Rusiya-Azərbaycan müttəfiqlik Bəyannaməsi bizə nə vəd edir?

Türkiyə ilə Azərbaycan arasında 15 iyun 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi”nin ardından Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci ildə Moskvada imzalanmış 43 maddəlik müttəfiqlik Bəyannaməsi də bu baxımdan diqqət çəkir. İndiyə kimi iki ölkə arasında olan siyasi, iqtisadi, hüquqi, ticarət, hərbi və humanitar əlaqələrlə bağlı müqavilələr bir Bəyannamədə toplanaraq gələcək münasibətlərin yeni çərçivəsini müəyyən edir.

Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilədə, Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamədə, habelə, Rusiya və Azərbaycan Prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatında öz əksini tapan müddəalar yeni reallıqlar əlavə olunmaqla vahid sənəd halında imzalandı.

Bu Bəyannamənin imzalanması Rusiya üçün çox mürəkkəb və həssas dövrə təsadüf edir. Hazırda ABŞ və NATO ilə olduqca gərgin münasibətlər yaranıb. Beynəlxalq hüquqa məhəl qoymadan Krımdan sonra Ukraynanın ərazisində Donetsk və Luqansk qondarma separatçı rejimlərini müstəqil dövlət kimi tanıyıb. Ukrayna ilə sərhəddə yüz mindən artıq hərbi qüvvə toplayıb. Belə bir hərbi-siyasi şəraitdə Azərbaycanla müttəfiqlik Bəyannaməsinin imzalanması Rusiya üçün siyasi-psixoloji baxımdan daha münasib idi.

Azərbaycanın belə bir gərgin şəraitdə Rusiya ilə dostluq, əməkdaşlıq və müttəfiqlik sənədləri imzalaması nə qədər vacib olsa da, zaman baxımından uyğun deyildi. Azərbaycan 30 ildir Rusiyanın hərtərəfli dəstəyi ilə separatçılığa və işğala məruz qalıb. İndi Ukraynada separatçılığı açıq dəstəkləyən, dünyanın demokratik ölkələrindən sərt tənqid alan, sanksiyalarla üzləşən Rusiya ilə müəyyən məsafədə durmaq milli maraqlara daha uyğun idi. Sanki Rusiya bu addımı ilə beynəlxalq ictimaiyyətə Azərbaycanı öz yanında, öz siyasi təsirində olan ölkə kimi göstərməyə çalışdı.

Görünən budur ki Rusiyanın artan aqresiyası qarşısında nəinki postsovet ölkələrinin, hətta Şərqi Avropa dövlətlərinin də təkbaşına müqavimət göstərməsi getdikcə çətinləşir. Rusiya öz iqtisadi, siyasi və hərbi maraqlarını beynəlxalq hüquqa məhəl qoymadan gerçəkləşdirir. Qonşuluğunda olan ölkələrə hərbi-siyasi təzyiqi artırır.

Təəssüf ki qərbin ənənəvi bəyanatları, iqtisadi sanksiyaları Rusiyanın aqressiyasının qarşısını almağa yetərli deyil. Pribaltika respublikaları istisna olmaqla digər postsovet ölkələrinin  regional təhlükəsizliyi və sabitliyi üçün heç bir etibarlı qarantiya yoxdur. Rusiyanın hərbi-siyasi himayəsində olmayan postsovet ölkələrini Rusiyanın təhdidindən qoruyacaq effektli mexanizmlərin olmaması ciddi problem kimi qalmaqdadır.

Rusiya xeyli müddətdir ki, Azərbaycanı KTMT-də və Avrasiya İqtisadi İttifaqında üzv görmək istəyirdi. Kreml “Ərəb Baharı” dalğasında Orta Şərqdə və postsovet məkanında əlverişli hərbi-siyasi mövqe əldə etməyə çalışırdı. Qərbin seyriçi mövqeyi nəticəsində rəsmi Moskva xeyli dərəcədə öz istəyinə nail oldu.

Azərbaycan bir sıra diplomatik gedişlər edərək bu təzyiqlərdən yayına bildi. Rusiyanı qıcıqlandırmadan özünü qorumaq üçün 2011-ci ildə  “Qoşulmama Hərəkatı”na üzv oldu. Rusiyanın himayəsindəki hərbi-siyasi və iqtisadi birliklərdən kənarda qalmağa müvəffəq oldu. O dönəmdə Rusiya Azərbaycanı öz birliklərinə üzv edə bilmədi.

NATO-nun son sammitində Rusiyanın hədəf alınması, Ukrayna ilə arasındakı gərginliyin artması və bu ilin əvvəlində Qazaxıstanda baş verən ixtişaşlar Rusiyanın yaxın qonşularına təzyiqlərini yenidən artırdı. Məhz belə bir mürəkkəb şəraitdə Azərbaycanın Rusiya ilə müttəfiqlik sazişi imzalamasını təhlükəsizlik baxımından qiymətləndirmək lazımdır. Rusiyanı indiki vəziyyətdə qismən olsa da neytrallaşdırmaq üçün müəyyən addımların atılmasına zərurət yaranmışdı.

Lakin bu Bəyannamənin ölkənin milli maraqlarına cavab verməsi ilə bağlı narahatlıqlar da az deyil. Rusiya adətən öz maraqları tələb edəndə imzaladığı müqavilələri və sazişləri bir anda kağız parçası kimi kənara atır. Öz beynəlxalq öhdəliklərinə əməl etməyən bir ölkə ilə imzalanan istənilən razılaşma təhlükəsizlik baxımından etibarlı qarantiya sayıla bilməz. Hazırda Rusiyanın qonşuları ilə imzaladığı sənədlərin əksəriyyətinin ömrü Putin iqtidarının siyasi ömrü qədərdir.

Bəyannamədə öz əksini tapan bir sıra müsbət və mənfi məsələlər var. Bütövlükdə götürdükdə bu sənəd Rusiyanın Azərbaycanı öz birliklərində görmək istəyini təmin etməsə də Azərbaycanın xarci siyasətinə təsir imkanlarını daha da artırıb. Eyni zamanda Azərbaycanı əsasən öz təsirində olan ölkə kimi göstərməyə nail oldu.

Müttəfiqlik sazişinin 1-ci bəndində “iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulmasının” ifadəsi müsbət qiymətləndirilə bilər.

Habelə, 11-ci maddədə “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar” ifadəsi də ölkəmizin maraqlarına cavab verir.

Sənəddə bir sıra ümumi, sürüşkən və təhlükəli ifadələr də yer alıb. Hərbi əməkdaşlıq, təhlükəsizliyin, sülhün və sabitliyin qorunub saxlanmasında hərbi yardımlar, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla əməkdaşlıq, xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət və digər iqtisadi-siyasi məsələləri qeyd edə bilərik.

Qeyd etdiyimiz kimi sənəddə bir sıra müsbət və mənfi məqamlar olsa da onların uzunmüddətli qüvvədə qalacağı real deyil. 10 noyabr Atəşkəs Bəyanatının Azərbaycanın maraqlarına cavab verən bəndləri hələ də icra olunmayıb. Rusiya öz imperialist xislətindən doğan addımları heç bir müqavilə, sənəd olmadan da atır.

Son olaraq, Azərbaycan Rusiyanın təzyiqlərini bu kimi sənədlərlə durdura bilməyəcək. Rusiya Şərqi Avropanı, Cənub Qafqazı, Orta Asiyanı öz nüfuz dairəsində saxlamaq üçün bütün imkanlardan istifadə edir. Analizlər göstərir ki, ABŞ və Avropa İttifaqının sanksiyaları yaxın dövr üçün Rusiyaya ciddi təsir göstərməyəcək.  

Azərbaycan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək cəmiyyətdə ictimai-siyasi iştirakçılığın önünü açarsa, etimadlı siyasi və iqtisadi islahatlar həyata keçirərsə Rusiyanın təzyiqlərin daha az itki ilə önləyə bilər. Eyni zamanda ölkənin müstəqil vətəndaş cəmiyyəti və müxalifətinə münasibət də köklü şəkildə dəyişməlidir. Yerli idarəetmədən üzü yuxarı bütün instansıyalarda demokratik seçkilərin keçirilməsinə nail olmaq həyati əhəmiyyət daşıyır.

 

Nəsimi Məmmədli

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti