Arxiv
Son vaxtlar mətbuatın və dünya hadisələrinin təhlili iki ölkənin sərhəd ərazilərinə keçən Ermənistan-Azərbaycan münaqişəsində hərbi fəallığın artmasına təsir göstərə bilən bir neçə ssenarinin çizilməsinə imkan verir.
Obyektivlik naminə müzakirə olunan ssenarini qeyd edək, bu ssenariyə əsasən hər iki dövlətin hakimiyyət strukturları pandemiya və çoxsaylı sosial problemlər səbəbindən daxili təzyiqi hiss edərək ictimai narazılıq vektorunu Ermənistan və Azərbaycan sərhəddində hərbi qarşıdurma yolu ilə yenidən istiqamətləndirmək barədə az qala razılığa gəliblər. İki ziddiyyətli altssenari təsdiqləyir ki, bu, bir tərəfin təşəbbüsü olub və ikinci tərəf də buna həvəslə qoşulub. Bəzi analitiklər bu versiyanı belə intensiv artilleriya atəşi nəticəsində qurbanların sayının müqayisəli şəkildə az olması ilə izah edir və yüksək rütbəli azərbaycanlı zabitlərin öz ərazisində həlak olmasında heç də erməniləri günahlandırmır?!
Lakin dünya hadisələri baş verənləri yalnız “müqavilə” ssenarisi çərçivəsində qəbul etməyə əsas vermir.
İlk növbədə, ABŞ dövlət katibi M. Pompeo tərəfindən səslənən və bu layihədə iştirak edən dövlətləri və təşkilatları cəzalandırmağa yönələn sanksiya siyasəti vasitəsilə ABŞ-ın durmadan Rusiyanın qaz magistrallarını – “Şimal axını-2” (Avropa) və daha sonra “Cənub axını”nın (Türkiyə-Avropa) qarşısını almaq cəhdləri diqqəti çəkir.
Xatırladaq ki, “Türk axını” 2020-ci ilin yanvarından fəaliyyət göstərir və nəinki təkcə Türkiyəyə qaz tədarükünü təmin edib, həm də Avropaya 1,3 mlrd kub/m qaz nəql etməyə nail olub. Həmin vaxtadək Türkiyə Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaldıb və onun Azərbaycandan nəql ilə əvəzlənməsinə üstünlük verib.
Məlumata görə, (22.07.20, Turan) “Türk axını” dəniz qaz kəməri tezliklə - iyulun 27- dən avqustun 10-dək daha bir təmir üçün dayanacaq, may ayından isə Rusiya qazının Türkiyəyə başqa bir boru kəməri- “Mavi axın” ilə verilməsi tamamilə dayandırılıb. Həmçinin bildirilir ki, Azərbaycan 2020-ci ilin yanvar - iyun aylarında Türkiyəyə 6,36 mlrd.kub/m qaz – onun ümumi qaz alışının 23% - i (27,6 mlrd. kub/m-dən çox) ixrac edib və tədarükçülər arasında lider olub.
Güman edilir ki, Ermənistan və Azərbaycanın hərbi əməliyyatları yüksəklik uğrunda aparılır, belə ki, bu yüksəklik qaz və neft nəqli kommunikasiyalarına, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna zərbə endirməyə imkan verir. Sual vermək olar ki, Azərbaycandan qaz nəqli Moskvanı o qədər qayğılandırır ki, belə qətiyyətli addımlar atsın? Əgər Türkmənistanın (dünya qaz ehtiyatları ilə dördüncü) Azərbaycan magistralına qoşulmaq planı reallaşmağa başlayarsa, ola bilər. Bu gün Aşqabadın kifayət qədər xeyirxah olan qərarı, hətta Azərbaycan kommunikasiyaları qısa müddətə sıradan çıxsa belə, kəskin şəkildə dəyişə bilər. Biz artıq gördük ki, Azərbaycan yenidən Novorossiysk magistralından istifadə etməyə başladı və çətin ki məsələ fövqəladə hallar zamanı təchizat yollarının diversifikasiyasından ibarət olsun.
Digər tərəfdən, uğrunda bu cür şiddətli döyüşlərin getdiyi yüksəklik Azərbaycana da Rusiya qazını Gürcüstan ərazisilə Ermənistana çatdıran qaz kommunikasiyalarına (“Qazprom Armeniya” Tavuşda qaz şəbəkəsinin zədələndiyini bildirib) zərbə endirməyə imkan verir ki, bu da dolayısı ilə Gürcüstanı mövcud münaqişəyə cəlb edir. Görünür, Gürcüstanın Serbiya tərəfindən Ermənistana göndərilən silahların öz ərazisi ilə keçirilməsinə icazə verməsi xəbəri də təsadüf deyil. Gürcüstanın bu “informasiya”nın təkzibi ilə bağlı reaksiyasının cəldliyi göstərdi ki, Tbilisi, arxasında Rusiyanın dayandığı münaqişəyə hətta dolayısı ilə cəlb olunmaqdan nə dərəcədə ehtiyat edir.
Dünya siyasi səhnəsinin digər ssenarisi öz nüfuzunu artırmaqdan ötrü ABŞ-Rusiya ziddiyyətindən uğurla istifadə edən Türkiyəyə təsir etmək üçün uzunmüddətli mübarizə ilə bağlıdır. Rusiya ilə yaxınlaşma Suriya və Liviya problemlərinə dair ziddiyyətləri aradan qaldırmadı, Ankaranın Bakını qətiyyətlə dəstəkləməsindən sonra Ermənistan problemi də əlavə olunur.
Digər tərəfdən, məlum olduğu kimi, Ankaranın Vaşinqtonla münasibətləri istiləşməyə başlayıb. Tərəflər əsasən Liviya məsələsində qarşılıqlı fəaliyyət göstərmək qərarına gəliblər, Suriyada isə ABŞ, nəhayət, kürd birləşmələrinin Türkiyə sərhədlərindən sıxışdırılmasına imkan verərək Ankaraya güzəştə gedib. Azərbaycan-Ermənistan sərhəddindəki son hadisələrlə bağlı ABŞ və Türkiyənin həmrəy mövqedən çıxış etdiyini düşünmək üçün bəzi əsaslar var. Həmin əsaslar arasında vəziyyətin kəskinləşməsinin RF Təhlükəsizlik Şurasında müzakirəsi, bundan sonra Moskvanın açıq şəkildə KTMT-dən istifadə ideyasından soyuması, Ankaranın münaqişə ilə bağlı qeyri-adi qəti mövqeyi, Bakının ABŞ hərbi yardımından məhrum edilməsi üzrə təşəbbüsün baş tutmaması, mahiyyətcə Azərbaycanın öz ərazilərinin işğalına məruz qalan ölkələr sırasına ilk dəfə rəsmən daxil edilməsi var. Baxmayaraq ki, Moskva “Qafqaz-2020” miqyaslı təlimlərinə başlayır, belə təəssürat yaranır ki, qızışmaqda olan münaqişə məsələsində o, geri çəkilməyə məcbur olub (KTMT mexanizmi işə salınmayıb, 2016-cı illə müqayisədə hərbi hərəkətlərin dayandırılması tələbləri o qədər də təkidli olmayıb). Maraqlıdır ki, zəif reaksiya ABŞ və Aİ tərəfindən müşahidə olunur.
Görünür, daha bir ssenari karbohidrogenlərin, ardıcıl olaraq neft-qaz kəmərlərinin qiymət probleminə aiddir. Xarakterik haldır ki, neftin qiyməti uzun müddət qeyri-sabit vəziyyətdən sonra artmağa başlayıb və bir barrelə görə $44-a çatıb (22.07). Və burada qeyd etmək lazımdır ki, neftin qiymətinin tənzimlənməsi mexanizmi təkbaşına ABŞ-ın əlində olmasa da, qiymətlərin kəskin çökməsi ssenarisi də daxil olmaqla onlara çox uğurla nəzarət edir. İndi Vaşinqton qazın qiymətində də eyni mövqeni tutmağa çalışır və onu, bəlkə də ən güclü kozırı Moskvanın əlindən alır.
Erməni KİV-in təklif etdiyi və günahkar axtarışı istisna olmaqla, həmişə birmənalı cavabla və bugünkü toqquşmanın 2016-cı ilin aprel hadisələri ilə bir qədər paradoksal müqayisəsi ilə başa çatan ssenarilərdən də yan keçmək olmaz. Müəlliflər “bugünkü qələbələr”in rolunu və Ermənistan ordusunun döyüş hazırlığının səviyyəsini artırmaq üçün tez-tez açıq şəkildə göstərirlər ki, “2016-cı il müharibəsi”ndə məğlubiyyət olub, halbuki, əvvəllər belə bəyanatlar və qiymətləndirmələr nadir halda olub.
Ümumilikdə, Ermənistan mətbuatı öz siyasi əhatəsinə əsaslanır, tamamilə aydındır ki, Paşinyanpərəst və ya müxalifət meyllərini ortaya qoyur. Həlledici anda Ermənistanı tam dəstəkləməkdən imtina edən Rusiyaya qarşı həqiqi münasibət daha az qabardılıb. Bəzən Moskvanın öyüd-nəsihətləri eyni vaxtda qorxutmağa və Rusiyanı təqdir etməyə yönələn müəyyən fantastik arqumentlər qazanır. Fikrimizi əsaslandırmaq üçün “Lragir”in şiyasi şərhçisi Akop Badalyanın materialından bir hissəyə baxaq. O bildirir ki, hərbi əməliyyat zamanı erməni ordusu nəinki regional hərbi-siyasi vəzifənin öhdəsindən gəldi, həm də ABŞ və Çin tərəfindən qurulan yeni dünya düzəninin qovşağı” qismində Ermənistanın əvəzsiz olduğunu təsdiqlədi. - Əliyev ilk güclü zərbəni aldı: dünya düzəni qurulur” (“Lragir“, Ermənistan,13.07.20). Əlbəttə, artıq belə bir analitikadan oxucu çaşqın vəziyyətə düşür, amma “analitikanın duzu” bundan ibarət olsaydı dərd yarı idi. İkinci mesaj, necə deyərlər, onu göstərməyə yönəlib ki, artıq dünya müstəsna olaraq Yerevandan idarə olunur: “Bu, Ermənistanın və yeni dünya düzəninin Bakıya ilk zərbəsidir. Erməni tərəfinin əks-zərbəsi xarici işlər nazirinin ABŞ, sonra isə Çin səfirləri ilə görüşlərindən sonra gəldi.
ABŞ və Çin yeni dünya düzəninin sərhədlərini çəkirlər və bu, Rusiya-Türkiyə strateji tərəfdaşlığının başa çatmasına gətirib çıxaracaq. Bu, Ermənistan-Türkiyə müqavilələrinin 100 illiyi ərəfəsində baş verir. Aprel müharibəsi zamanı suveren müqavimət göstərdikdən sonra ayağa qalxan erməni ordusu məxməri inqilab zamanı suverenlik ehtiyatını artırdı və nümayiş etdirdi ki, bu dəfə Rusiya-Türkiyə müqavilələrini Ermənistanın hesabına canlandırmaq mümkün olmayacaq”.
Lakin hətta hakimiyyətə yaxın dairələrdə də Rusiyanı hara qədər danlamağın mümkün olduğu hədləri yaxşı bilirlər. “Düşünülmüş dəhşət” Moskvaya göstərməlidir ki, yaranmış vəziyyətdə “Ermənistan Rusiya üçün ekzistensional dərəcəyədə vacibdir, çünki ABŞ və Çinin çizdiyi dünya düzənində Ermənistan Rusiyanın Qafqazda rolunun saxlanması üçün əvəzsiz variantdır”. Və nəhayət, Yerevan üçün Moskvaya bütün hesabları ödəmək imkanı yarandı! Müdafiə naziri David Tonoyan tərəfindən “antirusiya dalğası”nın sərt tənqidi ABŞ və Çin səfirlərinin onun idarəsinə gəlməsinə səbəb oldu. Bu gəlişlər zamanı müəyyən edildi ki, “yeni dünya düzəninin gündəmində Ermənistan-Rusiya münasibətlərinin pozulması yoxdur, əksinə, Ermənistanın suverenliyinin möhkəmləndirilməsi vəzifə olaraq qoyulur, bu fonda isə Qafqazda Rusiya-Ermənistan münasibətləri yeni düşən şəraitində Rusiya siyasətinin proqnozlaşdırılmasının şahidi olur”. Necə deyərlər: necə istəyirsən elə də başa düş!
Bəzi politoloqlar (Aleksandr İsgəndəryan) diqqəti o fakta yönəldirlər ki, iki ölkə arasında rəsmi sərhəd yoxdur, çünki SSRİ-nin süqutundan sonra Ermənistan-Azərbaycan sərhəddinin demarkasiyası və delimitasiyası həyata keçirilməyib. Hindistan-Çin münaqişəsində olduğu kimi, yalnız şərti təmas xətti var. Bu təmas xətti boyunca strateji yüksəkliklər uğrunda mövqe mübarizəsi gedir. Bununla əlaqədar hərbi ekspert Leonid Nersisyan iddia edir ki, “Ermənistan tərəfi miqyaslı əks-hücum edib və yüksəkliklərdən birini tutub. Azərbaycan tərəfdən belə ağrılı reaksiya və yüksəkliyi geri qaytarmaq üçün iki gün davam edən aktiv cəhdlər də bununla izah edilir”, - dolayısı ilə toqquşmanın təşəbbüsçüsünə işarə edib.
Ermənistan-Rusiya müttəfiqliyini durmadan dəstəkləyən müxalifət düşərgəsində (Artaşes Geqamyan) qeyd edirlər ki, ABŞ və Avropa İttifaqının təqdiri ilə Azərbaycanın Dağlıq Qarabağa qarşı yeni müharibəyə başlayacağı ilə bağlı onların may ayı proqnozu gerçəkləşdi (sual yaranır ki, bəlkə buna görə Yerevan Bakını qabaqlayaraq sərhədyanı müharibəni birinci başladı ki, Qarabağdakı öz mövqelərini zərbə altından çıxarsın?). Aİ ilə hər şey aydındır: Aİ 2020-ci ildən sonrakı dövr üçün “Şərq Tərəfdaşlığı” siyasətinə dair sənəddə xalqların özünütəyin hüququnu yada salmadan yalnız ərazi bütövlüyü, müstəqillik və suverenliyi göstərib! Müəllif istər-istəməz düzgün nəticəyə gəlir: sənədin əsas ünvanı Ermənistan və Azərbaycan, həm də Dağlıq Qarabağdır.
ABŞ-a gəlincə, Azərbaycanı hərbi yardımdan məhrum etməkdən imtinadan və ölkə ərazisinin bir hissəsinin işğal edilmiş kimi tanınmasından sonra arqumentlər kəskin şəkildə artıb.
Nə olursa, olsun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətin dəyişməsində incə nöqtəli xətt tamamilə bəllidir. Lakin bu dəyişikliklərin Azərbaycanın xeyrinə olmasına aldanmaq lazım deyil..
Rəy yaz