Rejimin mühacir mahiyyəti

“Mühacirət” xəritəsi Azərbaycanda rejimin siyasi opponentlərinə qarşı təzyiqi üçün növbəti bəhanə oldu. Baş Prokurorluq Qərbdən siyasi sığınacaq istəyən şəxslərə müxalif partiyaya mənsubluq və ya siyasi motivlərlə təqib haqqında saxta sənədlərin verilməsi faktlarının araşdırılması çərçivəsində təcili qaydada rejimin opponentlərini dindirməyə başlayıb.

Başda sədr Əli Kərimli olmaqla, demək olar ki, bütün AXCP rəhbərliyi prokurorluğa çağırılıb və ölkə üçün həssas olan bu məsələ ilə bağlı saatlarla dindirilib. “Əsl cinayətkarları axtarmaq yerinə, prokurorluq bizi dindirir, AXCP-yə qarşı qara piar kampaniyası üçün əsas verir. Amma bu təzyiq formaları mübarizəmizə mane ola bilməyəcək”, deyə Kərimli bildirib.

“Mühacirət işi” Milli Şuranın aprelin 8-də “Məhsul” stadionunda keçirdiyi, hakimiyyətin kəskin tənqid edildiyi və geniş etirazçı auditoriyanın marağına səbəb olan mintinqindən dərhal sonra ortaya çıxıb.

Əslində, saxta sənədlərlə siyasi sığınacaq axtarışı var. Siyasi motivlərlə Avropa ölkələrində məskunlaşmış Azərbaycan vətəndaşlarının əksəriyyətinin maddi ehtiyac içində olması və dözülməz sosial-iqtisadi şəraitlə əlaqədar, cənnətin bir guşəsində deyil, bu dünyada həsrəti çəkilən yerlərdə - Qərbi Avropa məkanını buraya aid etmək olar, - daha yaxşı həyat yaşamaq ümidilə ölkəni tərk etməsi faktdır.

Mühacirət məsələsini qaldıran Azərbaycan hakimiyyəti cəmiyyəti böhranın ağuşuna atmaqla daha da kəskinləşdirdiyi mövzunu qızışdırıb.

Son məlumatlara görə, 2015-ci ildə başlayan iqtisadi böhran dövründə Azərbaycandan Avropaya mühacirət edənlərin sayı kəskin şəkildə artıb. “Əvvəllər Almaniyada bir ayda sığınacaq üçün 30 Azərbaycan ailəsi müraciət edirdisə, bu gün bu rəqəm bir günə düşür”, deyə bu yaxınlarda Berlindən qayıdan Azərbaycanlı siyasi ekspert Turan-a bildirib.

Köçkünləri iqtisadi (müxtəlif iqtisadi inkişaf səviyyəsi, əmək haqqında fərqlər,  işsizlik, kapital ixracı, iqtisadiyyatın qəsb edilməsi) və qeyri-iqtisadi (siyasi, milli, regional, ailə, mədəniyyət, ekoloji, psixoloji, hüquqi, humanitar və s.) amillər qürbətə getməyə məcbur edir. Azərbaycanda hər iki amil qarışıb – bir tərəfdən əhalinin kəskin şəkildə yoxsullaşması, işin, gəlirlərin itirilməsi, digər tərəfdən isə kim - dövlət qulluqçusu, biznesmen, müəllim - olmasından asılı olmayaraq, şəxsiyyət azadlığının total şəkildə pozulması. Şübhəsiz ki, bütünlükdə amillərin qarışması problemi siyasiləşdirir və Avropa nöqteyi-nəzərdən sosial qaçqınların siyasi qaçqın kimi təsnif edilməsi üçün bu, kifayətdir.  Hətta neft qiymətlərinin 100 dolları keçdiyi ən “firəvan” dövrdə belə vətəndaşların əksəriyyəti tarixi vətəni tərk etmək arzusu ilə tutuşub yanırdı.

2012-ci ilin avqustunda hakimiyyətin nəzarəti altında olmayan yeganə Sosioloji Xidmət – ADAM Azərbaycan əhalisinin sosial-siyasi vəziyyətinin və dini azadlıq problemlərinin müəyyən edilməsi məqsədilə 1000 respondent arasında ümummilli ictimai rəy sorğusu keçirib.

Sorğu neft gəlirlərinin təmin etdiyi nisbi iqtisadi sabitlik; Eurovision musiqi müsabiqəsi; vətəndaş fəallarına və siyasi fəallara qarşı davam edən repressiyalar dövründə, habelə cəmiyyətin dünyəvi və dini seqmentləri arasında gərginliyin artdığı bir ildə keçirilib. Sosial suallardan ibarət sorğu anketinə dini azadlıq və xarici siyasət istiqaməti ilə bağlı suallar daxil edilib. Sorğu göstərib ki, respondentlərin cəmi 6,9%-i maddi vəziyyətindən tamamilə razıdır, 52,4%-i qismən razıdır, 30%-i maddi çətinliklər; 9,5%-i isə böyük maddi çətinliklər yaşayır.

Sorğunun nəticələri cəmiyyətdə etiraz əhval-ruhiyyəsinin yüksək olduğunu göstərib: Respondentlərin 60%-i Azərbaycanda vətəndaş azadlıqlarına dəstək üçün keçirilən etirazları dəstəkləyib, 10%-i bu etirazları pisləyib, 25,4% “bu, bizim işimiz deyil” cavabı verib.

Mühacirət məsələsinə gəlincə, respondentlərin 62,1%-i həmişəlik və ya müvəqqəti olaraq ölkəni tərk etmək istəyiblər.

Diqqət yetirin, nisbi sabitlik illərində cəmi 6,9% maddi nöqteyi-nəzərdən həyatını əlverişli hesab edib. Bu zaman rəyi soruşulanların 60%-i siyasi cəhətdən etirazçı olub.

Bu, insanları ölkədən mühacirət etməyə məcbur edən siyasi və iqtisadi etirazların qarışığının göstəricisidir.

Amma, yuxarıda deyildiyi kimi, firəvan rejimin başqa iqtisadi qaçqınlar kateqoriyası da var – bu, yüksək dövlət elitasına aid olan şəxslərdir. Bu qaçan kapital qrupu qaçqınlar üçün keçid düşərgələrindən keçmir, özü də gələcəyinə inanmadığı ölkədən qaçaraq qeyri-leqal qazanılmış vəsaitlərlə leqal olaraq məskunlaşır. Demək olar ki, ölkənin ali rəhbərliyinin bütün övladları Qərbdə məskunlaşıb, nüfuzlu ali məktəblər və saxta firmalar vasitəsilə leqallaşıblar.

Sonuncu elitar səbəblər də Azərbaycandan mühacirətin ifadə azadlığının olmaması, hüquqi müdafiəsizlik və humanitar qeyri-müəyyənlik kimi siyasi kökləri olduğu haqqında tezisi gücləndirir. Və ictimai-siyasi səhnənin bütün personajları (müxalifət, hakimiyyət, sakinlər) mövcud dövlət sisteminin situativ girovlarıdır.

Bizim vəziyyətdə hakimiyyət saxta siyasi mühacirlərin ifşası mövzusunu davam etdirə bilər, amma onların hakimiyyətin öz anormal siyasətinin və əxlaq qaydalarına zidd təfəkkürünün məhsulu olduğu faktına məhəl qoymaya bilməz.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti