Nazirlərin yerdəyişməsi � hakimiyyətdə dəyişikliksizlik

* * *

-Zərdüşt bəy, bu hakimiyyətdaxili yerdəyişmələr nədən xəbər verir?

-Hakimiyyətdə heç bir dəyişiklik baş vermir. Mahiyyəti eynidir. Kiminsə yerini dəyişib, başqasını onun yerinə qoyanda heç nə dəyişmir. Kimsə deyə bilməz ki, Ramil Usubov şəxsən özü müxalifətin mitinqləri dağıdılanda dubinka ilə kimisə vururdu. Amma Vilayət Eyvazov vaxtilə bunu etmişdi. Ramil Usubovun çıxarılıb, Vilayət Eyvazovun onun yerinə təyin edilməsi ilə guya hakimiyyət dəyişəcək? Boş söhbətdir. Eyni hakimiyyət qalacaq. Heç bir şey dəyişməyəcək. Və ya guya Əli Nağıyev gəldikdən sonra Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlıq səviyyəsi artacaq? Yox. Həddən artıq uzun müddət vəzifədə olmuş adam toxunulmaz deyil ki? Əlbəttə, yox. Vaxt gəlib indi onu başqa adamla əvəzləyirlər. Bu hakimiyyətdəki yerdəyişmə hansısa bir formada siyasi dəyişikliyin əlaməti deyil.

-Bunu hakimiyyətdaxili klanlararası savaşın nəticələri kimi qələmə verənlər var. Həqiqətən də hakimiyyət daxilində klanlararası hansısa çəkişmələr varmı? Və əgər belədirsə, onda hansı klan bu yerdəyişmələrdən qazanan tərəf oldu?

-Yox. Eyni klandır. Heç nə dəyişmir. Burada hansısa məna axtarmağa dəyməz.

-Deyilənlərə görə, baş verənlərdə Rusiyanın barmağı olduğuna inananlar var. Bütün bunlar Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşündən dərhal sonra baş verir. Sizcə, baş verənlərdə həqiqətən Rusiyanın barmağı ola bilərmi?

-Həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstanda hakimiyyətdə olanlar yalnız Rusiyanın göstərişi ilə, icazəsi ilə oturublar. Başqa cür ola bilməz. Bu biri tərəfdən, bu, Rusiyanın nəyinə lazımdır ki, Ramil Usubov çıxarılsın, yerinə Vilayət Eyvazov gəlsin. Vilayət Eyvazov Rusiyanın əleyhinə və ya lehinə nəsə edə biləcək? Yox. Azərbaycan elə bir sistemdədir ki, o sistemdə hər hansı bir müstəqillik, hər hansı bir sərbəstlik mümkün deyil, tamamilə Rusiyadan asılı bir vəziyyətdədir. Qarabağ qarmağı vasitəsi ilə. Bu baxımdan düşünmürəm ki, Rusiya bu məsələlərə hər hansısa bir xeyir-dua versin və ya əleyhinə çıxsın. Əlbəttə, yəqin ki, Rusiya ilə razılaşdırılıb. O da deyib ki, özünüz bilərsiniz. Təki sadiq adam olsun.

-Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da səfərdədir. Onun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşü ərəfəsində bütün bunlar baş verir? Yəni, demək olarmı ki, hazırda Rusiya ilə Qərb arasında Azərbaycanla bağlı çəkişmə gedir?

-Yox. Xüsusilə Qarabağ məsələsində Rusiya ilə Qərbin mövqeyi eynidir. Münaqişə faydalı fəaliyyət mexanizmidir. Hələlik bu mexanizm Rusiyanın əlindədir. ABŞ çalışır ki, həll olunmasın, sadəcə, nəzarət mexanizmini Rusiyanın əlindən alsın. Dəfələrlə buna cəhd edib, alınmayıb. Hələlik Rusiya Qarabağa nəzarət mexanizmini əlində saxlayıb. Çox soyuqqanlı formada prosesləri nəzarətdə saxlayır. Məmmədyarov gedib Boltonla görüşməyə. Görüşüb nə edəcəklər? Heç nə. Odur ki, bu hadisələr arasında hansısa bir məna, əlaqə axtarmaq əlavə vaxt itkisidir. Ermənistanda o boyda demokratik hərəkat oldu. Qarabağ klanı guya ki, kənarlaşdırıldı. Nəsə dəyişdimi? Dəyişmədi. Qarabağ məsələsinə görə Ermənistan da asılı qalıb. Orada hakimiyyətdə kimin olmasından asılı olmayaraq. Qarabağ qarmağı elə qarmaq deyil ki, Ermənistan və yaxud Azərbaycan ondan rahatlıqla sivişib çıxsın. Asılıb qalıblar. Bu nəzarət mexanizmi sabit şəkildə işləyir. Bu qarmaqdan xilas olmaq üçün əhalinin şüuru, təsəvvürü dəyişməlidir. Ona da imkan vermirlər. Bir sözlə, fərdlərin dəyişməsi ilə heç nə dəyişmir.

-Deyirsiniz ki, yerdəyişmələr sistemdə heç nəyi dəyişmir. Onda bu yerdəyişmələrə nə zərurət vardı?

-Daha sözəbaxan, daha sadiq, daha mülayim adamlar seçirlər. 25 ildir eyni adamın eyni vəzifədə qalması ağlabatan deyil, vaxt gəlib dəyişirlər. Heç bir şey mahiyyət etibarı ilə dəyişmir.

-Amma dəyişilənlərin arasında yeni hesab olunanlar da var. Məsələn, DTX rəisi Mədət Quliyevin də yeri dəyişdirildi.

-Demək, Əli Nağıyev əməli ilə daha çox əl verir. Vəssalam. Başqa heç nə yoxdur.

-Dövlət təhlükəsizlik katibi Ramiz Mehdiyevin yerinə Ramil Usubov təyin olundu. Hətta Ramiz Mehdiyevin bu postdan çıxarılması ilə bağlı sərəncamı da görmədik. Bu, nədən xəbər verir?

-Bu ondan xəbər verir ki, Ramil Usubov əvvəl təxminən 40 min- 50 min polis işçisinə sərəncam verən insan idisə, indi, sadəcə, onun əlinin altında 5-10 nəfər kabinetlərə kağız daşıyan insanlar olacaq. Son nəticədə ayda bir dəfə həmin kağızları prezidentin qarşısına qoymalı olacaq. Hakimiyyətin mühüm bir sahəsindən kənarlaşdırılıb, keçirilib hansısa bir məmur vəzifəsinə.

-Yaxın vaxtlarda nə gözlənilir? Hansı addımlar planlaşdırılır? Nələrin olacağı gözlənilir?

-Mən şəxsən heç nə gözləmirəm. Dediyim kimi, baş verənlərin hakimiyyətin mahiyyətinə, daxili və xarici siyasətinə zərrə qədər təsiri yoxdur.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti