Ukrainian oligarchs. weaponews.com

Ukrainian oligarchs. weaponews.com

Ukraynanın öz maraqları orbitinə daxil etməkdə həddindən artıq maraqlı olan ABŞ 2014-cü il Maydan inqilabından sonra bu ölkənin avrointeqrasiyasını sürətləndirmək üçün inanılmaz səy göstərib, amma proses Vaşinqtonun heç də gözləmədiyi dərəcədə ləngiyib. Prezident Poroşenkonun hakimiyyəti dövründə də, hazırki prezident Zelenskinin dövründə də ABŞ rəhbərliyi Ukraynada islahatları təşviq edib və daim onların yavaş irəliləməsi və oliqarxların ölkənin siyasi vektoruna hədsiz təsiri ilə bağlı narazılığını bildirib. Ən çox korrupsiyaya qarşı mübarizə qınağa məruz qalıb. BVF xətti ilə ayrılan 40 milyard dollara yaxın vəsait, habelə digər kanallar və layihələrlə əlavə yardım, Gürcüstanın islahatçı prezidenti Saakaşvilinin Ukraynaya gəlişi nəzərəçarpan nəticələrə gətirib çıxarmayıb. Qeyri-müəyyənlik şəraitində Zelenski hakimiyyəti və bütün əvvəlki səylər ümidlərin, seçicilərə verilən vədlərin gerçəkləşməməsi, digər tərəfdən isə Ukrayna gəmisini Rusiya sahilləri istiqamətinə yönləndirmək üçün vəziyyətdən istifadə etməyə hazır olan oliqarxiyanın birləşməyə davam etməsi ilə əlaqədar həyati əhəmiyyətə malik 2023-cü il parlament seçkiləri və 2024-cü il prezident seçkiləri ərəfəsində devrilmə təhlükəsi ilə üzləşib.

NATO-nun 14 iyun 2021-ci il tarixli sammitinin yekunlarına görə ABŞ prezidenti Co Bayden belə deyib: Biz bütün dünyaya sübut etməliyik ki, demokratiya bugünün çağırışlarının öhdəsindən uğurla gəlməyə davam edir. Biz gücümüzü azaldan korrupsiyanın kökünü kəsməliyik və ədavət salmaq istəyənlərə qarşı mübarizə aparmalıyıq. Müstəqil mətbuat və müstəqil məhkəmə orqanları da daxil olmaqla, öz institutlarımızı möhkəmləndirməliyik. Bütün bunlar gündəliyə daxildir. Bax, beləcə, biz sübut edirik ki, bizim Alyansımız bugünün çağırışlarının öhdəsindən gələ bilər... Bir neçə il əvvəl mən Ali Radada çıxış etdim və bildirdim ki, Ukrayna tarixində heç vaxt baş verməyən bir şeyin baş verməsi – demokratik şəkildə seçilmiş, korrupsiyaya uğramamış, oliqarxların rəhbərlik etmədiyi dövlət idarəçiliyini həyata keçirmək imkanı var”.

Bu mənada ABŞ və Rusiyanın Ukraynaya təsir uğrunda qarşıdurmasının güclənməsini təsadüfi adlandırmaq olmaz. Ukraynanın siyasi sahəsində Rusiya nizamnı bərpa etməyə hazır olan Rusiya hərbi yumruğunun Ukrayna sərhədində cəmləşməsi Moskvaya misli görünməmiş təzyiq və Qərb alyansının böyük siyasi və hərbi həmrəyliyi ilə qarşılanıb. Qərb müttəfiqlərinin Rusiyanın yaşayış sahəsi yaxınlığında cəmləşməsi, öldürücü sanksiya təhdidləri mütləq Moskvanı qoşunlarını geri çəkməyə və Rusiyayapərəst oliqarxiyanı alyansla üzbəüz qoymağa vadar edəcək.

Bundan xəbəri olan oliqarxların qaçışı Moskvanın Vaşinqtonla kompromisə hazır olduğuna və taktiki perspektivdə NATO tərəfindən ölkə ərazisindən istifadə olunmaması şərti ilə Ukraynada demokratik islahatların əleyhinə olmadığına açıq eyhamdır.

Moskvanın və Vaşinqtonun baxışlarının fərqli olmasına baxmayaraq, onların arasında vaxtilə ABŞ və SSRİ-nin maraqlarının toqquşduğu bir sıra regionlarla bağlı razılaşdırılmış davranış xətləri olduğunun dəlili kimi Yaxın Şərqi, Əfqanıstanı, keçmiş Sovet məkanını göstərmək olar. 2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında müharibə, gördüyümüz kimi, Qərb üçün gözlənilməz olmadı, bu, onun hadisələrə müdaxilə etməməsində özünü göstərdi, baxmayaraq ki, hərbi əməliyyatları dayandırmaq üçün bütün mexanizmlər mövcud idi. Həmin vaxt ABŞ Rusiyanın Qarabağda hərbi iştirakına qarşı çıxmadı və hətta Əliyev-Putin-Paşinyan üçlüyünün 9 noyabr 2020-ci il tarixli bəyanatını dəstəklədi. Onlar həmçinin onların Ermənistanda və Azərbaycanda iştirakı və siyasi proseslərin gedişatına təsir etməsi təhlükəsi ilə bağlı narahatlıqlarını bildirmirlər. Bu yaxınlarda isə, dünya siyasətçiləri və KİV-ləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ehtimalının yüksək olduğundan danışarkən Rusiya Qazaxıstana real olaraq qoşun yeritdiyi zaman heç kim Qazaxıstanın bir hissəsinin və ya bütünlükdə ölkənin rusların işğalı altına keçəcəyi ilə bağlı narahatlığını bildirmədi. Ekspertlərin əksəriyyəti Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinin səbəbləri və orada qalacaqları müddətlə bağlı təxminlərində yanıldılar. Yəni Ukrayna istiqamətindəki hadisələrə münasibət prizmasından baxdıqda, Qərbin reaksiyası qeyri-adekvat idi.

Həmçinin, qeyd etmək lazımdır ki, vaxtaşırı, Rusiya cəmiyyətinin pisləşən sosial-iqtisadi vəziyyəti səbəbindən yaranan daxili siyasi gərginlik dövrlərində Rusiya hərbi gücünü göstərməyə başlayır. Rusların, eləcə də türklərin, fransızların, britaniyalıların eqosu olaraq qalan imperiya mahiyyəti ictimai əhval-ruhiyyəyə təsir göstərməyə davam edir və sınaq zamanı təhlükəsizlik yastığı kimi xidmət edib və edə bilər. Ukrayna, Qərbdən təhdid, yeni dünya müharibəsi qoxusu mövzuları, 1999-2001, 2008, 2014-cü illərdə olduğundan az da olsa, hakimiyyəti və xalqı birləşdirir, münasibətlər böhranını arxa plana atır.

Ənənəvi olaraq sınaqdan keçirilmiş alətlər: qaz və neftin qiymətlərinin artması (ilk dəfə 2014-cü ilin oktyabrından, adətən Avropa neftindən endirimli satılan Rusiyanın ixrac etdiyi Urals neftinin qiyməti isə 94 dolları keçib) hakimiyyət və xalqın yaxınlaşmasına təkan verir, bu, rusların rifahını yaxşılaşdırmalı və Rusiya iqtisadiyyatına nəfəs verməli, sosial gərginliyi azaltmalıdır.

Hadisələrə bu cür baxışın tənqidçiləri ABŞ və Rusiyanın Ukraynanın gələcəyi ilə bağlı razılaşdırılmış addımlarına şübhə etməkdə haqlı ola bilərlər, amma əvvəlki böhran illərinin məkik diplomasiyasını təkrar edən fransızların, almanların, britaniyalıların, türklərin son vasitəçilik səyləri prosesin bənzər ssenari ilə bənzər sona doğru inkişaf etdiyini göstərə bilər.

Qarşıdan gələn aylarda Ukrayna ətrafında gərginliyin azalacağını, Donbasla bağlı danışıqların başlayacağını gözləmək olar, amma ən əsas məsələ Ukraynada okeanın o biri tayındakı demokratların uzun müddətdir bəhs etdiyi real islahatların başlamasıdır.

Mehman Əliyev

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti