Mehman Hüseynovun Kürdəxanıya aparıldığı deyilir
Bakı/31.12.18/Turan: "14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynov dekabrın 30-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb".
Bunu vəkil Şəhla Hümbətova M.Hüseynovun qardaşı, mühacirətdə olan, hüquq müdafiəçisi Emin Hüseynova istinadən bildirib.
Vəkil vurğulayıb ki, qardaşının sözlərinə görə, dekabrın 30-u M.Hüseynovun səhhətiylə bağlı həkim çağırılıb, ona iynələr vurulub.
"Bayram günləridir deyə, cəzaçəkmə müəssisəsinə buraxılış yoxdur. Ona görə də vurulan iynələrin nə iynələr olduğunu bayramdan sonra yanına getdikdə öyrənə biləcəyəm. Mehmanın ayağında da problem var idi...", - vəkil bildirib.
Vəkil Ş.Hümbətova özü M.Hüseynovla dekabrın 28-də görüşmüşdü. Vəkilin deməsinə görə, cərimə təcridxanasına salınan bloqqer yeni ittihamla üzləşməsinə və başqa son günlər baş verənlərə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Ş.Hümbətovanın deməsinə görə, bloqqer yeni ittihamı da qurama sayır.
Vəkilin qardaşına istinadən M.Hüseynovun Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi və ona iynələr vurulması ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Amma "Turan" agentliyi dekabrın 28-da M.Hüseynovun aclıq aksiyasına başlaması haqqında deyilənlərə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovdan da münasibət almışdı. O yalnız bunları demişdi: "Aclıq edən şəxs digər məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda, qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa, qanuni tədbirlər görüləcək".
Rəsmi məlumata görə, bloqqerə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.
Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar maddədən bəhs ediblər. "Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir", -deyə vəkili Ş.Hümbətova bildirib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.-0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz