Фото greenipservices.com
#icazəlimediaistəmirik: “Biz nəfəslik uğrunda dava edirik, qapı və pəncərələr yenə də onlardadır”
Sual: Aynur xanım, #icazəlimediaistəmirik dlı kampaniyaya başlamısız. Bu kampaniyanın məqsədi nədir?
Cavab: Bilirsiz ki, 2021-ci ilin dekabrında tələsik “Media haqqında” qanun qəbul olundu və 2022-ci ildə prezident həmin qanunu təsdiqlədi. Qanunla bağlı ictimai müzakirə aparılmadı, yalnız hakimiyyətə bağlı media qurumlarının rəhbərləri toplaşdı, hər zamankı kimi “hə” dedilər və təsdiqləndi. Qanundakı mürtəce maddələrə qarşı çıxanların heç bir iradı nəzərə alınmadı. Media Agentliyinin rəsmiləri isə müsahibələrində manipulyasiya edərək insanları aldatdı. 2022-ci ilin sentyabrında Media Reyestri təsdiqləndikdən sonra isə əsas mahiyyət, bizim başından bəri dediyimiz problemlər ortaya çıxdı və bu səbəbdən də belə bir kampaniyaya start verdik. Məqsədimiz həmin mürtəce maddələrin ləğvidir. Əslində isə qanun tamamilə ləğv edilib yenidən hazırlanmalıdır.
Sual: Haqlı olaraq belə bir sual ortaya çıxır. Reyestrin tətbiqini də özündə ehtiva edən Media haqqında qanunun təsdiq olunmasından bir il ötür. Niyə məhz indi belə bir kampaniyaya başlamağa qərar verdiniz? Gec deyilmi?
Cavab: Biz qanunun qəbulu zamanı da aksiyalar keçirirdik, amma bu kampaniya şəklində olmadı və problemlər hələ irəlidə olduğundan çox adam dəstək vermək istəmədi. Media Reyestrinin tətbiqindən sonra isə narazılıqlar artmağa başladı. Yanvarda Media Agentliyinin rəhbəri Əhməd İsmayılov açıqlama verib 6 ay müddət bitdikdə (martdan etibarən) sonra qeydiyyatdan keçməyən saytları məhkəməyə verəcəklərini dedi. Reyestrdən keçməyən jurnalistləri jurnalist hesab etmədi, ondan sonra qərar verdik ki, bu məsələyə bir “dur” deyək. Yəni, biz kampaniyanı gec başlamadıq, lap vaxtında başladıq – artıq 40 media qurumu rədd cavabı almışdı, 20 ilin jurnalistlərinə “sənin stajın yoxdur” cavabı verilmişdi, bir neçə nəfər məhkəməyə müraciət etmişdi və s. İnsanlar gərək problem birbaşa özündə hiss etsin ki, etirazın da nəticəsi olsun. Əvvəl bu barədə deyəndə deyilirdi ki, “hələ görən nə olur”. İndi isə gördülər.
Sual: Tələbləriniz tam olaraq nələrdir?
Cavab: Media ekspertləri, hüquqşünaslar qanundakı problemlərlə bağlı 40-dan artıq təklif hazırlayıblar və Venesiya Komissiyasına, hökumətə təqdim ediblər. Venesiya Komissiyasının da qanunla bağlı mənfi rəyi var. İndiki mərhələdə həmin təkliflərin nəzərə alınmasını istəyirik. Jurnalistika bir yaradıcı peşədir, onu qəlibə salmaq, məmurlaşdırma aparmaq olmaz. Bu sahəni istənilən ixtisas sahibi seçə bildiyi kimi, istənilən ali və ya orta dərəcə sahibi də seçə bilər. İlk növbədə ali təhsil, 3 illik staj tələbi, reyestrdən keçənlərin imtiyaz qazanması üstünlüyü ləğv edilməlidir. Media qurumlarının yaradıcılığına qarışmaq, senzura qoymaq, plan tələb etmək yolverilməzdir və buna son qoyulmalıdır. Hansı media qurumu nə qədər material hazırlamalıdır, bu, redaksiya siyasətidir, dövlət qurumu buna qarışa bilməz. Tələblərimiz tam olaraq mütəxəssislərin təkliflər paketində əks olunub.
Sual: Bu kampaniyayla paralel olaraq bu kampaniyanı aparanlara qarşı da bir kampaniya başladılıb. Sosial mediada, eləcə də hakimiyyətyönlü mediada bu kampaniyanı aparanlara qarşı yazılara rast gəlirik. Sizə qarşı bir çox ittihamlar irəli sürülür. Əsas da irançılıqda suçlayırlar, eyni zamanda müxalifətdən sifariş aldığınızı yazırlar. Hətta bu yazıların bir çoxunu elə jurnalist həmkarlarınız yazır. Bu yazılanlara cavabınız nədir?
Cavab: Müstəqil fəaliyyəti olmayan insanların nə düşünməsi önəm daşımır. Onlar azad qərar verə bilmədiklərindən elə bilirlər bütün etirazların arxasında hansısa qüvvə dayanır. Onların fikirləri növbəti tapşırıq alana qədərdir, sonradan dəyişib bizi dəstəkləyə də bilərlər. Ona görə də nə demələri əhəmiyyətsizdir. Əsas odur özləri də bu qanuna qarşıdırlar, sadəcə deməyə cəsarətləri çatmır. Qanundakı çatışmazlıqları görmək üçün sifariş almağa nə gərək var, bir az ağıl yetərlidir.
Sual: Bu kampaniya nə vaxta qədər davam edəcək? Kampaniya çərçivəsində hansı addımları atmağı planlayırsınız?
Cavab: Tələblərimiz yerinə yetənə qədər davam edəcəyik. Müxtəlif planlarımız var, bütün sivil vasitələrdən istifadə etməklə ölkə rəhbərliyini inandırmağa çalışacağıq ki, bu qanunun tətbiqi Azərbaycanı geriyə atacaq və heç nə onu xilas etməyəcək. Müstəqil medianın məhvi, ümumiyyətlə, medianın hakimiyyətin nəzarətində olması elə ölkənin özü üçün faciədir, korrupsiyanın çiçəklənməsi, şəffaflığın, hesabatlılığın olmamasıdır. Ayrı-ayrı məmurların fəaliyyətinə ictimai nəzarətin itməsi vətəndaş-hakimiyyət arasında da uçurum yaradır. Bunu anlamaq elə də çətin olmamalıdır axı.
Sual: Media haqqında qanun qəbul olmamışdan əvvəl də beynəlxalq təşkilatların indekslərində Azərbaycan media azadlığına görə aşağı yerlərdə qərarlaşırdı. Sizcə, indi Media Haqqında qanunla bağlı tələbləriniz yerinə yetirilərsə, hətta bu qanun tamamilə qüvvədən düşərsə, Azərbaycanda media azadlığı bərqərar olacaqmı?
Cavab: Təbii ki, olmayacaq. Çünki ölkədəki media qurumlarının demək olar 90 faizi hökumətin, ayrı-ayrı məmurların nəzarətindədir. Azad medianın reklam gəliri, sərbəst qazanc yolu olar. Biz sadəcə nəfəslik uğrunda dava edirik, qapı və pəncərələr yenə də onlardadır.
Sual: Azərbaycanda media azadlığının olması üçün nə edilməlidir?
Cavab: İlk növbədə media hakimiyyətin nəzarətindən qurtulmalıdır.
Rəy yaz