Tandem həlledici mərhələni işə salıb

Prezidentin idarəetmə sisteminin müasirləşdirilməsi struktur və kadr dəyişikliklərini ehtiva edir. Faktiki olaraq payızda prezident İlham Əliyev təkcə prezident aparatında deyil, bütünlükdə hakimiyyət sistemində köhnə kadrların təmizlənməsinin son mərhələsini işə salıb. Bu prosesin gələn ilin yazında - seçkilərə qədər qismən və seçkilərdən sonra tamamilə başa çatacağını gözləmək olar. Bu payızda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, prezidentin ictimai-siyasi məsələr üzrə köməkçisi Əli Həsənov kimi mötəbər funksionerlər öz vəzifələrindən məhrum oldular.

Bu müddət ərzində birinci vitse-prezident Mehriban Əliyevanın təsir dairəsində olan kadr tərkibinin güclənməsi müşahidə olunub. Bu gün Əliyevlər tandemi, demək olar ki, hakimiyyət və şəxsi nüfuz iddialarından məhrum olan icraçılardan ibarət kadr tərkibi formalaşdırıb, bu da komanda üzvlərini, bu günə qədər olduğu kimi, şəxsi maraqlarının inkişafına və möhkəmləndirilməsinə deyil, əsasən dövlətə işləmək üzərində cəmləşdirməyə imkan verir. Bu, artıq yüksək məmurların faydalı iş əmsalı nöqteyi-nəzərdən yaxşı haldır.

Parlamentin buraxılmasını və yeni deputat korpusunun formalaşdırılmasını icra hakimiyyətinin struktur və kadr dəyişikliklərinin mühüm köməkçi hissəsi kimi qiymətləndirmək olar. Parlamentin yeni tərkibi, çox güman ki, birinci vitse-prezidentin iştirakı ilə müəyyən ediləcək. Və ali icra hakimiyyətinin kadr potensialının formalaşdırılmasına onun yanaşmasına baxdıqda, parlamentin tərkibinin təhsil və peşəkarlıq meyarlarının tətbiqi ilə xeyli gəncləşdiriləcəyini proqnozlaşdırmaq olar. Bu, parlamentin icra hakimiyyətinin qərarlarını təsdiq edən strukturdan qanunyaradıcı və təşəbbüsçü struktura çevrilməsini təmin etməyə imkan verəcək. Əlbəttə, bu mərhələdə hökumətə nəzarət funksiyasının parlamentə verilməsini gözləmək olmaz, buna baxmayaraq, opponentlik funksiyalarının genişləndiriləcəyini gözləmək olar.

Prezidentin nümayiş etdirdiyi davranış xətti göstərir ki, seçkilər ənənəvi şəkildə - seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi dəyişdirilmədən və icra hakimiyyətinin nəzarəti altında keçiriləcək. Əvvəllər də olduğu kimi, prezident parlamentin divarları arasında müxalifətin iştirakını görmür və bu yaxınlarda müxtəlif platformalardan - yerli və beynəlxalq tədbirlərdən istifadə edərək, onun nüfuzdan salınması üçün iki ay davam edən kampaniya həyata keçirib. Və bir sıra hallarda müvəffəqiyyət əldə edib, bu, adı Avropaya mühacirət etmək istəyən şəxslərin müxalifət sənədləri ilə təchiz edilməsində hallanan Müsavat Partiyası ətrafında böhranda özünü büruzə verib.

Xarici qüvvə mərkəzlərinin Əliyevlərin təşəbbüskarı olduğu prosesə dəstəyi nəzərə çarpır. ABŞ, Avropa İttifaqı, Rusiya Əliyev Administrasiyası ilə bağlı addımlarında ehtiyatlıdır. 19 oktyabr mitinqinin dağıdılmasına kəskin mənfi reaksiya istisna olmaqla, bütün digər addımlar izlənilir və diqqətə alınır, bunu da yeni siyasətin təqdir edilməsi kimi qiymətləndirmək olar. Bu aspektdə birinci vitse-prezidentin Fransa və Rusiyaya səfərlərini əlamətdar adlandırmaq olar, bu səfərlər tandemin bütün təşəbbüslərinə və gələcək addımlarına gizli dəstəyi nümayiş etdirib.

İlk iki mərkəz Azərbaycanın sivil dünyaya inteqrasiyasına və vətəndaş azadlıqlarına gətirib çıxarmalı olan islahatların həyata keçirilməsində, üçüncüsü isə öz iqtisadi ambisiyalarının ardıcıl olaraq təmin edilməsində maraqlıdır. Azərbaycandakı vəziyyətlə bağlı güc mərkəzlərinin maraqlarını birləşdirən ortaq məsələ tədrici inkişaf dövründə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasıdır.

Şübhəsiz, son dəyişiklikləri uzun illər davam edən siyasi və iqtisadi durğunluqdan sonra müsbət təmayüllərin davamı kimi qiymətləndirmək olar. Amma nəzərə almaq lazımdır ki, bu dəyişikliklər böhranın və Əliyev administrasiyasından konstitusiya öhdəliklərinin və beynəlxalq öhdəliklərin yerinə yetirilməsini tələb edən ictimai etirazın və xarici iradların artmasının nəticəsidir.

 

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti