Heydər Əliyev mərkəzi
Bakı/11.06.20/Turan: Azərbaycan vətəndaşlarının şəbəkə qrupu “Medprosvet” qrup fəallarının prezidentin köməkçisi Anar Ələkbərovla görüşünün nəticələrini açıqlayıb. Prezident Administrasiyasının təşəbbüsü ilə görüş iyunun 10-da saat 16:00-da Heydər Əliyev Mərkəzində 279 vətəndaşın Azərbaycan prezidenti, birinci vitse-prezident və ombudsmana kollektiv müraciətinə cavab olaraq keçirilib. Müraciəti imzalayanların çoxu həkimdir.
Müraciətdə vətəndaşlar “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində vətəndaşların hər cür hərəkətinin düşünülməmiş şəkildə ikigünlük məhdudlaşdırılmasından narahatlıqlarını bildiriblər. İnsanlar faktiki olaraq 5 regionda ev dustaqlığına alınıblar. Şübhəsiz ki, bütün dünyada, cümlədən ölkəmizdə koronavirusun pandemiyasının yayılmasına qarşı mübarizəyə yönələn karantin tədbirləri zəruridir və səmərəlidir. Biz xahiş edirik ki, göstərilən müddətdə ölkəmizin 5 regionunun düçar olduğu durumla bağlı yoxlama aparasınız”.
“Medprosvet” müraciətində ikigünlük lokdaun zamanı çatışmazlıqları sadalayıb: təcili tibbi yardım vətəndaşların çağırışlarına cavab verə bilməyib, telefon çağrı mərkəzləri çağırışlara cavab verməyib, vətəndaşların dərman, ərzaq almaq və zibil atmaq, ev heyvanlarını gəzdirmək, evdə ekstren təmir üçün kommunal xidmət işçilərini çağırmaq imkanları olmayıb, əqli qüsuru olan xəstələr ixtisaslaşdırılmış həkimlərlə məşğələləri dayandırıblar və s.
Ölkənin beş regionunda sakinlərin ikigünlük ev dustaqlığı effektiv və və məqsədəuyğun olmayıb. Zərər həm konkret vətəndaşlara, həm də bütövlükdə cəmiyyətə, dövlətin nüfuzuna və hakimiyyətə inama dəyib.
Nazirlər Kabinetinin qərarından hiddətlənmiş xalq lətifələr və təmsillər qoşmağa başlayıb; vəziyyətə sosial sabitliyi pozmaq istəyən qüvvələr müdaxilə edib. Bu qüvvələr tərəfindən ictimai diskursa belə bir mif atılıb ki, guya hakimiyyət adamları evlərə qapadır ki, sərbəst bazar günü etirazçı insanların tolaşmasının və müxalifətin mitinqlərinin qarşısını alsın”, - müraciət müəllifləri bildiriblər.
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və ombudsman Səbinə Əliyevaya ünvanlanmış kollektiv məktuba (məktubda istirahət günlərində tamamilə izolyasiyanın əleyhinə olduqları bildirilir) cavab olaraq Azərbaycan Respublikası prezidentinin köməkçisi Anar Ələkbərov Medprosvet” təşəbbüs qrupu ilə görüşmək istədiyini bəyan edib. Görüşdə ombudsman Səbinə Əliyeva iştirak edib.
“Medprosvet”in nümayəndəsi həkim Zaur Orucov bildirib ki, görüşdə aşağıdakıları aydınlaşdırmağa müvəffəq olublar: bu həftə son lokdaun obyektiv səbəblərə görə qaçılmazdır. Operativ Qərargah 6-7 iyun lokdaunu təcrübəsini nəzərə alaraq növbəti 14-15 iyun tarixlərində gözlənilən lokdaun- sərt karantin zamanı ən həssaslar üçün bu qərarın nəticələrinin yumşaldılacağını vəd edən bir sıra tədbirlər görüb.
Təcili yardım maşınlarının sayı əhəmiyyətli dərəcədə artırılacaq.
ASAN xidmət ekstren hallarda telefon zənglərinə xidmətə qoşulacaq.
İtlərin gəzdirilməsinə icazə veriləcək, lakin yalnız müəyyən məhdudiyyətlərlə və sui-istifadə olmadan.
Xəstə qohumların olduğu ailələr üçün qaydaların sadələşdirilməsi xahişi nəzərə alınmayacaq, onlar üçün ciddi lokdaun yükünün azaldılması mümkün olmayacaq.
Yüngül məişət qəzaları zamanı vətəndaşlar öz texniki bacarıqlarına arxalanmalı olacaq, çünki təmirçilərin çağırılması mümkün olmayacaq.
Məişət tullantılarının atılması ilə bağlı xüsusi icazə verilməyəcək. “DİN əməkdaşları çalışırlar ki, zibil atmaq vacib olduğu halda təxirəsalınmaz repressiya tədbirlərinə əl atmasınlar. Əlbəttə ki, heç bir zəmanət yoxdur, amma ehtimal ki, sizdən mədəni şəkildə evə qayıtmağı xahiş edə bilərlər”, - Z.Orucov bildirib.
Bir şey dəqiqdir. 14-15 iyun tarixlərində 6 və 7 iyun tarixlərindən daha düşünülmüş şəkildə lokdaun olacaq. “Görünür, bizim köməyimiz olmadan dövlət maşınının güc ehtiyatı tezliklə tükənəcək. Biz, nəhayət, böyüməli və ölkə, cəmiyyət üçün məsuliyyəti öz əlimizə götürməliyik”.
“Medprosvet” hesab edir ki, çevik ictimai reaksiyanın işlənmiş mexanizmlərini möhkəmləndirmək lazımdır. “Əgər ehtiyac olarsa, gələcəkdə yeni petisiyalar üçün də səfərbər olmağa hazır olmalıyıq”.
“TƏBİB rəhbəri və Operativ Qərargahın üzvü Ramin Bayramlı bizi lokdaundan öncə dərman almağa çağırıb. Mən belə bir çağırışı tibb məmuru üçün məsuliyyətin zirvəsi hesab etmirəm. Bizim komanda lokdaun dövründə sosial şəbəkələrdə lokdaunun bu və ya digər vətəndaşların həyatına zərbə vuracağı ən ağır halların monitorinqini keçirəcək. Söz veririk ki, belə hallar həm ictimaiyyətə, həm də səlahiyyətli orqanlara çatdırılacaq”, - qrupun lideri Zaur Orucov öz müraciətdə bildirib.-0-
Rəy yaz