Ilqar Məmmədov

Ilqar Məmmədov

***

-İlqar bəy, siz həbs olunanda ölkədəki vəziyyət fərqli idi. Həmin dövrdə hələ azad media az da olsa var idi, müstəqil QHT-lər fəaliyyət göstərirdi, müxalifət partiyalarına da indiki qədər basqılar yox idi. İndi vəziyyət daha da mənfiyə doğru dəyişib. Sizin həbsinizdən sonra siyasi həbslərin də sayı artdı. Vətəndaş cəmiyyətinin üzvləri, müxalifət partiyalarının funksionerləri, jurnalistlər həbs olundu. Azad mediaların bağlandı. Sizin üçün bu şəraitdə yenidən mübarizəyə başlamaq çətin olmayacaq ki?

-Bir tərəfdən peşəkar medialar boğulub, tamamilə əvvəlki keyfiyyətini itiriblər - hansı ki heç əvvəl də o qədər də keyfiyyətli deyildilər. Lakin digər tərəfdən, bu boğulmanı texnoloji inkişaf qismən neytrallaşdırıb. Əvvəllər peşəkar KİV-in yerinə yetirdiyi funksiyaları artıq sosial şəbəkələrdəki ünsiyyət əvəz edir. Bəlkə də demək olar ki, siyasi rabitə üçün imkanların birini dövlətin əməli nəticəsində itirəndə, yerinə ikisi öz-özünə yaranır - texnologiyalara görə, yəni heç bir inzibati ixtiyardan asılı olmayaraq. Bunlar da, əlbəttə, istifadə olunası fürsətdir.

Siyasi məhbuslar yükü Azərbaycan cumhuriyyətçi və ya deyək ki, demokratik qüvvələrinin çiynində həmişə olub. Həmişə bu yük daşınılır. Mən özüm də beş il yarım həbsdə yatdım. Demokratik fəaliyyətdə iştirak edən insanlar üçün bu, mühüm yük olsa da, insanları demokratik iştirakçılıqdan tam da çəkindirməyib və çəkindirməməlidir. Əgər biz siyasi təşkilat olaraq insanları siyasi ideyalar uğrunda siyasi fəaliyyətə səfərbər edə biliriksə, gec-tez və hər hansı bir formada siyasi məhbuslar problemi də öz həllini tapacaq. Ümumi siyasi konteksdə. Yəni daim hansısa 100-150 nəfər həbsdə olur deyə, bütün xalq oturmalı, öz hüquqlarının tapdanmasına göz yummalıdır? Bu doğru yanaşma deyil. Biz bunu qəbul etmərik.

-Siz həbsdə ikən Azərbaycan idraəetməsində bəzi yeniliklər baş verdi. Misal üçün, vitse prezidentlik institutu yaradıldı. Növbədənkənar prezident seçkiləri keçirildi. Bütün bunlar barədə nə düşünürsünüz? Bütün bu dəyişikliklər demokratik proseslər üçün problemlər yaradır yoxsa, əksinə?

-Xaricdə yaşayan ya da xarici ölkələrə səfər edən azərbaycanlılardan soruşsanız ki, konfranslarda, tədbirlərdə, lap elə restoranlarda, gürcülərlə, ermənilərlə üz-üzə gələndə hansı söhbətlər olur, onlar sizə qonşularımızın özlərini necə dartmasından danışarlar. Gürcü və ermənilər deyir ki, bizim xalq demokratik təcrübəni heç olmasa sınamağa müvəffəqdir, bacardı. Sizin xalq isə elə hey geriləyir və artıq orta əsrlərə aid siyasi sistemə sürüklənib. Bunu hətta acılayan ironiya ilə də deyən olur. Sosial cəhətdən fəal, ictimai fəal, iqtisadi fəal həyat tərzi sürən azərbaycanlılar hansı ki, xaricə də gedib-gəlirlər, artıq etiraf edirlər ki, başqa ölkələrlə müqayisə yarananda onlar gürcü və ermənilər qarşısında özlərini başıaşağı hiss edirlər. Bu baxımdan deyə bilərik ki, son 5-6 ildə Azərbaycan çox itirib. Üstəgəl, hakimiyyətin niyyətlərinin hardan gəlib, hara getdiyinə dair dediklərimizə kiminsə şübhəsi vardısa, artıq bu şübhələr də qalmayıb. Azərbaycan rəhbərliyinin Azərbaycanda sülalə rejimi qurmaq, onu möhkəmləndirmək, Cumhuriyyət ideyalarını tapdamaqdır. Nəinki Cumhuriyyət ideyalarını, həm də dövlətin respublika idarəçilik formasını. Lakin bu 5-6 ildə baş verənlər geri döndərilə bilər. Siyasi iştirakçılıq, insanların siyasi səfərbərliyi, dinc və sivil mübarizə metodları bu tarixi tendensiyanı dəyişdirərək doğru istiqamətə yönəldilə bilər.

-Partiya lideri olaraq siz bunu dəyişdirmək üçün nə etməyi düşünürsüz? Bu məsələdə sizə kim yardımçı ola bilər? Kimlərlə əlaqə qurmağı düşünürsüz?

-Vətəndaşlarla. Azərbaycan vətəndaşları ilə. Azərbaycanlılardan başqa heç kim bu ərazidə, bu torpaqda, nə dövlət qurasıdır, nə dövlət yaşadasıdır, nə də ideya gücləndirəsidir. Ancaq Azərbaycan vətəndaşlarıdır bizim güvəndiyimiz yer. Bütün Azərbaycan vətəndaşları ilə sosial-siyasi rabitəni bundan sonra ancaq gücləndirmək fikrindəyik.

-Belə çıxır ki, siz də Qərbin demokratiya çağırışlarına, öz səsləndirdikləri bəyanatlara etibar etmirsiz?

-Mən inanıram. Qərbin səmimi olduğuna da inanıram. Amma söhbət başqa şeydən gedir. Onlar nə qədər səmimi olur olsun, xalqın öz iştirakçılığı həlledici amildir. Həlledici amil kənar iştirakçılıq, kənar dəstək deyil. Xalqın özünün iştirakçılığı hər şeyi təyin edəcək. Kənardan hər hansı bir mənəvi dəstək və ya siyasi simpatiyanın ifadə olunması mühüm olsa da, ikinci növbəli məsələdir. Ən vacibi odur ki, Azərbaycanın taleyi xalqın əlindədir. Burda yaşayan vətəndaşların əlindədir. Və bu tale hazırda birqədər qaranlıq göründüyü üçün siyasi iştirakçılıq yaxın vaxtlarda artmalıdır və artacaq.

-Qərbdən Azərbaycanla bağlı demokratik çağırışlar eşidirik, eyni zamanda bu mövzuda tənqid etdikləri hökumətlə əməkdaşlığının da şahidi oluruq. Bu da bir çox insanlarda, ictimaiyyət arasında Qərbin çağırışlarında səmimi olmasını şübhə altına alır.

-Gəlin Qərbi ümumiləşdirməyək. Nə Şərqi, nə Qərbi ümumiləşdirmək düzgün deyil. Hər yerdə müxtəlif insanlar var. Müxtəlif maraqlar var. Və Qərbdə də çox böyük ictimai kəsimli insanlar var ki, istəyirlər ki, Azərbaycanda, ümumiyyətlə bütün dünyada daha humanist, daha demokratik, insana yaraşan hökumətlər, sistemlər qurulsun. Elə adamlar da var ki, onları ideyalı məqsəd maraqlandırmır. Nəhayət, eləsi də var ki, demokratik keçidin əleyhinə bilərəkdən çıxış edirlər. Bu baxımdan hamısını ümumiləşdirmək düzgün deyil. Tərəqqimizi, inkişafamızı istəyən qüvvələr Qərbdə daha çoxdur, nəinki ancaq maddi maraq güdənlər. Məsələnin ikinci tərəfi isə odur ki, Azərbaycanda demokratik dəyişiklik üçün kimsə Qərbdə çağırış edirsə, bu o demək deyil ki, o, iqtisadi sahədə Azərbaycanla əməkdaşlıq etməməlidir. Etməlidir. Əlbəttə etməlidir. Və edəcək də. Ona görə heç kim bunu qınaya bilməz. Ölkələrarası iqtisadi bağlar həmişə olub. Bundan sonra da olacaq. Əsas məsələ bütün bu əsasən müsbət xarici niyyətlərin və xalqın iştirakçılığı arasında demokratik inkişafı təmin edəcək tarazlıq tapmaqdır.

-Yəqin ki, həbsdən çıxdıqdan sonra gedən proseslərlə maraqlanmaq imkanınız olub. Iyulun 12-də Azərbaycan və Avropa Birliyi arasında sənəd paraflandı. Yaxın vaxtlarda həmin təşkilatla saziş imzalanması da gözlənilir. Eyni zamanda da Rusiya ilə münasibətlər davam edir. Hətta KTMT-yə üzvlüklə bağlı məsələ hazırda müzakirə olunur. Azərbaycan hakimiyyətinin hazırki xarici siyasətini necə qiymətləndirirsiz?

-Iyulda imzalanmış sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin 2020-ci ilə qədər prioritetləri haqqında sənəddir. Yəni o, müvəqqətidir. İndiyədək artıq strateji tərəfdaşlıq haqında saziş imzalanmış olmalı idi. Imzalanmayıb. Imzalanmamasının səbəblərindən ən vacibi də odur ki, hər hansı bir ölkə Avropa Birliyinin strateji tərəfdaşı olursa, Avropanın dəyərlər sistemi ilə də uyğunlaşmalıdır. Yox, əgər hər hansı bir dövlət o dəyərlər sistemi ilə razılaşmırsa, onda bunun adı strateji tərəfdaşlıq olmur. Azərbaycan tərəfi istəyir ki, imzalanan sənəd strateji tərəfdaşlıq haqqında sənəd olsun, Avropa Birliyi isə deyir ki, indiki məzmunda olacaqsa, bu strateji tərəfdaşlıq deyil, sadəcə olaraq tərəfdaşlıqdır. Bəlkə də heç tərəfdaşlıq da deyil, əməkdaşlıq müqaviləsidir. Azərbaycandakı hakim rejim əlbəttə ki, bu əməkdaşlığın statusunu yüksəltmək istəyir. Amma bundan doğa biləcək vəzifələri öz üzərinə götürmək istəmir. Mən bu sazişin imzalanması perspektivinə nikbin baxmıram. Çünki Azərbaycan 20-25 ildir Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Və bu danışıqları o şəxs aparır, hansı ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş üçün aparılan danışıqlara da başçılıq edir. Eyni şəxs ÜTT ilə 20 ildir Azərbaycan adından danışır. İndi o, həm də AB ilə Azərbaycan adından danışır. Kimsə istisna edə bilməz ki, bundan sonra da bu proses ölüvay tərzdə davam edəcək. Ona görə biz o sazişlərlə yaşamamalıyıq. Onlar mühümdür, vacibdir. Amma Azərbaycan xalqının öz iştirakçılığı, öz taleyini öz əllərində tutması və onu həll etməsi daha vacibdir.

KTMT ilə bağlı təşəbbüs mənə elə gəlir ki, Azərbaycanı ikinci dərəcəli dövlətə çevirir. Biri var ki bu söhbət boş yerdə olardı, amma o, Ermənistanda qərbmeylli hökumətin yaranması fonunda ortalığa atılıb. Belə çıxır ki, bizim orda üzv olmağımız ancaq və ancaq Ermənistana qarşı istifadə üçün nəzərdə tutulub və bir növ Rusiya hakimiyyəti tərəfindən ortalığa atılan, bizə təklif olunan funksiyadır. Azərbaycan Ermənistanın indiki hakimiyyətinin sıxışdırılması üçün Rusiyanın əlində alət olmalıdırmı? Mənim buna münasibətim mənfidir. Biz heç bir halda imkan verməməliyik ki, Azərbaycan Ermənistan rəhbərliyinin Rusiya tərəfindən sıxışdırılması üçün bir alətə çevrilsin. Biz suveren millət, suveren dövlətik. Bizim missiyamız dünyada və regionda başqa olmalıdır. Daha yüksək missiyalarla, amallarla yaşamalıyıq.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti