Foto en.armradio.am
Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub.
Bu qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" 40-dan çox Azərbaycan məmuruna - hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.
Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.
Bu qanun layihəsinin qəbul edilməsi "Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla" izah olunur.
Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, "Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur", deyə sənəddə bildirilir.
Keçmiş diplomat Emin Şaiq İbrahimov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Emin bəy, bildiyiniz kimi, ABŞ Konqresi bir qrup azərbaycanlı dövlət məmuruna qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır. İllərdir Qərbin sanksiyaları barədə eşidirik. Amma real addımlar atılmır. Sanki Qərb sanksiya mövzusundan Azərbaycana qarşı illərdir təzyiq vasitəsi kimi istifadə edir. Sizcə, bu dəfə necə olacaq? Həqiqətən sanksiyalar tətbiq oluna bilər, yoxsa yenə də təzyiq vasitəsi olaraq ortaya atılıb?
Cavab: Biz artıq bir müddətdir deyirik ki, Qərbin Azərbaycan hakimiyyətinə sanksiya tətbiq etməsi mümkündür. Bu ehtimal getdikcə artır. Sanksiya məsələsi ilk növbədə Azərbaycandakı avtoritar rejimin regiondakı Qərb-Rusiya geosiyasi qarşıdurmasında Rusiyanın yanında olması ilə əlaqədardır. Daha spesifik olaraq desək, hazırda Qərb Azərbaycan hakimiyyətinin Rusiyanın təhriki ilə Ermənistana hərbi təzyiqini önləmək istəyir. Ermənistana birgə Putin-Əliyev təzyiqi ilk növbədə regiondan Qərbi sıxışdırıb çıxarmağa xidmət edir. Əgər Azərbaycan hakimiyyəti Ermənistana qarşı hərbi toqquşmalara getsə, sanksiyaların qəbulu çox realdır. Qərb bu kimi sanksiya layihələri irəli sürməklə sanksiya niyyətinin ciddi olduğunu göstərir.
Bu arada, onu da qeyd edim ki, ABŞ uzun illərdir dondurulan 907-ci düzəlişi artıq yenidən qüvvəyə mindirmişdir. Passiv sanksiyanı aktivləşdirmək özü də elə sanksiya tətbiqi kimi bir şeydir. Yəni münasibətlərdə gərginlik var. İlk dəfə Azərbaycandakı Prezident seçkilərindən sonra ABŞ Prezidentinin təbrik məktubu göndərməməsi də diqqətdən yayınmadı.
Sual: Sanksiya xəbərinin ortaya çıxması maraqlı bir dövrə təsadüf edir. Rusiyanın ruporu olan mediada müstəqil vətəndaş cəmiyyətini “vuran” geniş yazıdan sonra , Azərbaycan Prezidentinin Rusiyaya səfəri və görüşü günü. Sizcə bütün bunların bir-biri ilə əlaqəsi ola bilərmi?
Cavab: Hamısı eyni kontekstdə baş verir. Yəni Azərbaycan hakimiyyətinin Putinin rejiminin qoltuğuna sığınmasına paralel olaraq ölkədə avtoritarizm güclənir. Rusiyanın propaqanda mediası burda at oynadır. Bu, təkcə birbaşa Rusiyaya aid olan mediaya aid deyil. Həm də rejimin nəzarətində olan bir çox medialar açıq-aşkar Rusiya tezislərinin təbliği ilə məşğuldurlar. Ümumilikdə, iki rejimin narrativləri demək olar üst-üstə düşür. Əliyevin Moskva səfərində də təəccüblü heç nə yoxdur. Ümumi strateji əlbirliklərinə uyğun olan vəziyyəti qiymətləndirirlər və yəqin növbəti addımları danışırlar.
Sual: Hələ rəsmiləşməyən sanksiya siyahısında bəzi adlar ictimaiyyət arasında narazılığa səbəb olub. Məsələn, Hikmət Mirzəyevin adı. Onun xalq arasında böyük nüfuzu var. Qarabağın azad olunmasındakı xidmətlərinə görə. Sizcə, onun adının siyahıya salınmasının səbəbi nə ola bilər və ya hansı məqsəd daşıya bilər?
Cavab: Mən daim Qərbin Azərbaycan hakimiyyətini hədəf olan sanksiyalar qəbul etməsinin tərəfdarı olmuşam. Bizə bu rejimin zəiflədilməsi lazımdır. Ona görə, məhz rejimə qarşı sanksiyalar faydalıdır. Amma bu həm də həssas mövzudur. Sanksiyalar elə tərtib olunmalıdır ki, xalq bundan zərər görməsin və rejimə manipulyasiya üçün əlavə bəhanələr verməsin. Ümumiyyətlə, Azərbaycan hakimiyyətinə ən effektiv sanksiyalar insan hüquqları vəziyyətinin pisləşməsində birbaşa rol olan elita nümayəndələrini hədəf alanlar ola bilər. Sanksiyaların təsirli olması üçün həm də Azərbaycan ictimaiyyətinin bu sanksiyaları dəstəkləməsinə nail olmaq lazımdır. İctimaiyyət görməlidir ki, Qərbin məqsədi məhz rejimi zəiflətməkdir. Bunu da ən yaxşı içəridən etmək olar. Bütün bu xarici təzyiqlər daxili təzyiqlə birləşməyəcəksə, bu, elə rejimin daha da qapanmasına və konsolidasiyasına aparacaq. Odur ki, daxili müxalifətin güclənməsi sanksiya siyasətinin əsas məqsədlərindən biri olmalıdır. Düzgün strategiya ilə rejimin daxili dayaqlarını sarsıtmaq olar. Qərb başa düşməlidir ki, bu rejimlə “pişim-pişim” siyasəti işləməyəcək. “Pişim-pişim” siyasəti əksinə Qərbin imicini zədələyir, ictimaiyyətdə anti-Qərb əhvalını gücləndirir. Qərb hakimiyyətin əsas dayaqlarından biri kimi görünür. Rejimin pro-Rusiya siyasətini malalamaq əvəzinə bunu ifşa etmək lazımdır. Bu, hakimiyyətin manipulyasiya imkanlarını da məhdudlaşdıracaq. Rejim nə qədər Rusiyaya sığınmaqla hədələsə də, bunların Rusiyaya sığınmaq imkanları o qədər çox deyil. Rusiyaya yaxınlıq nə qədər çox çılpaqlaşsa, bir o qədər sürətlə zəifləyəcəklər.
Bütün bunları nəzərə alaraq, sanksiya siyahıları hazırlanarkən, diqqətli olunmalıdır. Azərbaycandakı həqiqi müstəqil vətəndaş cəmiyyəti və müxaliflərlə məsləhətləşmə olmalıdır. Azərbaycan hakimiyyətinin propaqandasını qidalandıra biləcək məqamlardan yayınmaq lazımdır. Azərbaycanın demokratikləşməsini və Avro-Atlantik məkanla yaxınlaşmasını istəyən siyasi qüvvələri zəiflədən nüanslardan yayınmaq lazımdır.
Sual: Adətən sanksiya məsələsi ortalığa atılanda biz görmüşük ki, Azərbaycanda siyasi həbslər artır. Sizcə, bu dəfə də həbs dalğasının olacağını proqnozlaşdırmaq olarmı?
Cavab: Mən ciddi bir yumşalma gözləmirəm. Arada tək-tük hansısa manevrlər edə bilərlər. Çünki hakimiyyət Qərblə də bağların birdəfəlik və sürətlə qopmasında maraqlı deyil. Amma onlar artıq elə bir prosesdədirlər ki, bu proses ölkədəki rejimin güclənməsinə, azadlıqların daha boğulmasına və Rusiyadan asılılığın daha da artmasına aparacaq. Bunun qarşısını almaq üçün Qərb məhz rejimi hədəf olan sanksiyalar qəbul etməlidir, hakimiyyətin pro-Rusiya və pro-diktatura siyasətini “pişim-pişim”lə malalamamalıdır və daxildə ictimai müqavimətin artmasına dəstək verməlidir.
Sual: Sanksiyalar xəbəri ortalığa atılan gün Qubad İbadoğlunun həbs qərarı dəyişdirildi və ev dustaqlığına buraxıldı. Bunun sanksiya mövzusu ilə əlaqəsi ola bilərmi? Və ya bu addımı sanksiya istəyən tərəfə mesaj kimi qəbul etmək olarmı?
Cavab: Qubad bəyin ev dustaqlığına buraxılması yaxşı xəbər oldu. Bu hadisənin Qərbdən gələn təzyiqlərlə əlaqəsinin olması şübhəsizdir. Amma illuziyalara qapılmaq üçün səbəb yoxdur. Saysız-hesabsız günahsız adamları siyasi motivlərlə həbs edib, sonra bir nəfəri evə buraxmaq vəziyyəti qətiyyən dəyişmir. İstədikləri vaxt, istədikləri adamı şərləyərək həbs edən mürtəce sistem yerindədir. Həbsxanalarda hələ də yüzlərlə siyasi məhbus var. Regionda gedən Qərb-Rusiya, buna paralel olaraq demokratiya və diktatura qarşıdurmasında yerini nəzərə alaraq, hakimiyyətin əsas strateji xəttinin nə olacağı barədə heç kimdə şübhə olmamalıdır. Epizodlar dəyişə bilər. Amma strateji xəttin dəyişməsini gözləmək üçün səbəb yoxdur.
Rəy yaz