German Federal President Frank-Walter Steinmeier speaks at Munich Conference
Onlarla ölkə və hökumət başçısının, nazirlərin, ekspertlərin iştirak etdiyi konfransı açan sədr, alman diplomat Volfqant İşinger Qərbdə "kimlik böhranı" olduğunu qeyd edib. Yeri gəlmişkən, Avropa və ABŞ-ın alyansı dəstəklənməsi üçün NATO ölkələrinin forumu kimi təsis edilmiş Münhen konfransında bu barədə ilk dəfə danışılmır.
Bu gün isə ABŞ-ın yeni xarici siyasəti və Böyük Britaniyanın Avropa İttifaqından çıxması fonunda bu, əsas məsələ oldu.
Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayer də öz nitqində Qərbdə birliyin itirilməsi mövzusuna toxunub. O, öz çıxışına dünyanın dəyişdiyi, 2014-cü ildə Krımın ilhaqı başlayana qədər olduğu kimi olmadığı haqqında sözlərlə başlayıb. "Ədalətli və ya ədalətsiz olaraq təhqir edilmiş və uzaqlaşmış Rusiya təkcə beynəlxalq hüquqa məhəl qoymadan Krımı ilhaq etməyib. O, hərbi gücü və Avropa qitəsində sərhədlərin zorla dəyişdrilməsini yenidən siyasət alətinə çevirib", deyən Ştaynmayer qeyd edib ki, bu əməllərin nəticəsi olaraq onun nə edəcəyini təxmin etmək qeyri-mümkündür və təhlükəsizlik yoxdur.
Almaniya prezidenti bildirib ki, Aİ-nin Rusiya ilə bağlı "tənqidi bəyanatlar və sanksiyalarla" məhdudlaşmayan yeni siyasətə ehtiyacı var. O, həmçinin qeyd edib ki, "Rusiya ilə münasibətlərin necə olacağı barədə müzakirələr Mərkəzi Avropa ölkələri və xalqları olmadan və ya onların hesabına aparılmamalıdır".
Amma prezident təkcə Rusiyanı deyil, ABŞ-ı, Çini də tənqid edib, onları "etimadsızlığın artmasına, silahlanmanın artmasına və təhlükəsizliyin az olmasına" gətirib çıxaran milli eqoizmdə ittiham edib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının devizi hər bir ölkənin "öz maraqlarını başqalarından üstün tutmalı olduğu" haqqında tezisdir. "Sanki, hərə özünü düşündükdə hamının maraqları nəzərə alınır", deyə Ştaynmayer qeyd edib.
Almaniya dövlət başçısının sözlərinə görə, beynəlxalq institutların mühüm üzvünə çevrilən Çin " beynəlxalq hüququ öz maraqlarına zidd olmayan yerdə tanıyır", bu, onun "azlıqlara qarşı" əməllərində və Cənubi Çin dənizində qonşularını təhdid edən siyasətində özünü büruzə verir.
Bu əməllər bizim hamımıza ziyan vurur, axı öz təhlükəsizliyini başqaları hesabına təmin etmək "etimadsızlığın artmasına, silahlanmaların artmasına və təhlükəsizliyin az olmasına gətirib çıxarır", deyə o, xəbərdarlıq edib.
Almaniyaya gəlincə, Ştaynmayerin fikrincə, bu ölkə "soyuq müharibə" başa çatdıqdan sonra "dünyanın Avropa ətrafında döndüyü" qənaətinə gəlib. Bu gün Avropa təkcə daha praqmatik deyil, həm də "həm şərqdə, həm də cənubda ittifaqımızdan kənardakı münaqişələrin həlli və qarşısının alınması üçün daha təşəbbüskar olmalıdır", deyə Ştaynmayer Ukraynanı da nəzərdə tutaraq qeyd edib.
Burada Rusiyanın Avropa İttifaqının Avropa İttifaqının altı keçmiş SSRİ ölkəsi - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlmiş və gələcəkdə Aİ və tərəfdaş ölkələr arasında onların Avropa sosial-iqtisadi və siyasi məkanına gələcək inteqrasiyası yolunda mühüm addım olacaq assosiasiya haqqında ikitərəfli sazişlərin imzalanmasını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" layihəsinin həyata keçirilməsinə hər yolla mane olduğunu qeyd etmək yerinə düşərdi.
Moskvada hesab edirlər ki, "Şərq Tərəfdaşlığı" Rusiyanın regiondakı maraqlarına meydan oxuyur, belə ki, anti-Rusiya geosiyasi ambisiyaları daşıyır. Çünki bu təşəbbüsün ən prioritet komponentləri onun enerji "komponenti" (Avropanın Rusiyaya alternativ olan enerji təchizatı yollarının yaradılması), postsovet məkanının tamamilə dezinteqrasiyası və MDB ölkələrinin Rusiyanın təsiri altından çıxarılmasıdır.
Kremlin "Şərq Tərəfdaşlığı" ilə bağlı rəsmi mövqeyini Rusiyanın Aİ-də daimi nümayəndəsi Vladimir Çijov ifadə edib:
Biz bu MDB ölkələrinin süni seçim - ya Avropa İttifaqı ilə, ya da geri - Rusiya ilə işıqlı gələcək - qarşısında qoyulmasına qarşıyıq. "Şərq Tərəfdaşlığı"nın başlanğınc mərhələsində belə əlamətlərin olduğu isə faktdır.
Məhz postsovet ölkələrinin Avropa istiqamətində dreyfinə yol verməmək məqsədilə Rusiya aşağıdakıları törədib:
- Dnestryanı münaqişəsi (Moldaviya-Dnestryanı münaqişəsi) - Moldaviya və tanınmamış Dnestryanı Moldova Respublikası arasında münaqişə;
-Gürcüstan-Abxaziya və Gürcüstan-Osetiya münaqişələri, Gürcüstana hücum edilib.
- Ukrayna ərazisində irredentizm (Krımda və ölkənin cənub-şərq regionlarında), habelə Krımın ayrılmasına və Rusiyaya birləşməyə can atan Dontetsk və Luqansk Xalq Respublikalarının müstəqillik elan etməsinə gətirib çıxaran hibrid müharibəsi başladılıb.
Həmçinin qeyd etmək lazımdır ki, Rusiya həmçinin dolayı yolla Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyərək, bu münaqişədə status-kvonu saxlayır. Beləliklə, Moskva Bakı və Yerevanı öz orbitasında saxlayır, onların Avropa istiqamətində irəliləməsinə imkan vermir.
Aydındır ki, konfrans çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən "Dağlıq Qarabağ münaqişəsində yeni inkişaf" panel debatı məhz Almaniya tərəfindən, münaqişə tərəflərini münaqişənin həllinə yaxınlaşdırmaq məqsədilə təşkil edilmişdi.
Yeri gəlmişkən, İşinger və Ştaynmayerin təşviş yaradan əhval-ruhiyyəsinə heç də hamı ortaq deyil. Gənc nəsil Qərb liderlərinin uğurlu nümayəndələri hesab olunan Kanada baş naziri Castin Tryudo və Avstriya kansleri Sebastian Kurts Qərb böhranı şişirtməyə ehtiyac olmadığını bildiriblər.
Rusiya məyus olub, amma gözləməyə hazırdır
Münhendə Rusiyanı XİN başçısı Sergey Lavrov təmsil edirdi. O, "ümumi Avropa evi" ideyasına qayıtmaq zərurəti haqqında nitqlə çıxış edərək, Avropanı "itirilmiş fürsətlərə" görə tənqid edib. Mahiyyətcə, bu, Ukrayna ilə bağlı münaqişəni unutmaq və iqtisadi yaxınlaşmaya başlamaq təklifi idi.
Lavrovun iki müavini nüvə silahına nəzarət və Suriyada vəziyyətin tənzimlənməsi haqqında müzakirələrdə iştirak ediblər. Hər iki müzakirə Rusiya və ABŞ-ın mövqelərinin bir-birindən uzaq olduğunu və birgə addımlar haqqında danışmağa belə ehtiyac olmadığını göstərib. Moskva Qərbin mövqeyini nəzərə aldığına, amma öz mövqeyini dəyişməyəcəyinə, gözləməyə hazır olduğuna eyham edib.
Sanksiyalar və strateji dialoq
Fransa prezidenti Emmanuel Makron Avropaya Moskva davranışını dəyişdirənə qədər sanksiyalardan imtina etməməyi, amma uzaq gələcəkdə onunla münasibətlərin yaxşılaşdırılmasına çalışmağı tövsiyə edib. Realist yanaşma belədir ki, "biz dondurulmuş münasibətlərlə bağlı prinsiplərimizi güzəşt etmirik, amma strateji dialoqu bərpa edəcəyik - bu da zaman tələb edəcək", deyə Fransa dövlət başçısı qeyd edib.
Ukraynanın şərqindəki münaqişənin nizamlanmasına toxunan prezident deyib ki, Rusiyanın iştirakı olmadan nizamlanma qeyri-mümkündür.
Zelenski Poroşenkonun tezisini təkrar edib
Ukrayna prezidenti Vladimir Zelenski öz çıxışında növbəti dəfə Donbasda sülh əldə etmək istəyindən, Rusiya ilə mürəkkəb danışıqlardan və atəşkəs və Ukrayna qanunlarına riayət olunması şərtilə, oktyabrda Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarında yerli seçkilər keçirmək niyyətindən danışıb. Həmçinin, o, ABŞ-ı Rusiya ilə Krım mövzsunun müzakirəsinə kömək etməyə çağırıb.
Maraqlıdır ki, eks-prezident Vladimir Poroşenkodan hər yolla uzaq durmağa çalışan Zelenski forumda onun Ukraynanın təkcə özünü deyil, Avropanı da müdafiə etməsi haqqında tezisini təkrarlayıb.
"Bu, Ukraynada müharibə deyil, bu, Avropada müharibədir", deyə o bildirib.
Zelenski Münhen Təhlükəsizlik Konfransının məruzəsində Ukraynanın cəmi 8 dəfə yad edildiyinə, potensial qaynar nöqtələr proqnozunda isə 9-cu yerdən 10-cu yerə düşdüyünə diqqət çəkib. "Hamı sakitləşməyə başlayıb", deyə Ukrayna prezidenti gileylənib.
Zelenskinin çıxışlarının ən güclü məqamlarından biri onun Rusiyanın Ukraynaya nüvə silahından imtina müqabilində ərazi bütövlüyü zəmanəti verən 1994-cü il Budapeşt memorandumunu pozduğunu xatırlatdığı an olub. "Təəssüf ki, güclü ordu, nüvə silahı və NATO ölkəni qoruya bilər, heç bir sənəd qoruya bilmir", deyən Zelenski Ukraynanın təcrübəsinə əsasən heç bir sənədə inanmadığını qeyd edib, digər ölkələri də inanmamağa çağırıb.
NATO-nun "ölümü" haqqında şaiyələr həddindən artıq şişirdilib
ABŞ dövlət katibi Mayk Pompeo ABŞ administrasiyasının ünvanına tənqidi və forumun açılışında Almaniya prezidenti Frank-Valter Ştaynmayerin haqqında danışdığı Atlantik alyansın dağılması təhlükəsini qətiyyətlə təkzib edib. O, Qərbin təsirinin azalacağı ilə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" adlandırıb və ABŞ-ın Avropadakı müttəfiqlərini "Çin, Rusiya və İran kimi dövlətlərin aqressiv əməllərinə qarşı" birgə mübarizə aparmağa çağırıb. Xüsusən, ABŞ dövlət katibi Çinin İKT şirkətlərini "Troya atları" adlandırıb (söhbət Huawei-in Avropada 5G şəbəkəsi yaratmasından gedir, Vaşinqton ekspertlərinin fikrincə, bu, ABŞ və NATO-dan Avropalı müttəfiqləri arasında kəşfiyyat məlumatlarının mübadiləsinin üstündən xətt çəkəcək), İranı Yaxın Şərqdə "terror kampaniyasına" görə pisləyib və "Şimal axını - 2" layihəsi çərçivəsində qaz nəqli sayəsində Rusiyanın Avropada iqtisadiyyata və təhlükəsizliyə təsirinin güclənəcəyi təhlükəsini qeyd edib. Pompeo Vaşinqtonun Mərkəzi və Şərqi Avropa ölkələrinin Rusiyanın enerji resurslarından asılı olmamasına kömək etmək məqsədilə bu ölkələrə energetika layihələri üçün 1 mlrd. dollar ayırmağa hazır olduğunu bildirib. Bu, "dünyada azadlıq və demokratiyanı qorumalıdır", deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
Xülasə
Münhen konfransı köhnə dünya intizamının iflas etdiyini, yenisinin isə ABŞ, Çin və Rusiya arasında artan rəqabət fonunda yarandığını əyani şəkildə nümayiş etdirdi.
Bu zaman müəyyən liderlik boşluğu ilə müşaiyət olunan bu rəqabət "liberal beynəlxalq intizam" adlandırılan məfhumdur.
Əvvəlki illərdə də olduğu kimi, əsas mövzular Qərb və Rusiya arasında münasibətlərin gərginləşməsi, başında Donald Tramp olan ABŞ-ın yeni xarici siyasəti, o cümlədən ABŞ və ÇXR arasında münaqişə və bütün bunlarda Avropanın yeri olub.
Məlum olub ki, Avropa İttifaqı yeni böyük dövlətlərin rəqabəti dövrünə pis hazırlaşıb. Hələlik o, ABŞ ilə "ayrılma" yolunda ilk ürkək addımlarını atır, məsələn, "Avropa ordusu" yaradılması müzakirə olunur. Buna baxmayaraq, Avropa hələ də Amerikanın köməyinə və müdafiəsinə ümid edir.
Forumdan çıxan əsas nəticə odur ki, soyuq müharibə başa çatdıqdan sonrakı dövr və onunla bağlı olan ümumi nikbinlik başa çatıb və dünyanı "uzun qeyri-sabitlik və qeyri-müəyyənlik dövrü" gözləyir.
Rəy yaz