Açıq mənbələrdən foto
Bu ilin (2021) son 5 aylıq rəsmi göstəricilərinə görə, qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artıb. Bu artımın isə valyuta ilə ifadəsi 907,6 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın məlumatına görə, [1] ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub. Qeyd edilən müddətdə şəkər ixracı 2,7 dəfə, pambıq lifi ixracı 2,2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, pambıq ipliyinin ixracı 93 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 84 faiz artıb.
Bu mövzuda araşdırma apararkən 2020-ci ilin müvafiq dövründə qeyri-neft ixracının vəziyyəti ilə maraqlandım. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, [2] 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.
Rəsmi rəqəmlərdən də göründüyü kimi, 2020-ci ilin 5 aylıq göstəricilərinə görə özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracı 9%-ə yaxın azaldığı halda, 2021-ci ilin göstəricilərinə görə isə 25% səviyyəsində artmışdır. Bu artımın sadə izahatını vermək istərdim.
Diqqət edirsizsə, təbii resursla zəngin ölkələrdə ÜDM-nin həcmi əsasən ikirəqəmlə ölçülür. Lakin inkişaf etmiş ölkələrdə isə ÜDM-in artması kiçik rəqəmlərlə ifadə olunur. Qərb və Avropa ölkələrində ortalama ÜDM-nin böyüməsi 2-3% arasında dəyişir. Deməli, bir iqtisadiyyatda ÜDM-nin baza həcmi nə qədər kiçik olarsa, sonradan onun artma templəri yüksək olur. Deməli, kəskin formada spontan artımlar inkişafın əlaməti sayılmaz.
Diqqət etdizsə, 2021-ci ilin son 5 ayın göstəricilərinə görə, ABŞ-ın ÜDM-i 6,4% böyümüşdür. Bu rəqəm ABŞ üçün qeyri-adi iqtisadi böyümə səviyyəsi sayılır. Halbuki ABŞ-ın son 30 ildə ortalama ÜDM-nin artımı 2-4% arasında tərəddüd etmişdir. Çünki 2020-ci ildə qlobal iqtisadiyyatda, o cümlədən ABŞ iqtisadiyyatı o qədər kiçilmişdir ki, 2021-ci ildə əvvəlki səviyyə ilə müqayisədə (2-3%) artım tempi ÜDM-nin oxunu daha sürətlə irəli çəkib. Azərbaycanın qeyri-neft ixracı üçün də eyni formulanı söyləmək olar. Bu məsələnin metodoloji aspekti ilə bağlıdır.
Son 5 aylıq real göstəricilər əsasında proqnozlaşdırma aparsaq, ilin sonuna uzağı 2 milyard dollarlıq qeyri-neft ixracımız ola bilər. Bu böyüklükdə ölkə üçün 2 milyard dollarlıq ixrac sanki bir ölkənin ixracının olmaması anlamına gəlir.
Sinqapurun əhalisinin sayı 5,7 milyon nəfərdir. Ərazisi 719 kv. km olmaqla təxminən Azərbaycanın Göyçay rayonu boyda ərazi saymaq olar. İllik ixracı 515 milyard dollardır. Azərbaycanın toplam ixracından 25 dəfədən, qeyri-neft ixracından isə 250 dəfədən çoxdur. O hələ başqa mövzunun söhbətidir ki, Azərbaycan ixracında hansı növ məhsullar üstünlük təşkil edir. Azərbaycanda ixracın 97%-i təbii resurs əsaslıdır. Ya birbaşa neft və neft məhsullarından, yaxud onların ayırmasından yaranmış məhsulların ixracı üzərində bərqərar olub. İnnovativ-araşdırma-texnoloji məhsulların istehsalı isə demək olar ki, yox səviyyəsindədir. Halbuki inkişaf etmiş ölkələrdə ixracın 50%-dən çoxunu innovativ-elmi-texnoloji məhsullar təşkil edir. Biz sadəcə ixracımızın uzun illərdir ki, 100 dollarlıq ixracımızın 92 dollarını yalnız neft və neft məhsullarının satışından əldə edirik.
Nobel mükafatı laureatı, rus əsilli ABŞ iqtisadçısı Vasiliy Leontyev "Leontyev effekt" elmi əsərində yazırdı ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr əlavə əmək sərfi tələb edən xammal və yarımfabrikatları idxal etməli, bunun əvəzində isə əmək tutumlu hazır məhsulları ixrac etməlidir. Əslində nobelçi bu nəzəriyyə ilə demək istəyirdi ki, ölkələr prioritet olaraq hazır məhsulların ixracının genişləndirilməli və buna nail olmaq üçünsə ixrac imkanlarını tam səfərbər etməlidir. Bunun üçünsə dövlətin ixracı stimullaşdırmaq tədbirlərindən istifadə etməlidir. Əgər dövlətin neft konfortu davam edərsə, postneft dövrünün qayğıları da onu şirin yuxudan oyada bilməyəcək. Əgər dünyada neftin konyuktur qiyməti də uzun illər sənin xeyrinə dəyişirsə, ondan bu yuxu daha dərin ola bilər.
Məmməd Talıblı
Mənbələr:
[2]http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/2020/06_Export_Review_2020.pdf
Rəy yaz