BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə prezidenti Recep Tayyip Erdoğan sentybarın 23-də Türk-Amerikan İstiqamətləndirmə Komitəsindəki çıxışında Suriyada cərəyan edən prosesləri nəzərdə tutaraq "Ölkəmizə qarşı yönəlmiş terror təhdidi sona çatana,Suriyanın gələcəyinə qəsd edən bandaların kökü qazınana qədər mübarizəmizi davam etdirəcəyik.İnşallah,yaxın gələcəkdə Fəratın Şərq sahilini də əhatə edəcək şəkildə Suriya ərazisindəki təhlükəsiz bölgələrin (sayını) artırmağa davam edəcəyik"- dedi.
Türkiyə prezidentinin bu sözləri hal-hazırda Suriya-Türkiyə sərhədi boyunca təxminən 250 km. uzunluğu, təxminən 60 km. dərinliyi olan əlan ərazini nəzarət altına alaraq orada öz hakimiyyətini quran Türkiyənin bir müddət sonra Fərat çayının Şərq sahilinə yönələ biləcəyi ehtimalını gündəmə gətirdi.
2016-cı ilin avqustunda "Fərat qalxanı", 2018-ci ilin yanvar-mart aylarında isə "Zeytun budağı" kod adlı hərəkatlar keçirərək Türkiyə sərhədindəki PYD/YPG-ni (PKK terror təşkilatının Suriyadakı strukturlarıdır) bölgədən uzqlaşdıran Türkiyənin bu istiqamətdə atacağı növbəti addım maraq doğurarkən prezident Erdoğan öz ölkəsinin nüfuz dairəsinin genişləndirəcəyinin işarəsini verdi.
Suriya ərazisində hərbi əməliyyatlara başlayandan bəri siyasi-hərbi müşahidəçilər Türkiyə üçün əsas problemin Fərat çayının sağ sahilində qurulan kürd kantonlarının olacağını vurğulayırdılar.Bəşər Əsədin 2011-ci ildə ölkənin Şimali-Şərq bölgələrindən könüllü şəkildə çəkilərək oraları kürdlərə verməsindən sonra 2014-cü ilin payızında İŞİD terror təşkilatı bölgəyə tamamilə hakim olmağa çalışmışdı.
Qərb ölkələrindən gələn təlqinlər nəticəsində Türkiyə Şimali İraq peşmərgələrinə öz ərazisindən keçərək çox çətin vəziyyətdə olan Eyn-əl-Ərəb kantonunun müdafiəsinə getməyə icazə vermişdi.Sonrakı dövrdə Türkiyə bölgəyə hakim olan PYD/YPG təşkilatını dünyaya terror təşkilatı kimi təqdim etsə də başda ABŞ olmaqla, bir çox Qərb ölkəsi Türkiyənin bu təkidinə qulaq asmadı.ABŞ Suriyanın Şimali-Şərq bölgəsini öz hakimiyyəti altında tutan PYD/YPG-yə böyük miqdarda silah dəstəyi verib onun silahlı dəstələrini İŞİD terror təşkilatının Suriyadakı paytaxtı Rakkanın azad edilməsi üçün əməliyyatlara göndərdi, Rusiya isə Moskvada PYD/YPG-nin ofisinin açılmasına göz yumdu.
Suriyanın Şimali-Qərbində PYD/YPG-yə qarşı Türkiyənin keçirdiyi iki hərbi əməliyyat terror təşkilatının bölgədən uzaqlaşmasına səbəb olsa da bölgəni çox yaxşı tanıyan mütəxəssislər "Türkiyə niyə Fərat çayının Şərq sahilində cərəyan edən proseslərə göz yumur, soyuqqanlı yanaşır?" -sualını həmişə gündəmdə saxladılar.
Hal-hazırda Suriyadakı müharibənin başa çatması İdlibin radikal islamçı terror qruplarından təmizlənməsinə bağlıdır.Sentyabrın 17-də Soçidə keçirilən Erdoğan-Putin görüşündə Türkiyə terrorçu qrupları hərbi əməliyyatlara gərək qalmadan bölgədən təmizləyəcəyinə söz verib.Siyasi-hərbi müşahidəçilər bu işin öhdəsindən gəlməyin Türkiyəyə çətinlik törədəcəyini bildirsələr də prezident Erdoğanın sentyabrın 23-də Nyu- Yorkda "Fəratın Şərq sahilində təhlükəsiz bölgə yaradacaqlarını" açıqlaması İdlib probleminin öhdəsindən uğurla gəlinəcəyinin işarəsi sayıla bilərmi?
Müşahidəçilər Türkiyənin İdlib üçün verdiyi sözü yerinə yetirərək Fərat çayının Şərq sahilinə yönəlməsi halında orada PYD/YPG-yə açıq şəkildə dəstək verən ABŞ ilə qarşı-qarşıya gələ biləcəyinə diqqəti cəlb edirlər.
Belə halda Rusiyanın Türkiyəyə dəstək verə biləcəyi istisna edilmir.Fərat çayının Şərq sahilinə üz tutulması halında Türkiyənin uğur qazana bilməsinin əsas şərti kimi isə Ankaranın Dəməşqlə yaratması lazım olan dialoq göstərilir.Bunu iddia edənlər 2017-ci ilin sentyabrında Şimali İraq kürdlərinin referendum keçirərək elan etdikləri müstəqilliyin Tehran-Bağdad-Ankara əməkdaşlığı ilə necə əngəlləndiyini örnək kimi göstərirlər.Prezident Erdoğan isə Suriya torpaqlarında Türkiyənin nüfuz dairəsinin genişləndirməkdə çox həvəsli görünür.Ona görə sual bundan ibarət olmalıdır: Erdoğanın bütün gücü və iradəsi ilə Əsədlə dialoqa girməməsinin əsas səbəbi "Əsədin diktatorluğu"dur yoxsa Suriya torpaqlarında Türkiyənin uzun müddətli hakimiyyət qurma istəyi? Türkiyənin bu istəyi öz sərhədləri boyunca təhlükəsizlik bölgə yaratmaqdan irəli gəlirsə,Suriya, Rusiya və İran buna nə dəcərədə qarşı çıxa biləcəklər?
Erdoğanın Nyu-York nitqi sualların mahiyyətini daha da dərinləşdirmişdir.
Rəy yaz