Tehran şimal qonşularının geosiyasi addımları ilə bağlı "rahat olmaq" istəyir

Həm regionda, həm də regiondan kənarda Ruhaninin səfərini diqqətlə izləyirdilər. Hələ Ruhaninin Aşqabada gəlişindən əvvəl müxtəlif KİV-lər iddia edirdilər ki, İran və Türkmənistan, həmçinin İran və Azərbaycan arasında bir sıra həll edilməmiş və hətta mübahisəli məsələlər var. Çoxları Ruhaninin şimal qonşularına bu məsələlərin həlli üçün getdiyini düşünürdülər.

Amma dörd günlük səfərin yekunları göstərdi ki, "gözlənilən sıçrayış" olmadı, baxmayaraq ki, tərəflər öz davranışlarında maksimum qarşılıqlı hörmət nümayiş etdirdilər.

İran prezidentinin səfərinin yekunlarına görə imzalanmış sənədlərin keyfiyyəti də buna dəlalət edir. Belə ki, iki ölkə ilə ümumilikdə 20 sənəd imzalanıb. Türkmənistanda imzalanmış 12 sənəd memorandum və protokol xarakteri daşıyır. Azərbaycanda 8 sənəddən yalnız biri ticari xarakter daşıyır (İran tərəfə 500 mln. dollar məbləğində kredit verilməsi haqqında). Bu sənəd İranın Azərbaycan iqtisadiyyatına investisiyalarını nəzərdə tutmur.

Yəni 90-cı illərdə və 2000-ci illərin əvvəllərində İranın şimal qonşularının "həyat və məişətinə" iqtisadi təsiri güclü hiss olunurdusa, XXI əsrin əvvəllərindən bu təsirin tədricən azalması müşahidə olunurdu. Yeni Xəzəryanı müstəqil dövlətlər iqtisadi vəziyyətlərini nə qədər çox yaxşılaşdırsalar İrandan bir o qədər uzaqlaşırdılar.

Məsələn, Azərbaycan və İİR arasında ticarət dövriyyəsinin ən yüksək həddi 2007-ci ildə qeydə alınıb - 541 mln. dollar. 2013-cü ildə bu göstərici 277 mln. dollara düşüb, 2015-ci ildə minimum səviyyədə olub - 132 mln. dollar. Yalnız 2017-ci ilin yekunlarına görə ticarət dövriyyəsi 267 mln. dollara qədər artıb, yəni dörd il əvvəlki səviyyəyə çatmayıb.

İranın, demək olar ki, bütün Xəzəryanı ölkələrlə münasibətlərində də eyni şey müşahidə olunur: ticarət dövriyyəsi beş il əvvəl olduğundan xeyli aşağıdır.

Maraqlıdır ki, Həsən Ruhani Aşqabadda da, Bakıda da Qurbanqulı Berdımuhəmmədov və İlham Əliyev ilə birgə mətbuat konfranslarında diqqəti yüklərin nəqli sahəsində əməkdaşlıq məsələlərinə, habelə Xəzərdə birgə işlərin həyata keçirilməsinə çəkib. Aşqabadda İran liderinin diqqətinə çatdırılıb ki, Türkmənistan dəmir yolları İran infrastrukturu ilə iki xətlə birləşib. 2016-cı ildən başlayaraq Türkmənistan vasitəsilə Çindən Tehran istiqamətinə üç yük qatarı göndərilib. Bundan başqa, Berdımuhəmmədov qeyd edib ki, hazırda Türkmənistan Xəzərdə Türkmənbaşı limanının gücünü artırır, onun vasitəsilə İranın şimalında Ənzəli ticarət və Neka neftdaşıma limanları ilə əlaqəni inkişaf etdirmək olar.

Göründüyü kimi, İran lideri Aşqabadda bu mövzunu inkişaf etdirmək niyyətində deyildi, çünki Bakıda onu nə gözlədiyini bilirdi. Rəşt şəhərindən Azərbaycanın sərhədinə qədər dəmir yolu hissəsinin tikintisinə Bakı 500 mln. kredit verib (baxmayaraq ki, layihənin həyata keçirilməsi ilə Azərbaycan şirkəti məşğul olacaq).

Xəzər mövzusu Bakıda danışıqlar zamanı diqqət mərkəzində olub. Ruhani öz nitqində bu barədə çox danışıb. O, əvvəllər də olduğu kimi, Xəzər layihələri üzrə müxtəlif sahələrdə əməkdaşlığın faydaları və üstünlükləri haqqında danışıb. Amma heç nəyi ətraflı açıqlamayıb.

Azərbaycan prezidenti İlham Əliyev də nikbin idi: "tərəflər arasında Xəzərdəki blokların birgə işlənməsi haqqında sənədin imzalanması tarixi hadisədir və yeni imkanlar açır".

Onun sözlərinə görə, Azərbaycan və İran energetika sahəsində uğurla əməkdaşlıq edirlər və "tərəflər çoxtərəfli əməkdaşlıq formatını inkişaf etdirməyə qərar veriblər".

Qeyd etmək lazımdır ki, AR Energetika Nazirliyi və İİR Neft Nazirliyi arasında imzalanmış memorandum o qədər qarışıqdır ki, gün ərzində heç bir rəsmi şəxs onu şərh etmədi. Baxmayaraq ki, çoxları İran-Azərbaycan münasibətlərində məhz Xəzərdə ən dərin blok olan "Araz-Alov-Şərq"in (dərinliyi 800-900 metr) birgə işlənməsi ilə bağlı irəliləyiş gözləyirdilər. 2001-ci ilin iyulunda İran hərbi gəmilərinin təzyiqi altında Azərbaycanın xidmət gəmisi bu blokda geofiziki araşdırmalar aparılmasını dayandırdı (operator BP şirkəti). Sonradan İran bildirdi ki, Xəzərin dibinin sektoral prinsip ilə deyil, bərabər - hər bir tərəfə 20% olmaqla bölünməsini ədalətli hesab edir. Nəticədə xarici şirkətlər layihəni tərk etdilər, müqavilə isə ləğv olundu.

Nə Bakıda, nə də Aşqabadda tərəflər düz 20 ildir üzərində daimi iş gedən Xəzərin hüquqi statusuna da toxunmayıblar. 2017-ci il dekabrın əvvəllərində RF XİN başçısı Sergey Lavrov tezliklə Xəzərin hüquqi statusu haqqında konvensiya imzalanacağını anons etmişdi. Həm də o hesab edirdi ki, bu, Xəzəryanı ölkələrin Astanada keçiriləcək növbəti sammitində baş tutacaq. Amma indiyədək bu sammit barədə heç kim danışmır. Üç Xəzəryanı ölkənin liderləri bu barədə "ucadan danışmamağı" qərara alıblarsa, deməli "Xəzərin statusu hüquqi deyil, siyasi məsələdir" tezisi təsdiqini tapır.

Tərəflərin haqqında açıq danışmamaq qərarına gəldikləri başqa bir məsələ qaz mövzusudur.

2017-ci ilin əvvəllərindən Türkmənistan və İran Türkmənistanın əvvəllər ixrac etdiyi təbii qazın ödənişi üzrə İran tərəfin yığılmış borcu ilə bağlı məsələləri müzakirə edirlər (Aşqabad hesab edir ki, bu borc 1,8 mlrd. dollardan çoxdur). 2017-ci ilin dekabrında İran tərəfi bildirib ki, qaz mübahisəsini həll etmək üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir. Həmin vaxt rəsmi Aşqabad Tehranın borc məsələsini beynəlxalq arbitraj məhkəməsində həll etmək təklifini dəstəkləmişdi. Amma, göründüyü kimi, tərəflər hələlik taym-aut götürüblər.

Nəticədə Aşqabadda iki ölkə lideri birgə mətbuat konfransında swap-əməliyyatlar çərçivəsində qaz əməkdaşlığının dərinləşdirilməsi barədə danışıblar. Və iddia ediblər ki, bu həcm ildən-ilə artır.

Həqiqətən də belədir. Azərbaycan 2016-cı il oktyabrın sonlarından swap-əməliyyatlarla Türkmənistan qazı idxal etməyə başlayıb (ümumilikdə 296 mln. kubmetr). Və 2017-ci ilin yekunlarına görə bu həcm 5,7 dəfə artıb. Amma Bakıda tərəflər bu barədə danışmayıblar.

Ruhaninin regiona səfərinə yekun vuraraq, aşağıdakıları qeyd etmək olar:

- rəsmi Tehran şimalda bilavasitə qonşularının gələcək geosiyasi addımları ilə bağlı "rahat olmaq" istəyir;

-İran iqtisadi imkanlarının məhdud olduğuna, amma Tehranın həmişə dost ölkələrin arxasında durmağa hazır olduğuna eyham edib;

- Azərbaycan artıq ilk addımı atıb və hadisələrin inkişafını diqqətlə izləyəcək;

- çətin ki, İran şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etsin (nə qabaqcıl texnologiyalar, nə sərbəst vəsait yoxdur), SOCAR da İran layihələrinə qoşulmağa can atmır - risk payı kifayət qədər çoxdur;

- Türkmənistan, çətin ki, rəsmi Tehranın istədiyi kimi, İranla iqtisadi münasibətləri inkişaf etdirsin. Aşqabad barterə deyil, nağd pula sahib olmaq istəyir. Onun Xəzərdə qonşusu isə bunu təklif edir: Azərbaycandan getdikcə daha çox türkmən nefti və neft məhsulları nəql edilir, Bakı Türkmənistandan getdikcə daha çox təbii qaz alır. Həmçinin, Azərbaycan şirkətləri Türkmənistan bazarını ərzaq məhsulları ilə təmin etməyə başlayıblar;

- Azərbaycan göstərib ki, neft qiymətlərinin aşağı olduğu bir şəraitdə o, başqalarını qıcıqlandırmadan, regional iqtisadi mərkəzə çevrilə bilər...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti