commons.wikimedia.org

commons.wikimedia.org

***

-Toğrul bəy, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilər. Onun sözlərinə görə, bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Sizcə, bu yeni təklifi həyata keçirmək mümkündürmü? Bu, pensiya sistemi üçün uğurlu variantdırmı? Ümumiyyətlə, bu təklif kimlər üçün nəzərdə tutulub? Qəbul olunması üçün münbit şərait, imkan varmı?

Toğrul Maşallı-Azərbaycanda pensiya qanunvericiliyinə görə, bir qrup şəxslər var ki, onlar pensiyaya vaxtından əvvəl çıxırlar. Yəni, ağır işlərdə, müxtəlif sahələrdə çalışan şəxslər, hüquq-mühafizə orqanlarında çalışan şəxslər, eyni zamanda sosial qruplar və s. Mənim fikrimcə, bu, ümumiyyətlə, uğurlu variant deyil. Hansısa qrupa imkan yaratmaq ki, həmin qrupda olan insanlar pensiyaya daha tez çıxsın, bu, düzgün addım deyil. Bu o zaman müəyyən qrupun hüquqlarını daha da artırır və onları digərlərinə nisbətən üstün vəziyyətdə saxlayır. Fikrimcə, yalnız sosial səbəblərə görə yəni, əlillərə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara bu imkan yaradılmalıdır. Yeri gəlmişkən, bu bizdə qanunla təsbit olunub ki, həmin şəxslər pensiyaya 5 il daha tez çıxa bilər. İkincisi, belə bir sistem olmalıdır. Məsələn, çoxuşaqlı analar və atalar. Elə bir sosial qruplar seçilməlidir ki, onların hüquqları tam təmin olunsun. Həmin qruplar pensiyaya daha tez çıxmaqla bundan daha effektiv yararlana biləcəklər. Ümumiyyətlə, pensiya sisteminin əsas məqsədlərindən biri o olmalıdır ki, insanlar pensiyaya çıxanda iş yerindən tamamilə azad olsunlar, birbaşa olaraq pensiya xidmətindən yararlansınlar. Gənc adamlara da imkan yaransın ki, onların yerini tutsunlar. Daha tez çıxmaq isə uğurlu variant deyil. Insanlar zatən müəyyən dövr yaşayırlar. Nəzərə alsaq ki,  Azərbaycanda əməkhaqqının səviyyəsi də yüksək olmadığından müvafiq olaraq pensiya səviyyəsi də yüksək olmur. O zaman bu insanlar pensiya yaşında da işləməli olacaqlar ya da işləmək üçün digər variantlar axtarmalı olacaqlar. Bu da bir sıra problemlər yaradacaq. Başqa tərəfdən bizdə indi demək olar ki, ağır sahələr yoxdur. Azərbaycanda sənaye sahəsi demək olar mövcud olmadığından bizdə kiminsə ağır sahədə çalışdığını demək doğru deyil. Burada müəyyən meyarlar olmalıdır ki, həmin meyarlar bütün əhali qrupları üçün eyni olsun. Bircə sosial qruplara həmin meyarlar şamil olunmasın.

-Milli Məclisin komitə sədri Arif Rəhimzadə isə deyib ki, pensiya sistemində Avrasiya İqtisadi İttifaqı dövlətlərinin təcrübəsinə istinad etmək lazımdır. Deputatın sözlərinə görə, həmin təcrübədə işçilərin sosial təminatı hər bir dövlətin öz şəraitinə uyğun olaraq həll edilir və ittifaqın istənilən ölkəsində işləməsindən asılı olmayaraq, pensiya təyinatı zamanı staj nəzərə alınır, hər bir üzv dövlət təqaüd məbləğini müəyyən edir və öz qanunvericiliyi əsasında pensiyanın hesablanmasını təmin edir, pensiya bütün iş stajına əsasən təmin olunur. Sizcə, Avrasiya İqtisadi İttifaqının üzvü olmayan bir dövlət üçün belə bir təklifi səsləndirmək nədən xəbər verir? Məqsəd nədir? Ümumiyyətlə, bu təklif məntiqə uyğundurmu?

-Avrasiya İqtisadi ittifaqı  adından da göründüyü kimi, vahid iqtisadi zonadır. Belə bir iqtisadi zona Avropa İttifaqında da mövcuddur. Deputat ona görə Avrasiya Iqtisadi İttifaqını misal gətirir ki, bu, yeni sistemdir və tədricən işə düşür. Məsələ çox vacib məsələdir. Çünki qeyri-rəsmi məlumatlara görə, elə bizim hökumətin tez-tez səsləndirdiyinə görə, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Ukraynada deyilənə görə, yarım milyon, eləcə də digər postsovet ölkələrində də on minlərlə azərbaycanlı yaşayır. Bu insanlar orada yaşamasına baxmayaraq, hələ də Azərbaycan vətəndaşlığından imtina etməyiblər. Onlar orada yaşamalarına baxmayaraq, yaşayış yerləri hələ də Azərbaycan kimi qeyd olunur. Həmin ölkələrdə çalışırlar, Azərbaycana gəlib-gedirlər. Qocalanda isə əksəriyyəti birdəfəlik Azərbaycana qayıdır. Bu insanlar buraya qayıdanda ayrı qrup kimi nəzərə alınmırlar. Onlar da Azərbaycan əhalisinin bir hissəsidir. Onlara da pensiya ödənilir. Həmin ölkələrdə yaşayıb, çalışan insanlar 10-15 il sonra qayıdıb Azərbaycana gələndə, onların pensiya yaşı çatanda məlum olacaq ki, həmin insanlar pensiyadan məhrumdurlar. Çünki həmin insanlar pensiya qeydiyyatında olmayıblar. DSMF onlar haqda heç bir məlumat toplamayıb və müvafiq olaraq onlara heç bir ödəniş ödəmək iqtidarında deyil. Bu, gələcəkdə sosial problemə çevrilə bilər. Deputatın dediyi sistem yaradılarsa, bu, müsbətə doğru addım ola bilər. Biz Avrasiya İttifaqı çərçivəsində deyil (çünki biz onun üzvü deyilik), amma eyni sistemi ikitərəfli anlaşmalarla yarada bilərik. DSMF müvafiq anlaşmaları həmin ölkələrin pensiya fondu ilə təşkil edə bilər. Bu, təkcə Avrasiya İqtisadi ittifaqı ölkələri ilə məhdudlaşmamalıdır. Çünki bir çox insanlar həmin ittifaqın üzvü olmayan ölkələrdə çalışırlar. Avropa ölkələrinə də son illər miqrasiya çoxalıb. Biz o ölkələrlə də anlaşma yaratmalıyıq ki, o insanları qocalanda, Azərbaycana qayıtdığı təqdirdə pensiya ilə təmin etmək mümkün olsun. Bu, yaxşı addım olar. Həmin insanlar o ölkələrdə çalışa-çalışa yerli pensiya fonduna hansısa ödənişlər edə bilər ki, Azərbaycana qayıtdıqdan sonra ödənişlə təmin olunsunlar.

-Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də deyib ki, Rusiyada işləyənlərin topladığı əmək stajı Azərbaycanda pensiya təyinatı zamanı nəzərə alınmır. Onun sözlərinə görə, Rusiyada çoxlu sayda azərbaycanlı işləyir və onlar Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər. Sizcə, nə dərəcədə doğru addım olar ki, çörək pulu dalınca Rusiyaya gedən şəxslər Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəsinlər?

- Dediyim kimi, Rusiyada və başqa ölkələrdə işləyən insanlar həmin ölkələrdə pul qazanırlar. Amma onlar öz gələcəklərini də təmin etməlidirlər. Rusiya kimi ölkələrdə çalışanların çoxu həmin ölkədə bu ödənişləri edirlər. Amma bu ödənişlər həmin ölkənin büdcəsinə gedir. Nəticədə həmin insanlar pensiya yaşı çatanda, Azərbaycana qayıdanda onlar faktiki olaraq pensiyadan məhrum qalırlar. Ölkələr arasında pensiya fondlarının əməkdaşlığı mümkün olsa, bu, insanlara yaxşı stimul verəcək. Yəni, insanlar rahatlıqla Azərbaycana qayıda biləcəklər və ödədikləri ödənişləri pensiya formasında Azərbaycanda xərcləyəcəklər. Fikrimcə, bu, maraqlı addım olar. Hətta bunu insanların razılığı əsasında etmək mümkündür. Yəni, birbaşa olaraq DSMF öz istəyi ilə həmin ödənişləri əldə etməməlidir. Ola bilsin ki, o insanın Azərbaycana qayıtmaq fikri olmasın. Yəni, insanların razılığı və istəyi də DSMF tərəfindən nəzərə alınmalıdır. Bu, həm də o insanlara şamil olunmalıdır ki, başqa ölkədə yaşayıb işləyən bəzi insanlar Azərbaycanda iş tapan kimi geri qayıdırlar. Amma nəticədə həmin insanların iş stajı itir. O iş stajı itməsin, hökumət həmin insanı ödənişlərindən məhrum etməsin deyə belə uğurlu addımlar atmaq olar.

- “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib. 1 iyul 2019 - 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Yəni, konkret qanuna edilmiş dəyişikliyə görə, pensiya əsasən artıq demək olar ki, yaş sistemi üzərində qurulub. Sizcə, Azərbaycandakı bu sistem uğurlu sistemdirmi? Daha uğurlu sistem tətbiq oluna bilməzdimi? Daha uğurlu sistemi olan ölkələrin təcrübələrindən niyə istifadə olunmur? Siz hansı ölkələrin pensiya sistemini Azərbaycan üçün daha məqbul hesab edərdiniz?

-Bizim pensiya sistemi dünya üzrə mövcud olan pensiya sistemlərindən ciddi olaraq fərqlənmir. Hər bir pensiya sistemində iki əsas meyardan istifadə olunur: yaş və əmək stajı.

İlk əvvəl, gəlin, yaş məsələsini araşdıraq. İndi Azərbaycanda mərhələli şəkildə pensiya yaşının 65 yaşa kimi qaldırılması həyata keçirilir. Təxmini 2027-ci ildə həm kişilərdə, həm də qadınlarda pensiya yaşı 65 təşkil edəcək. Bunun da bir çox problemləri mövcuddur. Belə ki, “Əmək pensiyaları” haqqında qanuna uyğun olaraq tərtib edilmiş qaydalarda, pensiyanın ödənilməsində gözlənilən pensiya ödənişi müddəti 144 ay və ya 12 il təşkil edir. Bununla belə, 2024-cü ildə pensiyaya çıxan kişilər və 2021-ci ildə çıxacaq qadınlar 1959-cu ildə doğulanlar olacaq. Rəsmi məlumata görə, 1959-cu ildə anadan olanların gözlənilən ömür uzunluğu 70,9 yaş təşkil edir. Yəni, pensiyada qadınların 8,9 il, kişilərin isə 5,9 il yaşamaq ehtimalı var. Ümumiyyətlə, gözlənilən ömür uzunluğu 60-ci illəri hesablamasaq, yalnız 1997-ci ildə 71 yaşı keçib. Başqa sözlə, bir çox hallarda insanlar pensiyada 5-9 il yaşamalı olacaqlar.

İkinci məsələ isə stajdır. Əmək stajı məsələsində yalnız Rusiyada çalışanlar problemlər ilə üzləşmir, həmçinin Azərbaycanın özündə də bununla bağlı problem var. Belə ki, uzun müddət Azərbaycan iqtisadiyyatı qeyri-sabit vəziyyətdə idi və bir çox sahibkarlar insanlar ilə rəsmi müqavilə imzalamırdılar. Nəticə etibarilə çalışdığı dövr əmək stajı kimi hesablanmırdı. Yəni, müstəqillik dövründə çalışanların böyük hissəsində əmək stajı çox aşağıdır. Amma pensiya qanunvericiliyimizə görə, 25 il sığorta stajı lazımdır. Bunun fəsadlarını biz artıq müşahidə edirik.

Bir çox insanların müvafiq stajı olmadığına görə onlar pensiyadan məhrum olmuş vəziyyətə düşdülər. Nəticədə əmək pensiyaları haqqında qanuna əlavə dəyişikliklər edilmişdi. Dəyişikliyə görə, “pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə barabər götürüləcək”. Daima belə dəyişikliklərin edilməsi həm pensiya sisteminə inamı, həm də sistemin dayanıqlığını aşağı səviyyəyə endirir.

Bu vəziyyətə düşən insanların sayı artacaq. Bunu biz artıq rəsmi statistikada da görürük. Rəsmi statistikanın məlumatına görə, ildən-ilə 60 yaşdan yuxarı olan insanların sayı artır. Əgər 2008-ci il yanvarın 1-nə onlar əhalinin 8,09%-ni təşkil edirdilərsə, 2018-ci ilin müvafiq dövrünə görə, artıq 10,79% təşkil edir. Eyni zamanda onların ümumi sayı rəsmi məlumatlara görə, 710,6 mindən 1067,7 minə artıb, ya da 50,2% təşkil edir. Buna baxmayaraq, pensiyada olanların sayı ildən-ilə azalır.

DSMF-nin təqdim etdiyi məlumatlara görə, əgər 2016-ci ildə 62,2 min pensiya təyin edilmişdisə, 2018-ci ilin birinci yarısında 10,3 min təşkil edib. Eyni zamanda 2018-ci ilin ilk yarısında pensiya uçotundan çıxmış (vəfat etmiş) şəxslərin sayı pensiya uçotuna düşənlərin sayını üstələdi. Buna istinadən rəsmi məlumatlara görə, 2019-cu ildə pensiyaçıların cəmi sayı 1287 min nəfər proqnozlaşdırılır. Bu isə 2017-ci il ilə müqayisədə 3% azalma deməkdir.

Fikrimcə, məhz bu “sığorta stajı” dövrünü azaltmaq lazımdır. Müvafiq nazirlik vaxtilə 12 ilə kimi azaldılması barədə təkliflər irəli sürmüşdü. Amma hələ də heç bir nəticə yoxdur. Fikrimcə, biz beynəlxalq təcrübədən istifadə etməliyik. Məsələn, Almaniyada minimal sığorta stajı 5 il, Rusiyada 7 il, Böyük Britaniyada 10 il və s. təşkil edir.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti