Александр Лукашенко и Владимир Путин в Сочи 14 сентября 2020 года
Lukaşenkonun məsələsində, sanki, problem aydındır: lider (indi artıq öz xalqının gözündə qeyri-legitim) sonuncu, onun fikrincə, pislərin ən yaxşısı olan resursa – Putinin himayəsi altına tam keçid resursuna əl atır. Səfər zamanı onun ritorikası və qeyri-adi davranış üslubu da bundan irəli gəlir: Qərbdə “Belarusun məhv edilməsi” üzrə yeddi mərhələdən ibarət ssenari planı sınaqdan çıxarılır, buna görə ölkə “böyük qardaşdan” möhkəm yapışmalı və bütün məsələlər üzrə əməkdaşlığı davam etdirməlidir, Belarusdakı hadisələr təkcə Rusiya və Belarus üçün deyil, digər postsovet respublikaları üçün də çox ciddi dərsdir (Moskva və Minsk bu dərsə tab gətirdi), Belarus dağılsa, eyni şey Rusiyanın da başına gələcək: Belarus prezidentini ancaq yerli qubernatorun qarşılamasına və Lukaşenkonun öz həmkarını üç saata yaxın gözləməli olmasına dözmək lazım gəlib. Qərblə münasibətlərin uzunmüddətlik pozulması ehtimalı olduğu bir şəraitdə Rusiya, Lukaşenkonu iki dövlətin siyasi və iqtisadi sahələrinin inteqrasiyası (çox vaxt udulma adlandırılır) ilə bağlı möhkəm mövqeyindən geri çəkməklə olsa belə, siyasi və iqtisadi sabitliyin əsas və yeganə amilinə çevrilir.
Onun rəqibi, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bəyanat verməyə tələsib: “Vladimir Putinə xatırlatmaq istəyirəm: Soçi görüşünüz zamanı nə qəbul etsəniz, nə haqda razılıq əldə etsəniz, qanuni qüvvəsi olmayacaq. Qeyri-legitim Lukaşenko ilə imzalanan bütün müqavilələrə yeni hakimiyyət yenidən baxacaq. Çünki Belarus xalqı Lukaşenkoya etimad göstərməkdən və seçkilərdə onu dəstəkləməkdən imtina edib”.
Bu arada, fəal ittifaq dövləti yaradılması ilə bağlı şövq hər iki dövlətdə getdikcə azalır. Rusiya xalqının gözündə inteqrasiya və bundan sonra ona dəstək məqsədilə müharibə yalnız vergi yükünün artması deməkdir. Hətta 2020-ci ilin yanvarında rəhbərliyin birləşməsi hesabına Rusiya-Belarus ittifaqının möhkəmlənməsi planlarını Rusiya vətəndaşlarının cəmi 13%-i dəstəkləyirdi (əksəriyyət siyasi əməkdaşlığın deyil, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarı idi).
Elə həmin Svetlana Tixanovskaya qonşu ölkənin əhalisinə müraciət edib: “Əziz Rusiya vətəndaşları! Sizin vergilərinizlə bizim döyülməyimiz ödəniləcək. Əminik ki, siz bunu istəməzdiniz. Bu, Lukaşenkonun can çəkişməsini uzada bilər, amma xalqın qələbəsinin qarşısını ala bilməyəcək”.
Analitiklər isə hesab edirlər ki, “birləşmə” Qərbin sanksiya reaksiyasına və yeni küçə etirazları dalğasına səbəb olacaq, belə ki, bu siyasi addım Putinin əsas prinsipini: “Qoy Belarus xalqı hansı istiqamətdə irəliləyəcəyinə özü qərar versin, buna görə heç kim bu hadisələrə müdaxilə etməməlidir” prinsipini təkzib edir. Amma bu, öz-özlüyündə inteqrasiyanın deyil, onun formasının qəbul edilməməsi deməkdir, axı Moskva qardaş respublikanın iqtisadiyyatına 130 mlrd. dollar yatırıb, Minsk KTMT-nin və Aİİ-nin fəal iştirakçısıdır. Bu təşkilat olmasa həm dünyada, həm də postsovet məkanında Rusiyanın nüfuzu kəskin şəkildə (bəlkə də kritik həddə) azalacaq.
2021-ci ildə keçirilməsi planlaşdırılan hərbi təlimlər (Putinin bəyanatına görə, bu təlimlər hər iki ölkənin ərazisində, demək olar ki, hər ay keçiriləcək) hərbi cəhətdən tədricən Belarusa daxil olmaq və Rusiya bazaları yaratmaq üçün yaxşı imkan ola bilər.
Göründüyü qədər, hadisələrin gələcək inkişaf ssenariləri az deyil və konkret addımlar atmazdan əvvəl yaxşı düşünmək lazımdır. Buna görə də, təxmin etmək olar ki, Putin görüşdə iki suala cavab tapmağa çalışıb: Lukaşenko ölkəni nə dərəcədə idadə edir, yəni onun siyasi gələcəyi varmı və o, bunun üçün nələrə hazırdır?
Emmanuel Qrinşpan (15.09.20, Le Temps) hesab edir ki, Moskva konstitusiya islahatını alqışlayır, hesab edir ki, bu islahat sayəsində “parlamentdə və yerli hakimiyyət orqanlarında iştirak etməklə bir və ya bir neçə siyasi partiya vasitəsilə Belarusda möhkəmlənə bilər. Moskva Lukaşenkonu yalnız onun prezident imtiyazları başqa institutlara təhvil verildikdən sonra başqa bir şəxslə əvəz etməyə çalışacaq”.
Qeyd etmək lazımdır ki, bütün hadisələr Avropa İttifaqının, demək olar ki, tam müdaxiləsi və D.Trampın Belarusda demokratiyanın aqibətinə kifayət qədər soyuq münasibəti fonunda baş verir. Demək olmaz ki, heç bir reaksiya yoxdur, köhnə və yeni Qərb dünyasında cidd-cəhdlə söz naxışı toxunur, amma hələlik iş konkret əməllərə gedib çatmır. Hətta konkret olaraq Lukaşenkoya qarşı sanksiyalar tətbiq etmək ideyası ehtiyatla qarşılanır ki, bu halda “danışıqlar aparacaq adam olmayacaq”.
Bu şəraitdə Lukaşenkonun və etirazçıların qarşıdurması elə bir böhran vəziyyətinə çevrilə bilər ki, tərəflərdən birinin ondan çıxışı radikal addımlarla assosiasiya olunacaq, bu addımlardan sonra qarşıdurma hazırki qeyri-adi cəzbedici xarakterini itirəcək. Belarusda vəziyyətin öz-özlüyündə vətəndaş müharibəsinə çevrilə biləcəyinə inanmaq çətindir, amma gərginliyin artmasında maraqlı olan qüvvələrin ölkəni süni olaraq buna sürükləyəcəyini istisna etmək olmaz.
“Prezidentin, demək olar ki, tamamilə dövlətin repressiyalar həyata keçirmək iqtidarı sayəsində hakimiyyətdə qaldığı vəziyyəti necə adlandırmaq olar? Bunun adı işğaldır, - deyə Böyük Britaniyanın Belarusdakı keçmiş səfiri Quld-Devis qeyd edir. – Və belaruslar artıq bunu görür”. Belaruslar ikinci dünya müharibəsi illərində ölkə əhalisinin dörddə birindən çoxunun həyatı bahasına işğala qarşı mübarizədə təsirli tədbirləri yaxşı mənimsəyiblər. Bu gün hələlik “işğalçı” cəmi bir nəfərdir və xalqın tələbi sadədir: “hamı bir nəfərsiz” – “hamı Lukaşenkosuz”.
Bəzi icmalçılar etirazların MDB ölkələri üçün görünməmiş miqyasını və nadir xarakterini vurğulayaraq, eyni zamanda müxalifət qüvvələrinin uğur əldə etməsi üçün başqa ölkələrdə hakimiyyətin dəyişməsinə gətirib çıxarmış bəzi elementlərin çatışmadığını etiraf edirlər. İcmalçı Mixael Tuman (11.09.20, Die Zeit) bu elementləri birləşdirərək, ordunun dəstəyi, xarici dəstək və effektiv təşkilatçılığın mövcudluğunda cəmləşdirib. Amma, bəlkə də, Belarus hərəkatının uğuru və uzunmüddətliliyi məhz ondadır ki, onda hələlik öz maraqlarını irəli sürmək iqtidarında olan (buna imkanı olan) siyasi qüvvələr yoxdur, təsirli xarici oyunçu yoxdur. Bununla əlaqədar baş verən hadisələrdə gözəl cinsin nümayəndələrinin rolunu nəzərə alaraq, Belarusdakı etiraz hərəkatının tez-tez “qadın hərəkatı” adlandırıldığını da qeyd etmək maraqlıdır.
Putinin yaranmış vəziyyətdə əsas narahatlığı ondan ibarətdir ki, Belarus inqilabının zəncirvari dalğası həddindən artıq əlverişsiz dövr keçirən Rusiyaya sıçraya bilər. Buna görə Belarus hərəkatı Qərbə doğru yönələrsə (hələlik bu, az ehtimal olunan hadisə kimi qiymətləndirilir) Rusiya hərbi müdaxilə qərarına gələ bilər. Digər, daha çox ehtimal olunan ssenari – qonşulardan yoluxmuş Rusiyadaxili narazılığın artıq dəfələrlə üz tutulmuş “kiçik müharibə” yolu ilə azalması. Bunun üçün Belarusu Qərbin qarşısının alınmasında ön mövqe kimi görən Rusiyanın müdafiə doktrinasında bu ölkənin rolu bəhanə ola bilər.
Beləliklə, Lukaşenko – “axsaq ördəkdir” və o, siyasi karyerasının sonuna qədər axsaqlığını itirməyəcək.
Putin çətin bir məsələni həll etməli olacaq: Rusiyaya sıçramaq təhdidi olan Belarus hərəkatınə daha nə qədər göz yummaq olar?
ABŞ ən azı gələn ilin əvvəlinə qədər (fövqəladə hadisələr baş verməsə) Belarusdakı hadisələrə müdaxilə etməyəcək.
Bu şəraitdə Aİ qeyri-iradi olaraq vasitəçi rolunu öz üzərinə götürəcək, Rusiyanın səssis və ya açıq razılığı ilə Belarusda hakimiyyət və müxalifət arasında danışıqların təşkili kimi kifayət qədər çətin vəzifəni həll etməli olacaq.
Məlum olduğu kimi, MDB məkanında ölçülüb-biçilmiş proqnozlar heç vaxt həyata keçmir, buna görə ekssentrik hadisələr istisna deyil.
Rəy yaz