Neft prioritetli olmamalıdır

***

-Toğrul bəy, sizcə, Azərbaycan iqtisadiyyatı doğru istiqamət üzrə qurulubmu?

Toğrul Maşallı- Doğrusu, bu suala cavab vermək mənim üçün çətindir. Çünki bunu əvvəlcədən bilmək olmur. Bunu yalnız sonradan müəyyən etmək mümkündür. Buna görə biz gərək nəticələrə baxaq. Bugünki nəticələrə görə, deyə bilərik ki, bizim iqtisadiyyat doğru istiqamət götürməyib. Bizim iqtisadiyyatımız üçün doğru istiqamət o olardı ki, əslində biz gərək sənaye potensialımızdan istifadə edəydik.

- Artıq 27 ildir ki, Azərbaycan müstəqildir. Azərbaycan müstəqilliyini qazananda müharibə şəraitində olsa da sovet ölkələri arasında iqtisadi baxımdan ən perspektivli ölkələrdən hesab olunurdu. Sizcə, yanlışlıqlar harada oldu? İqtisadiyyat hansı istiqamətdə qurulmalı idi?

- Doğrudur, biz 90-cı illərdə sovet ölkələri arasında ən perspektivli ölkəydik. Çünki bayaq dediyim kimi, bizdə sənaye potensialı çox yüksək idi. Eyni zamanda SSRİ-də iki ölkədən biri idik ki, özümüz özümüzü sənaye məhsulları ilə təmin edə bilirdik. Düzdür, sovet ölkəsi olduğumuz, SSRİ-nin daxilində olduğumuz üçün bizə çatan bütün resurslar ucuz başa gəlirdi. Amma əgər biz bu münasibətləri, əlaqələri saxlaya bilsəydik, bu dəqiqə bizdə vəziyyət başqa cür olardı. 1993-1996-cı illərdə, təxminən 90-cı ilin ortalarından biz tamam başqa istiqamət götürdük. Biz o istiqaməti götürdük ki, nefti sataq və ondan pul qazanaq. Bu yanlış istiqamət idi. Çünki neft satışından əldə edilən pulu real olaraq sənayeyə yatırmaq lazım idi. Bu sahəni inkişaf etdirmək lazım idi. Çünki neft heç vaxt o qədər də yüksək inkişaf verməyəcəkdi.

- Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Ekspertlər də bildirirlər ki, iqtisadiyyat neftin üstündə qurulub. Büdcə neftin üzərindədir. Amma dünyada başqa neft ölkələri də var ki, bütün iqtisadi sahələrdə xeyli inkişaf edirlər. Bəs bizdə digər sahələrdə inkişaf niyə görünmür?

- Başqa neft ölkələri dedikdə siz, əlbəttə, ola bilər ki, Norveçi nəzərdə tutursunuz. Amma nəzərə almaq lazımdır ki, həmin ölkənin iqtisadiyyatı əvvəldən formalaşıb, neft satmağa başladıqdan sonra, neft sahəsi inkişaf etdikdən sonra ölkənin iqtisadiyyatının inkişafı üçün əlavə impuls olub. Yəni, həmin ölkələrdə iqtisadiyyatın əsasını neft təşkil etməyib. Bizdə də 19-cü əsrin ortalarında neft iqtisadiyyatı formalaşmışdı. Sovet dövründə bu, bir qədər dəyişdirildi. Bəzi məlumatlara görə, 90-cı illərin əvvəllərində bizdə ÜDM-in yalnız 15-20 faizini neft təşkil edirdi. Çünki hətta sovet dövründə başa düşürdülər ki, neft üzərində dayanıqlı iqtisadiyyat qurmaq çətindir. Ona görə deyəndə ki, neft ölkələri daha inkişaf edib, biz başa düşməliyik ki, onların iqtisadiyyatında əvvəlcədən başqa sahələr var idi. Neft satışına başladıqdan sonra da həmin sahələr fəaliyyət göstərdi və inkişafları davam etdi.

- Sahibkarlığın İnkişafına Yardım Fondu, bundan əlavə, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar. Bunlar başqa sahələrin inkişafı üçün onlara təkan olaraq yetərli deyilmi?

- Əslində adlarını çəkdiyiniz Sahibkarlığın İnkişafına Yardım Fondu, kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar sistemi normal fəaliyyət göstərsəydi hər şey normal olardı. Amma bizdə bu, normal fəaliyyət göstərmir. Bu sistemlə bərabər həmçinin kredit sistemi də normal fəaliyyət göstərmir. Heç vaxt bu dəstək fondları və. s iqtisadiyyatda vacib yer tuta bilməz. Çünki kənd təsərrüfatında fermerlərin sayı minlərlədir, on minlərlədir. Və yaxud sahibkarların sayı yüz minlərlədir. Hamısına dəstək fondundan pul vermək mümkün deyil. Onun üçün kredit sistemi normal fəaliyyət göstərməlidir ki, insanlar gedib normal kredit götürüb öz sahələrini inkişaf etdirə bilsinlər, bizneslərini qura bilsinlər. Sahibkarlığa Dəstək Fondu isə elə bil ki, dövlət tərəfindən verilən əlavə köməkdir. Bu, heç vaxt vacib yeri tutmur, tutmamalıdır da. Amma bizim kredit sistemi də çox zəif vəziyyətdədir. Kredit sistemində bir sıra problemlər var. Məsələn, yüksək faiz dərəcələri, eyni zamanda fermerlər üçün kreditin mümkün olmaması. Çünki bir çox hallarda fermerlərə vermirlər ki, Bakıda girov qoymağa mənzil yoxdur və s. Bu kredit sisteminin çox bərbad vəziyyətdə olması ilə bağlıdır. Ona görə sahibkarlıq və yaxud kənd təsərrüfatı inkişaf etmir. Sadəcə, subsidiyalarla, sadəcə, sahibkarlığa dəstək fondları ilə heç nə alınmayacaq.

- Son illər, ümumiyyətlə, kənd təsərrüfatının inkişafına, xüsusən də pambıqçılığın inkişafına xeyli yatırımlar edilir, diqqət ayrılır. Bunların səmərəsi olacaqmı?

- Heç bir səmərəsi olmayacaq. Çünki dediyim kimi, əgər kənd təsərrüfatının yalnız subsidiya vasitəsi ilə inkişaf edəcəyini düşünürsənsə, demək ki, mənası yoxdur. İlk növbədə məqsəd olmalıdır. Məsələn, pambıqçılığın inkişafının məqsədi olmalıdır. Pambıqçılıq üçün tekstil sənayesi lazımdır. Pambıqçılığa tələbat o qədər deyil ki, pambıqçılığı inkişaf etdirəsən. Dünya bazarına çıxmaq istəyirsənsə, bu, bir qədər mənasızdır. Dünya bazarı artıq tutulub və biz ora yalnız çox kiçik partiyalarla çıxa bilərik. Bunun da ölkə iqtisadiyyatına o qədər də faydası olmayacaq. Eyni zamanda pambıqçılığın inkişafı ilə bağlı ilk öncə tekstil sənaye və bir sıra sənayelərin inkişafı üçün dövlət dəstək verməlidir. Bu sənayelər inkişaf etməlidir ki, nəticədə pambıqçılığa tələbat yaransın və inkişaf etsin. Amma pambıqçılığa tələbat olmayan yerdə boş-boşuna onu inkişaf etdirməyə çalışmaq mənasızdır və heç bir səmərə verməyəcək. Eyni zamanda başqa sahələrdə də. Çünki bizdə bir sıra texniki sahələrin nə üçün yaradıldığı bilinmir. Məqsəd yoxdur. Məqsəd olmadığı halda hər bir şey səmərəsiz olur. Yalnız uğurlu bir sahəni demək olar ki, o da pomidor, tomat istehsalıdır. O da bəzi spesifik cəhətlərə görə belədir. Amma əslinə qalsa, başqa heç bir texniki sahələr, pambıq, çay istehsalında məqsəd yoxdur. Məqsəd olmayanda səmərə də olmayacaq.

- Tutalım ki, neft erası bitdi. Nə olacaq? Bundan sonra Azərbaycanın normal iqtisadi inkişafı üçün hansı addımlar atılmalıdır? Hansı sahələrə daha çox diqqət ayrılmalıdır? Normal iqtisadiyyata dönmək üçün şans varmı? Çıxış yolu varmı?

-Neft erası bitəndə başqa bir era başlayacaq. Əslinə qalsa, bu, mümkün deyil. Neft erası bitəcək, qaz erası başlayacaq və s. O, problem deyil. Amma iqtisadiyyatın inkişafı üçün ilk növbədə normal bazar iqtisadiyyatı yaradılmalıdır. Biz dövləti inkişaf etdirmək istəyiriksə, dövlət bir qədər bazardan çıxmalıdır. O, yalnız nəzarətedici və dəstəkləyici funksiyanı yerinə yetirməlidir. Heç bir halda iştirakçı funksiyasında olmamalıdır. Bizdə isə əsasən demək olar ki, bütün əməliyyatlar bu və ya digər halda dövlətin iştirakı ilə bağlıdır. Kənd təsərrüfatı dövlətlə bağlıdır, başqa sözlə, milyonlarla insan dövlətlə bağlıdır, digər sahələr dövlətlə bağlıdır. Eyni zamanda sənaye, sifariş, hər şey dövlətlə bağlıdır. Dövlət kənara çəkilməlidir. Yalnız nəzarət edib, hərdənbir dəstək verməlidir. Yalnız belə iştirak etməlidir. Normal iqtisadiyyat qurmaq üçün şans həmişə var, çıxış yolu həmişə var. Ola bilər ki, bu çıxış yolu kimlərəsə sərf etmir. Bizdə bir çox sahələrdə vəziyyətdən çıxış yolu odur ki, rəqabət bərpa olunsun. Rəqabəti bərpa etmək isə iri holdinqlərə, məmur-oliqarx sisteminə heç bir halda xeyir gətirməyəcək. Və onlar üçün bu, müsbət deyil. Onlar üçün bu, çıxış yolu deyil. Amma reallıqda çıxış yolu normal rəqabəti bərpa etməkdir. Digər sahələrin inkişafı üçün yalnız bir prinsip olmalıdır. Neft və qazla bağlı sahələrə diqqət yetirilməməlidir. Başqa bütün sahələrə diqqət, dəstək ayrılmalıdır, stimullaşdırıcı addımlar atılmalıdır. Bu, dövlətin başlıca prinsipi olmalıdır.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti