Официальные лица Азербайджана встретились с высокопоставленными представителями ЕСПЧ в Страсбурге / Justice.Gov.Az
“Məqsəd Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayını kəskin azaltmaqdır”
Bu ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin hüquqlarının pozulması ilə bağlı şikayəti rədd etdikdən sonra Avropa Məhkəməsinin Azərbaycanla bağlı son dönəmlər çıxardığı qərarları şübhə altına alan vətəndaş cəmiyyəti üzvlərinin əndişələri daha da artıb.
Əvvəllər Azərbaycanda daha çox Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsindən şikayətlər çoxluq təşkil edirdisə, son vaxtlar şikayətçilərin bir çoxu Avropa Məhkəməsinin çıxardığı qərarlardan narazılıq edirlər. Kompensasiyaların azlığı, şikayətlərin rədd olunması və bu kimi digər məsələlər Avropa Məhkəməsinə üz tutanları narazı salır. Vətəndaş cəmiyyəti üzvləri kluarlarda Məhkəmənin son vaxtlar çıxardığı qərarlara şübhə ilə yanaşır və həmin qərarların ədalətliliyini sorğulayırlar.
“Kürü diplomatiyası” ilə AŞPA deputatlarının Azərbaycan tərəfindən ələ alındığını xatırladan vətəndaş cəmiyyəti üzvləri indi də hökumət tərəfindən hansısa yolla Avropa Məhkəməsi hakimlərinə təsir edildiyinin mümkünlüyünü istisna etmirlər.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün ASTNA hüquqşünas Yalçın İmanovla söhbətləşib.
* * *
Sual: Yalçın bəy, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin hüquqlarının pozulması ilə bağlı şikayəti qəbuledilməz elan edib. Bu nə ilə əlaqədardır? Avropa Məhkəməsi niyə belə qərar qəbul etdi? Və bu qərar nə dərəcədə ədalətlidir?
Cavab: Suala birbaşa keçməmişdən əvvəl Oqtay bəyin işiylə bağlı bəzi məsələləri xatırladım ki, mövzu daha aydın başa düşülsün. Bildiyiniz kimi 2019-cu ilin oktyabr ayının sonlarında tanınmış hüquq müdafiəçisi Bakının mərkəzi küçələrinin birində avtomobillə vuruldu. Qəzadan dərhal sonra sürücü Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardı. Oradan isə daha sonra müayinə və müalicələr City Hospital, Respublika Neyrocərrahiyyə Xəstəxanası və daha sonra isə Türkiyə Respublikasının İstanbul şəhərindəki klinikalarda davam etdirildi. Ancaq bütün bunlar heç bir nəticə vermədi, hüquq müdafiəçisi Bakıda düşdüyü birinci dərəcəli ayıq koma vəziyyətindən heç çıxa bilmədi və indi də elə o vəziyyətdədir.
Baş verən yol nəqliyyat qəzasından sonra Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ilə cinayət işi başlandı. Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə hüquq müdafiəçisini vuran taksinin sürücüsü Cinayət Məcəlləsinin sözügedən maddəsi ilə təqsirli bilinib və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edildi. Ancaq Oqtay bəyə tibb müəssisələrində göstərilmiş tibbi müayinə və müalicələr, həmçinin həyata keçirilmiş digər tədbirlər zamanı həkim səhlənkarlığının olub-olmamasının yoxlanılmasından ötrü ayrılmış material araşdırılması üçün yalnız 16 oktyabr 2020-ci ildə Nəsimi rayon prokurorluğuna göndərildi. Özü də bu, Gülalyevin vəkillərinin, yaxın dostlarının və ailə üzvlərinin uzun sürən mübarizəsindən sonra baş verdi.
Həmin prokurorluğun müstəntiqləri tərəfindən 3 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilib. Hər üç qərar eyni hüquqi əsasla - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığı əsası ilə qəbul edilib və əsaslandırılıb. 29 dekabr 2020-ci il tarixli birinci qərar hüquq müdafiəçsinin yaxınlarının və vəkilinin çoxsaylı müraciətlərindən sonra 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən ləğv edilib və Nəsimi rayon prokurorluğuna əlavə araşdırmanın aparılması tapşırılıb. 1 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında yeni qərar isə Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə qanunsuz hesab edilib, ləğv edilib və iş üzrə araşdırmanın davam etdirilməsi qət edilib. Ancaq bu dəfə də eyni məzmunlu 3 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Sözügedən qərardan məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə verilən şikayət həmin məhkəmənin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi isə 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
Bundan sonra hüquq müdafiəçisinin Avropa İnsan Haqları Konvensiyasının bir sıra maddələrinin pozuntusunu əhatə edən şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin həmin Məhkəmənin tək hakimli tərkibdə hakimi Martins Mitsin (Mârtiŋŝ Mits) 13 aprel 2023-cü il tarixli qərarı ilə şikayət ərizəsi qəbuledilməz elan edilib. Qərarda sadəcə qeyd edilib ki, şikayət edilən məsələlər Konvensiyada və ya onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqların pozulmasının heç bir təzahürünü açıqlamır. Qərarda qeyd edilib ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndinə əsasən açıq-aşkar əsassızdır. Konvensiyanın həmin maddəsi şikayətin 3 halda qəbuledilməz olduğunu nəzərdə tutur. Bunlar şikayətin Konvensiyanın və ya ona dair Protokolların müddəalarına uyğun olmaması (1), açıq-aşkar əsassız olması (2) və ya fərdi müraciət hüququndan sui-istifadə (3) olmasıdır. Ancaq Martins Mitsin qərarında Gülalıyevin şikayətinin konkret bu halların hansına aid olmasını və qəbuledilməzlik kriteryiasını təsdiq edən, əsaslandıran hansı arqumentlərin olduğunu görmək mümkün deyil.
Halbuki, bu şikayətin qəbuledilənliyi heç bir şübhə doğurmurdu və şikayətdə Konvensiya pozuntuları aşkar şəkildə təsvir olunmuş və əsaslandırlmışdı. Əgər hətta hesab eləsək belə ki, şikayətdə yaşamaq hüququnun substaniv (maddi-hüququ) pozuntusu ilə bağlı təqdimatar, həddən ziyadə tənqidçi ağılda şübhə doğura bilərdisə, yaşamaq hüququnun prosedural pozuntununun mövcudluğu təkzibedilməz idi. Çünki Oqtay bəyin həkim səhlənkarlığı nəticəsində koma vəziyyətinə düşməsinə səbəb olan tibbi gedişatın halları ilə bağlı prokurorluq səmərəli və adekvat araşdırma aparmayıb. Əvvəla, bir daha bildirirəm ki, hüquq müdafiəçisinə tibb müəssisələrində göstərilmiş tibbi müayinə və müalicələr, həmçinin həyata keçirilmiş digər tədbirlər zamanı həkim səhlənkarlığının olub-olmamasının yoxlanılmasından ötrü araşdırmanın başlanması prokurorluq tərəfindən könüllü deyil, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və vəkilinin çoxsaylı cəhdlərindən sonra baş tutub. Nəsimi rayon prokurorluğunun müstəntiqləri tərəfindən sözügedən material üzrə dediyim kimi üç dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Qərarlar mahiyyətcə bir-birini bir çox hallarda sözbəsöz təkrarlamaqla, bir çoxu hüquq müdafiəçisini avtomobillə vurma faktı üzrə açılmış cinayət işi üzrə aparılmış istintaq zamanı dindirilmiş şəxslərin ifadələrinə istinad edib. Araşdırma zamanı təyin edilib, alınan ekspertiza rəyləri isə ekspert qarşısında qoyulan sualların məzmununa görə şablon xarakter daşıyıb, ekspertə rəy vermək üçün təqdim edilən materiallar yalnız ölkədaxili müayinə və əməliyyatı əks etdirən sənədlərlə məhdudlaşıb. Araşdırma zamanı tibb müəssisələrinin qərar verən şəxslərinin izahatları ümumiyyətlə alınmayıb. Buna misal olaraq Kliniki Tibbi Mərkəz və xüsusən City Hospital-ın məsul şəxslərin izahatlarının alınmamasını göstərmək olar. Birinci araşdırma zamanı hospitalın heç bir əməkdaşının izahatı alınmayıb. İkinci araşdırma zamanı isə hospitalın yalnız bir əməkdaşı – reanimatoloq Toğrul Adıgözəlovun izahatı alınıb ki, bu da Oqtay Gülalyevin xanımı Firuzə Gülalıyevanın izahatında dedikləri ilə əlaqədar baş verib. Toğrul Adıgözəlov isə hospitalda qərarverən tibbi personala daxil olmayıb, onun izahatı hüquq müdafiəçisinin hospitalda tibbi baxımsız qalmasına hər hansı bir aydınlıq gətirməyib, ona verilən sualların və cavabların əsas məğzi isə yalnız Firuzə Gülalıyevanın dediklərinin inkarına xidmət edib. Oqtay bəyin vaxtında cərrahi əməliyyat edilməməsi onda beyindaxili hematomanın miqdarının 3 mm.-dən 80 mm.-ə qədər böyüməsinə səbəb olub. Ancaq Nəsimi rayon prokurorluğunda aparılan araşdırma əməliyyatın vaxtında həyata keçirilməməsinin səbəblərini müəyyən etməyib və üzə çıxarmayıb. Kliniki Tibbi Mərkəzdəki müayinə və sonrakı ehtimali cərrahi əməliyyatın baş tutmamasının əsas səbəbkarı kimi hüquq müdafiəçisinin yaxınlarının onu digər xəstəxanaya köçürmək istəyi, hospitalda isə cərrahiyyə əməliyyatının gecikdirilməsinin səbəbi kimi qohumları tərəfindən cərrahiyyə əməliyyatına razılıq verilməməsi göstərilib. Ancaq birinci halda Firuzə Gülalıyevanın “iltizamnamə”sinə istinad edilsə də, ikinci halda imtinanın nədə ifadə olunduğu və bunu təsdiq edən hansı sübutların olub-olmadığı araşdırılmayıb. Kliniki Tibbi Mərkəzdə müayinə və müalicədən imtina edənə və digər xəstəxanaya köçürülənə qədər də orada hüquq müdafiəçisinə hər hansı keyfiyyətli baxım və müalicə tədbirləri həyata keçirilməyib. City Hospital-da isə Oqtay bəyin həyat yoldaşı müayinə və müalicələrdən imtina etməyib, əksinə bunun edilməsi üçün hospitalın tibb personalına bir neçə dəfə bahalı xidmət haqqı ödəyib, onun KT olunmasını, süni nəfəs aparatına qoşulmasını və s. tələb və israr edib. Həmçinin City Hospital-da əməliyyatın yalnız bəzi rəsmi instansiyaların işə qarışmasından sonra hospitala gələn Respublika Neyrəcərrahiyyə Xəstəxanasının həkim cərrahı tərəfindən edilməsinin səbəblərinə də heç cür izah gətirilməyib, ikinci KT üçün 8 saat vaxtın keçməsinə zərurət olub-olmaması araşdırılmayıb, hüquq müdafiəçisinin xanımının izahatları ilə bağlı ətraflı araşdırma aparılmayıb, onun dediklərinə hər hansı hüquqi qiymət verilməyib, o cümlədən əhəmiyyətli digər tibbi sübutlar toplanmayıb və müayinə və əməliyyat edən tibbi heyətlərin təmsilçilərinin ifadələrindəki mühüm ziddiyyətlər izah edilməyib.
Araşdırma zamanı uzun müddət hüquq müdafiəçisinin 6 noyabr 2019-cu ildən 8 noyabr 2020-ci ilədək Türkiyə Respublikasının “Avrasiya” klinikası və “Amerikan” xəstəxanalarında müayinə və müalicəsinə dair məlumatların alınması təmin edilməyib. Yalnız sonuncu araşdırma zamanı nəhayət ki Gülalıyevin 20 noyabr 2019-cu ildən 7 noyabr 2020-ci ilədək müayinə və müalicə olunduğu İstanbulun “Amerikan” xəstəxanasından ona aid tibbi sənədlər alınsa da, həmin sənədlərin məzmununun nədən ibarət olduğu, xəstənin hazırkı ağır durumunda Azərbaycanda aparılan müayinə və cərrahi əməliyyatın rolunun hansı həcmdə olub-olmaması analiz və təhlil edilməyib. Eyni zamanda, “Amerikan” xəstəxanasından alınan məlumatlar rəy verməsi üçün ekspertə təqdim edilməyib, ekspertizaya hüquq müdafiəçisinin yalnız Azərbaycanda müayinə və müalicələrini əks etdirən materiallar təqdim edilib. Həmin materiallar əsasında isə ekspertizanın obyektiv, hərtərəfli və tam həcmdə aparılması qeyri-mümkün idi.
Həmçinin araşdırma gedişində hüquq müdafiəçisinin İstanbul şəhərinə aparıldıqdan sonra ilk yatırıldığı və 2019-cu ilin 6-20 noyabr tarixlərində müayinə və müalicə olunduğu “Avrasiya” klinikasından ona aid tibbi sənədlərin alınması və təhlili təmin edilməyib. Nəticədə tibb əməkdaşlarının rolu və məsuliyyətinin qiymətləndirilməsi üçün bütün müvafiq məsələlərə və suallara cavablar tapılmayıb və onların Oqtay bəyin həyatını qorumaq öhdəliyi altında olub-olmamasını aşkar etmək üçün zəruri faktiki detallar müəyyən edilməyib.
Nəsimi rayon prokurorluğunda aparılan araşdırma bütövlükdə hüquq müdafiəçisini qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edib, eləcə də ictimaiyyətin tanınmış bir şəxsin işi ilə bağlı araşdırmaya kifayət qədər diqqət yetirməsinə mane olub. O.Gülalıyevin ailəsinin vəkilləri araşdırma materialları, qəbul edilmiş qərarlar və müxtəlif vaxtlarda keçirilmiş ekspertiza rəyləri və s. ilə tanış ola və həmin sənədlərin surətlərini ala bilməyib. Nəticədə həmin qərarlardan vaxtında şikayət edə bilməyiblər, eləcə də prokurorluğa digər sübutlar təqdim etmək imkanlarından məhrum olublar. Hüquq müdafiəçisinin vəkilinin araşdırma materialları ilə tanış olmaq və bəzi sənədlərin surətlərini çıxarmaqla bağlı Nəsimi rayon prokurorluğuna ünvanladığı 16.01.2023-cü il tarixli müraciəti isə Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 18 yanvar 2023-cü il tarixli cavab məktubu ilə təmin edilməyib. İmtina belə əsaslandırılıb ki, “...vəkilin araşdırılan material ilə tanış olması, həmin materialda olan sənədlərin surətlərini çıxarması Azərbaycan Respublikası cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır”. Maraqlıdır ki, Avropa Məhkəməsinin Azərbaycana qarşı bir sıra qərarlarında (Huseynova Azərbaycana qarşı (Ərizə №. 10653/10, 13/07/2017; Tagiyeva Azərbaycana qarşı (Ərizə № 72611/14, 07/10/2022), Şuriyyə Zeynaov Azərbaycana qarşı (Ərizə № 69460/12, 10/12/2020) qeyd olunub ki, zərərçəkmiş şəxslərin araşdırma materiallarına heç bir çıxışının olmaması, ərizəçini qanuni maraqlarını qorumaq imkanından məhrum edir və ictimaiyyət tərəfindən istintaqın hər hansı təftişinə mane olur. Məhkəmənin bu qərarlarında sözügedən hal pozuntu hesab edilib.
Yeri gəlmişkən, Məhkəmənin son qərarlarından olan rusiyalı müxalifətçi Aleksey Navalnının (Ərizə (Ərizə № 36418/20) naməlum maddə ilə zəhərlənməsi işiylə bağlı 6 iyun 2023-cü il tarixli qərarda da oxşar mövqe təkrarlanıb, yerli hakimiyyət orqanlarının apardığı araşdırmanın açıq olmadığı, zərərçəkmişin araşdırmalarda iştirak hüququnun nəzərə alınmadığı qeyd edilib və pozuntu təsdiq edilib. Məhz belə bir presedent hüquqi kontekstində Martins Mitsin 13 aprel 2023-cü il qərarı ilə Gülalıyevin şikayəti qəbuledilməz elan edilib.
Nəhayət, bu uzun-uzadı cavabın sonunda birmənalı demək istədiyim odur ki, bu qərar heç bir tənqidi arqumentə cavab vermir və təbii ki ədalət kriteriyalarından da tamamilə uzaqdır.
Sual: Əvvəllər Azərbaycanda daha çox Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsindən şikayətlər çoxluq təşkil edirdisə, son vaxtlar şikayətçilərin bir çoxu Avropa Məhkəməsinin çıxardığı qərarlardan narazılıq edirlər. Kompensasiyaların azlığı, şikayətlərin rədd olunması və bu kimi digər məsələlər Avropa Məhkəməsinə üz tutanları narazı salır. Sizcə, bu nə ilə bağlıdır?
Cavab: Son illər Avropa Məhkəməsinin Azərbaycan hökumətinə münasibətdə intensivləşən reveranslarını müşahidə etməmək qeyri-mümkündür. Həm aşkar pozuntu şikayətləri ilə bağlı bəzən tam, bəzən isə qismən qəbuledilməzlik qərarları, həm qeyri-mübahisəli həll mərhələsində tərəflərə təqdim edilən dostcasına həll təkliflərinin şərtləri, həm qəbul edilən qərarların məzmunu və s. bundan xəbər verir. Yeri gəlmişkən, son vaxtlar Azərbaycandan göndərilən informasiya sorğuları ilə bağlı şikayətlərin qeydiyyata alındıqdan uzun illər sonra kütləvi şəkildə qəbuledilməz elan olunmasını heç cür anlamaq və dərk eləmək olmur.
Bundan başqa, Məhkəmənin mübahisənin sülh yolu ilə həll mərhələsində çox böyük üstünlük verdiyi dostcasına həllin yaratdığı çoxsaylı problemlər var. Əvvəla, dostcasına həll vasitəsi ilə nizamlamada ərizəçilərin hüquqlarının pozuntusunun tanınması və yaxud da səmərəli araşdırılması öhdəliyi yer almır ki, bu da təcrübədən də göründüyü kimi hökumətin Konvensiyada yer alan təməl hüquqların pozuntularına görə məsuliyyətdən yayınmasına imkan yaradır. Azərbaycan hökuməti bir çox təməl hüquqların pozuntusunın tanınması barədə Məhkəmənin qəbul etdiyi qərarların icrasına, bu sahədə mövcud olan pis inzibati və məhkəmə praktikasının dəyişdirilməsinə, aradan qaldırılmasına heç bir maraq göstərmir. Digər tərəfdən, dostcasına həll təkliflərinin şərtləri ərizəçilərə münasibətdə hec cür ədalətli təsir bağışlamır. Tez-tez və kütləvi surətdə təkrarlanan oxşar işlər üzrə qəbul olunmuş xeyli sayda qərarların hökumət tərəfindən icra olunmaması, Məhkəməni bu işlər üzrə mənəvi zərərə görə kompensasiya məbləğlərini kəskin azaltmağa sövq edib. Nümunə üçün inzibati həbslərlə bağlı son deklarasiyalarla ərizəçilərə mənəvi zərərə görə cəmi 1000 avro, hüquqi yardıma görə isə 250 avro təklif olunur. Ərizəçilər həmin təklifi qəbul etməsə də, hökumətin birtərəfli bəyanatları əsasında Məhkəmə işlərin siyahıdan çıxarılmasına dair qərarlar qəbul edir və s.
Yəni, bir sıra hallarda mübahisəsiz həll prosesi dostcasına həll imkanlarını araşdırmaqdan daha çox, işin nəticəsini bəribaşdan müəyyənləşdirmə xarakteri alır və formal xarakter adşıyır. Bundan başqa, hökumətin birtərəfli bəyanatlardan həddən artıq sui-istifadəsinə imkan verilir, ya da göz yumulur. Kompensasiyalara gəlincə isə, məsələn, yuxarıdakı nümunədəki məbləğləri necə “ədalətli əvəz” hesab etmək olar?
Statistik məlumat üçün deyim ki, 2022-ci ildə Azərbaycanla bağlı Məhkəmə 320 ərizəyə baxıb, onlardan bir xeylisi - 269-u qəbuledilməz elan edilib, yaxud da siyahıdan çıxarılıb. Düzdür, kimlərsə bizimlə qonşu olan və yaxud da keçmiş sovet məkanını paylaşan ölkələrlə bağlı da oxşar qərarların sayının az olmadığını deyə bilər. Ancaq bilavasitə Azərbaycandakı bədheybət siyasi sistemin mövcudluğundan, varlığından irəli gələn hüquq pozuntularının miqyası, heç bir qonşu və ya keçmiş sovet ölkələri ilə müqayisə ediləcək səviyyədə deyil. Bu mənada ərizəçilərin və onların vəkillərinin narazılığı və ya məyusluğu anlaşılandır.
Sual: Biz “kürü diplomatiyası” kimi AŞPA-da deputatların ələ alındığı təcrübəsini görmüşük. Ola bilərmi hansısa formada Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinə təsir edə bilsin? Və ya hakimləri hansıa formada gizli yolla ələ alsın?
Cavab: Azərbaycan hakimiyyətinin əli çox uzundur, üstəlik şübhəli dostluq əlaqələri və yaxud da şaxələndirilmiş “faydalı qarşılıqlı işgüzar münasibətlər” qurmağı çox məharətlə bacarır. Avropa Məhkəməsi ilə təmaslarda hökumətin bədnam “AŞPA nümunəsi”ni təkrarladığını iddia edə bilmərəm. Ən azı bu haqda hər hansı mötəbər sübuta malik deyiləm. Ancaq dəqiq bildiyim odur ki, Strasburqda Azərbaycan və yaxud da buna ya çox oxşar, ya da az oxşar, gözdən-könüldən uzaq ölkələrə münasibətdə nələrsə baş verir və bu nələrinsə hətta heç bir qaranlıq səbəbi olmasa belə, bu, Məhkəmənin ali missiyasına və uzun müddət formalaşmış yüksək nüfuzuna ziddir.
İndilik yalnız onu dəqiq deyə bilərəm ki, artıq Strasburqa şikayətlər göndərmək üçün nə maddi, nə də mənəvi stimullar qalıb, vəkil xərci çox ikrahedici məbləğə qədər enib, dediyim kimi elə ərizəçilərə təyin edilən təzminatların həcmi də o qəbildəndir. Avropa Məhkəməsinə şikayətlər göndərib, ordan babattəhər qonarar alacağına ümid etmək xəyala çevrilib. Necə deyərlər, heç cür ağır zəhmətə dəymir. Əvvəlki inam və entuziazmla Strasburqa şikayətlər göndərmək dövrü, müşahidə etdiyim qədərincə arxada qalıb.
Sanki əsas gizli niyyətlərdən biri də elə budur: Azərbaycandan Məhkəməyə göndərilən şikayətlərin sayını bu yolla kəskin azaltmaq. Əgər belədirsə, artıq bir xeyli bu məqsədə nail olunduğunu deyə bilərik.
Sual: Bu şübhələri yox etmək üçün və ya əgər bu şübhələr əsaslıdırsa, onları sübut etmək üçün nə etmək olar? Bunu üzə çıxarmaq üçün kim hərəkətə keçməlidir? Və ya Avropa Məhkəməsinin üst qurumu bu şübhələri necə araşdıra bilər?
Cavab: Mənim reseptim yoxdur. Azərbaycanda vətəndaş cəmiyyəti uzun illər əvvəl məhv edilib. Halbuki, onların yeri, vaxtaşırı ictimai kampaniyaları bu cür vacib və ağırlıqlı problemlərdə daha çox görünür. Avropa Məhkəməsi ilə işləyən vəkil-hüquqşünasların sayı barmaqla sayılası qədərdir. Bu əvvəl də beləydi, indi bir az da kritikləşib. Cəmiyyətin düşünən hissəsi sürətlə marginallaşır və bunun dərin çeşidli, real səbəbləri var. Kollektiv müraciətlər və qrup petisiyaları sanki mümkünsüz, bir az da səmərəsiz kimi təsir bağışlayır.
Görünür, probemin daha ağır nəticələri ortaya çıxmayana qədər, onun indiki favorit qalıq əlamətləri əksəriyyəti o qədər də məşğul etməyəcək.
Sual: Sizin təklifləriniz nədən ibarətdir? Avropa Məhkəməsinə inamı bərpa etmək üçün hansı addımlar atılmalıdır?
Cavab: Mənə elə gəlir ki, indi inamın bərpa edilməsi yox, inamın itirilməsi zamanıdır. Başqa sözlə desəm, Avropa Məhkəməsi sonuncu ümid yeri ünvanını sürətlə əldən verir, itirir və bu proses böyük ehtimalla hələ davam edəcək. Bu vəzyyəti əcaibləşdirən başqa bir faktor isə odur ki, yerli məhkəmə sisteminin vəziyyəti də durmadan pisləşir, miskinləşir. Əvvəllər Avropa Məhkəməsinin adı, ora göndərilən şikayətə yalnız uzun illər sonra baxılıb, qərar qəbul ediləcəyi ilə assosiasiya olunurdusa, inid ortalıqda əlavə və daha kəskin düşündürücü problemlər var. Baş verənlərin nə ilə bağlı olduğunu, nədən qaynaqlandığını söyləmək çox çətindir. Görünür, dəqiq statistik məlumatlar əsasında uzun müddətli dərin təhlil və analizlər aparıb, bu prosesin hansı miqyası və coğrafiyanı əhatə etdiyini araşdırmaq lazımdır. Yalnız bir məsələ dəqiqdir ki, fərqli olduğunu iddia edənlər (bu, təkcə fərdlərə aid xüsusiyyət deyil), bunu gündəlik həyatda praktik olaraq, davamlı şəkildə nümayiş və təsdiq etdirməlidir. Yəni, alternativ dəyər iddiasında olanın ictimai məsuliyyəti və çəkisi bu baxımdan daha çox ağır gəlir. Primitivləşdirsək, uman yerdən küsərlər. Ummaq, küsülən ünvanın hələ o qədər də dəyərdən düşmədiyini təsdiq edir. Vay o gündən ki, heç bu da olmaya. Yəni, Avropa Məhkəməsinə siz demişkən “inamı bərpa etmək”, yaxud inamı ölməyə qoymamaq, birinci növbədə elə həmin Məhkəmənin özündən asılıdır, yəni, bu onları nə dərəcədə narahat edir diskursu baxımından.
Rəy yaz