şəkildə riayət olunması ola bilər”, deyə RF XİN başçısı sentybarın 8-də bildirib.
ABŞ Dövlət Departamentinin rəhbəri Pompeo sentyabrın 13-də Kiprdə danışıqlar aparıb və bildirib ki, regionda gərginlik Şərqi Aralıq Dənizindəki problemlərin həllinə səbəb olmayacaq.
O, ABŞ prezidentinin Türkiyə prezidenti Recep Tayyip Erdoğanla və Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə regionda artan gərginlik haqqında telefon danışığını xatırladıb.
“Region ölkələri təhlükəsizlik, energetika mənbələri və dəniz sərhədləri ilə bağlı məsələləri diplomatik yolla həll etməlidirlər”, deyə Amerikalı diplomat bildirib.
Avropalılar əvvəlki kimi tərəflərə təsir göstərmək istəyirlər: Almaniya Türkiyə ilə danışıqlar üçün daha çox vaxt istəyir, bir halda ki, Fransa, Kipr və Yunanıstan özü Türkiyəni cəzalandırmağı tələb edirlər. Hətta ölkə üçün Aİ yolunun bağlanması və Şərqi Aralıq Dənizində işlərin tamamilə qarşısının alınması tələb olunur.
Türkiyə özü isə belə mənfi addım atılacağı təqdirdə Şərqi Aralıq Dənizində araşdırmaları bərpa etməklə hədələyir.
AFR kansleri Angela Merkel (Almaniya 2021-ci ilin yanvarına qədər Aİ-yə sədrlik edir) yaxşı başa düşür ki, Şərqi Aralıq Dənizində gərginlik ciddi silahlı münaqişə ilə nəticələnər, bu da Avropanın, eləcə də bütün dünyanın 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar yaşadığı böhranı dərinləşdirər.
Bundan başqa, müharibələr nəticəsində dağılan Afrikanın şimalından qaçqınların qəbulunda Türkiyənin rolu çox mühümdür.
Avqustun 27-də Misirlə dəniz sərhədlərinin demarkasiyası haqqında sazişi ratifikasiya edən Yunanıstan Almaniya və Türkiyə arasında Meis adası ətrafında işlərin dondurulması haqqında əvvəlki danışıqları, faktiki olaraq, “heç etdi”.
Beləliklə, AŞ-ın ən nüfuzlu ölkələri – Almaniya və Fransa arasında da Şərqi Aralıq Dənizi probleminin həlli ilə bağlı fikir birliyi yoxdur, bu vəziyyətdə isə AŞ-ın vasitəçilik səyləri müvəffəqiyyətsizliyə uğrayacaq.
Azərbaycan qardaş Türkiyənin ölkəni əhatə edən dənizlərdə araşdırma fəaliyyətini tamamilə dəstəkləyir, bu barədə prezident İlham Əliyev sentyabrın 2-də Bakıda Yunanıstanın yeni səfirinə də bildirib. Azərbaycan prezidenti Yunanıstana SOCAR-la Yunanınstanın DESA qazpaylayıcı şirkətinin özəlləşdirilməsi haqqında sazişin imzalanması prosesinin pozulması faktını da xatırladıb.
Bakının bu açıq etiraflarının arxasında əminlik dayanır – Yunanıstan, ən azından tezliklə Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycandan yeni Cənub Qaz Dəhlizi (CQD) ilə ilk qazı alacağından irəli gələrək, Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətində qalacaq.
Yunanıstanın Azərbaycan, Türkiyə və Rusiyadan asılılığı
Yunanıstan Qatar, Əlcəzair, Nigeriya və ABŞ-dan təbii maye qaz alır, amma ona boru kəməri ilə qaz RF-dən (“Türk axını” qaz kəməri), 2007-ci ildən etibarən isə Türkiyənin Botas şirkəti ilə Xəzərin “Şah-Dəniz” yatağının işlənməsinin birinci mərhələsindən alınan qazın bir hissəsinin Yunanıstana ixrac edilməsi haqqında müqavilə əsasında Azərbaycandan daxil olur.
Bu həftə Botas xatırladıb ki, bu ixrac sazişinin (ildə 0,75 mlrd. kubmetr) müddəti 2021-ci ilin sonlarında başa çatır, Türkiyə tərəfi bu sazişi uzatmaq istəmir və Yunanıstan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar masasına oturmalı olacaq.
Maraqlıdır ki, Yunanıstan həmçinin “Şah-Dəniz”in işlənməsinin ikinci mərhələsindən qaz tədarükü haqqında 25 illik müqavilədə də iştirak edir. 2020-ci ilin sonlarında bu mərhələdən Avropaya Trans-Adriatik Qaz Kəməri ilə qaz nəqli rəsmi olaraq start götürəcək (Türkiyə ərazisində Trans-Anadolu boru kəmərinə, CQK-nin bir hissəsinə birləşir).
Yunanıstan Gürcüstan və Türkiyədən tranzitlə “Şah-Dəniz-2”dən ildə 1 mlrd. kubmetr qaz alacaq.
Beləliklə, Azərbaycanın Türkiyəyə və Yunanıstana müəyyən təsiri var və Azərbaycan hakimiyyətinin Qara Dəniz və Aralıq Dənizi ilə bağlı əlinə keçən şansdan SOCAR-ın lobbisi üçün necə istifadə edəcəyi barədə düşənəcəyi istisna deyil.
Bu RF-yə də adiddir.
“Qara Dənizdə yeni qaz yatağının işlənməsinə xarici tərəfdaşların cəlb edilməsi məsələsini açıq saxlamaq Türkiyəyə daha çox sərf edir və çətin ki, 2020-ci ildə bu məsələ tamamilə həll olunsun”, ekspert Mixail Neyjmakov belə hesab edir.
Bununla belə, o, Ankaranın Qara Dənizdəki layihəyə Rusiya şirkətlərinin cəlb edilməsi mümkünlüyünə dəfələrlə işarə etməsinə diqqət çəkir.
“Ola bilər ki, Türkiyə bu perspektivdən Rusiya ilə başqa məsələlərdə, məsələn, Suriyadakı vəziyyətlə bağlı danışıqlar üçün bonus kimi istifadə etsin. Amma zənnimcə, Ankaranın bu təklifləri, çox güman ki, onun Moskva ilə münasibətləri yüksələn təmayüldə olduğu zaman səslənəcək”, deyə Rusiyalı ekspert ASTNA ilə söhbətində bildirib.
Amma Bakıda bir sıra ekspertlər hesab edirlər ki, bu cür mümkün məsləhətləşmələr artıq başlayıb.
Məsələn, sentyabrın 7-də Azərbaycan prezidentinin Bodrumda Rusiyalı milyarder Roman Abramoviçin altımərtəbəli superyaxtasına baş çəkməsi və yaxtada Rusiyanın Vaqit Ələkbərov və Fərhad Əhmədov kimi nüfuzlu biznesmenləri ilə qeyri-rəsmi görüşü bilavasitə buna dəlalət edə bilər.
Çox vaxt bu cür qeyri-formal ünsiyyətin arxasında gələcək sazişlərin bağlanması məsələləri durur.
Qara Dəniz və Aralıq Dənizi regionunda yeni energetika layihələri fonunda 7 sentyabr Bodrum görüşünü sadə təsadüf hesab etmək olar? Çətin.
Amma bu layihələrin sürətlə və ya yavaş-yavaş inkişaf edəcəyi məsələlərin həllinə cəlb edilmiş tərəflərin məntiqli mövqeyindən asılı olacaq.
Rəy yaz