Açıq mənbələrdən foto
* * *
Sual: Qubad bəy, bu yaxınlarda bütün dünyanın diqqətində olan Pandora sənədləri yayıldı. 30-dan çox dünya liderinin adının olduğu həmin sənədlərdə həmin şəxslərin gizli var-dövləti ortaya çıxdı. Ola bilərmi bu kimi məlumatların yayılmasının arxasında hansısa başqa məqsədlər dayanıb? Çünki belə ehtimallar var ki, bu kimi sənədlərin yayılması korrupsiyaya qarşı mübarizədən daha çox başqa məqsədlərə xidmət edir.
Cavab: Korrupsiya beynəlxalq və milli təhlükəsizliyə təhdidlər yaradır. Böyük korrupsiya faktları adətən avtoritar rejimlərlə, siyasi liderlərlə bağlı olur. Belə olanda həmin halların ölkə daxilində ifşa olunması imkanları çətin və riskli olur. Odur ki, tədqiqatçı jurnalistlərin birgə səyi nəticəsində ortalığa çıxarılan siyasi korrupsiya faktlarının sənədlərlə təsdiqi çox vacib və əhəmiyyətli işdir. Hesab edirəm ki, bu Pandora sənədini ilk növbədə elə qiymətləndirmək olar. Deyilənlərə bunu da əlavə etmək olar ki, korrupsionerləri həm də ona görə aşkar edirlər ki, seçilmiş rəhbərlər, sivil cəmiyyətlər və korporasiyalar onları tanısınlar və kənar dursunlar. Bu həm də korrupsioner siyasətçilərin yaşadığı ölkələrin əhalisinə mesajdır, onlarla həmrəyliyin nümayişidir. Odur ki, mən burda adı Pandora dosyesində keçən hər hansı bir siyasətçiyə qərəz görmürəm. Onları əməllərindən peşman etmək və başqalarını da bu yoldan çəkindirmək üçün belə araşdırmaların müntəzəm aparılması və ictimaiyyətə təqdim olunmasını yüksək qiymətləndirirəm.
Sual: Bundan əvvəl də bu kimi sənədlər olmuşdu. Pandora sənədlərindən əvvəl 2016-ci ildə oxşar Panama sənədləri yayılmışdı. Orda da eyni indi olduğu kimi bir çox dünya ölkələrinin liderlərinin, şəxslərin, o cümlədən hakim ailənin gizli mal-mülklərinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlardan sonra korrupsiya problemi sahəsində nəsə dəyişdimi? Məsələn, dünyada və ölkədə azalma tendensiyası müşahidə olunubmu?
Cavab: Panama və Cənnət sənədləri açıqlanandan sonra bir çox ölkələr milli qanunvericiliyində şəffaflıq və hesabatlılıq standartlarını yüksəltdilər, açıq və elektron hökümət prinsiplərinə sadiqliklərini nümayiş etdirmək üçün beynəlxalq təşəbbüslərə qoşuldular. Misal üçün, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzv dövlətlər üçün mülkiyyət sahibliyinin açılmasını ötən ildən məcburi normaya çevirdi. MSŞT-da bununla bağlı qərar 2016-cı ildə verilmişdi, 2017-20-ci illər üzv dövlətlər üçün keçid dövrü elan olunmuşdu. Azərbaycan 2017-ci ildə bu və digər səbəbdən MSŞT-ni tərk etdi. Avropa Birliyi üzv dövlətlər üçün korporasiyaların şəffaflığı və hesabatlılığına tələbləri artırıb. Ayrıca dövlətlərdə, ABŞ və Böyük Britaniyada korrupsiyanı yaradan səbəblər və yaşadan motivlərin aradan qaldırılması istiqamətində qanunvericilikdə təkmilləşdirmələr aparılıb, çirkli pulların daxil olmasına və onların yuyulmasına qarşı tələblər sərtləşdirilib.
Belə sənədlər açıqlanandan sonra siyasi rəhbərlərin maliyyə və əmlak vəziyyəti daha çox diqqətdə saxlanılmağa başlanılır. Onların gəlirlərini bəyan etməsi üçün təzyiqlər artır.
Təbii ki, bütün bunlar korrupsiyanın qlobal miqyaslarını kiçildir, səviyyəsini məhdudlaşdırır.
Sual: Bu dəfəki sənədlərdə Azərbaycan prezidentinin 700 milyonluq mal-mülkünə dair məlumatlar var. Amma deyəsən bu məlumatların ictimai rəyə təsiri o qədər də böyük deyil. Sanki insanlar bu kimi məlumatları o qədər eşidiblərki, bir növ bu kimi məlumatların olmasını adi qəbul edirlər. Sanki belə də olmalı imiş. Bu nədən qaynaqlanır?
Cavab: Əhalinin belə reaksiyası gözlənilən idi. Azərbaycanda da digər postsovet ölkələrində olduğu kimi açıq cəmiyyət qurmağa imkan verilmədiyindən, əhalinin sovet dövründən qalma təfəkkürlə məsələyə münasibəti üstünlük təşkil edir. Azərbaycanda müstəqilliyin yenidən bərpasından ötən 30 il ərzində totalitar keçmişimizdən qurtulmaq üçün idarəçilikdə zəruri olan islahatlar aparılmayıb, əhali yenə amirlik metodu ilə idarəçiliyə meyllidir. Xalqın əksəriyyəti sovet təfəkkürü ilə fikirlərşir, büdcənin, neft Fondunun ona məxsus olmadığı qənaətindədir. Hesab edir ki, hər şey dövlətindir, neft də, qaz da, neft fondu da, büdcədə. Ordakı vəsaitləri ictimai vəsait kimi qəbul etmir, sovet dövründə olduğu kimi dövlətin olanlarını özünkü hesab etmir və ona sahib çıxmır.
Bunun başqa səbəbi də ölkədə istehlakçı cəmiyyətinin formalaşmamasıdır. Büdcəni neft pulları ilə dolduran hakimiyyət istehlakçıdan və vergi ödəyicisindən asılı deyil. Ona görə də onlarla hesablaşmır. Vergi ödəyicilərinin və istehlakçıların büdcənin formalaşmasına töhfəsi az olduğundan onlar öz pullarının hesablarını çəkmirlər, sadəcə vergi ödəməklə işlərini bitmiş hesab edirlər.
Nəhayət, sonuncu səbəb ölkədə korrupsiyanın geniş yayılması və onun adiləşməsidir. Azərbaycanda işi və vəzifəsi olan, lakin korrupsiyaya qurşanmayan çox az adam tapmaq olar. Dövlət idarəetməsində, səhiyyədə, təhsildə çalışanların əksəriyyəti korrupsiyanın “dadı”na baxıblar. Onların bəziləri aşağı əməkhaqqı aldıqlarına görə “rüşvət olmasa dolanmaq olmaz” fikri ilə özündə sosial bəraət hissi formalaşdırmaqla bu çirkaba məcburən batıblar, bəziləri də korrupsiya piramidasının pillələri olaraq korrupsioner şəbəkədə paylı iştirakçı kimi çalışıblar. Odur ki, özləri korrupsioner olan və yaxud korrupsiya pullarından bəhrələnənlərin əksəriyyəti bu hala dözümlü yanaşırlar.
Sual: Sizcə gələn ofşor qalmaqalına qədər, məsələn, beş ildən sonra, yenə də vəziyyətin dəyişməməsinin şahidı olacağıq?
Cavab: Vəziyyət sürətlə dəyişir, 20-30 il bundan əvvəl korrupsiya pullarını yuyub, təmizləyib, gizlətmək qat-qat asan idi. İndi isə hər şey rəqəmsallaşır, nağdsız dövriyyələrin payı artır, informasiyaya çıxış imkanları genişlənir, mətbuatın, təhqiqatçı və araşdırmaçıların korrupsiyanı aşkar etmək üçün yeni metod və alətləri yaranır. Odur ki, 5 ildən sonra korrupsiya indikindən aşağı olacaq amma hələ də tam aradan qalxmayacaq.
Sual: Bu vəziyyətdən necə çıxmaq olar? Bəlkə kapitalların leqallaşdırılması yolu ilə? Başqa?
Cavab: Azərbaycanda korrupsiya ilə mübarizədə ilk addım Prezident, Vitse-prezident, parlamentin spikeri, Baş nazir, nazirlər, dövlət komitə rəhbərləri, Milli Məclis üzvləri, yerli icra hakimiyyəti başçıları da daxil olmaqla bütün orta və iri ranqlı dövlət məmurlarının, prokurorların, hakimlərin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının işçilərinin “Gəlirləri və əmlakına dair bəyannamə”lərini dərc etməsi olmalıdır. Bununla yanaşı, “Rəqabət Məcəlləsi”, “Büdcə Məcəlləsi”, “Maraqlar toqquşması haqqında”, “Məlumatlandırıcının müdafiəsi haqqında”, “Dövlət maliyyə nəzarəti haqqında”, “Mülkiyyət sahibliyinin açıqlanmasına dair” qanunlar qəbul edilməli, mülkiyyət sahibliyinə və şirkətlərin ödənişlərinə dair məlumatların açıqlanmasına olan qadağalar “Kommersiya sirri haqqında” Qanundan çıxarılmalı, mövcud qanunlar anti-korrupsiya ekspertizasından keçirilməlidir. Ölkədə məhkəmə hakimiyyətinin icra və digər hakimiyyətlərdən asılılığına son qoyulmalı, müstəqil Mərkəzi Bank yaradılmalı, azad mətbuat və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əngəllər aradan qaldırılmalı, şəffaflıq, hesabatlılıq və informasiyaya çıxış imkanları artırılmalıdır.
Hazırkı siyasi münasibətlər çərçivəsində kapitalın amnitsiyası effektli vasitəyə çevrilə bilməz.
Sual: İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində “Pandora sənədləri” ilə bağlı jurnalistin sualına cavabını necə qiymətləndirirsiniz?
Cavab: İlham Əliyev prezident olmamışdan əvvəl Baş nazir, ARDNŞ-nin vitse prezidenti, 1995-ci ildən Milli Məclisin üzvü, ondan əvvəl də prezident oğlu olub. Azərbaycan Respublikasının Konstitusiyanın 85-ci maddəsi Milli Məclis üzvünə sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Amma, İlham Əliyev deyir ki, “mən on səkkiz ildir prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə bir başa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm." Əgər İlham Əliyev prezident olmamışdan əvvəl belə varlı idisə, nədən camaat çadır şəhərciklərində illərlə ac-yalavac İranın humanitar yardımına möhtac qalanda onlara dəstək olmayıb, bir qaçqına və köçkünə ev tikməyib, bəlkə bir istedadlı Azərbaycan gəncinin xaricdə təhsilini maliyyələşdirib? Bunları İlham Əliyevin hakimiyyətində varlanıb, oliqarxa çevrilənlərin hansı edib? Onların heç birində nə biznes qabiliyyəti, nə də ki, dövlətçilik təfəkkürü olub!
İlham Əliyevin hakimiyyəti dövründə yüksək vəzifəli məmurların hamısı Azərbaycanın sərvətlərini satıb, büdcəni talan edib, korrupsiya hesabına kapital yığıb, xaricə ofşor zonalarda övladlarının və ortaqlarının biznesinə sərmayə etməklə, gəlirləri də banklarda depozitlərə, qiymətli kağızlara, əmlak bazarlarında mülkiyyətə yatırmaqla hədsiz varlanıblar, indi də varidatlarını artırmaqla məşğuldurlar. Onların varlanmasının mənbəyi hakimiyyətdir, çünki, dövləti vəzifələrə həmişə gəlir mənbəyi kimi baxıblar, ona görə də kreslodan bərk yapışıblar.
İlham Əliyev onu da bildirib ki, "mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.". Buyursunlar, açıqlama versinlər görək, Əliyevlər ailəsinin Azərbaycanda və xaricdə hansı biznesləri vardır. Biz nədən bütün bunları Panama, Cənnət, Pandora dosyelərindən oxumalıyıq? Əgər belə şəffafdırlarsa niyə indiyə qədər gəlirlərin və əmlakın bəyannaməsini təqdim etmirlər?
Yekun olaraq onu da bildirim ki, bu açıqlamadan sonra nazirdən və ya icra başçısından soruşsan ki, bu qədər pulunuz hardandır deyəcəklər ki, nazir və ya icra başçısı olanda kasıb deyildim, biznesim uğurlu idi, sonra da onu ailə üzvlərimə tapşırdım. Bu isə o deməkdir ki, İlham Əliyevin bu açıqlaması Azərbaycanda korrupsiyanın təşfiqinə xidmət edəcək.
Kamran Mahmudov
Rəy yaz