Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Dekabr ayında Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının növbəti zirvə görüşünün olacağı gözlənilir. Eyni zamanda zirvə görüşü çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi rəsmən təsdiqlənib.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla noyabrın 19-da telefon danışıqları zamanı etdiyi təkliflə  dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi razılaşdırılıb. 

Zirvə görüşündən, eləcə də Azərbaycan və Ermənistan liderlərinin görüşündən nə gözləməli? 

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin keçmiş üzvü Zaur Əkbər ASTNA-nın suallarına cavab verib. 

* * *

Sual: Zaur bəy, İlham Əliyevin dekabrda Brüsselə olan səfərini Avropa Ittifaqı və Azərbaycan münasibətləri baxımından açılmış imkan hesab etmək olarmı?

Cavab: İlham Əliyevin dekabrda Brüsselə olan səfərini indidən Azərbaycan üçün açılmış imkanın itirilməsi kimi xarakterizə etmək olar.

Bildiyiniz kimi, dekabr ayında Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının növbəti zirvə görüşü olacaq. Qeyd edim ki, zirvə görüşündə 5 Şərq Tərəfdaşlığı (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ölkəsinin rəhbərləri 27 Avropa İttifaqına üzv olan dövlətlərin liderləri ilə bir araya gələcək.

Ötən ilin dekabrında Xarici İşlər naziri Ceyhun Bayramovun Brüsselə səfəri zamanı Strateji Tərəfdaşlıq sazişi ilə bağlı yaradılmış danışıqlar şurasının toplantısında nazirin hökumət adından verdiyi sözlər Avropa İttifaqında Azərbaycanın bu sazişə olan marağı ilə bağlı böyük ümidlər yaratmışdı. Hətta, İlham Əliyev də yerli mətbuata bu prosesin sürətlənməsi və tez bir zamanda sazişin imzalanması ilə bağlı bir neçə dəfə fikir söyləmişdi.

Bu ilin may ayında isə məlum oldu ki, rəsmi Bakı Avropa İttifaqı ilə bu sazişi tələm-tələsik bağlamaq niyyətindədir. Aİ isə gec də olsa daha mükəmməl sənədin ərsəyə gəlməsində maraqlı olduğunu rəsmi Bakının diqqətinə çatdırıb. Bu mesaj Avropa İttifaqı tərəfindən qurumun yayda Bakıya rəsmi səfərə gəlmiş prezidenti Michel Charles tərəfindən verilib.

Sual: Bu səfər çərçivəsində Aİ ilə saziş imzalana və ya sazişin imzalanması ilə bağlı hansısa irəliləyiş ola bilərmi? 

Cavab: Təəssüflə qeyd etməliyəm ki, bu zirvə görüşündə çoxdandır imzalanmasını intizarla gözlədiyimiz Strateji tərəfdaşlıq sazişi imzalanmayacaq. Çünki rəsmi Bakı əlinə düşən vaxt imkanında yetərincə istifadə edə bilmədi, daha doğrusu, istəmədi.

Sual: Ümumiyyətlə, indi bu saziş ətrafında vəziyyət necədir? Sazişin şərtləri Azərbaycan tərəfindən yerinə yetirilibmi? 

Cavab: Strateji Tərəfdaşlıq sazişinin bəndlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması məsələsi idi. Lakin rəsmi Bakı Avropa İttifaqına ÜTT-yə üzv olmaq istəməməsinin qarşılığında alternativ Ticarət Paketi göndərib. Hazırda da Aİ bu sənədi oxuyub, araşdırmaqla məşğuldur. Hələ Avropa Komissiyası bu paketə özünün yekun rəyini bildirməyib.

Sazişdə nəzərdə tutulan digər üç bənddən ikisi ilə bağlı da rəsmi Bakı heç bir ciddi addım atmayıb...

Sual: Məlum oldu ki, bu səfər çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında da görüş keçiriləcək. bu görüşdən gözləntiləriniz nədir? Avropa İttifaqının təşkilatçılığı ilə baş tutan görüşdə iki ölkənin münasibətlərinin yaxşılaşdırılmasına və sənədlərin imzalanmasına dair hansısa addım atıla bilərmi? 

Cavab: İlham Əliyevin Paşinyanla görüşünə gəldikdə isə, bu, Avropa İttifaqı tərəfindən təşkil olunan bir görüşdür. İlk baxışdan xoşgörülü olan bir görüş olsa da, ciddi bir nəticənin hasil olacağı indiki halda mümkün görünmür. Ola bilər ki, Avropa İttifaqı tərəflərə ərazidə yenidənqurma işlərinin aparılması üçün hansısa investisiya təklifləri irəli sürsün. Bura işğaldan azad olunmuş ərazilər, humanitar dəstək, hər iki ölkə arasında demarkasiya və delimitasiya məsələsi aid ola bilər. Ancaq prosesin indiki halda Rusiyanın nəzarətində olması bunların həyata keçməsi üçün böyük maneədir.

Ümumiyyətlə, Avropa İttifaqının prosesə qlobal və regional oyunçu kimi qoşulması çox yaxşı olardı. Bunun üçün rəsmi Bakı öz təkliflərini irəli sürməlidir. Proses nə qədər Rusiyanın nəzarətindən çıxsa, bir o qədər yaxşıdır

Sual: Aİ ilə Azərbaycan arasında saziş nə vaxt imzalana bilər? Və bu sazişin imzalanmasını tezləşdirmək üçün hansı addımlat atılmalıdır?

Cavab: Sazişin tez imzalanması rəsmi Bakının ixtiyarındadır. Amma biz təəssüflər olsun ki, hələ bu marağı və qətiyyətli addımları müşahidə etmirik. Qısası, problem rəsmi Bakıdadır. 

Kamran Mahmudov

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti