Prime Minister Nikol Pashinyan and President Vladimir Putin
AİƏT-ə üzv ölkə başçılarının mayın 19-da keçirilən videokonfransında Rusiya prezidenti Vladimir Putin Ermənistan və Belarusun qaz tələbatı məsələsinə toxunaraq qeyd edib ki, AİƏT-də hələlik qaza vahid qiymət qoyulmasından danışmaq tezdir. Putinin sözlərinə görə, bunn üçün daha dərin inteqrasiyaya ehtiyac var. O qeyd edib ki, Ermənistan və Belarusun bu məsələ ilə bağlı mövqeyi dəyişməzdirsə, bu bəndi AİƏT-in inkişaf strategiyasından çıxarmaq və onsuz strategiya qəbul etmək lazımdır.
Yerevandakı dairələr Putinin ucuz qaz müqabilində Ermənistana dərin inteqrasiya təklif etdiyini hesab edirlər. Bu inteqrasiya "başqa sözlə siyasi kapitulyasiya adlanır. Göründüyü qədər, Rusiyanın əsas şərtlərindən biri rubl əsasında vahid valyuta tətbiq edilməsidir", deyə Lragir yazır.
Rusiyanın Ermənistana tədarük etdiyi qazın qiyməti Avropada olduğundan 2,8 dəfə bahadır. 2020-ci ilin ilk rübünə olan məlumata görə, Avropaya (sərhəddə) nəql edilən Rusiya qazının orta qiyməti təxminən 87 dollar təşkil edir. Ermənistanla sərhəddə isə qiymət 165 dollar təşkil edir (Avropada olduğundan təxminən iki dəfə baha).
Rusiya qazının Avropada koronavirus pandemiyasından əvvəl başlayan qiymətdən düşməsi onun Ermənistan üçün yüksək qiymətinə təsir etməyib. 2019-cu ilin üçüncü rübündə Avropada Rusiya qazı artıq Ermənistanda olduğundan dəfələrlə ucuz idi, 2020-ci ilin aprelində isə min kubmetrin qiyməti təxminən 59 dollar təşkil edirdi, xəbəri epress.am Ermənistanın "Məlumatlı vətəndaşlar ittifaqı" QHT-sinə istinadla yayıb.
Aprelin əvvəllərində "Qazprom Armeniya" Ermənistanın İctimai xidmətlərin tənzimlənməsi Komissiyasına təbii qaz tariflərinə yenidən baxılması haqqında ərizə ilə müraciət edib. Orta tarifi 11% artırmaq və bir kubmetr üçün hazırki 112 dram yerinə 136 dram səviyyəsində müəyyən etmək təklif olunur.
Mayın 19-da V.Putin Rusiyanın qiymətqoyma mexanizmini izah edib. Ermənilər üçün qazın qiymətinin artırılmasını tələb edən "Qazprom Armeniya" Rusiya prezidentinin göstərişini yerinə yetirib.
Ermənistan ictimaiyyətində Rusiya qazının qiyməti ilə bağlı güclü narazılıq var. Yerevan mətbuatında dərc edilən məqalələrdə Rusiya və Ermənistan arasında Putinin diqqətə almadığı strateji əməkdaşlıq məsələsi dəfələrlə təkrar olunur. Müəlliflər Paşinyanın Rusiya qazı almaqdan imtina etməsini və Ermənistanı İran qazının istehlakına keçirməsini tələb edirlər.
Rusiyalı politoloq Andrey İvanov erməni iqtisadçıların Avropada Rusiya qazının qiymətinin xeyli ucuzlaşması, Ermənistana isə daha yüksək qiymətlə tədarük edilməsi haqqında bəyanatını şərh edərkən deyib: Ermənistanın siyasi rəhbərliyi başa düşməlidir ki, qazın qiyməti həmişə bir çox amildən asılıdır - dünyadakı orta qiyməti götürüb bu və ya digər ölkəyə yanacaq tədarükünün dəyərini hesablamaq olmaz, deyə o "Trend"ə bildirib.
Belə ki, Almaniya üçün Rusiya qazının qiyməti digər Avropa ölkələrinə nisbətən xeyli aşağıdır, sadəcə olaraq ona görə ki, RF-nin AFR ilə energetika sahəsində bir sıra birgə layihələri var. Həmçinin, İvanovun sözlərinə görə, qazın çatdırılmasının dəyərini, bununla bağlı siyasi riskləri və təbii ki, tədarük edilən qazın həcmini nəzərə almaq lazımdır:
"Məsələn, bu yaxınlarda tikilmiş "Sila Sibiri" ("Sibir gücü") boru kəməri ilə Rusiyadan Çinə uzun illər boyunca qaz nəql ediləcək, söhbət çox böyük "mavi yanacaq" alqısından gedir və müvafiq olaraq, Çin endirimlərə ümid edə bilər. Ermənistana gəlincə, bu ölkəyə tədarük həcmi nisbətən azdır. Bundan başqa, artıq imzalanmış uzunmüddətli müqavilələr və Ermənistanın öz üzərinə götürdüyü, bu ölkənin 2048-ci ilə qədər Rusiyadan müəyyən həcmdə qaz almasını nəzərdə tutan öhdəliklər var".
Politoloqun sözlərinə görə, məsələ ondadır ki, Rusiya və Ermənistan arasında münasibətlər tamamilə qarşılıqlı sərfəlilik əsasında qurulmur və onların Rusiya və Azərbaycanın ikitərəfli münasibətlərində olduğu kimi möhkəm iqtisadi əsası yoxdur:
"Moskva və Yerevan bir-birindən enerji resursları müqabilində siyasi loyallıq, hərbi müdafiə müqabilində iqtisadi yardım - bu və ya digər müqavilənin bağlanması, hansısa imtiyazlar əldə edir. Yəni Rusiya və Ermənistan arasında sırf iqtisadi müqavilə, sırf siyasi ittifaq və sırf hərbi-texniki əməkdaşlıq yoxdur. Məhz ən müxtəlif sahələrdən obyektləri olan qarışıq ticarət var. Əlbəttə, Yerevanın Qərbə daha çox meyl etməyə başlaması Moskvanın xoşuna gəlmir. Amma bu zaman Moskva yaxşı bilir ki, enerji resusrları, təhlükəsizlik, geosiyasi layihələrdə iştirak, satış bazarı - bütün bunlar onun əlindədir və buna görə orada Ermənistanın harasa "gedəcəyi" ilə bağlı ciddi narahatlıq yoxdur", deyə İvanov izah edib.
Rəy yaz