Buzovna sakinləri prezidentə videomüraciət ünvanlayıblar

Bakı/09.06.23/Turan: Buzovna qəsəbəsində vətəndaş cəmiyyəti fəalları Buzovnada bağ evləri olan məmurların qanuna məhəl qoymaması və prezidentin sahildəki qayalıqlardakı qanunsuz tikililərin sökülməsinin vacibliyi haqqında bəyanatına dair çəkdikləri videosüjeti şəbəkədə yayıblar.

İ.Əliyev çıxışında Buzovnada sahilyanı qayalıqların tarixi əhəmiyyətini vurğulayıb, məmurları bu cinayətlərin təqsirkarı adlandırıb. “Bizdə bu məmurların siyahısı var”, deyə prezident bildirib.

“İllik hesabat” adlı videosüjetdə yerdən və havadan çəkilmiş foto və videogörüntülər nümayiş olunur. 2022-ci ildə bilavasitə dənizə çıxan qanunsuz tikililər söküldüyü zaman iki villaya toxunulmadığı və dörd tikilinin qismən söküldüyü göstərilir.

Bağ evi sahibləri sahili ələ keçiriblər, buzovnalıların dənizə çıxışını bağlayıblar. Bir yerdə qayalar tamamilə və bərpaolunmaz şəkildə məhv edilib. Bəzi ev sahibləri bu il 2022-ci ildə yerli hakimiyyətin sökdüyü qanunsuz tikililəri bərpa etməyə başlayıblar. Onlardan biri əlində sökülməyə dair sənədlər olduğunu bildirir. Digər işğalçı qayaların üstünə tökdüyü qalın beton təbəqəsini sökməkdən imtina edir. Yaxınlıqda prezidentin ciddi göstərişinə baxmayaraq, qanunvericiliyə qətiyyən məhəl qoymayan bir ev sahibi yerini möhkəmləndirib.

"Zaqulba" çimərliyi insanlardan hasarlanıb

“İllik hesabat” sakinlərin artıq Buzovna qəsəbəsində Zaqulba çimərliyi də daxil olmaqla, sahilin ələ keçirilməsinə dözmək istəmədikləri haqqında bəyanatı və dövlət başçısına “sahil qayalıqlarının işğalı” problemini birdəfəlik həll etmək, əhaliyə dənizdən sərbəst şəkildə istifadə etmək imkanı yaratmaq tələbi ilə başa çatır.

"Zaqulba" çimərliyinin çağırılmamış sahibləri

Sosial şəbəkədə həmçinin Bilgəh qəsəbəsinin dənizə piyada çıxışları biznesmen və müğənni Emin Ağalarova məxsus Sea Breeze Resort istirahət kompleksi tərəfindən bağlanan sakinlərinin şikayətləri yerləşdirilib. Kompleks administrasiyası Bilgəhdə bilavasitə istirahət kompleksinin arxasında yerləşən bəzi məhəllələrin sakinlərinə biləyə taxılan, kompleks ərazisindən dənizə keçməyə imkan verən rəngli zolaqlar verib. Amma qonşu məhəllələrin sakinləri də piyada yolları bağlandığı üçün dənizə çıxışdan məhrum olublar. Onlar Sea Breeze-dən onlara da dənizdən pulsuz istifadə üçün icazə zolaqları verilməsini tələb edirlər.

Azərbaycan qanunvericiliyi vətəndaşların dənizə çıxışının məhdudlaşdırılmasını birmənalı olaraq qadağan edir. Bununla bağlı AR Torpaq Məcəlləsinin 46-cı maddəsində deyilir:

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; [33]

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız  müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. [35]

Maddə 110. Bu Məcəllənin pozulmasına görə məsuliyyət

Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 

Maddə 112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi

Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

***

18 dekabr 2015-ci il tarixində Milli Məclis AR İnzibati Xətalar Məcəlləsinə icra hakimiyyəti orqanının icazəsi olmadan sahilyanı zonada hasarlar tikməklə dəniz sahilinə çıxışın məhdudlaşdırılmasına görə cərimə sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutan düzəlişlər qəbul edilib.

Bu düzəlişlər İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyasının layihəsinə daxil edilmiş bu düzəlişlər parlamentə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 248-ci “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması”  maddəsinə düzəlişlərə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Bu xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Düzəlişlər qəbul edilənə qədər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan maksimum cərimə ölçüsü 250 manat idi.-0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti