Açıq mənbələrdən foto
***
2018-ci ilin iyun ayı Dağlıq Qarabağ və Azərbaycanın Qarabağ siyasəti ilə bağlı hadisələrlə zəngin oldu. Nikol Paşinyanın bəyanatları və Xankəndinə səfəri, RF XİN rəhbəri Sergey Lavrovun və Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın bu mövzuda bəyanatları, Bakıdakı hərbi parad və Azərbaycan qoşunlarının Naxçıvan əməliyyatı göstərir ki, Qarabağ prosesi dondurulmayıb, açıq və məkrli proseslər gedir. Turan agentliyi politoloq Elxan Şahinoğlu ilə baş verənlərə aydınlıq gətirməyə çalışıb.
- İctimaiyyət arasında deyirlər ki, Vladimir Putin Nikol Paşinyanın xarici siyasətindən narazıdır, ona görədə Rusiya Ermənistana təzyiq göstərərək onu Qarabağdakı maraqlarından imtina etməyə məcbur edə bilər.
- Əslində Paşinyan Putinin xoşuna getməyəcək bir iş görməyib. Qarabağ probleminin həllilə bağlı Kremlin üç şərti var: Azərbaycan AvrAzEs üzvü olmalı, KTMT-yə daxil olmalı və rusiyalı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmalıdır. Bu şərtləri qəbul etmək Azərbaycan üçün risklidir. Çünki əgər qəbul edərsə, bu, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin sonu olar, Bakının Qərblə münasibəti isə sual altında olar. Digər tərəfdən, əgər bəzilərinin bildirdiyi kimi, Putinin bizə rəğbəti varsa Azərbaycanla yaxınlaşmaq üçün addım atmasına kim əngəl olur? Biz bunu görmürük, müsbət siqnal yoxdur.
Azərbaycanın Rusiyanın yardımına ehtiyacı yoxdur. Bizə lazımdır ki, RF 2016-cı ilin aprelində olduğu kimi yenə mane olmasın. Dördgünlük müharibə ərzində biz az torpağı azad etdik, çünki Rusiya bizə mane oldu. Moskvalı ekspertlər Ermənistanı tənqid edirlər, Azərbaycana rəğbət bəsləyirlər və tez-tez Bakıya gəlirlər. Ancaq bu, o demək deyil ki, Putinin bizim ölkəmizə rəğbəti var. Bu, Putinin həmin ekspertlərin fikirlərinə diqqətlə yanaşdığı anlamına
gəlmir. Onlar deyirlər ki, Moskva Sarqsyanı onu yola gətirdikdən sonra o, Dağlıq Qarabağ ətrafında beş rayonu bizə qaytarmağa razı olub. Nikol Paşinyan mane olub. Bu, doğru deyil. Sarqsyan 10 ilə yaxın hakimiyyətdə olub, ancaq bizim rayonların qaytarılması üçün heç bir iş görməyib. O, qoşunları Azərbaycan rayonlarından çıxarmaq istəməyib, Moskva isə ona təzyiq göstərməyib. Ekspertlər Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid edirlər və Rusiyada Azərbaycanın müsbət imicinin yaradılmasına xidmət edirlər. Bu qədər. Bu o demək deyil ki, reallıq ekspertlərin göstərmək istədiyi kimidir.
- Paşinyan Qarabağ danışıqlarına Dağlıq Qarabağın faktiki rəhbərlərinin cəlb olunmasına təkid edir.
- Nikol Paşinyan Qarabağ mövzusunu dəyişmək istəyir. Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirir. Ancaq bu görüşdə DQ nümayəndələri iştirak etməlidir. Paşinyan onların yerinə məsələni həll edə bilməz, - bunlar onun sözləridir. Rəsmi Bakı bu təklifi qəbul edə bilməz, çünki bizim torpaqlar Ermənistan tərəfindən işğal edilib. Əgər Bakı Qarabağ separatçıları ilə danışıqlara başlasa, işğalda Ermənistanın rolu mühüm görünməyəcək. İkinci səbəb: DQ nümayəndələri növbəti mərhələdə danışıqlara cəlb edilə bilər, ancaq mütləq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə birlikdə. Belə olmasa, rəsmi Bakı separatçılarla görüş keçirməyəcək. Qarabağ prosesində Paşinyan Sarqsyandan fərqlənmir. Paşinyan göstərmək istəyir ki, Sarqsyandan az separatçı deyil. Baş nazir postuna seçilməsinin iki ayı tamam olmamış iki dəfə Dağlıq Qarabağa gedib, yeni bəyanatlarla çıxış edib.
Paşinyan Yerevana qayıtdıqdan sonra Xocalı aeroportunda ermənilər yüngül motorlu təyyarələrdən istifadə olunmaqla aviaşou göstərdilər. Paşinyan Rusiyanın Su-30 qırıcısında şəkil çəkdirib və bu fotonu sosial şəbəkələrdə yerləşdirib. Sanki demək istəyir ki, tezliklə Yerevan belə təyyarələrdən alacaq.
Azərbaycan ictimaiyyətində suallar yaranır: bizim təyyarələrin Qarabağ səmasında uçmasının zamanı deyilmi? Beynəlxalq təşkilatlar bu səmanı Azərbaycanın səması hesab edirlər, ona görə də bizim aviasiyanın Qarabağda görünməsi normal hadisə olmalıdır. Paşinyan Azərbaycanla sülhə hazır deyil. Onun keçmiş lideri Levon Ter-Petrosyan mərhələli həll planını dəstəklədiyini bildirmişdi. Maraqlıdır ki, indi o susur. Ermənistanda çoxları başa düşür ki, onların ölkəsinin Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşmayana qədər bu ölkə inkişaf etməyəcək. Başa düşürlər, ancaq açıq söyləyə bilmirlər.
- Naxçıvan hadisələri və ümumilikdə Azərbaycan ordusunun vəziyyəti, hərbi parad - bu xəbərlərin özəlliyi nədədir?
- Azərbaycan ordusunun Naxçıvanda yüksəkliyi götürməsi Paşinyanın imicinə ziyan vurur. Bu, ciddi dəyişikliklərin başlanğıcı ola bilər. Azərbaycan ordusu Naxçıvandakı uğurlu dəyişiklikləri Qarabağda davam etdirə bilər. Bu, genişmiqyaslı müharibə olmayacaq, strateji vəziyyətin yaxşılaşdırılması üçün mövqe dəyişikliyi olacaq. Belə
dəyişiklik bizim orduda psixoloji üstünlük yaradır. Bizim geriyə yolumuz yoxdur. 2016-cı ilin aprel döyüşləri xalqın orduya inamını artırdı. Danışıqlar uğur gətirmədi və gətirməyəcək. Diplomatiya gücsüz olanda irəli ordu çıxır. Hazırda ordu aparıcı amilə çevrilib. Azərbaycanlı əsgərlər və zabitlər döyüşməyə hazırdır, əlverişli məqam gözləyirlər. Bu, təbiidir. 25 il ərzində Ermənistanda Qarabağ uğrunda ölümə getmək istəməyən nəsil yetişib.
İşğalçını danışıqlar masası arxasında əyləşməyə məcbur etmək üçün təmas xəttində gərginlik ocaqları güclənməli və genişlənməlidir. Azərbaycan ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi parad göstərdi ki, bizim ordu tədricən sovet standartlarından uzaqlaşır və NATO prinsiplərinə yaxınlaşır. Bu, texnikadan da, əsgər və zabitlərin xarici görkəmindən də bəlli olur. Bütün bunları dünyaya və Ermənistana göstərmək lazım idi. Paradda çıxış edən İlham Əliyev bildirdi ki, müharibə bitməyib, yalnız birinci mərhələ başa çatıb. Beynəlxalq hüquq fəaliyyət göstərmir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, ancaq Ermənistan bizim torpaqların işğalına son qoymur.
İyunun 21-də BMT baş katibi və Rusiyanın xarici işlər nazirinin birgə konfransında Sergey Lavrov deyib ki, BMT-nin Qarabağa dair qətnamələri müharibə vaxtı qəbul edilib, böyük və qanlı müharibənin dayandırılması, münaqişənin danışıqlar məcrasına keçirilməsi üçün.
Ancaq qətnamələrdə işğal edilmiş rayonların azad edilməsinin vacibliyi aydın deyilib. Belə bəyanatdan sonra Azərbaycan üçün BMT qətnamələrinə istinad etmək çətindir. Bu təşkilat və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri torpaqların azad edilməsi barədə dörd qətnamənin yerinə yetirilməsi üçün heç bir şey etmir. Bu, Ermənistana sərf edir, onlar BMT qətnamələrini heç zaman yada salmır. Azərbaycanlıların mütləq əksəriyyəti əmindir ki, torpaqların azad edilməsinin yeganə alternativi ordunun fəaliyyətidir. Bizim ordu 2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanda göstərilmiş yeni strategiyaya uyğun fəaliyyət göstərir. Kiçik hərbi əməliyyatlarla strateji yüksəkliklər tutulur. Güc dövlətləri bizim orduya mane ola bilməz. Rusiya 2016-cı ildə hücumun inkişafına imkan vermədi, lakin rusiyalı rəsmi şəxslər Naxçıvan hadisələri barədə heç nə demədilər. Naxçıvan əməliyyatından sonra İ.Əliyev Moskvada Putinlə görüşdü. O, ölkələrimiz arasında yüksək siyasi əlaqələrə tərəfdar olduğunu bildirdi. İndi erməni ekspertlər ehtiyat edirlər ki, Rusiyada Futbol Çempionatı başa çatdıqdan sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Çempionatdan sonra olmasa da istənilən başqa vaxt bu, mümkündür və hücumun başlanması bizdən asılıdır.
Rəy yaz