linguis.net

linguis.net

Bu addımlardan biri martın 25-də qondarma “DQR”in “parlamenti” tərəfindən rus dilinə erməni dilindən sonra ikinci “rəsmi dil” statusu verilməsi oldu.

Ermənilər Dağlıq Qarabağı Cənubi Qafqaz regionunda Rusiyaya və rus dilinə xüsusi sevgisi ilə fərqlənən müstəsna ərazi kimi qələmə verməyə çalışırlar. Gözlənilmədən alovlanan bu sevgi uduzulmuş müharibə və işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın yurisdiksiyasının bərpası nəticəsində ortaya çıxdı.

Amma Qarabağın erməni icmasının rəhbərlərinin bəyanatları və bir sıra faktlar bu siyasi addımın fərziyyəvi və taktiki xarakterini təsdiq edir: məqsəd marionet rejimin rəsmi Bakıya qarşı mübarizəsi üçün Moskvanın dəstəyini qazanmaq və hətta Rusiyanı Azərbaycanla birbaşa qarşıdurmaya sövq etməkdir.

“Rus dilinin əhəmiyyətinin artırılması əsassız və yersizdir”, deyə Dağlıq Qarabağın “əmək, sosial təminat və miqrasiya naziri” Mane Tandilyan Facebook-da yazır. Onun sözlərinə görə, xarici dilləri öyrənmək lazımdır, amma öz kimliyini və ləyaqətini tamdalamaq olmaz. “Dövlət dilinin əsasında ölkədə yaşayan insanların milliyyəti dayanır, bu insanlar isə ermənilərdir”, deyə Die Tageszeitung yazır.

Yaxın keçmişin faktları bu addımların Rusiya və Azərbaycanı toqquşdurmaq məqsədi güdən təxribat xarakteri daşıdığına dəlalət edir. Bu faktlar isə Ermənistan müstəqillik əldə etdikdən və 1993-cü ildə Qarabağı və Azərbaycanın ona bitişik ərazilərini işğal etdikdən sonra Yerevanın bu ölkədə və marionet Dağlıq Qarabağda rus dilinin rəsmi həyatdan və məişət həyatından sıxışdırılıb çıxarılması siyasəti həyata keçirməyə başlamasından ibarətdir. Bu məqsədlə 1993-cü il aprelin 17-də bütün fəaliyyət sahələrində erməni dilinin monopoliyasını müəyyən edən dil haqqında qanun qəbul edilib.

Bu qanuna əsasən, Ermənistanda rus dilində təhsil verən bütün dövlət orta məktəbləri ləğv edilib. Rusiya diplomatik nümayəndəlikləri və hərbi bazalar nəzdindəki təhsil müəssisələri qalıb, belə ki, onlar Rusiyanın təhsil sisteminə daxildir və Rusiya Federasiyasının müvafiq nazirliyinə tabedir. Bu məktəblərdə əsasən hərbi qulluqçuların və sərhədçilərin, diplomatların, ezamiyyətdə olan dövlət qulluqçularının və Rusiya müəssisələrinin əməkdaşlarının övladları təhsil alırdı. Başqa ölkələrin vətəndaşlığına malik olan və ya etnik azlıqlara mənsub olan uşaqlar üçün alternativ kimi ölkənin 40 məktəbində rusdilli siniflər var, bu siniflərdə cəmi bir neçə fənn erməni dilində tədris edilir. Rusdilli siniflərdə təhsil üçün uşaqların seçimi Ermənistanın Təhsil və Elm Nazirliyində həyata keçirilir. Valideynlərindən biri etnik erməni olmayan və ya MDB ölkələrindən birinin vətəndaşlığına malik olan uşaq rus dilində təhsil almaq hüququ əldə edirdi. Heç bir MDB ölkəsində belə irqçi yanaşma qeydə alınmayıb.

2000-ci illərin ortalarında rus dilinin tədris saatlarının sayı azaldılıb. Təhsil Nazirliyinin 2007-ci ildə tətbiq etdiyi təhsil standartlarına uyğun olaraq, aşağı siniflərdə rus dilinin tədrisinə həftədə iki saat, 4-9-cu siniflərdə isə üç saat ayrılır.

Ermənistanda rus dilinin neytrallaşdırılmasını Qarabağda separatçıların keçmiş rəhbərləri, sonradan Ermənistan prezidenti olmuş Robert Koçaryan və Serj Sarkisyan həyata keçirirdi. Onların Qarabağda rus dilinin kökünün kəsilməsi təcrübəsi Ermənistanda da vüsət aldı. Məhz Sarkisyanın dövründə, 2017-ci ildə Ermənistanda rus dili xarici dil statusu aldı və artıq xarici dil kimi, həm də dövlət tərəfindən rolunun artırılması təşviq edilən ingilis, fransız və digər qərb dillərinə nisbətən xeyli az tədris edilir.

Hər iki xadim və onların martın 25-də Dağlıq Qarabağda rus dilinin rəsmi statusu haqqında “qanun” qəbul edən tərəfdarları işğal edilmiş ərazilərdə dil soyqırımı həyata keçiriblər. Qarabağda rus dilinin keçən il baş verən müharibəyə qədərki statusu bunun parlaq nümunəsidir. İkinci Qarabağ müharibəsinə qədər Dağlıq Qarabağda 223 ibtidai və orta məktəb fəaliyyət göstərirdi. Tədris müstəsna olaraq erməni dilində həyata keçirilirdi. Yalnız Xankəndində bir məktəbdə tədris rus dilində aparılırdı.

Erməni milliyyətçilərin Rusiya ilə toqquşdurmağa çalışdığı Azərbaycan, Ermənistandan fərqli olaraq, tarixi reallıqlardan irəli gələrək, elm, ədəbiyyat, incəsənət sahəsində məlumatların əldə edilməsi, həmçinin insanlar arasında ünsiyyət üçün mühüm kommunikasiya vasitəsi olaraq qalan rus dilinin neytrallaşdırılmasına yönəlmiş hər hansı süni tədbir həyata keçirməyib. Burada dilin təkamülü siyasəti həyata keçirilir, bu siyasət dil sahəsində ictimai tələbata uyğunlaşdırılır. Bütün postsovet məkanında, o cümlədən Rusiyada olduğu kimi, Azərbaycanda da əhalinin ingilis dilinə və digər xarici dillərə marağı artır. Artan ictimai marağın təmin edilməsi məqsədilə ingilis dili təmayüllü orta və ali məktəblər açılır.

Lakin bununla yanaşı, rus liderliyi tutmağa davam edir. Hazırda Azərbaycanda bütün ölkə üzrə 300-dən çox ümumtəhsil məktəbində, 18 ali məktəbdə və 38 orta ixtisas məktəbində tədris rus dilində aparılır. Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası fəaliyyət göstərir. 2009-cu il noyabrın 24-də Bakıda postsovet məkanında ilk “Rus Kitab Evi” açılıb.

 

Rəy yaz

Analitika

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti