Penitensiar Xidmətin əməkdaşları arasında korrupsiyaya qarşı mübarizə çağırışlarına məhəl  qoymayan təbəqə var – Eldar Zeynalov

Dekabr insan hüquqlarının müdafiəsi ayı olaraq keçir, burada təcrid vəziyyətində olan məhbusların hüquqlarının pozulması ən həssas problemdir. Azərbaycanda bu problem aktualdır, həbsdən azad edilmiş məhbusların və onların ailə üzvlərinin çoxsaylı ifadələri bunu sübut edir.

Turan-ın Azərbaycanın Penitensiar Sistemində vəziyyət haqqında suallarını Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov cavablandırıb.

Sual: Qanunvericilik məhbusların hüquqları müdafiəsinə imkan verir?

Eldar ZeynalovCavab: Azərbaycanda bu sahədə nisbətən yaxşı qanunvericilik qəbul edilib, buna baxmayaraq, onun kiyafət qədər səmərəli icra olunmadığını müşahidə edirik. 1996-cı ildə ölkənin Avropa Şurasının tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda yaxşı (bu cəhətdən) Konstitusiya, Cəzaların İcrası Məcəlləsi (üzərində əsaslı şəkildə işlənmiş) qəbul edilib, bir neçə beynəlxalq konvensiya ratifikasiya olunub, Prezidentin bir neçə fərmanı və Nazirlər Kabinetinin bir neçə qərarı qəbul edilib.

Amma bürokratiya qaydasına riayət edən məmurların şüurunun ətaləti mane olur: “Nə isə etməmək olarsa – etmə”. Artıq yüksək səslə ifadə olunmasa da, bütün bu islahatların bizə yox, Avropaya lazım olduğu barədə fikir formalaşıb, bizdə onsuz da hər şey əladır, buna görə də konvensiyaların ratifikasiyası fəaliyyət üçün bir siqnal deyil, sadəcə olaraq ölkənin imicinin yaxşılaşdırılması üçün məcburi tədbirdir.

Penitensiar xidmət əməkdaşlarının bir təbəqəsi var ki, onlar korrupsiyaya qarşı mübarizə çağırışlarına məhəl qoymurlar, məhbuslara gəlir mənbəyi kimi baxırlar. Bu, artıq etiraf olunur, bununla mübarizə aparılır. Amma sistemə yeni gələn insan ondan əvvəlkinin sadəcə olaraq bəxti gətirmədiyini və “oğrunun oğru olduğu üçün deyil, tutulduğu üçün döyüldüyünü” hesab edirsə, başqalarının dərsinin mənimsənilməsini gözləmək çətindir. Bu təfəkkür stereotipi təkcə penitensiar sistemə aid deyil. Yaxşı rüşvət müqabilində daha əvvəl korrupsionerlərin həbs olunduğu bu və ya digər quruma işə düzəltməyi vəd edən dələduzların həbslərini yada salaq. Və ya vəzifədən azad edilmiş sələfinin yerinə təyin edilən və bundan sonra H.Əliyev Fondundan humanitar yardımı oğurlayan rayon icra başçısını.

Məhbusların pozulmuş hüquqlarının bərpası ilə məhkəmə məşğul olur. Vətəndaşlarımızda məhkəməyə qarşı onillər boyunca bir növ mistik məhkəməyə müraciət etmək qorxusu ilə həmsərhəd olan etimadsızlıq yaranıb. Mən müxtəlif instansiyalara 80-dən çox şikayət yazan, amma məhkəməyə müraciət etməyə cəsarət etmədən ölüb gedən məhbus tanıyırdım. Əlbəttə, işləri vəkil vasitəsilə həll etmək olar, amma yaxşı vəkilin xidmətləri bahadır. Pulsuz vəkil isə, məhbusların dediyi kimi, prokurordan daha pisdir.

Onu da qeyd edim ki, məhbusların maddi şəraitinin yaxşılaşdırılması nöqteyi-nəzərdən pandemiya və Ermənistanla hərbi əməliyyatlar mənfi təsir göstərib. Bu əməliyyatlar müdafiə, daha sonra isə azad edilmiş rayonların bərpası üçün əlavə maliyyə xərcləri tələb edib. Amma, deyəsən, burada işıq görünüb – bu il həbsdə olan qadınları və yeniyetmələri yaxşı şəraiti olan yeni penitensiar müəssisəyə köçürüblər.

Məhbusların ictimai faydalı işlə təmin edilməsi problemi hələ də həll edilməyib. Bu, onların əmək bacarıqlarını qoruyub saxlamasına və pul qazanmasına kömək edərdi. Məhbuslar dörd divar arasında dövlətdən və ailələrindən asılı vəziyyətdə saxlanılırlarsa, bu həbsxana müalicə etmir, şikəst edir.

Sual: Hansı müəssisələrdəki məhbuslar daha çox hüquqlarının pozulması ilə üzləşir?

Cavab: Penitensiar müəssisədə saxlama rejimi nə qədər ciddidirsə, sistemin məhbuslara təbii təzyiqi, həm də korrupsiya üçün stimul daha çoxdur. Bunu ona görə deyirəm ki, penitensiar sistemə  sadistləri və insan düşmənlərini götürmürlər, məhbusların hüquqlarını kobud şəkildə pozan hər hansı insident baş verirsə, adətən bunun arxasında işçilərin yaxşı davranış müqabilində rüşvət almaq istəyi dayanır.

Həbsxanalarda həmişə öz şəraitini yaxşılaşdırmaq istəyən (o cümlədən rüşvət müqabilində) məhbuslar və müəssisədə nizam-intizamı təmin etməli olan rəhbərlik arasında yarış gedir. Bu zaman hər iki tərəf “polojnyakın” toxunulmazlığını qəbul edir, bu, məhbusların jarqonunda məhbuslara qanunla düşən hər şeyi nəzərdə tutur. Ən yoxsul məhbus (“bedolaga”) belə geyimdən, yeməkdən, tibbi yardımdan və ya ailə üzvləri ilə görüşdən məhrum olmamalıdır. Keçmişdə belə hallar olub, şikayətlər olub. İndi belə hallar tək-tük baş verir, həm də məhbuslar məhkəməyə və ya prokurorluğa rəsmi müraciətlərdən yayınırlar.

Sual: İstintaq təcridxanalarında və islah müəssisələrində işgəncə halları çoxalıb, ya azalıb?

Cavab: Kəmiyyət kateqoriyasında bunu mühakimə etmək qeyri-mümkündür, çünki işgəncə və ya amansız rəftardan şikayətlərin əlçatan statistikası yoxdur. Yalnız təxmin edə bilərəm ki, Baş Prokurorluğun istintaq orqanlarına və cəzaların icrasına nəzarət edən orqanlarında belə şikayətləri ehtiva edən müraciətlərin sayı haqqında hansısa daxili statistika tutulur. Bu il Baş Prokurorluq bədnam “Tərtər işi”ndə (2017-ci il) 397 işgəncə qurbanı olduğunu açıqlayıb, bir halda ki, hüquq müdafiəçiləri onların sayının 100-ə yaxın olduğunu təxmin edirdilər. Ona görə də sayla bağlı qiymətləndirmədə yanılmaq çox asandır. Həm də başqa işlər üzrə və başqa illərdə işgəncələrdən nə qədər insanın əziyyət çəkdiyi barədə məlumat verilmir.

Bu məlumatlar gizlidir, yoxlama nəticəsində nadir hallarda təsdiqini tapır. Yada salaq ki, prokurorluğun istintaqa nəzarət orqanları da əsgərlərin dindirilmə zamanı öldüyü hallarda belə əvvəlcə işgəncə faktı tapmayıblar. Təqsirkarlar (özü də hamısı deyil) intihar həddinə çatdırma, sağlamlığa qəsdən ağır zərər vurma, işgəncə, ölümlə hədələmə, hakimiyyətdən sui-istifadə kimi daha yüngül maddələrlə mühakimə olunublar.

Buna görə yalnız keyfiyyət dəyişikliklərindən danışmaq olar. Və ilk növbədə, 2022-ci ildə “Tərtər işi”nə yenidən baxılarkən nəhayət burada işgəncə olduğunu etiraf ediblər və konkret şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq 293-cü maddəsini tətbiq ediblər. 2000-ci ildə “işgəncə” cinayəti yer alan yeni CM qəbul edildikdən sonra, Azərbaycanda 20 ildən çoxdur bu ittiham ümumiyyətlə tətbiq edilməyib və biz BMT-də alternativ hesabatlarda bu barədə daim danışmışıq. Nəhayət, tətbiq olundu.

2012-2014-cü illərdə Naxçıvan MTN-in İstintaq Təcridxanasında işgəncə altında ölüm hallarının cəzasız qaldığı bir neçə hadisəni yada salmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsi işgəncələri təsdiq edənə qədər bu hadisələr etiraf edilmirdi. Hazırda NMR-in DTX-dən məhrum edilməsi və bu qurumun Bakıya tabe edilməsi, məncə, həmin hadisələrin əks-sədasıdır və bu da Naxçıvanın artıq hüquqsuzluq zonası olmayacağına ümid yaradır.

Onu da qeyd edim ki, qanunvericiliyə daha əvvəl edilmiş, istintaq təcridxanalarının istintaq orqanlarının tabeliyindən çıxarılması və Ədliyyə Nazirliyinə verilməsi haqqında və həbs edilən şəxs istintaq təcridxanasına daxil olarkən bədən xəsarətləri olub-olmamasının qeydə alınmasını tələb edən dəyişikliklər sayəsində istintaq təcridxanasında işgəncə ehtimalı azalıb. Məsələn, “Tərtər işi”nin qurbanlarına istintaq təcridxanasında, hətta dustaqxanada deyil, hansısa tərk edilmiş binada işgəncə veriblər.

Sual: Qobustan qapalı həbsxanası, 4 saylı penitensiar müəssisə (qadınlar üçün) və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsi kimi xüsusi müəssisələrdə vəziyyət necədir?

Cavab: Hüquq müdafiəçiləri öz imkanları daxilində Qobustan həbsxanası və 8 saylı xüsusi rejimli cəzaçəkmə müəsissəsi kimi penitensiar müəssisələrə nəzarət edirlər. Qobustan həbsxanasında məhbuslar kameralarda saxlanılır, ömürlük məhbusların böyük hissəsi, habelə adi cəzaçəkmə müəssisələrinin sistemli şəkildə rejimi pozduqlarına görə cəzalandırılan məhbusları saxlanılır (cəzaçəkmə müəssisəsi rəhbərlərinin bu bəhanə ilə narahat məhbuslardan xilas olduğu hallar da olur). Ömürlük məhbuslar arasında daha əvvəl ölüm cəzasına məhkum edilmiş onlarla məhbus var, onlar indiyədək, hətta ölüm cəzası ləğv edildikdən sonra həbs olunanlarla müqayisədə xüsusi təhlükəli hesab olunur. Çoxları artıq 25 ildən çox cəza çəkib, amma indiyədək onlardan heç birini vaxtından əvvəl azad etməyiblər, baxmayaraq ki, qanunda belə bir imkan var. 8 saylı cəzaçəkmə müəssisəsində məhbusların bir hissəsi cəza müddətinin üçdə birini kameralarda saxlanılır, onlar arasında xüsusilə təhlükəli residivistlər var.

Məhbusların kameralarda saxlanılması həmişə əsəb pozğunluqları, münaqişə, xəstəlik riskidir. Bu, istintaq təcridxanalarına da aiddir. Avropa meyarlarına uyğun təchiz edilmiş Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanası və Şəkidəki penitensiar komplekslə yanaşı, Azərbaycanda hələ Gəncə və Şüvəlanda köhnə təcridxanalar da var, bu həbsxanalar köhnə olduğuna görə onlarda maddi şərait xeyli pisdir. Artıq neçə ildir onları söküb, müasir binalarla əvəz etməyi vəd edirlər.Mərkəzi həbsxana xəstəxanasında da eyni problem var, onu da yenidən, müasir meyarlara uyğun tikmək yaxşı olardı. İndi dərmanların olub-olmaması deyil, təhlükəsizlik nöqteyi-nəzərdən hospitala yerləşdirmə üçün tibbi göstəricilərin vaxtlı-vaxtında razılaşdırılması narahatlıq doğurur – rəhbərlik xəstə məhbusun hospitala köçürülməsinə mane ola bilər. Hazırda təhlükəli məhbusların, məsələn, ömürlük məhbusların müalicəsi üçün yer də azdır.

Bir vaxtlar vətəm xəstələri üçün 3 saylı cəzaçəkmə müəssisəsi hüquq müdafiəçilərinin narahatlığına səbəb olurdu. Burada ölüm halları çox idi, 1990-cı illərdən etibarən bu hallar on dəfələrlə azalıb. Həbs edilmiş qadınların vəziyyəti xeyli yaxşılaşıb. Onların cəzaçəkmə müəssisəsində xeyli yüklənmə var idi. Son illər yetkinlik yaşına çatmayanlarla bağlı nə yüklənmə, nə onlara qarşı davranış nöqteyi-nəzərdən problem olmayıb.

Sual: Cümə günü Birləşmiş Ştatlar işgəncələrə və insan hüquqlarının pozulmasına görə Azərbaycanlı polis, polkovnik Kərim Əlimərdanova qarşı sanksiyalar tətbiq edib. Bu ölkədə işgəncə probleminin mövcudluğunu sübut etmir?

Cavab: Tamamilə birmənalıdır ki, işgəncələrə diqqət yetiriblər. Bildiyim qədər, Dövlət Departamentinin əməkdaşları polkovniki birbaşa 2015-2016-cı illərdə məhbuslara işgəncə verməkdə ittiham ediblər. Baxmayaraq ki, təqsirsizlik prezumpsiyasının tələb etdiyi kimi, onun məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə buna görə mühakimə edildiyini xatırlamıram.ABŞ-ın “Bandotdel”də polisin “şuluqluğuna” niyə indi reaksiya verdiyi də aydın deyil. Axı hüquq müdafiəçiləri 1990-cı illərin əvvəllərindən bu barədə yazırdılar, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə heç bir əlaqəsi olmayan işlərdə bu qorxu yaradan müəssisədən qanunsuz olaraq istintaq təcridxanası qismində istifadə olunduğunu, orada məhbuslara işgəncə verildiyini, məhbusların qanunla nəzərdə tutulan müddətdən artıq orada saxlanıldığını qeyd edirdilər. Həmin vaxt çox sayda siyasi məhbus bu “Bandotdel”dən keçmişdi, həm də hüquq müdafiəçiləri konkret adları açıqlayırdı, amma Dövlət Departamenti tərəfindən hər hansı tədbir görülmürdü.Odur ki, Dövlət Departamenti tərəfindən bu, sırf siyasi, amma kifayət qədər məharətli jestdir.

Sual: Naxçıvandakı son hadisələr muxtariyyətin penitensiar sisteminə təsir edə bilər? Orada vəziyyət necədir?

Cavab: Naxçıvan Muxtar Respublikasının həbsxanaları (DTX və Ədliyyə Nazirliyinin) hüquq müdafiəçiləri üçün tamamilə “ağ ləkədir”. 2007-ci ildə NMR-in Ədliyyə Nazirliyi, onun tərkibində Penitensiar Xidmət yaradılıb, İstintaq Təcridxanası və Mühafizə Alayı ona tabe edilib. Sonradan penitensiar kompleks tikilib, istintaq təcridxanası və qarışıq rejimli cəzaçəkmə müəssisəsi buraya daxil olub, bundan sonra ümumi və ya ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmağa məhkum edilən naxçıvanlılar artıq öz kiçik vətənlərində saxlanıla bilirdilər.

Bu qərarın nəticəsi olaraq bir il əvvəl AR Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin monitorinqi üçün yaradılmış Ədliyyə Nazirliyi yanında İctimai Komitə NMR ƏN PX-yə baş çəkə bilmirdi. Yanıla bilərəm, amma deyəsən, bu həbsxanaların monitorinqini yalnız yerli ombudsman həyata keçirir. Dövlət məmurlarından eşitmişdim ki, NMR ƏN PX həbsxanalarında maddi şərait yaxşıdır, amma heç vaxt orada olan hüquq müdafiəçisi görməmişəm. Məncə, bir dəfə hüquq müdafiəçiləri və jurnalistlər bunu etməyə niyyətləndilər, amma onlar NMR-ə çatan kimi aeroportdanca qovuldular.

NMR-in öz MTN-i (daha sonra DTX) də yaradılmışdı, onun öz istintaq təcridxanası var idi. Bu yaxınlarda NMR DTX ləğv edildi və onun əsasında AR DTX-nin NMR üzrə İdarəsi yaradıldı. NMR PX-nin də aqibətinin belə olacağı istisna deyil. İstənilən halda, şəxsən mənə aydındır ki, Naxçıvan DTX-nin və PX-nin təcrid olunması onlara nəzarətin zəifləməsinə gətirib çıxarıb. Məsələn, NMR gömrüyünün xətti ilə qaçaqmalçılığı Bakı DTX deyil, yerli DTX aşkar etməli idi.İnternetdə Naxçıvan muxtariyyətini tamamilə ləğv etmək kimi məsuliyyətsiz çağırışlar səslənir. Bu, 1921-ci il Qars müqaviləsinə zidd olardı. Həmin müqaviləyə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altındadır, onun tərkibində deyil. Amma, bununla belə, muxtariyyətdə bütün idarələrin olması mütləq deyil. NMR-də həbsxanaların inkişafı və saxlanması üçün onları AR-in ümumi penitensiar sisteminə inteqrasiya etdirmək faydalı olardı.

Sual: Şəffaflıq sui-istifadələrin qarşısının alınması yolunda mühüm maneədir. Penitensiar sistemdə hesabatlılıqla bağlı vəziyyət necədir?

Cavab: Bu sistemin nə dərəcədə şəffaf olduğunu başa düşmək üçün onun veb-saytına baxmaq kifayətdir. Biz “elektron hökumət” dövründə yaşayırıq və bu, o deməkdir ki, bu sayt sadə internet istifadəçilərinin aktual sualalrına cavab verməlidir. Sui-istifadələrin qarşısının alınması və ya qaranlıq məsələlərə aydınlıq gətirilməsi məsələsində qanunlara, təlimatlara, ən tez-tez soruşulan suallara hazır cavablara malik olmaq çox vacibdir. PX-nin saytında bunları tapa bilmirik. Yaxşıdır ki, orada PX kommutatorunun və “Qaynar xətt”in telefon nömrələri, elektron poçt ünvanı var, amma bu, şikayətin aid olduğu şəxsin özünə çatdırılması yoludur, həm də hamısının elektron poçtu yoxdur. Nədənsə hər bir cəzaçəkmə müəssisəsinin növbətçisinin telefonu da yoxdur. Belə bir təəssürat yaranır ki, saytın yaradıcıları sayt vasitəsilə onlardan şikayət etməyin mümkün olmasında çox da maraqlı deyildilər.

Saytda həbsxanalardakı və hər bir müəssisədəki məhbusların sayı; qadın, yeniyetmə, əcnəbi, əlil, təqaüdçü, müharibə veteranı, AİDS və vərəm xəstəsi olan məhbusların sayı, bu və ya digər ayda neçə məhbusun koronavirusa yoluxması; nə qədər məhbusun cəzalandırıldığı və ya həvəsləndirildiyi, neçə işçinin və nəyə görə cəzalandırıldığı və həvəsləndirildiyi; neçə məhbusun cəza müddəti başa çatdığı üçün və vaxtından əvvəl azad edildiyi və s. haqqında məlumat yoxdur. Qanunvericiliyə əsasən, məxfi olmayan bütün bu məlumatlar yeddi möhür arxasında gizlədilib. Amma, axı məhz bu rəqəmlər həbsxanaların nə ilə yaşadığı, necə inkişaf etdiyi və məhbusların islah olmasına kömək edib-etmədiyi haqqında təsəvvür yaradır.

Cüzi istisna ilə, bütün yazışmalar senzuradan keçməlidir. Rəhbərlik tərəfindən təsdiq edilməyən məktubun alıcı tərəfindən baxılmadan həbsxanaya qaytarılması normadır. Dəfələrlə mənim və məhbusların məktubları ələ keçirilib. Hansısa məhbus rəhbərlikdən yayınmaqla məktub və şikayət göndərdiyi və bunun üstünün açıldığı bəzi hallarda müəlliflər cəzalandırılıb. Bu halda məhbusun xarici dünya ilə əlaqə saxlamaq və öz problemləri haqqında danışmaq üçün ya vəkili olmalıdır, ya da o, böyük konspirator olmalıdır.

Aydındır ki, həbsxana karvansaray deyil, rejimi olan obyektdir. Amma sadə məsələlərdə bu məxfilik nəyə lazımdır?

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti