Qeyri-məhdud səlahiyyətli polis,”yandaş” media

Fələstində növbəti dəfə gərginləşən vəziyyətə Türkiyə xarici işlər nazirinin “Birlik və qərarlılığımızı göstərməyin vaxtıdır. Ümmət bizdən liderlik  gözləyir.Türkiyə lazım olan hər addımı atmağa hazırdır” – sözləriylə reaksiya göstərməsi,içəridəki dünyəvi təbəqənin kəskin  reaksyasına səbəb oldu,- buna çaşbaş qalmamaq lazımdır. Ancaq işin “ümmətçi siyasət” baxımından qan qaraldıcı tərəfi- bu sözlərin artıq şəritəçi təbəqə arasında da keçmişdəki həyəcanı yarada bilməməsidir.

1990-cı illərin əvvəllərindən Türkiyə siyasi islamçılarının təkcə Fələstin məsələsiylə bağlı mitinqlərini dəfələrlə izləməklə kifayətlənmədim,seçkiqabağı mitinqlərdə mərhum Necmettin Erbakan  və daha sonra Recep Tayyip Erdoğan “Fələstin” kəlməsinin “F” hərfini tələffüz edən kimi meydanların necə coşduğunu gözümün qabağına gətirəndə siyasi islamın bundan sonra bu mövzudan əvvəlki kimi səmərəli  şəkildə istifadə edə biləcəyinə ümidim azaldı. Bunun əsas səbəbi, əlbəttə ki, 14 may 2018-də İsrailin paytaxtının Tel-Əvivdən Yerusəlimə köçürülməsini Ankaranın çarəsiz şəkildə müşahidə etməsi, ərəb dünyasının isə o günlərdə İsrail ilə pərdə arxasında əməkdaşlıq danışıqları aparması idi.

Başda Misir olmaqla,Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının bu addımları, yox, Ankaranı “Fələstin mübarizəsi”ndən kənarda qoymadı, böyük ölçüdə tənha vəziyyətə  gətirdi (Ahmet Davutoğlu “qiymətli tənhalıq” kimi  komik bir fraza lə ifadə etdiyi durum).Mövcud mənzərə bundan sonra siyasi islamın  Fələstin məsələsini   dini simvollar üzərindən özünün istədiyi şəkildə və dərəcədə  reytinq dividendinə çevirə bilməyəcəyini göstərir; ona görə, ”insan haqları” (siyasi islam “məzlum haqları” deyir) məfhumunun tədavülə daxil edilərək siyasət meydanında o şəkildə manevr etmək ən doğru yol olacaqdır.

Monarxist ərəb rejimlərindən uzaqlaşaraq Fələstin mübarizəsinin ünvanını Qərbə yönəltmək “məzlumlara” ediləcək ən böyük yaxşılıqdır.Və böyük ehtimalla Mevlüt bəy  manqalın üstündəki qazı “Ümmət bizdən liderlik gözləyir” – sözləriylə son dəfə çevirir.Çünki nə içəridə nə də bayırda əvvəlki kimi reytinq gətirməyən bir mövzuya fərqli mövqedən yanaşmaq siyasətin tələbidir, diplomatiyanın öz manevr qabiliyyətinin  nümayişi olacaqdır.

Nə etməli? Gözləntilərin hamısı 14 yunda Brüsseldə keçiriləcək növbəti NATO zirvə toplantısında Erdoğan-Biden görüşünə indekslənib. 1970-ci illərin ikinci yarısındakı embarqo dönəmlərini bir kənara qoysaq, Türkiyə və ABD dövlət(və ya hökumət) başçıları arasında ilk dəfə  bu qədər soyuq atmosfer müşahidə edilir. Şübhəsiz bunun əsas səbəbi - hərbi əməkdaşlıqda Türkiyənin radikal şəkildə paradiqma dəyişikliyinə getmə cəhdləridir ki, BŞ bunun cavabını eyni dərəcədə radikallıqla vermişdir.

14 iyunda iki ölkə prezidentinin təkbətək görüşü nəzərdə tutulsa da görüşün müddəti, gündəliyi, formatı barədə hələ ki,dəqiq məlumatlar ya yoxdur ya da var ancaq açıqlanmır. Ona görə görüş müsbət və mənfi mənada hər iki nəticəyə açıqdır. 

Müsbət nəticələr əldə edilərək münasibətlərin yenidən hərarətlənməsi halında Türkiyə üçün Fələstin məsələsini “insan haqları” kontekstində Qərb platformalarına daşıma fürsətləri də doğacaqdır. Bu isə Türkiyənin özünün şəffaflaşması və demokratiyasını gücləndirməsi şərtini  daha da aktualaşdıracaqdır. Çünki son günlərdə youtube vasitəsiylə yayımlanan videolar qəribə  mənzərələr ortaya çıxarır: yaxın keçmişə qədər məclisdəki müxalifəti və müxalifətin idarəsindəki  bələdiyyələri təzyiq altında saxlamağı  özünün əsas vəzifəsi sayan daxili işlər naziri Süleyman Soylunun bir mafiya liderinin (həm də rəsm cangüdənlər verdiyi) salvolarına məruz qalması iqtidarın sorğu-suala çəkilməsinə səbəb olmaqla qalmayıb, sistemi kökündən sarsıdır.

Hələ bu işlərin içindən adını jurnalist qoyub mövcud iqtidarın sayəsində anormal sərvətə sahib olmuş adamların çürümüş, iylənmiş, paslanmış naturaları içalat kimi açılıb toplumun önünə töküldükcə qələmini vicdanına deyil, şəxsi mənfəətinə əsir edənlərin istənilən ölkəni hansı bataqlıqlara sürüyə biləcəklərinin dəhşətli örnəkləriylə qarşılaşırıq. Xeyr, Türkiyə polis orqanlarının mafiya ilə əlaqələri Azərbaycanın Hacı Məmmədov fenomeninin yanında çox xırda görünür, kəşfiyyat idarəsinin zirzəmisində çəkdiyi yağlıboya tablolarında toplumu dolayarcasına guya “şifrəəli” mesajlar verən Məmmədov şəxsiyyətinin və bandasının dünyada analoqu yoxdur və yəqin ki, heç vaxt olmayacaq; iqtidardan bəslənən jurnalistlərin durumunu müqayisə edəndə də Azərbaycanın çox-çox qabaqda olduğu heç bir şübhəyə məhəl qoymur.

Dövlət-mafiya münasibətlərinin əvvəlki dövrlərdən fərqli cəhətlərindən biri də bu dəfəki proseslərdə  təkcə Azərbaycanlı bir iş adamının haqlarının  mafiya başçısı tərəfindən gündəmə gətirilməsi olmayıb o mafiya başçısının Azərbaycan parlamentinin vitse-spikeriylə qol-boyun fotosunun da sosial   medianı bəzəməsidir. Demək ki, 1990-cı illərin əvvəllərindən tədavülə daxil edilən “Bir millət iki dövlət” şüarının heç bir sahədə içi boş qalmayıbmış,iş adamından yüksək kresloda oturan siyasətçisinə qədər bu şüarın mahiyyətinin zənginləşməsi üçün  öz töhfəsini bəxş etməyən şəxs yox imiş.

Ankaradan gələn xəbərlər qeyri-məhdud səlahiyyət verilmiş daxili işlər naziriylə bağlı dövlət başçısının yaxın günlərdə bir addım atacağı  barədədir. Bu addımın atılmaması pərdə önündəki və arxasındakı mənafe savaşlarını daha da şiddətləndirəcəkdir.

İki həftədən bəri davam edən video savaşları Türkiyənin gündəmini işğal edərkən bu acı həqiqəti bir daha təsdiqləmişdir: polisə verilən qeyri-məhdud səlahiyyət və iqtidarı dəstəkləmək üçün ətək-ətək pul tökülərək yaradılan media ən demokratik ölkəni belə əvvəl-axır uçuruma sürükləmək qüdrətinə sahibdir.

Amma polisə qeyri-məhdud səlahiyyət  verib  tərəfdar media yaratmaq demokratik sistemlərin nəyinə lazımdır ki?

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti