İlin sonuna gəlirik. Makroiqtisadi göstəricilərin pisləşməsi bir gerçəklikdir. Bu indikatorlardan biri toplam (daxili və xarici) investisiyanın həcminin azalması ilə bağlıdır. Əgər 2019-cu ilin yanvar-noyabr aylarında ÜDM-nin həcmi 64,7 mlrd. manat təşkil etmişdisə, cari ildə - 2020-ci ilin analoji dövründə bu rəqəm 61,9 mlrd. manat təşkil etmişdir. Demək bu müddət ərzində 2,8 mlrd. manatlıq və ya 4,3% həcmində daha az mal və xidmətlər istehsal olunmuşdur. ÜDM-nin strukturunda isə investisiyanın həcminin də azalmasına diqqət edə bilərik. Təhlillərimiz göstərir ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ildə əsas kapitala 4% daha az vəsait daxil olmuşdur.
Cari ilin yanvar-noyabr aylarında ölkəmizdə əsas kapitala 12,7 mlrd. manat həcmində investisiyalar yönəlmişdir. Bu investisiya “piroqunu” neft və qeyri-neft sektoru üzrə bölgüsünü qruplaşdırsaq, məlum olacaq ki, neft sektoru daha vəsait cəlb etdiyi halda, qeyri-neft sektoruna özəl sərmayələrin axını zəifləmişdir. Uzun müddət xarici investisiyaların sektoral baxımından dominantlığı hökm sürən neft-qaz sektoruna sərmayələrin həcmi 8,4% səviyyəsində artıb. Lakin qeyri-neft sektoruna isə 11% nisbətində azalıb. Sərmayələrin həcminin isə təhlilin aparan zaman məlum olar ki, toplan investisiyaların cəmi 66 faizi istehsal təyinatlı olub.
Mənbə: DSK, “Azərbaycan Faktlar və Rəqəmlər 2020” Bülleteni
2019-cu il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 78,3%-i neft-qaz sektorunun payına düşüb. Ötən il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $930,1 mln. (azalma 3,8%), xüsusi çəkisi 21,7% təşkil edib. AMB-nin məlumatına görə, 2019-cu ildə Azərbaycan şirkətləri xaricdə $ 2,4 mlrd. (artım 38,1%), o cümlədən neft-qaz sektoruna $ 978,8 mln. (artım 54,5%), digər sektorlara $1 mlrd. 452,9 mln. (artım 28,9%) məbləğində birbaşa investisiya yatırıb. Aydın sürətdə görünən odur ki, 2018-ci illə müqayisədə 2019-cu ildə, 2019-cu ilin yanvar-noyabr ayları müqayisədə 2020-ci ilin 11 ayı ərzində investisiyaların azalması müşahidə edilməkdədir. Cari il istisna olmaqla əvvəlki illərdə investisiyaların zəif cəlbi subyektiv faktorlardan qaynaqlanır. Cari ildəki azalma isə qlobal trendlərə bağlı məsələ olub. Çünki oxşar situasiyalar digər ölkələr üçün də baş verməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında qlobal birbaşa investisiyalar 2019-cu ilə nisbətən 49% azalıb. Bunun səbəbi investisiya layihələrinə pandemiya və karantin, həmçinin onların səbəb olduğu tənəzzülün mənfi təsir göstərməsidi. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni hesabatında deyilir ki, bu azalma trendi birbaşa xarici investisiyanın bütün əsas formalarına təsir göstərir. Həmçinin bu hesabatda inkişaf etmiş iqtisadiyyatı olan ölkələrdə investisiyaların həcmində ciddi azalma müşahidə edilib. Məsələn, Şimali Amerika ölkələrinə birbaşa xarici investisiyalar 56% azalaraq 68 milyard ABŞ dolları təşkil edir, Asiyada isə birbaşa xarici investisiyalardakı azalma xüsusən Çindəki yüksək göstəricilər səbəbilə cəmi 12% olub. Rusiyadakı kəskin geriləmə səbəbindən keçid iqtisadiyyatlı ölkələrdə xarici investisiyaların həcmi 81% azalıb. Bu tendensiyalar onu deməyə imkan verir ki, perspektiv investisiya mənzərəsi dumanlı və ya qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik covid-19 təsirlərindən, həm də həm də geosiyasi risklərdən qaynaqlanır.
Amma Azərbaycan hökumətinin investisiya “aclığını” şərtləndirən hazırkı situasiyada əsas məsələ həm daxili, həm də xarici investiisyaların daha çox cəlb olunması ehtiyacı ilə bağlıdır. İşğal altından azad olmuş Dağlıq Qarabağ da investisiyaların cəlb edilməsi hökumətin əsas prioritetinə çevrilməlidir. Bir tərəfdən xarici investiisyaların cəlbi üçün çoxvektorlu təşviq mexanizmləri hazırlamlı, həm də daxildəli mühacir kapitalın xaricə axınını məhdudlaşdırmaqla həyata keçirməlidir. Bu iki mühüm vəzifəni isə kövrək iqtisadi situasiyada bir arada tutmaq çox çətindir. İnkişaf etməkdə olan ölkələr spekulyativ sərmayə tələsindən çıxmaq və belə bir kövrəklikdən xilas olmaq üçün düzgün investisiya planlaması həyata keçirirlər.
Biz bunu bacara biləcəyikmi?
Məhəmməd Talıblı
Rəy yaz