ft.com
30 ayda Türkiyə Mərkəzi bankın prezidenti 3 dəfə dəyişdirilməklə qalmayıb hökumətin ən qüdrətli üzvü olan xəzinə və maliyyə naziri də istefaya göndəriləndən sonra “sıx pul siyasəti”nin yenidən həyata keçiriləcəyi məlum oldu; noyabrdan bəri davam edən və bazarda müəyyən dərəcədə ümid yaradan proseslər bunu göstərir.
Türkiyə Cümhuriyyəti tarixində keçmişdə nazir olmuş bir şəxsin Mərkəzi bankın prezidenti vəzifəsinə gətirilməsi siyasət ənənəsinə uyğun bir hal olmasa da bu təyinat dövlət başçısı Erdoğanın da gedişatın fərqində olduğunu göstərən örnək idi.
Hal-hazırda müxalif partiyalardan birinin başında olan keçmiş baş nazir Ahmet Davutoğlunun hökumətlərində nəqliyyat və kommunikasiya naziri, parlamentar sistemin axırıncı baş naziri Binali Yıldırımın hökumətində isə baş nazirin müavini vəzifəsini tutmuş Lütfi Elvanın xəzinə və maliyyə naziri vəzifəsinə təyin edilməsi isə dövlətin makroiqtisadiyyata dair siyasətinin təcrübəli adamlara əmanət edildiyini göstərən başqa bir örnək idi.
Bu dəyişikliklərə qədər iqtisadiyyatın idarəçiliyindəki əsas dilemma dövlət başçısı Erdoğanın uzun müddətdən bəri müdafiə etdiyi “yüksək inflyasiyanın mənbəyi yüksək faizlərdir”- tezisi idi və bunun təkidlə tətbiq edilməsi valyuta məzənnəsinin daim yüksəlməsinə səbəb olurdu.
Naci Ağbal gələr-gəlməz Mərkəzi bankın Pul siyasəti şurasının keçirdiyi iclaslarda faizlərin müxtəlif taktiki manevrlərlə az-az yüksəldilməsi bazarda müsbət qarşılanaraq optimizm yaratsa da gözləntilərin əksinə bir neçə gün əvvəlki iclasda faizlərə toxunulmaması yerini bir anda pessimizdə buraxdığı kimi, dövlət başçısı Erdoğanın yenidən “yüksək inflyasiyanın mənbəyi yüksək faizdir”- tezisinə qayıtması və hətta təkid etməsi şübhələri artırmaqla qalmayıb valyutaya olan tələbi bir anda yüksəltdi.
Bu səpkili siyasi xarakterli açıqlamaların bazar üzərində yaratdığı neqativ təsir, Mərkəzi bank faizləri nə qədər artırsa da aradan asanlıqla qalxmayacağını göstərir.
İndi ortaya çıxan əsas sual: ”Cənab Erdoğanın eyni tezis üzərində təkidə davam etməsi Mərkəzi bankın mövcud prezidentinin də kreslosunu tərk etməsinə səbəb olacaqmı?”- narahatlığından ibarətdir.Çünki cənab Erdoğanın kürəkəni Berat Albayrakın xəzinə və maliyyə naziri olduğu dövrdə həyata keçirilən bu siyasət nəticəsində 3 misli aşağı salınan 24 baldan 8.5 bala) faizlər 2020-ci ilin yayında mənzil və ofis inşa edib satan şirkətlərin işinə yaramış,dövlət banklarının içi ucuz kreditlərlə boşaldılaraq iqtisadiyyat daha təhlükəli relsin üzərinə çıxarılmışdır. Ona görə iqtisadiyyata cavabdeh şəxslərin dövlət banklarına ümid bəslədiyini heç kim gözləmir, ona görə o bankların maliyyələşdirəcəyi layihələrdən də söhbət gedə bilməz, makroiqtisadi göstəriciləri qaydaya salmaq üçün ümid yenidən Mərkəzi Bankın sıx pul siyasəti yürütməsinə qalır.
Mərkəzi bank bu işə başlamaqda qərarlı görünsə də dövlət başçısı Erdoğan bir daha “yüksək faiz yüksək inflasiyanın başlıca mənbəyidir”- düsturunu xatırladaraq faizlərin yüksəldilməsinə bəri başdan qarşı çıxır.
Epidemiyanın da təsiriylə istehsalın azalması,kənd təsərrüfatının iflic vəziyyətinə düşməsi makroiqtisadi göstəricilər üzərində mənfi təsirini 2001-ci ildəki iqtisadi böhrandan sonra bu qədər ciddi şəkildə göstərir.
Türkiyəni içəridən izlədiyim 28 il ərzində üçüncü dəfə bu qədər ciddi qiymət artımı gördüyümü deyə bilərəm.
Cənab Erdoğan qiymətlərin artmasının qabağını lazımi tədbirlərlə alacaqlarını deyir; ancaq infrastruktura layihələrinə və inşaat firmalarına verilən uzun müddətli təminatları bir tərəfə qoyub real sənayeni və kənd təsərrüfatını dəstəkləmədən bazarda qiymət artışının qabağının alınmasının çətin olacağını hamı bilir. Ona görə izlənəcək yeganə yolun başda Mərkəzi bank olmaqla iqtisadiyyatın idarəçiliyini siyasi təsirlərdən mümkün qədər uzaq tutmaq və həyata keçiriləcək bütün tədbirləri onların öhdəsinə verməkdən ibarət olduğunu görmək lazımdır.
Müqayisə yerinə düşərsə,Azərbaycanın izlədiyi sıx pul siyasətinin Türkiyədən daha nizam-intizamlı və siyasi iradənin təsirindən daha uzaq olduğunu deməliyik. İstər Mərkəzi bankın valyuta ehtiyatlarından maksimum dərəcədə diqqətlə istifadə edilməsi, istərsə də devalvasiyaya qarşı mübarizənin əcnəbi valyuta üzərində ağır təzyiq yaratmadan aparılması makroiqtisadi göstəricilərdəki nisbi tarazlığı da özü ilə gətirib-gəlməkdədir.Bu şəkildə davam edilməsində fayda vardır. Sizə zarafat kimi gəlməsin: Mərkəzi banka başçılıq stajı Alan Greenspani 1.5 dəfə ötüb keçən Elman Rüstəmovun təcrübəsi işə yarayır…
Mayis Əlizadə
Rəy yaz