Yeni tədris ilinin başlanması, Cümhuriyyətçiliyin 100 illik yubileyi dövründə bolşevik izləri, ölkədə bahalaşmanın səbəbləri və s. məsələlər bugünkü (13 sentybar, 2018-ci il) medianın aparıcı mövzularındandır.
Yeni tədris ilinin trendi
"Azərbaycan" qəzeti "Yeni tədris ili təhsildə dönüş ilinə çevriləcək" sərlövhəli məqalədə başlanmasına saylı günlər qalan yeni tədris ilinə hazırlığı dəyərləndirir.
Müəllif deyir ki, 2018-2019-cu tədris ilində 1-ci sinfə 165780 şagirdin qəbulu proqnozlaşdırılır, bütünlükdə isə ümumtəhsil müəssisələrində 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.
Müəllif vurğulayır ki, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır, bu il ölkədə 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək, bütünlükdə isə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılır.
Müəllif Təhsil Nazirliyinə istinadən yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edildiyini bildirir. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.
Yazı müəllifi vurğulayır ki, iyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46839 namizəd iştirak edib və onlardan 4053 nəfəri işə qəbul olunub.
Müəllif bəhs olunan sahədə hazırlığın davam etdiyini deyərək yeni tədris ilində Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagirdin təhsil alacağını bildirir.
Müəllifin deməsinə görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq.
Məqalədə vurğulanır ki, Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbə hazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub, bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.
Müəllif deyir ki, yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur, BŞTİ tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir.
Müəllifin deməsinə görə yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti- dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr ediləcək.
Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.
Cümhuriyyət: 100 illiyi və bolşevik izləri
"Bizim yol" qəzetində isə "Bakıda gizli və açıq şəkildə saxlanılan sovet izləri" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbirlərin keçirildiyini bildirir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onunla birgə qaldırılmış dövlət bayrağının 1920-ci ildə bolşevik işğalı nəticəsində endirildiyini deyən müəllif 1992-ci ildə milli dövlətin bərpasından və endirilmiş bayrağın qaldırılrmasından 26 il keçdiyini bildirir.
Müəllif deyir ki, bu mahiyyətə baxmayaraq, Fəxri Xiyabanda hələ də 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinə, eyni zamanda onun istiqlalçılıq mahiyyətinə zidd olan izlər qalmaqdadır.
Müəllif buna nümunə olaraq Fəxri Xiyabanda "Müsavat cəlladları" tərəfindən qətlə yetirilən" ifadəsi yazılmış bolşevik məzarlarının durduğunu göstərir.
Müəllif bu məzarların başdaşlarına yazılmış ifadələri xatırlatmaqda davam edir: "Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Musəvi, Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik Əli Bayramov. 1915-ci ildən Sov. İKP-nin üzvü, 1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülmüş Həşim Əliyev".
Müəllif deyir ki, bu təfərrüat bununla yekunlaşmır daha bir yazını xatırladır: " Əks-inqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş Sovet hakimiyyətinin qurulması uğrunda qorxmaz mübariz Qasım İsmayılov. Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda fəallardan olmuş Yusif Qasımov" yazıları qalmaqda davam edir.
Amma müəllif deyir ki, bu bolşevik izləri bu məzarlıqda qurtarmır, Bakının mərkəzi küçələrində də davam edir.
Müəllif bildirir ki, Bakının mərkəzində bolşeviklərin xatirə lövhələri, barelyefləri, 25 il bundan əvvəl ömrünü başa vurmuş sovet rəmzləri paytaxtın İstiqlaliyyət və Murtuza Muxtarov küçələrində qalmaqdadır.
Müəllif bu izlərə nümunə olaraq inqilabçı-bolşevik Bünyad Sərdarovun və bolşevizmin tərəfdarı olan Əliheydər Qarayevin xatirə lövhələrinin qalmasını göstərir.
Son olaraq isə müəllif Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin İstiqlaliyyət küçəsində yerləşən binasının yuxarı hissəsində kiril əlifbası ilə yazılmış "Azərbaycan SSR Elmlər Akademiyası" lövhəsinin və sovet imperiyasınını simvolizə edən 5 guşəli ulduzun saxlandığını göstərir.
Məmur sahibkarlığının yaratdığı bahalıq
"Modern.az" saytında isə "Manat sabit, neft qiymətləri yüksək -bahalaşmanın səbəbləri nədir?" sərlövhəli məqalə oxumaq olar.
Müəllif ölkədə bahalaşmanın səbəblərini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli ilə müzakirə edir.
Yazı müəllifi Dövlət Statistika Komitəsinin (DSK) bu güünlərdə yaydığı yaydığı rəsmi məlumata istinadən deyir ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Müəllif hesab edir ki, manatın məzənnəsinin sabit, dünya bazarında neftin qiymətlərinin yüksək olduğu bir vaxtda mağaza və marketlərdə qiymətlər hansı səbəblərdən bahalaşır?
Deputat deyir ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 13 faiz təşkil edib: "Ərzaq məhsullarının qiymətləri isə 15 faiz, əslində daha çox artıb. Hökumət bu il 6 faiz ətrafında inflyasiya olacağını proqnozlaşdırıb. Cari ilin 8 ayı ərzində inflyasiya 3 faizin altındadırsa və ilin sonuna qədər həmin səviyyəni saxlamaq mümkün olacaqsa, bu 2017-ci ilə nisbətən 2018-ci ildə inflyasiyanın xeyli səngidilməsi kimi dəyərləndirilə bilər. Çünki rəsmi statistikaya görə, ötən il bu vaxtlar inflyasiya 14 faiz səviyyəsinə, əslində isə daha yüksək səviyyəyə qalxmışdı".
Deputat deyir ki, bu göstəricilərdən əldə olunan ilk qənaət budur ki, ötən il ilə müqayisədə bu il bahalaşmanın 5 dəfə aşağı templə artması da göstərir ki, hazırda Azərbaycanda yüksək inflyasiya üçün iqtisadi əsas yoxdur.
Ə.Məsimliyə görə, daha bir qənaət isə budur ki, bir sıra ərzaq məhsullarının bahalaşması davam edir, bu isə əlkəyə əlavə məhsul gətirilməsi əvəzinə fürsət düşən kimi yenidən qiymət artımı variantına üstünlük veriləcəyinin göstəricisidir.
Deputat hesab edir ki, manatın devalvasiyası ilə bağlı 2015-2017-ci illərdə inhisarçı qrup təbii qiymət artımı ilə yanaşı, manatın məzənnəsi məsələsindən həm də sui-istifadə edir: "Həmin olaylar göstərdi ki, qiymətlər daha çox monopolistlərin və onların ətrafının süni qiymət artımına girişib ifrata vardıqları vaxtlar artır. Süni qiymət artımının hər faizi Azərbaycan ailələrinin büdcəsinə ildə 350 milyon manatdan çox, deməli, ümumilikdə milyard manatlarla ziyan vurur".
Deputat deyir ki, Azərbaycan şəraitində süni qiymət artımı məmur sahibkarlığından qaynaqlanıb və əhalinin xüsusən aşağı gəlirli təbəqəsi bu cür qiymət artımından çox ziyan və əziyyət çəkir.
Ə.Məsimli deyir ki, aşağı maaş, pensiya, müavinət alan insanlar hər il əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin artımını gözləyirlər, amma hər il müəyyən qədər (əksəriyyət üçün 15-50 manat arası) də olsa, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlər süni qiymət artımı nəticəsində güclənən inflyasiyanın yeminə çevrilir və monopolistlərin cibinə axır.
Deputata görə, bunun qarşısının alınması üçün ən etibarlı yol inhisarçılığa qarşı sistemli və səmərəli əks tədbirlərin həyata keçirilməsi, azad rəqabətə geniş meydan verilməsi və s. keçir, əks halda inhisarçılar fürsət düşən kimi yenidən süni qiymət artımı variantına üstünlük verəcəklər.
Rəy yaz