Media-icmal 17.09.18

Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması, problemli kreditlərlə bağlı vəziyyət, gənc siyasi fəal Ruslan Nəsirlinin həbsi və ad günü və s. məsələlər bugünki (17 sentyabr, 2018-cu il) medianın aparıcı mövzularındandır...

Gün gələcək ki...

"Azərbaycan" qəzeti "Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır" sərlövhəli məqalə dərc edib.

Məqalədə Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı sentyabrın 15-də Bakıda keçirilmiş paradda dövlət başçısı İham Əliyevin çıxışının Azərbaycan Ordusu ilə bağlı hissəsi əksini tapır.

Ölkə Prezidenti, Ali Baş Komandan İ.Əliyev Azərbaycanın ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edildiyini və güclü ordu yarandığını deyir: "Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var, çünki torpaqlarımız işğal altındadır".

Dövlət başçısı Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, əsrlər boyu xalqımızın bu torpaqlarda yaşayıb, yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: "Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib: "Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır".

Dövlət başçısı "gün gələcək, Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır" , - deyə inamını ifadə edib.

Hökumətin atmadığı addım

"Yeni Müsavat" qəzetində isə "Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da..." sərlövhəli məqalə oxumaq olar.

Müəllif 2015-ci ilin fevral və dekabr aylarında manatın iki devalvasiyası ilə dollarla götürülmüş kreditlərin ödənilməsində yaranan və hələ də davam etməkdə olan problemi iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edir.

Müəllif deyir ki, problemli kreditlər məsələsi son günlər yenidən gündəmə gəlib və buna səbəb hüquqşünas Əkrəm Həsənovun Konstitusiya Məhkəməsinin bu məsələyə yenidən baxmasıdır.

Məqalə müəllifi bildirir ki, Ə.Həsənov şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə dair Mülki Məcəllənin 422-ci bəndinin tələblərinə baxışdan gedir.

Yazı müəllifi yada salır ki, Konstitusiya Məhkəməsi daha öncə də problemli kreditlər məsələsinə baxmış və banklara tövsiyə xarakterli qərar çıxarmışdı, amma 3 ildən çoxdur ki, problem müzakirə olunsa da, hələ ki, optimal çıxış yolu görümür.

İqtisadçı-ekspert Rəşad Həsənov da "Yeni Müsavat"a bildirib ki, Konstitusiya Məhkəməsi bu məsələdə konkret qərarlar qəbul edə bilmir, çünki tərəflərdən biri özəl mülkiyyətdir və toxunulmazlığı var: "Banklar hər hansı formada Konstitusiya Məhkəməsinin qərarı ilə borcların silinməsinə sövq edilə bilməz. Bu mülkiyyət hüququnun pozulması anlamı daşıyar. O səbəbdən bu kimi hallarda Konstitusiya Məhkəməsi daha çox tövsiyə xarakterli qərarlar verir. 2015-ci ildə də bununla bağlı məhkəməyə müraciət olundu, o zaman da Konstitusiya Məhkəməsi konkret öhdəlik və ya çərçivə müəyyənləşdirə bilmədi".

Müəllifə görə, bu məsələdə əlində kifayət qədər səlahiyyətləri və imkanları olan hökumət əsas tərəflərdən biridir, odur ki, ortaya mövqe qoyaraq problemi tənzimləməlidir, amma ötən dövr ərzində hər hansı addım atmayıb.

Ekspert deyir ki, 2014-cü ildən sonrakı dövrdə formalaşmış konyuktura fonunda bankların vəziyyəti heç də yaxşı deyil: "Banklar həm kreditlərlə bağlı problemlər yaşayırlar, həm də portfelləri əhəmiyyətli dərəcədə kiçilib. 2016-cı il və 2017-ci ilin əvvəllərində banklar faiz gəlirlərinin bir hissəsini konvertasiya gəlirləri ilə kompensasiya edirdilər, valyutadəyişmədə iri marja tətbiq edərək gəlir qazanırdılar. 2017-ci ilin yarısından sonra bu imkanlar da aradan çıxdı və 2018-ci ildə də vəziyyət dəyişmədi. Banklar hazırda ən ağır resessiya yaşayan sektorlardan birinin təmsilçiləridirlər".

Bu səbəbə görə də R.Həsənov deyir ki, yükün birmənalı olaraq bankların üzərinə qoyulması doğru deyil və bu, ölkə qanunvericiliyinə də uyğun deyil".

Ekspert hesab edir ki, bu məsələdə problemi yaradan hökumətin verdiyi qərardır və bu mənada hökumət də yükün bir hissəsini çiyninə götürməlidir: "Hökumətin qəbul etdiyi qərarlar, xüsusilə də manatın devalvasiyası bu problemin kökündə dayanır. Ona görə də, idarəetmə orqanlarının qəbul etdiyi qərarlardan vətəndaşa və ya biznesə dəyən zərər hansısa formada hökumət tərəfindən kompensasiya olunmalıdır. Bu da öhdəliklərdən biridir".

R.Həsənov vurğulayır ki, hazırda bankların kredit portfelinin hər 100 manatının 14 manatı problemli kreditlərə aiddir və bu, kifayət qədər ağır yükdür.

Ekspertə görə, banklar son dövrlər müəyyən güzəştlərə gedirlər, amma vətəndaş krediti yenə də ödəyə bilmir, beləliklə problem qalmaqda davam

edir: "Demək olar ki, həm borclular, həm də banklar taleyin ümidinə

buraxılıb. Hökumət hər hansı mövqe ortaya qoymadı. Hesab edirəm ki, bu problem dərinləşməkdə davam edəcək. Bu günə qədər hökumətin səgilədiyi mövqedən onu başa düşürük ki, o, birmənalı olaraq bu öhdəlikləri üzərinə götürmək fikrində deyil".

İrəlidəki gözəl günlər ümidi

"Azadliq.info"da isə "Ad gününü məhbəsdə qeyd edən ləyaqətli adam" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsi Ali Məclisinin sədri Ruslan Nəsirlinin ittiham altında olduğunu bildirir, həm də şərlənərək həbs olunduğunu iddia edir: "Bu ləyaqətli, mübariz, təmiz qəlbli insanı çirkli pulların yuyulmasında ittiham edirlər", deyə müəllif mövqeyini bildirir.

Məqalə müəllifinin iddiasına görə, ölkəyə gələn 150 milyard neft pulunu çirkli məqsədlər naminə talan edənlər, Azərbaycanı azad, demokratik, güclü görmək istəyənlərə analoqsuz çamur atıblar.

Müəllifin daha bir iddiası bundan ibarətdir ki, Azərbaycan xalqı da, elə dünya icitmaiyyəti də R.Nəsirliyə qarşı olan bütün bu ittihamların saxta olduğunu bilir.

Məqalə müəllifi vurğulayır ki, son həbsinə qədər R. Nəsirli dəfələrlə inzibati qaydada həbs olunub, o zaman "polisə müqavimət"lə həbs edirdilər, amma ürəkləri soyumadı və "pula müqavimət"lə tutdular.

Müəllif isə iddia edir ki, ölkədə saxtakarlığa, ədalətsizliyə, talançılığa müqavimət göstərənlərin hansısa ağır ittihamla həbs olunması artıq normal hala çevrilib.

Müəllif deyir ki, cibində yalnız yol puluna çatan qədər pulu olardı, amma ürəyinin böyüklüyü milyardlardan qiymətlidir və cibində milyardları olub, ürəyi kiçik olanlar bu böyüklüyü həzm edə bilmədilər.

Yazı müəllifinin sözlərinə görə, ləyaqətli insanların öz doğulduğu günü zindanda qeyd etməsi ənənəyə çevrilib, amma burası da var ki, onlar zindanda olsalar da doğulduqları gün ölkə səviyyəsində qeyd olunur.

Məqalə müəllifi deyir ki, yüzlərlə insan bu şərəf və ləyaqət məhbuslarının şəninə təriflər yağdırırlar.

Müəllifə görə, bu gün Ruslan Nəsirlinin yüzlərlə insan tərəfindən təbrik edilməsi, həm bu həbsin əsasslızlığının sübutu, həm də onun qələbəsidir.

R.Nəsirlini ad günü ilə bağlı təbrik edən müəllif ona həm də gözəl günlərin hələ qarşıda olduğunu bildirir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti