Kanal İstanbul layihəsi 2011-ci ilin iyunundakı seçki ərəfəsində AKP tərəfindən gündəmə gətirilsə də nəticələrə təsiri məsələsi heç kimi maraqlandırmamışdı. Eyni iqtidar Kanal İstanbul layihəsini 2019-cu ilin dekabrında və bu dəfə daha aktiv şəkildə-gündəmə gətirdi. İqtisadi və geostrateji, geosiyasi məqsədlərin arxasında AKP-nin heç vaxt vaz keçmədiyi daxili siyasət faktoru vardı: məqsəd 25 ildən sonra İstanbul bələdiyyəsini cənab Ərdoğandan almağı bacarmış Əkrəm İmamoğlunu və onun üzərindən ana müxalifət partiyasını küncə sıxışdırmaq idi.
Şübhəsiz, imkanları götür-qoy etmək şərtilə böyük layihələr reallaşdırmağa cəhd etmək ölkənin gələcəyini düşünən hər iqtidarın hədəfi və arzusudur; romantik və sentimentallıqdan uzaq olub realizmi əsas aldıqca bu layihələr ölkənin gələcəyinə mühüm qapılar açır.
İqtidar Kanal İstanbulu bu şəkildə təqdim etməyə çalışarkən İstanbulun bələdiyyə başqanı bu layihəyə açıq şəkildə qarşı çıxmağa davam edir. İki tərəf də “Türkiyənin gələcəyi” kartından istifadə edir: biri müsbət, o biri isə mənfi mənada.
İşin geostrateji və geosiyasi tərəfi siyasətçiləri və diplomatları maraqlandırarkən 1936-cı il tarixli Montrö Konvensiyası hərbçiləri də Kanal İstanbul-Qara dəniz teoriminə daxil etdi. İstefada olan 104 admiralın Kanal İstanbul layihəsinin həyata keçirilməsi üçün hökumətin nümayiş etdirdiyi qərarlılığı “Montrö Konvensiyasının ləğvinə cəhd” kimi dəyərləndirən müraciətinin gecə hökumətə yaxın bir jurnalist tərəfindən İnternet saytına yerləşdirilməsi təkcə iqtidarın yox, Ali Məhkəmənin də bəli, bəli, Ali Məhkəmənin əlinə “çim yağ” kimi düşdü. İndiyə qədər Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin müxalifəti işin lap əvvəlindən “cinayətkar” elan edən müştərək açıqlamalarına aşina olan bizlər üçün Türkiyə Ali Məhkəməsinin bu qədər açıq şəkildə tərəf saxlamasını görmək indilik fantaziyadan da o tərəfə keçdi (bundan sonrası Allah Kərimdir).
Siyasi iqtidar üçün pensiyadakı 104 admiralın millətə müraciəti ona görə “çim yağ” oldu ki, təxminən 5 ildən bəri tədavüldə olmayan “çevriliş” jarqonu yenidən geriyə qayıtdı.
Türkiyənin islamçı siyasəti “hərbi çevriliş” jarqonundan həmişə öz mənafeyi üçün məharətlə istifadə edib ona görə 104 pensiyaçı admiralın hansı şəraitdə çevrilişə cəhd etmələrinin üstündə durmağa gərək yox idi.
“Çevriliş təşəbbüsü”nün yenə ana müxalifət partiyasına “bağlanacağını” gözləmək də əsla sürpriz deyildi və daxili işlər naziri Süleyman Soylunun adamları səhərə qədər baş yoraraq hər yeri ələk-vələk etdilər və admirallardan bəzilərinin ailələrinin siyasi mənsubiyyətləri mediada əks etdirildi (tövbə-tövbə, hələ bu admirallara baxın, özləri də ailə üzvləri də müxalfət partiyalarına üzv olurlar).
Bu yazı yazılarkən polis nəzarətində olan 10 admiraldan ən az yarısının tutulmasını və şərtlər nə olursa-olsun, hökumətin yaxında və ya uzaqda olan seçki təbliğatında növbəti dəfə “hərbçilərin çevriliş təşəbbüsü” jarqonundan isitfadə edəcəyinə inanıram, sizlər də buna şəkk etməyin. Çünki kənardan bəsit kimi görünsə də əslində 104 admiralın imzaladığı bəyanat Türkiyə Cümhuriyyətinin yaradılış fəlsəfəsi və o fəlsəfəylə heç cür barışmayan, 97 ildən bəri o fəlsəfəni əsla qəbul etməyən (müxalifətdə və ya iqtidarda olmaları fərq etmir) qüvvələr arasındakı bəzən gizli, bəzən açıq savaşın növbəti dəfə eşiyə vurmasıdır.
Bunu 104 admiral da çox yaxşı bilir, iqtidar da. Ona görə indiyə qədər görülməyən şəkildə, prokuroru-məhkəməsiylə də fikir və düşüncə bəyan etməkdən başqa heç bir semantikası olmayan müraciətin üstünə gedilir. Diqqət yetirin, dünyəvi dövlətin konstitusiyası və qanun-qaydaları hələ ki qüvvədə olduğu halda cübbə geyib, sarıq qoyan bir admiralın təriqət şeyxini ziyarət edib namaz qılması iqtidar tərəfindən normal sayılır, 104 pensiyaçının Montrö ilə bağlı müraciəti isə “hərbi çevrilişə çağırış”.
Bu şəkildə dəyərləndirilməsinin əsas səbəbi də müraciətin “gecə” elan edilməsi imiş (halbuki, müraciəti İnternet saytına admiralların yox, iqtidar jurnalistinin yerləşdirdiyi məlum oldu). Türkiyə siyasətini izləyənlər islamçı dünyabaxışın keçmişdəki lideri Nəcməttin Ərbakanın sözüylə desək, bunun “faso-fiso” olduğunu yaxşı bilirlər.
Daha əvvəl də dəfələrlə yazdıq: keçən ilin payızından bəri hökumət də onun partiyası da prosesləri tamamilə ideoloji istiqamətə yönəldərək öz tərəfdarlarını eyni məcrada bu yolla tutmağa çalışır, cənab Ərdoğanın İstanbula bələdiyyə sədri seçildiyi “1994 ruhu”nun dirçəldilməsi üçün dəridən-qabıqdan çıxılır. İslamçı siyasət fəlsəfəsinin də, cənab Ərdoğanın da yollarının buldozerlə açılmasında 28 fevral 1997-ci ildə Milli Təhlükəsizlik Şurasından baş nazir Ərbakana verilən və həyata keçirilməsi istənən konstitusion tələblərin müstəsna rolu olmuşdu. Yəni, Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürk dönəmindən də daha uzun ömürlü islamçı iqtidarı bu siyasi ömrün böyük qismini 28 fevral 1997 və 27 aprel 2007-ci ildə- birincisində Milli Təhlükəsizlik Şurasının, ikincisində isə Baş Qərargah rəisinin verdiyi tamamilə gərəksiz və tamamilə islamçıları gücləndirən ultimatumlara borcludur. Ultimatumlardan əvvəlki iki birbaşa hərbi çevriliş və bir ultimatumdan ən az zərərlə çıxan təbəqə islamçılar olduğu kimi hərbi çevrilişlər, ilk növbədə, Atatürkçülərin üstündən asfalt basan maşın kimi keçmişdi.
Türkiyə Cümhuriyyəti dünyəvi ordu mənsublarıyla siyasi islamçı iqtidarın pərdə arxasındakı amansız və rəhmsiz mübarizəsinin yeni bir mərhələsini yaşayır. Ona görə 104 admiralın br qisminn cəzalandırılacağına şübhə edilməsin. Amma bu mərhələ siyasi islamın gücünü artırmaq yerinə zəiflədəcək. Cənab Ərdoğan kimi Türkiyənin ən təcrübəli siyasətçisi və dövlət idarəçisinin bunu bilməməsi və görməməsi mümkün deyil. Elə isə bu mübarizənin şiddətləndirməsinin səbəbləri nələrdir?
- Artıq sözündən çıxa bilməyəcəyi hala gətirdiyi təriqətlərlə cənab Ərdoğanı bacara bilməməsi və o təriqətlərin getdikcə artan təzyiqlərimi?
- AKP-nin heç cür yüksəlməyən reytinqini silahlı qüvvələr ilə açıq şəkildə mübarizəyə girərək yüksəltməyə çalışmasımı?
- İqtisadiyyatın alt-üst vəziyyətdəki durumunun gündəmin üst sıralarında olmasını əngəlləməkmi?
- Bu proseslərin pərdə arxasında “artıq rejimin dəyişdirilməsinin vaxtı tam gəlib-çatdı” fikri də yatmış ola bilərmi?
Türkiyənin növbəti seçkisini də izləmək arzumla müxalifət dizayneri Ədalət Vəliyevi salamlayıram...
Mayis Əlizadə
Rəy yaz