Media-icmalı 21.02.18

Oğuz rayonunda infrastruktur layihələrinin icrası, boşanmaların artmasının səbəbləri, vergi ödənişində ədalətsizlik bugünkü (21 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Oğuzun infrastruktur yenilikləri

"Azərbaycan" qəzeti "İnfrastruktur layihələrinin icrası davam edir" sərlövhəli məqalədə bu layihələrin icra durumunu dəyərləndirir.

Müəllif bəhs etdiyi sahədə əyani nümayiş kimi Oğuz rayonunda əldə edilən uğurları göstərir.

Yazı müəllifi deyir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş elektrik şəbəkələrinin yenidən qurulması işləri 7 kənddə başa çatıb, Oğuz şəhəri və 6 kənddə isə işlər davam edir.

"Aparılan tədbirlər çərçivəsində 10 minə yaxın dayaq basdırılıb, 20 kilometr hava xətti, 198,4 kilometr Sip kabel xətti çəkilib, 31 yarımstansiya təmir olunub, 5 transformator quraşdırılıb, Oğuz Elektrik Şəbəkəsinin yeni inzibati binasının və şəhər yarımstansiyasının tikintisi başa çatdırılıb".

Müəllif vurğulayır ki, rayonun enerji təchizatının daha da yaxşılaşması üçün Muxas kəndi ərazisində Daşağıl çayı üzərində 3 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

Rayonun qazlaşdırılması istiqamətində də ciddi addımların atıldığını, Xaçmaz-Qışlaq kəndində 142 abonentin təbii qazla təmin edilidiyini deyən müəllif Oğuz şəhəri, Kərimli və Tayifli kəndlərində yeni qaz xətlərinin çəkildiyini, 4 kənddə yeni qaz tənzimləyicisinin quraşdırıldığını bildirir.

Müəllif vurğulayır ki, sakinlərin müasir informasiya sistemlərindən istifadə etmələri də vacibdir, keçən il Xaçmaz və Xalxal kəndlərinə 20 kilometrə yaxın optik xətt çəkilib, bu isə həmin kəndləri yüksək sürətli İnternetlə təmin edib, Xaçmaz-Qışlaq kəndində yeni elektron ATS istifadəyə verilib və bu istiqamətdə 2,3 kilometr optik xətt çəkilib.

Yazı müəllifi deyir ki, rayonun əkin və içməli suya olan tələbatı da həll olunur, Oğuz şəhəri, Muxas, Zərrab və Padar kəndlərində subartezian quyularının qazılmasına başlanılıb, bu il daha 6 kənddə subartezian quyularının qazılması üçün yerlər seçilib.

Sel sularından müdafiə üçün də tədbir görülür, bu məqsədlə çay sistemləri təmizlənib, mühafizə bəndləri qurulub, inşaat işlərinə gəlincə isə müəllif deyir ki, keçən il Yemişanlı, Xalxal qışlaq və Qarabaldır kəndlərində yeni modul tipli məktəblər istifadəyə verilib.

Çəkməçidən, dərzidən, yazıçıdan vergi gözləntisi

"Azadlıqinfo"da "Vergi ən zənginlər üçündür, yoxsa ən yoxsullar üçün?" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif Azərbaycanda ədalətsiz vergi sisteminin olduğunu iddia edərək onu tənqid edir.

Yazı müəllifi xatırladır ki, ABŞ zənginlərindən Bill Qeyts bu təbəqə insanlardan daha çox vergi tutulması ilə bağlı çıxış edib, rəsmi Vaşinqtonun zənginlərdən vergi tutulmasının azalacağına səbəb olacaq son vergi islahatlarını tənqid edib və buna qədər də ABŞ-ın 400-dən çox zəngini vergi yüklərinin artırılması ilə bağlı hökumətə müraciət edib.

Bəhs olunan sahədə Azrbaycanda vəziyyətlə bağlı müəllif belə deyir: "Bizdə isə hökumət ölkənin yetim-yesirində qalan qəpik-quruşu əldən çıxarmaq üçün min cür oyun düşünür. Məsələn, bu yaxınlarda Vergilər Nazirliyi bəyan etdi ki, bundan sonra şairlər, yazıçılar belə qazandıqları gəlirdən vergi ödəməlidirlər. Axı, bu ölkənin bədbəxt yazarı nə qazanır ki, hələ bir ondan vergi də ödəsin?".

Müəllif deyir ki, normal cəmiyyətlərdə bu vergilərin hansı sosial sahəyə yönəldiləcəyi də məlum olur, Azərbaycan kimi ölkələrdə isə bu məsələ də qaranlıq qalır, səbəb də budur ki, halal zəhməti ilə az-çox sərvət toplamış adamların 99%-i sıradan çıxarılıb, yerdə qalan 1%-ə də vergi və rüşvət göz açmağa imkan vermir.

Yazı müəllifi bildirir ki, ABŞ-dakı zənginlərin çağırışı kimi çağırışı Azərbaycan zənginlərıindən gözləmək olmaz: "Çünki başqa yollarla milyarder olmuş adamlar sərvətinin mənbəyinin qədərini, yerini açıqlayacaq üzdə deyil. Elə buna görə də bizdə hansısa zənginin çıxıb "bizdən daha çox vergi alın, kasıblara dəyməyin" çağırışı gözləməyin. Çünki ortada açıq, halal, təmiz dəftər-kitab yoxdur".

Müəllif vurğulayır ki, Azərbaycanda inhisarsız, rüşvətsiz qanuni bir sistem olsa, halal qazancı ilə zənginləşmiş insanların arasından ABŞ-dakı kimi nəcib şəxslər ortaya çıxacaq, amma indiki halda bu yoxdur və ola da bilməz.

Vergi ödənməsilə bağlı ölkənin indiki vəziyyətinə münasibət bildirən müəllif deyir ki, indi ölkənin qeyri-qanuni zənginləri, onsuz da vergidən azaddır.

Müəllif hesab edir ki, belə bir halda aylıq çörək pulu dərdi çəkən ölkə insanını bir də vergi tələbi ilə sıxmaq onu bilərəkdən bataqlığa itələməkdir.

Yazı müəllifinə görə, bu qədər zəngin bir ölkədə ən yoxsul təbəqəni təmsil edən çəkməçidən, dərzidən, yazıçıdan vergi gözləməyin adı nədir?

Xoşbəxtlik pulda deyil, amma onsuz da...

"Novoye Vremya" qəzetində isə "Xoşbəxtlik pulda deyil?..." sərlövhəli məqalə oxumaq olar.

Müəllif boşanmaların artması problemini gündəmə daşıyaraq səbəblərinə aydınlıq gətirməyə səy edir.

2016-cı ildə 13114, 2017-ci ildə 14514 boşanmanın qeydə alınması barədə rəsmi statistikaya istinadən müəllif ölkədə boşanmaların sürətlə artdığını bildirir.

Müəllifə görə, bu acınacaqlı statistikanı dünyada boşanmanın az qala dəb halına düşməsilə izah etmək istəyirlər, bununla belə Azərbaycanda boşanmaların öz xüsusiyyətləri var: "Məlumatlar göstərir ki, boşananların əksər hissəsi nikahda 5 ildən az olan gənc ailələrdir. 2016-cı ildə boşanmaların 50%-i övladları olmayan cütlərin payına düşüb. Bu mənada gənclərin sağlamlıqlarındakı probemlərlə bağlı uşaq dünyaya gətirə bilməmələri bugünkü ailələrin əsas problemlərindən biridir. Sonsuzluq problemini müəyyən müalicə prosedurları ilə aradan qaldırmaq olar, amma bu, az pul demək deyil və gənclərin buna imkanları varmı?"

Müəllif deyir ki, digər tərəfdən, gənc ailələr ağır olan maddi vəziyyət səbəbindən uşaq dünyaya gətirmək məsələsində tələsmirlər.

Yazi müəllifi ekpertlərə istinadən deyir ki, gənc ailələrin dağılmasına ilkin səbəb valideynlərin "sonra sevərsən" fəlsəfəsi, hər hansı istək olmadan şəxsin qohumla evləndirilməsidir.

Boşanmaların artmasının səbəbləri siyahısında maddi vəziyyətin öndə yer aldığını deyən müəllif bunu ölkədə işsizliyin artması ilə əlaqələndirir: "Ölkədə iş tapmağın o qədər də asan olmadığı heç kəsə sirr deyil. Üstəlik, ali təhsilli olmaq da iş tapmağın, normal maaşla təmin olunmağın zəmanəti ola bilmir. Bütün bunlar gənclərin ailə qurmaq, valideyn olmaq istəklərini əngəlləyir".

Müəllif bunu da xüsusi olaraq vurğulayır ki, ölkədə məhz gənclər arasında işsizlik səviyyəsi çox yüksəkdir, bu isə gənclərin mənzil probleminin həlli yolunda ən böyük maneədir.

Ölkədə orta aylıq maaşın az olduğunu deyən müəllif bu maaşa hətta ev almağı arzulamağın belə yeri olmadığını, ipotekaya gəlincə isə bunu yaxşı gəliri olan şəxslərin özünə rəva bildiyini söyləyir.

Ailənin dağılması səbəblərini davam etdirən müəllif deyir ki, ailə zorakılığı, ailə xəyanəti, gənclər arasında alkoqolizm və narkomaniyanın yayılması da ailələrin dağılmasında az rol oynamır.

Müəllifə görə, "iki könül sevincə samanlıq da seyran olur" mənəvi fəlsəfəsi indi həyatın dəfələrlə çətinləşdiyi, həyat səviyyəsinə tələblərin artdığı bir dövrdə ailə bağlarını möhkəmlədə bilmir: "Bəli, deyirlər ki, xoşbəxtlik pulda deyil, amma xoşbəxtliyi, xüsusilə, ailə xoşbəxtliyini pulsuz qurmaq da mümkün deyil".

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti