see.news
2 il əvvəl bu prosesləri ASTNA üçün yaxından təqib edərkən Türkiyənin artıq beynəlxalq kredit dərəcələndirmə qurumlarını vecə almadığını yazmışdıq.
Halbuki istər içəridəki istərsə də xaricdəki iş adamları son 5 ildə hökumətə daim xəbərdarlıq edirdilər ki,beynəlxalq kredit dərəcləndirmə qurumları iqtisadiyyatın vəziyyətiylə bağlı raportlar açıqlayanda onları sərt tənqid edib “qərəzlilikdə, Türkiyəni gözü götürməməkdə” ittiham etmək yerinə, o raportları obyektiv şəkildə analiz edəndən sonra lazımi tədbirləri görsün. İş adamları dünyada hamının bildiyi həqiqəti hökumətə çox sadə dildə izah edirdilər: biz hər hansı bankın qapısını döyəndə, məsələn, Fitch və ya Moody`s kimi qurumların ölkəmizlə bağlı raportuna baxaraq kredit tələblərimizi dəyərləndirir, ya verir ya da rədd edirlər.
Hökumətin etirazları kredit alma işimizə ancaq və ancaq mənfi təsir göstərir. Ancaq, xüsusilə, son 25 ayda bu həqiqəti heç kimə qəbul etdirmək mümkün olmadı.
Əlbəttə, saymazlıqlar kredit dərəcələndirmə qurumlarının öz raportlarında dəyişiklik etmələrini şərtləndirmədi, Mirzə Ələkbər Sabirin sözüylə desək, ”Çaxçax başın ağrıtdıkefin çəkdi dəyirman”.
Və Moody`s qurumunun 4 gün əvvəl elan etdiyi raportda ölkənin kredit alma imkanı B1-dən B2-yə düşürüldü.İşi yaxından təqib edən mütəxəssislər diqqəti 2 nöqtəyə cəlb edirlər ki, onlardan birincisi B2-dən aşağı qiymətin olmaması, ikincisi isə - Türkiyənin kredit ala bilmə imkanının 2001-ci ildən sonra ilk dəfə bu qədər zəif olmasıdır.
Prezident Erdoğan ölkənin kredit etibarının yenidən aşağı salınmasına “Hal-hazırda Türkiyə iqtisadiyyatı pikdədir. Dibdə yox, tavanda. Onlar da bizim etibarımızı yenidən aşağı salırlar”- sözləriylə cavab verdi.
Şübhəsiz, Türkiyəni 18 ildən bəri idarə edən bir partiyanın lideri, son 2 ildə isə dövlətin tam səlahiyyətli başçısı kimi cənab Erdoğanın Moody`s raportunu nəinki tənqid, tamamilə rədd edirsə, demək, həm görülən tədbirlərin düz olduğuna inanır həm də iqtisadiyyatın irəliləyişində heç bir problem olmadığını düşünür.
Onun bu dəyərləndirməsinə haqq verib-verməmək, hamıdan əvvəl, müxalifət partiyalarının və müstəqil medianın işidir.
Kredit dərəcələndirmə qurumlarının da prezident Erdoğanın bundan əvvəlki sözləri kimi “pik” açıqlamasına etibar edib-etməyəcəklərini onlar özləri bilirlər. Sərbəst bazar qaydalarının həyata keçirildiyi hər yerdə olduğu kimi, Türkiyə seçicisi də yaxın və ya uzaq seçkidə cibinin vəziyətinə baxaraq iqtidarı ya dəstəkləyəcək ya da cəzalandıracaq. Bunlar məlumdur. İşin naməlum tərəfi-həyata keçirilən iqtisadi siyasətin son 2 ildə daxildən və xaricdən bu qədər tənqid edilməsinə baxmayaraq, hökumətin o siyasət üzərində təkid etməsidir.
Zira, hər şeydən əvvəl, hökumətin Suriya siyasəti iqtisadiyyatın durumuna bir neçə baxımdan mənfi təsir göstərmişdir. Qaçqınlara 50 milyard dollar xərclənməsəydi, bu gün Türkiyənin kredit etibarı da B2-yə salınmaz, Mərkəzi bankın valyuta ehtiyatları da yarıbayarı azalmazdı.
Mərkəzi bankın müstəqilliyinin, demək olar ki, aradan qaldırılması, kreditlərin istehsala yox, istehlaka verilməsi və xüsusilə, tikinti sahəsini dirçəltmək üçün bankların bütün gücünü mənzil satışlarının dəstəklənməsinə səfərbər edilməsi, Reuter agentliyinin analizində də qeyd edildiyi kimi, ”İqtidar partiyasının öz tərəfdar kütləsini itirməsinə səbəb olan bir prosesin də əsasını qoydu” Gəlinən mərhələdə illərdən bəri hamının gördüyü ən bəsit reallıqla bağlı tədbir görülmür.
1990-cı illərin əvvəllərindən beynəlxalq maliyyə qurumları Türkiyəyə kredit verərkən birinci şərt kimi dövlətin məsrəflərinin azaldılmasını müqaviləyə yazırdılar.AKP də o şərti qəbul edərək iqtidarının birinci və ikinci dönəmlərində dövlətin məsrəflərini minimizə etməyə çalışdı.
2011-ci ildən sonra isə cilov tamamilə buraxılaraq əldə qalan dövlət obyektlərinin satışından əldə edilən gəlirlər belə gündəlik məsrəflərə getdi. Və artıq elə bir nöqtəyə gəlindi ki,dövlət öz xərclərini nəinki məhdudlaşdırmaq, getdikcə artıraraq pul axtarışına çıxıır.
O pul tapılsa da tapılmasa da iqtidar Türkiyə üçün artıq klassikləşmiş formulu həyata keçirəcək: pul tapılsa, dövlətin gündəlik məsrəflərinə xərclənəcək, tapılmasa, yük yenə özəl sektorun kürəyində qalacaq.
Özəl sektor isə varını yoxunu ortaya qoyub vəziyyəti düzəltmək məcburiiyyətindədir.
18 il əvvələ qədər belə idi və AKP bunu dəyişdirmək vədiylə təkbaşına iqtidara gələ bilmişdi. 18 ildən sonra yenə özəl sektor, yenidən özəl sektor.
Bax, Türkiyənin gücü bu “özəl sektor” fenomenindədir. Siyasətçilər batırdıqca özəl sektor canını dişini sıxmaq bahasına ölkəni o bataqlıqdan müvəqqəti də olsa, çıxara bilir. AKP də buna arxayın olduğuna görə, Moody`s qurumunun, az qala iflas raportuna qarşı, dövlət başçısı Erdoğan “pik” əks-həmləsylə cavab verir.
Mayis Əlizadə
Rəy yaz